1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 22.04.2017


 

 
“700 bal toplamağım ailəmizə ikiqat sevinc bəxş etdi”
22.10.2016/41

 

 


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının tələbəsi, Prezident təqaüdçüsü Təbriz Qasımov ilə söhbət

Təbriz Qasımov 1999-cu ildə Kürdəmir rayonunun Xırdapay kəndində anadan olub. Kürdəmir şəhər 2 nömrəli tam orta məktəbi bitirib. O, rayon və zona üzrə keçirilən “Xəmsə” milli intellektual oyunlarında iştirak edib, məktəbdə oxuduğu illərdə rayonda tarix fənni üzrə keçirilən olimpiadada I yerin qalibi olub. Bu il ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinin hüquqşünaslıq ixtisasına qəbul olub. Onunla akademiyanın kitabxanasında görüşüb səmimi söhbətləşirik:

- Təbriz, sən bütün fənləri yaxşı oxuyurdun, yoxsa təkcə III ixtisas qrupuna aid olan fənləri?
- Mən birinci sinifdən etibarən bütün fənləri yaxşı oxumuşam. Sonralar isə öz ixtisas qrupuma aid olan fənlərə xüsusi diqqət göstərdim. Çünki mükəmməl hazırlaşmadan ali məktəbə qəbul olunmaq mümkün deyil. Amma belə baxanda lazım olmayan fənn olmayıb. Demək olar ki, bütün fənlər arasında bir məntiqi əlaqə var. Və bu əlaqələrlə fənlər bir-biri ilə zəncirvari bağlanır. Odur ki, ali məktəbə hazırlaşarkən iki-üç fənni yaxşı oxumaqla kifayətlənmək qəti olmaz. Mən yeniyetmələrə, orta məktəb şagirdlərinə səslənirəm ki, bütün fənlərə eyni səviyyədə hazırlaşsınlar, lazım olmayan, ikinci, üçüncü dərəcəli fənn yoxdur.
- Məktəbdə oxuduğun illərdə yüksək bal toplayanlarla maraqlanırdınmı?
- Məktəbimizdə hər zaman yüksək bal toplayan tələbələrlə görüşlər keçirilib. Fürsətdən istifadə edib mən də onlarla görüşüb söhbət edirdim. Düşünürdüm ki, bir vaxt mən də yüksək bal toplayıb tələbə adını qazanacağam. Belə görüşlər mənə stimul verirdi ki, daha yaxşı oxuyum.
- Neçənci sinifdən qərar verdin ki, hüquqşünas olacaqsan?
- 8-ci sinifdə oxuyarkən mən qərar verdim ki, hüquqşünas olacağam. 9-cu sinifdən etibarən bu qərarı qətiləşdirdim. Mən bu peşəni çox yüksək dəyərləndirirəm. Bu peşənin sahibləri ilk növbədə qanunların və asayişin keşiyində dayanırlar. Fikir verin, istər hakim, istər müstəntiq, istərsə də sıravi bir polis işçisi, hamı insanlığa, saflığa, düzlüyə səsləyən qanunları müdafiə edirlər. Bundan gözəl peşə olarmı?
- Gələcəkdə prokuror, müstəntiq, hakim - bu vəzifələr sənə təklif olunarsa hansını seçərdin?
- General olmağı arzulamayan əsgər əsgər deyil. Amma general olmaq üçün də ağır pillələri aramla, təmkinlə adlamağı bacarmaq lazımdır. Hüquq sistemində də belədir. Təkcə arzu bütün məsələləri həll etmir. Hansı sahədə mənə etimad göstərilərsə, o işin öhdəsindən gəlməyə çalışacağam.
- Hədiyyə almağı xoşlayırsanmı?
- Əlbəttə. Kim hədiyyə almağı xoşlamır ki? Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov 700 bal toplamağım münasibəti ilə təbrik edərək mənə kompüter və fəxri fərman hədiyyə etdi.
