1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 19.05.2017


 

 
“Tələbələrin mühazirələrdə iştirakı dərslərə görə fərqlidir”
22.10.2016/41

 

 


İstanbul Universitetinin tələbəsi Aygül Tanrıverdiyeva ilə söhbət

Tanrıverdiyeva Aygül Oqtay qızı 1992-ci il noyabrın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1999-cu ildə Bakıdakı 212 nömrəli məktəbin birinci sinfinə gedib, daha sonra təhsilini paytaxtdakı 115 nömrəli tam orta məktəbdə davam etdirib. 2010-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında IV ixtisas üzrə 700 bal toplayaraq müalicə ixtisası üzrə Azərbaycan Tibb Universitetinə qəbul olunub. Prezident təqaüdünə layiq görülüb. ATU-da iki il oxuduqdan sonra III kursdan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilini Türkiyənin İstanbul Universitetinin tibb fakültəsində pediatriya ixtisası üzrə davam etdirir.

Orta məktəbdə bütün fənləri əla oxumuşam

Orta məktəbdə oxuyarkən bütün fənlərdən əla qiymətlər almışam. Əlaçı olmaqla yanaşı məktəbin ictimai işlərində də həmişə fəal iştirak etmişəm. Daha çox riyaziyyat və fizika fənlərinə üstünlük verirdim. Bir çox bilik yarışlarında, əsasən də riyaziyyat və tarix fənlərindən olimpiadalarda iştirak edərək mükafatlara layiq yerlər tutmuşam. Şahmata da böyük marağım var idi. Bu idman növü üzrə keçirilən yarışlarda da iştirak etmişəm. Orta məktəbi bitirib ali məktəbə qəbul olunandan sonra xaricdə təhsil almağı və daha peşəkar mütəxəssis kimi yetişməyi arzulayırdım. Buna görə də ATU-ya qəbul olunduqdan sonra qardaş Türkiyədə təhsilimi davam etdirmək barədə düşündüm. Daha çox da İstanbul Universiteti ilə maraqlanırdım. Bu universitetdə həm praktik, həm də nəzəri cəhətdən daha çox bilik əldə edəcəyimi düşünürdüm. Təbii ki, ailəm də həmişə mənə bu sahədə dəstək verirdi.
İxtisas seçimimə gəlincə deməliyəm ki, həkim olmağa sonralar qərar vermişəm. Əlbəttə ki, indiki qərarımdan məmnunam, dünyaya yenidən gəlsəm, yəqin ki, yenə də həkim olmaq istərdim.

“Ali məktəblərimizdə inkişaf meyillərini görmək çox sevindiricidir”

Dünyanın bir çox ölkələrində olduğu kimi, ölkəmizin təhsil sistemində də mütərəqqi islahatlar aparılır. Universitetlərimizdə islahatların aparılması çox yaxşı haldır. Qloballaşan dünyanın tələblərinə uyğun olaraq ali məktəb sistemimzdə inkişaf meyillərini görmək çox sevindiricidir. Bu gün bütün dünyada ali təhsil, eləcə də ali tibb təhsili, həkim kadrların hazırlanması sahəsində yeniliklər baş verir, innovativ texnologiyalarin geniş tətbiqinə xüsusi yer ayrılır. Tibb məktəblərinin maddi-texniki bazası gücləndirilir, dünyanın qabaqcıl klinikalarında tətbiq olunan yeniliklər öyrənilir və tətbiq olunur. Hazırda dünyanın müxtəlif ölkələrində tibb təhsili alan tələbələrimizin yüksəkixtisaslı mütəxəssislər kimi formalaşaraq vətənə dönmələri və ölkəmizdə tibbi təhsilin inkişafına öz töhfələrini verəcəklərinə inanıram. Bununla biz həm də milli tibb təhsili sistemimizi də dünyanın reytinqli ali məktəbləri sırasına çıxara biləcəyik. İnanıram ki, inşallah, xaricdə oxuyan tələbələrimiz yavaş-yavaş öz təcrübələrini Azərbaycandakı universitetlərlə paylaşacaqlar.

“Fakültəmizin məzunlarının müvəffəqiyyət səviyyəsi çox yüksəkdir”

Əsası hələ 1453-cü ildə qoyulan İstanbul Universiteti Türkiyənin dünyada ən çox tanınan universitetlərindən biridir. Ali məktəbin müasir universitet modelinin bütün standartlarına cavab verməsi, təhsil və elmi-tədqiqatların səviyyəsinin yüksək olması, akademik heyətin professionallığını qeyd etmək lazımdır. Bu keyfiyyətlər isə tələbələrin yüksək səviyyəli, peşəkar mütəxəssislər kimi formalaşmasında mühüm rol oynayır. Universitetdə müxtəlif ölkələrdən çox sayda tələbə təhsil alır, bu da tələbələrin həyatını daha da rəngarəng edir. Universitetdə oxuyan tələbələr həm ingilis, həm də türk dillərini yüksək səviyyədə öyrənmək imkanına malikdirlər. Universitetin Çapa Tibb fakültəsi olaraq tanınan fakültəmizin məzunlarının müvəffəqiyyət səviyyəsi çox yüksəkdir.
Tələbə həyatım daha çox universitetdə, dərslərdə və yaxud da xəstəxanalarda xəstələr yanında keçir. Asudə vaxtlarımı isə tələbə yoldaşlarımla birlikdə keçirirəm.

