1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Fasilitasiyanın prinsipləri
22.10.2016/41

 

 


Ellada MİRZƏYEVA,
Sabirabad şəhər N.Gəncəvi adına 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi

21-ci əsrin sürətlə dəyişən fonunda təhsilin xarakteri və müəllimin sinifdə rolu da dəyişilir. İnformasiya cəmiyyətinin inkişafı müəllimin qarşısına yeni vəzifələr qoyur. Müasir dövrdə təhsil təkcə bilik verməli olmayıb, bilik qazanma, bilikləri seçmə, emal etmə, ondan faydalanma və onu ötürmə yollarını da öyrətməlidir. Ənənəvi təlimdə müəllim başlıca məlumat mənbəyi və təlim prosesinin aparıcı fiquru idi. O, təlim prosesini təşkil edir, təşəbbüs göstərir, bilikləri hazır şəkildə şagirdlərə ötürürdü. Müasir təhsildə müəllim biliklərin əməkdaşlıq şəraitində kəşf edilməsi prosesinə bələdçilik edən fasilitatordur. Müasir müəllim informasiya-kommunikasiya texnologiyalarından, təlim xarakterli şəbəkə resurslarından bacarıqlı istifadəçi olmalı, şagirdləri də müstəqil araşdırmalar aparmağa və yeni biliklər qazanmağa cəlb etməlidir.
Müasir müəllim qrup daxilində işləmə, valideynlər və tərəf-müqabilləri ilə işbirliyi qurma bacarıqlarına malik olmalıdır.
Fasilitasiya sözünün mənası hər hansı bir prosesi “asanlaşdırmaq” deməkdir (Merriam Webster). Təhsil üzrə beynəlxalq mütəxəssislərin fikirlərinə görə, fasilitasiya, bir qrup insana məqsədlərini başa düşməkdə və bu məqsədə nail olmaq üçün müəyyən planlar qurmaqda yardımçı olma prosesidir. Fasilitator hər hansı bir tərəfi tutmayıb neytral mövqedə olur. Qrup üzvləri tərəfindən səsləndirilən fikirləri mühakimə etməməlidir. O, qrup üzvlərinin məqsəd ətrafında əməkdaşlıq etməsinə və daha səmərəli işləməsinə imkan yaradır. Fasilitator müzakirə zamanı öz mövqeyini açıqlamır, ədalətli, açıq, inklüziv prosedurlara dəstək olur. Fasilitator qrup üzvlərinin debatda iştirakına məsuliyyət daşıyır. O, ən qısa zaman kəsiyində qarşıya qoyulan tapşırığı yerinə yetirmək üçün iştirakçıları həvəsləndirir. Fikir yürütməkdən çəkinən, az danışan və problemin həllində passiv iştirak edən qrup üzvlərini danışmağa və öz mövqelərini bildirməyə cəlb edir. Fasilitator işinin başlanmasından on beş dəqiqə əvvəl müzakirə otağında olmalı, əvvəlcədən audio-vizual avadanlıqlarını, lövhələri, markerlər və təbaşirləri, şəkillər və digər əyani vəsaitlərini lazımi şəkildə yerləşdirməlidir. Müzakirənin gündəliyi, qarşıda duran məsələləri və debatın gedişinin ümumi konturu müəyyənləşdirilməli, iştirakçıların bir-birlərini görmələri üçün onlar dairəvi və ya U formasında oturdurmalıdır. Fasilitator özü isə U şəkilli formanın açıq tərəfində oturarsa hamı ilə asan iş qura bilər. Geniş və işıqlı otaq seçilməsi yaxşı olardı. Dar və adamla dolu otaqda havasızlıq olur və bu da əlavə gərginlik yaradır. Qrup böyük olduqda və iştirakçıların adlarını yadda saxlamaq çətinlik törətdikdə adlar yazılmış sinə lövhələri hazırlamaq məqsədəuyğun hesab olunur. İştirakçılara adları ilə müraciət etmək lazımdır. Fasilitatorun məsələ ilə maraqlanan və təşəbbüskar olması vacibdir, bu, qrup üzvlərinin əhvalına və qrupun müzakirəsinin səmərəsinə də müsbət təsir edir.