- Günün hamısını kitab oxumağa sərf edirdin, yoxsa?
- Xeyr, bütün günü kitab oxumurdum. Az oxuyurdum, amma diqqətlə oxuyurdum. Gün ərzində 3, 4 saat dərslərimlə məşğul olurdum. Məktəb məşğələlərində müəllimlərim mənə sərbəstlik verirdilər və inanırdılar ki, nə etmək lazım olduğunu yaxşı bilirəm. Testləri isə günün müxtəlif saatlarında həll edirdim. İstirahətimə də vaxt ayırırdım.
- Testin suallarını tez cavablandırdınmı?
- Qəbul imtahanında verilən testləri vaxtından əvvəl cavablandırdım. Düşünürdüm ki, 682 bal artıq toplamışam. Amma nəticələr açıqlanandan sonra tam əmin oldum ki, hamısını düz yazmışam.
- 700 bal toplamağını eşidəndə valideynlərin sevindimi?
- Bu sualı bütün jurnalistlər verirlər və siz də verdiniz. Olarmı, sualınıza elə mən də sualla cavab verim? Ola bilərmi ki, valideyn öz övladının uğuruna sevinməsin? Buna hətta sevinmək yox, qanad açıb uçdular da demək olar. Evin tək oğluyam, nə bacım var, nə qardaşım. 700 bal toplamağım ailəmizə ikiqat sevinc bəxş etdi.
- Orta məktəb müəllimlərin, necə deyərlər, üstündə əziyyəti olanlar bu sevinci necə yaşadılar?
- İlk zəng edən tarix müəllimim Ülviyyə Şükürova oldu. Sonra məktəbin müəllimləri məni növbə ilə təbrik etdilər. Sevinirdilər ki, zəhmətləri hədər getməyib, 700 bal toplamışam, rayon üzrə ilk dəfə olaraq yüksək nəticə göstərərək məktəbimizin adını ucaltmışam.
- Boş vaxtlarında sosial şəbəkə istifadəçisi olmusanmı?
- Hazırlıq ərəfəsində sosial şəbəkələrə marağım olmayıb. Amma kompüter oyunlarını xoşlayıram. Bəzi hallarda intellektual oyunlara da maraq göstərmişəm. Onlar adamı dərindən düşünməyə alışdırır.
- Bədii ədəbiyyatla aran necədir ?
- Xarici ədəbiyyatı oxumaq sanki hobbimdir. Amerika yazıçıları Mark Tvenin “Tom Soyerin macəraları”, Ceyms Fenimor Kuperin “Sonuncu mogikan”, “Casus”, “Losman”, “Cəllad”, “Vəhşi heyvan ovçusu” və sair əsərlərini həvəslə oxumuşam.
- İdmana marağın varmı?
- 5-ci sinifdən idmanla məşğul oluram. Müxtəlif bölgələrdə keçirilən futbol yarışlarında iştirak etmişəm. Medal, fəxrı fərman və diplomlarla təltif olunmuşam. Üç il isə voleybolla məşğul olmuşam.
- Evin tək övladı Təbriz valideynləri, müəllimləri, kəndləri üçün darıxmır ki?
- İlk günlər şəhərdə sıxılırdım. Paytaxtımız mənə qəribə gəlirdi. Artıq müəllimlərə və tələbə dostlarıma öyrəşmişəm. Əlbəttə ki, valideynlərim, müəllimlərim və dostlarım üçün də darıxıram. Bu təbii haldır, müvəqqəti ayrılıqdır. həm də əlaqələrimiz tam üzülməyib ki?
- Akademiyada bir çox klublar fəaliyyət göstərir, bu klubların üzvüsənmi?
Hazırda “Diplomatiya və araşdırmalar” klubunun fəal üzvlərindən biriyəm. Akademiyada hər həftə təşkil olunan intellektual yarışlarda da həvəslə iştirak edirəm.
- Payız imtahanlarından üzüağ çıxacaqsanmı?
- Şübhəniz olmasın.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