“Professor İbrahim Yıldırım bizdən öz məsləhətlərini əsirgəmir”

İstanbul Universitetində müəllimlər və tələbələr arasında çox sıx, işgüzar münasibətlər mövcuddur. Dərslərdən sonra da müəllimlərimizlə rahat əlaqə saxlayaraq suallarımızı onlara ünvanlaya bilir və ya onlarla ixtisaslarımızla bağlı maraqlandığımız bütün mövzularda danışırıq. Tələbələrin mühazirələrdə iştirakı dərslərə görə fərqlidir. Amma həmişə müəyyən limit mövcuddur. İmtahanlara gəldikdə isə daha çox yazılı və ardından isə eyni dərsdən şifahi imtahanlar təşkil edilir. İmtahanların bu cür təşkil edilməsi bizə həm testlərlə işləməyi, həm də professor önündə cavab verməyi öyrədir.
İstanbuldakı tələbə həyatımdan danışanda mən burada hər bir azərbaycanlı tələbənin yaxşı tanıdığı və hörmət bəslədiyi, əslən azərbaycanlı olan professor İbrahim Yıldırım barədə də danışmaq istərdim. Professor İ.Yıldırım İstanbul Universiteti Cərrahpaşa tibb fakültəsində plastik cərrahiyyə üzrə professordur. Azərbaycan Tibb Universiteti tələbələrinin Türkiyədə təhsil almasında çox böyük rolu olubdur. İbrahim xocanı yaxından tanıyıram. Professor Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə görüşür, mənimlə də həmişə maraqlanır. O, bizdən Azərbaycan Tibb Universitetində təhsil alan tələbələrimiz, onların təhsili ilə bağlı məlumat alır. Professor İbrahim Yıldırım bizdən öz məsləhətlərini əsirgəmir. Ötən il tələbələrimizlə görüş keçirərək çətinliklərimiz, gələcək planlarımız barədə xeyli söhbət etdi. Bizə ixtisas seçimi ilə bağlı dəyərli məsləhətlərini verdi.
Türkiyədəki tələbə həyatım həm təhsil, həm də dünyagörüşümüzün artması cəhətdən ümidlərimi doğrultdu. Bu yolda mənə xaricdə təhsil üzrə Dövlət Proqramı çox dəstək oldu. Bu proqramın təşkili bir çox tələbələr üçün şans yaratdı. Bunun üçün bütün tələbələrimiz adından Azərbaycan dövlətinə, möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm.

“Seçdiyim ixtisas sahəsində daha mükəmməl olmağa çalışacağam”

Tibb sahəsi bütün dünya ölkələri üçün çox önəmli bir sahədir. Həkimlərimizin xaricdə nüfuzlu universitetlərdə təcrübə əldə etməsi ölkəmiz üçün önəmlidir. Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində də bu nəzərə alınaraq tibb sahəsinə həmişə üstünlük verilmişdir. Əlbəttə ki, tələbə həyatım təkcə universitet məşğələləri ilə bitmir. Bir azərbaycanlı tələbə olaraq Türkiyədə milli bayramlarımızı həmişə birlikdə qeyd etmişik. Eyni zamanda öz universitetlərimizdə xarici ölkələrdən olan əcnəbi tələbələrə Azərbaycanı təbliğ etmiş, onlara ölkəmiz, tariximiz, adət-ənənələrimiz, mədəniyyətimiz barədə məlumatlar vermişik. Gələcək planlarıma gəlincə, ən böyük arzum universiteti bitirdikdən sonra təhsilimi davam etdirərək elmi mövzular üzərində işləmək, layiqli bir alim, mütəxəssis kimi xalqıma xidmət etməkdir. Uzmanlıq təhsilimi də Türkiyədə davam etdirəcəyəm. Seçdiyim ixtisas sahəsində daha mükəmməl olmağa çalışacağam. Bunun üçün Türkiyədən başqa, digər Avropa ölkələrində də nüfuzlu universitetlerin təcrübələrindən yararlanmağa çalışmaq niyyətindəyəm. İxtisasımın dərinliklərinə yiyələndikdən sonra öz təcrübələrimi ölkəmizdə paylaşmaq üçün Azərbaycana qayıtmağı düşünürəm.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