Qrup üzvlərinin fikrinin səhv olduğunu deməkdən çəkinmək lazımdır, belə hallarda digər iştirakçılardan mövzu barədə əlavə rəy istənilməsi daha yaxşı olardı. Fasilitator açıq fikirli və demokratik olmalı, müzakirəni stimulyasiya etmək üçün “nə üçün?”, “necə?” formalı açıq tipli suallarla iştirakçılara müraciət etməlidir.
Fasilitatorun ən önəmli qabiliyyətlərindən biri dinləmə bacarığıdır. O, hər bir iştirakçını axıra qədər və diqqətlə dinləməlidir. Fikir aydın olmadıqda onu daha da açıqlamasını xahiş etməlidir. Qrup üzvlərini müşahidə edərək çaşqınlıq içində olanları, fikir söyləməkdə çətinlik çəkənləri görməlidir. Problemlərin və qarşıdurmanın yaranması mümkündür, bu zaman neytral və təmkinli olmaq lazımdır. Yumordan istifadə oluna bilər ki, gərginlik azalsın. Fasilitator:
* Müzakirə üçün müsbət atmosfer yaratmalıdır.
* İştirakçıları məsələ üzərində cəmlənməyə yönəltməlidir.
* Müzakirə üçün ayrılmış vaxtın gedişinə nəzarət etməlidir.
* Qrupun işini səmərələşdirə biləcək metod və prosedurlar təklif etməlidir.
* Bütün qrup üzvlərini iştiraka cəlb etməlidir.
* Səsləndirilən ideyaları hücumdan (əks-iddiadan) qorumalıdır.
Fasilitator qarşıda duran məsələ barədə müəyyən fikrə malik olsa da qrupu bu hazır cavaba doğru aparmamalı, qrupun özünün problemə alternativ həll yolu tapmasına şərait yaratmalıdır. Fasilitasiya, öyrənənlərin öyrənmə prosesindəki rolunu ön plana çəkir. Onlar aşkarladıqları yeni məlumatdan zövq hissi duyurlar. Fasilitatorun mövzu barədə bilikli və bacarıqlı olması vacib şərtdir. Fasilitator qrupu düzgün həllə istiqamətləndirməyi bacarmalıdır. O, qrupun fəaliyyətini planlaşdırır, iştirak mühiti yaradır. Qrupun müvafiq və faydalı nəticəyə gəlməsi prosesinə bələdçilik edir, işinə peşəkarlıq mövqeyindən yanaşır. Öz fikrini iştirakçılara qəbul etdirmək fasilitatorun vəzifəsi deyildir. Fasilitator dəyişiklik yaradandır, faktları elə formada təqdim etməlidir ki, dəyişikliyə zəmin yaratsın.
Mövzu maraqlı və lazımlı olduqda öyrənmə prosesi də rahat gedir. Mövzuları öyrənənlərin həyat təcrübəsi ilə, ehtiyacları və vəzifələri ilə əlaqələndirmək yaxşı nəticə verir. Fasilitasiya zamanı daim ciddi və rəsmi olmaq məqsədəuyğun deyil. Yumordan, təbəssümdən arabir istifadə etmək yaxşı olardı. Öyrənənlər yaşdan asılı olmayaraq əylənərək öyrənməyi daha üstün tuturlar. Fasilitator qrup üzvlərini fikirlərinə görə tənqid və mühakimə etməkdən özünü çəkindirməlidir. Rahat və qeyri-rəsmi təlim mühitində öyrənmə prosesi daha səmərəli olur. Bu proses idraki (cognitive) və emotional (Affective) xarakterli bir prosesdir, təlimin səmərəliliyində öyrənənin keçirdiyi hisslər və onun şəxsi münasibəti mühüm rol oynayır. Müzakirə zamanı qrup üzvlərindən mövzu barədə nə hiss etdiklərini soruşmaq olar. Qeyri-rəsmi dost mühitinin yaradılması çox əhəmiyyətlidir, qorxutma və təzyiq göstərmə gərginliyə və mənfi emosiyaların yaranmasına səbəb olur və bu da şübhəsiz ki, mənimsəmə prosesinə mane olur. Fasilitasiya zamanı qrup üzvlərinin diqqətini mövzu