1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Tarix fənninin tədrisinə dair bəzi məsələlər
22.10.2016/41

 

 


Müşfiq DADAŞOV,
M.İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin tarix müəllimi

Tarixin tədrisində vacib amillərdən biri hesab edilən mövcud dərsliklərə diqqət yönəltmək istərdim. Düzdür, müasir təlimin təşkilində informasiya mənbələrinin (internet resursları, tarixi-bədii əsərlər, sxemlər, müxtəlif tipli xəritələr və s.) müxtəlif olmasına baxmayaraq yenə də mükəmməl dərslik tədris sahəsində gözlənilən məqsədlərə çatmaqda əhəmiyyətli rola malikdir. Mükəmməl dərsliklərin ərsəyə gəlməsi üçün hazırda mühüm addımlar atılmaqdadır. Cəmiyyətimizdə baş verən ictimai-iqtisadi münasibətlərə olan yanlış baxışların dərsliklərdən çıxarılması da dərsliyimizin təkmilləşdirilməsi sahəsində atılmış mühüm addımlardan hesab edilə bilər. Keçmiş sovet dərsliklərində mövcud olan sosializm cəmiyyəti ilə kapitalizm cəmiyyəti arasındakı mübarizə, sinfi antaqonizm, dövlətlərarası ziddiyyətlər və s. bu kimi neqativ ideoloji yanaşmalar dərsliklərin ruhundan çıxarılıb.
Yeni hazırlanan dərsliklərdə demokratik dəyərlər, dini dözümlülük, tarixi ədalətlilik prinsipləri və s. bu kimi bəşəri və insənpərvərlik ideyalarına əsas yer verilib. Lakin dərsliklərin hazırlanmasında bir sıra problemlər vardır ki, hələ də tam həllini tapa bilməyib. Fikrimcə, bu tip problemləri aşağıdakı kimi təsnifatlandırmaq olar:
* Tarix dərsliklərində olan bəzi akademik səhvlər;
* Tarix dərsliklərində olan pedaqoji nöqsanlar;
* Tərtibat (xəritə, foto, illüstrasiya və s.) çatışmazlığı və ya natamamlıq;
* Alternativ dərsliklərin az olması və s.
Elmi akademik səhvlərə, əsasən:
* hansısa tarixi hadisənin baş verdiyi zamanın və ya məkanın düzgün qeyd olunmamasını (məsələn, 8-ci sinif “Azərbaycan tarixi” dərsliyinin 2012-ci il nəşrində, səh. 91, §25 “Qaraqoyunlu tayfa ittifaqının yaranması” mövzusunu keçərkən artıq mətndə Qaraqoyunlu dövlətinin yaranmasının qeyd olunduğuna rast gəlirik. 7-ci sinif “Azərbaycan tarixi” dərsliyində “Qaraqoyunlu dövləti” mövzusunda da kobud səhvə yol verilib: “Qaraqoyunlu dövlətini paytaxtı Van şəhəri olmaqla Qara Məhəmməd” və “Qaraqoyunlu dövlətini paytaxtı Təbriz olmaqla Qara Yusif yaratmışdı” (2014-cü il nəşri, §20, səh. 100 və 102);
* təkrar nəşr olunmuş dərsliklərdə edilmiş ixtisarların fikrin natamamlığına və ya səhv anlaşılmasına səbəb olmasını (məsələn, 2014-cü ildə nəşr olunan 11-ci sinif “Azərbaycan tarixi” dərsliyində §54, səh. 206-da verilmiş “Neft kimyası və neft hasilatı, iqtisadiyyat, coğrafiya və xəritəçəkmə, Azərbaycan tarixi, filologiya və dilçilik kimi üstün sahələrdə fundamental tədqiqatlar Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin ümumi görünüşü davam etdirilmişdir” cümləsində məntiqi və tarixi əlaqə pozulmuşdur. Bu da öncəki nəşrdə edilmiş qüsurlu ixtisarla bağlıdır);