üzərində saxlamaq vacib şərtlərdəndir. Bacarıqlı fasilitator iştirakçıların fikirlərini hücumdan qoruyur, birbaşa suallardan istifadə edir ki, qrup üzvlərinin fərdi cəlb olunmasına nail olsun. Müzakirənin məzmunu deyil, əsasən onun strukturu və gedişatı fasilitator tərəfindən nəzarətdə saxlanılır. Fasilitator qrupun həll yolları tapmasına yardımçı olur. Qrup üzvləri ilə ünsiyyətdə olarkən göz kontaktı yaradır, qeyri-verbal mesajlardan istifadə edir. Qarşıya qoyulan məsələlərə həll yolları tapıldıqdan sonra ümumiləşdirmələr aparılır. Arzuolunmaz davranışlı qrup üzvünü nə qrup qarşısında, nə də təklikdə danlamaq və ya utandırmaq olmaz. İlk tədbir kimi, fasilitator bu davranışı debatın gedişi zamanı düzəltməyə çalışmalıdır. Əgər bu qrup üzvü digərlərinin fikir söyləməsinə imkan vermirsə, onda “Siz artıq məsələyə öz töhfənizi verdiniz, görək digərləri bu barədə nə düşünür” deyə bilərsiniz. Eyham birbaşa, amma nəzakətli olmalıdır. Qrupun qeyri-rəsmi liderləri də iştirak etməkdə həvəssiz olan qrup üzvlərini fikir yürütməyə cəlb etməkdə yardımçı ola bilərlər. “Qaradinməz” xarakterli qrup üzvü müzakirədə sərbəst iştirak etməyəcək. Səbəb laqeydlik, digərlərindən üstünlük hissi, məsələ ilə bağlı çaşqınlıq, aşağı səviyyə kompleksi və s. ola bilər. Fasilitator belə qrup üzvləri ilə səbirli olmalı, onlara vacib rol verməli, məlum olan məsələlər barədə birbaşa suallarla müraciət etməlidir ki, debatda iştiraka cəlb etsin. Bəzi qrup üzvləri daim ilkin mövqeyində qalıb digər alternativləri nəzərdən keçirmək istəməyə bilər. Onun kimilərinə hamının istəyinin nəzərə alınması və konsensus əldə edilməsinin vacibliyi xatırladılmalıdır. Qrup işində iştirak etməyənləri məcbur etmək olmaz, amma digər qrup üzvlərinin həyəcanları onlarda maraq oyada bilər. Səbirlilik fasilitatordan gözlənilən ən mühüm xüsusiyyətlərdən biridir.
Fasilitasiya digərlərinə göstərilən bir xidmətdir. Fasilitatorun işi prosesi qurmaq, nizamlamaq və istiqamətləndirməkdir. O, fərdlərin ayrı-ayrılıqda potensialını və bütövlükdə qrupun potensialını üzə çıxarmaqda yardımçı olur. Fasilitator bir məsləhətçi və konfliktlərin həllinə yardımçıdır. O, qrupun işinin məzmununa qoşulmur, qrup üçün problem həll etmir, müzakirənin gedişini əlinə almır və bütün olan cavablarını qrupa təqdim etməməlidir. Bacarıqlı fasilitator özü ilə qrupu arasında qarşılıqlı inam formalaşdırır, onun interpersonal (şəxslərarası) bacarıqları yüksək olmalı, tez ünsiyyətə girə bilməli, digərlərinin keçirdiyi hisslərə qarşı həssas olmalı, debatın uğurla həyata keçməsi üçün stressiz mühit yarada bilməli, qrup işini səmərələşdirmək üçün müxtəlif strategiyalardan istifadə etməlidir. Buna baxmayaraq, müzakirənin istiqamətini tam ələ almamalıdır və qrup üzvlərinin arzuolunan nəticəyə nail olmasında onların özlərinin məsuliyyət və cavabdehlik daşımasına şərait yaratmalıdır. Qrupları yaradarkən əyləncəli və maraqlı metodlardan istifadə olunmalı, iştirakçılara öz qruplarını seçməkdənsə, onları hərflər, rəqəmlər və ya rənglər vasitəsilə qruplara bölmək daha məqsədəuyğundur.

yuxarı ⤴