* hər hansı tarixi hadisə ilə bağlı mübahisə doğuracaq məsələlərin öz əksini tapmasını (məsələn, 2011-ci ildə nəşr olunan 9-cu sinif “Yeni tarix” dərsliyinin §1, səh.6. “İngiltərə burjua inqilabı və vətəndaş müharibəsi” mövzusunda İngiltərə kralı I Yakovun 1603-1625-ci illərdə hakimiyyətdə olduğu qeyd edilib. §11, səh. 50 “Şimali Amerikada istiqlaliyyət müharibəsi” mövzusunda isə göstərilir ki, ingilis kralı I Ceyms 1607-ci ildə Virciniya şirkətinə xartiya verdi. Deməli, məntiqlə ingilis kralları I Yakov və I Ceymsin hakimiyyət illəri eyni dövrə düşür və bu da anlaşılmazlığa səbəb olur. Sadəcə dərslikdə şərh verilməliydi ki əslində I Yakov və I Ceyms eyni şəxslərdir. Belə ki, ingilis kralları taxta çıxdıqda yeni təxəllüs götürürdülər. Odur ki, bunlardan biri öz adı, digəri isə təxəllüsdür);
* bəzən tarixi ardıcıllığın gözlənilməməsi və s. kimi məsələləri misal göstərmək olar.
Pedaqoji sahədəki çatışmazlıqlar isə şagirdlərin yaş, sinif səviyyəsinin nəzərə alınmadan mövzularda informasiyanın bolluğu, daha çox mövzuların elmi-akademik formada işlənilməsi, şagirdlər üçün yorucu təsir bağışlamasıdır.
Dərslikdə əksini tapan mövzuların daha səmərəli mənimsənilməsində tərtibatların - xəritə, sxem, foto və s. rolu əhəmiyyətlidir. Tərtibatlar tarixi öyrənməyin ilk pillələrində materialın şagirdlər tərəfindən təhlil edilib ümumiləşdirilməsi işinə kömək edir və şagirdləri tarixi inkişafın qanunauyğunluqlarını açıb göstərməyə yaxınlaşdırır. Şagirdlərin işinin səmərəli təşkili bir çox cəhətdən mövzu üzrə tərtibatların düzgün seçilməsindən asılıdır. Çünki həmin tərtibatlar hadisələr haqqında şagirdlərdə əyani təsəvvür yaradır. Lakin dövrə uyğun olmayan tərtibatlardan istifadə edilməsi isə əksinə, yanlış nəticələrə gətirib çıxara bilər.
Məlumdur ki, tarix fənni üzrə resurslarda xəritələrin yeri çox mühümdür. Dərslərdə xəritədən istifadə təkcə tarixi hadisələrin lokalizasiyası, bu hadisələrin inkişaf etdiyi coğrafi mühit haqqında təsəvvür yaratmaq üçün istifadə edilmir. Xəritə elə bir əyani vəsaitdir ki, o, tarixi materialı başa düşməyə, tarixi hadisələrin gedişini anlamağa, tarixi əlaqələri və qanunauyğunluqları açıb göstərməyə kömək edir. Tarixi materialların nəinki şərhi, həm də onun təhlili və ümumiləşdirilməsi gedişində istifadə olunan xəritə tarixi hadisələri aydınlaşdırmaq işinə də xidmət edir. Bu səbəbdən dərs resursunda yerləşdirilən və ya istifadə olunan xəritələrdə bir sıra vacib amillərə xüsusi diqqət yetirilməlidir. Biz bunları aşağıdakı kimi xarakterizə edə bilərik:
* Xəritələrdə tərtibatın keyfiyyəti nəzərə alınmalıdır;
* İstifadə olunan xəritələr mütləq mövcud dövrə aid olmalıdır;
* Yer adları, dövlətlərin əraziləri, hərəkət istiqamətlərinin ardıcıllığı düzgün və dərsliklərdə əks olunduğu kimi göstərilməlidir (şagirdlərdə anlaşılmazlıq və çaşqınlıq yaratmaması üçün);
* Rənglərdən düzgün istifadə edilməlidir;
* Siniflərin yaş səviyyəsindən və tipindən asılı olaraq xəritə miqyaslarının müəyyən olunması və s.
Qeyd edək ki, sadaladığımız problemlərin həlli istiqamətində artıq bir sıra addımlar atılır, siniflər üzrə broşürlər, qısa konspektlər, paylama materialları və s. vəsaitlərin hazırlanması sahəsində işlər görülür.
Müasir informasiya əsrimizdə tədrisdə İKT-nin rolu əhmiyyətlidir. Lakin İKT vasitələrindən kor-koranə deyil, düzgün və yerində istifadə etmək lazımdır. Müəllimlər İKT imkanlarından istifadə edərkən bəzi vacib amillərə diqqət yetirməlidirlər.
Mövzunun mənimsənilməsi və cavablandırılma prosesi üçün yığılmış interaktiv resursun həcmi və hazırlanmış slaydların sayı müəllimin bölgü saatına və dərsin vaxtına uyğun olmalıdır.
İnteraktiv resurslarda hazırlanmış materiallarla yanaşı müxtəlif mənbələrdən əldə edilmiş məlumat, görüntü və s.-dən də istifadə olunur. Lakin media və internet resursları, digər əlavə materialların istifadəsi əsaslandırılmış və dərsin məqsədinə uyğun olmalıdır.
Əlavə materiallardan istifadə zamanı müəlliflik hüquqlarının qorunmasına riayət edərək istifadə olunan materiallar və istinad edilən mənbələr dərs resursunun son slaydında mütləq qeyd olunmalıdır.
Bir məsələni də diqqətdə saxlamalıyıq ki, interaktiv avadanlıq və proqram təminatı təqdimat üçün deyil, interaktiv dərs tədrisi üçün yaradılıb və istifadə olunmalıdır. İnteraktiv resurs hazırlayarkən müəllim qeyd olunan vacib amili daim nəzərə almalıdır: ənənəvi elektron resurslardan fərqli olaraq (məsələn, PowerPoint proqramında hazırlanmış təqdimat resurslarından) interaktiv resurs şagirdin lövhədə müstəqil və sərbəst çalışması üçün düşünülüb hazırlanmalıdır. Bu amil interaktiv resursun və interaktiv dərsin təməl prinsipidir.
İnteraktiv tapşırıqlar hazırlayarkən müasir təlim üsullarından -BİBÖ, akvarium, qərarlar ağacı, rollar üzrə oyun, klaster, fərqli cədvəl və diaqram, “zaman xətti” və s. geniş istifadə olunması məqsədəuyğundur.
Dərsdə alınmış kompetensiyanın (səriştə) möhkəmləndirilməsi üçün ən geniş yayılmış sərbəst iş formalarına - yaradıcı və əl işləri, layihələr, təqdimatlar, ev tapşırıqları və s. daxil edilə bilər. Düşünürəm ki, dərslərin ev tapşırıqları hissəsində şagirdlərə İKT-nin imkanlarından istifadə etməklə daha maraqlı, səmərəli və effektiv formada təqdimatlar hazırlatmaqla, qoyulan tapşırıqları həll etmək olar. Ev tapşırıqlarının daha çox tədqiqat və yaradıcılıq elementləri ilə zəngin olmasına diqqət yetirilməlidir.
Hər bir fənn üzrə, eləcə də tarix fənninin tədrisində inteqrasiyanın rolu böyükdür. Belə ki qoyulan problemin müxtəlif yanaşmaların tətbiqi, digər fənlərin əlaqələndirilməsi nəticəsində həlli yollarının tapılması, əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi və s. baxımından inteqrasiyanın tədrisdə rolu danılmazdır. Lakin təəssüf ki, fəndaxili və fənlərarası inteqrasiyadan bəzən dərsdə istifadə edilmir. Halbuki, bu mərhələdə də müəllim maraqlı nümunələr nümayiş etdirə bilər.
Bu gün şagirdlərdən məntiq, yaradıcı fəaliyyət, sərbəst düşüncə, mühakimə yürütmək, müşahidə aparmaq, başqalarının fikrinə qarşı öz rəyini bildirmək, fikrini və ya mövqeyini aydın ifadə etmək və onu müdafiə etmək, qərar qəbul etmək kimi bacarıqlar tələb olunur. Bu da cəmiyyətin həyatında fəal iştirak edə bilən kamil vətəndaş yetişdirmək deməkdir.
 

yuxarı ⤴