1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Bölgə xəbərləri
22.10.2016/41

 

 


Məktəbin 6 məzunu 600-dən çox bal toplayıb

Xırdalan şəhər 1 nömrəli tam orta məktəbin direktoru Kəmalə Yusifova tərəfindən redaksiyamıza daxil olan məlumatda bildirilir ki, məktəb Abşeron rayonunun ən nüfuzlu və tanınmış təhsil ocaqlarından sayılır. 3 mərtəbəli əsas və 3 mərtəbəli əlavə korpusdan ibarət olan məktəb binasının həm daxilində, həm də geniş həyətində səliqə-sahman, təmizlik, sakitlik göz oxşayır.
Hazırda məktəbdə 3498 şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 340 nəfər yüksək ixtisaslı müəllim məşğul olur. Belə ki, müxtəlif tədris illərində məktəbin 4 müəllimi “Əməkdar müəllim” adına layiq görülüb, 4 müəllim “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olub, 4 müəllim “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub, onlarla pedaqoq Təhsil Nazirliyinin və Abşeron Rayon İcra Hakimiyyətinin fəxri fərmanları və hədiyyələri ilə mükafatlandırılıb. Məktəb 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə keçirilən “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində iştirak edərək qazandığı uğurlara görə qalib məktəblərdən biri olub.
Əvvəlki tədris illərində olduğu kimi, 2015-2016-cı dərs ilində də məktəb qazandığı uğurlarla fərqlənib. Keçən il məktəbin XI sinfini müvəffəqiyyətlə bitirən 211 məzundan 170 nəfəri ali məktəbə sənəd verib, onlardan 121 nəfəri respublikanın müxtəlif ali məktəblərinin tələbəsi adını qazanıb. Tələbə adına layiq görülən məzunlardan 6 nəfəri 600-dən, 15 nəfəri isə 500-dən çox bal toplayıb.

“El bilir ki, sən mənimsən”

Lerikin Daster kənd məktəbində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi ilə bağlı tədbir keçirilib. Tədbiri məktəbin direktoru Zöhrab Şəfiyev açaraq Azərbaycan xalqının əldə etdiyi müstəqillikdən və onun tarixi əhəmiyyətindən danışıb. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Tədbirdə məktəbin müəllimləri Tural Əliyev, Qasım Nəcəfov, Daster ərazisi üzrə Ağsaqqallar Şurasının sədri, məktəbin keçmiş direktoru Hüseynağa Hüseynov çıxış ediblər.
Məktəblilər tərəfindən “ El bilir ki, sən mənimsən” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Qeyd edək ki, məktəbdə hazırlanan “Müstəqil Azərbaycan” mövzusunda fotosərgidə 25 ildə respublikamızın inkişaf yolu geniş əks etdirilib.

Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Samit İmanovun xatirəsi anılıb

Neftçala rayonundakı Heydər Əliyev Mərkəzində keçirilən anım mərasimində ictimaiyyət nümayəndələri, qəhrəmanın ailə üzvləri, döyüş yoldaşları və gənclər iştirak ediblər. Mərasim Milli Qəhrəmanın qısa, lakin şərəfli həyat yolundan bəhs edən fotosərgiyə baxışla başlanıb.
Tədbirdə qeyd olunub ki, Samit Gülağa oğlu İmanov 1981-ci ildə Neftçalanın Həsənabad qəsəbəsində doğulub. Rayondakı 1 nömrəli tam orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbdə təhsil alıb. Oranı fərqlənmə diplomu ilə bitirən Samit Türkiyədə və digər xarici ölkələrdə hərbi kurslarda olub. 2004-cü ildən xüsusi təyinatlı dəstədə bir neçə hərbi tapşırığı uğurla yerinə yetirdikdən sonra xidmətləri nəzərə alınaraq “N” saylı hərbi hissənin komandir müavini vəzifəsinə təyin edilib.
Bildirilib ki, Samit İmanov bu il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri təxribatın qarşısını alarkən əsl qəhrəmanlıq göstərib və döyüşlər zamanı aldığı ağır güllə yarasından şəhid olub. O, doğulub boya-başa çatdığı Neftçaladakı qəbiristanlıqda torpağa tapşırılıb. Mayor Samit İmanova döyüşlərdə göstərdiyi igidliyə görə dövlət başçısının sərəncamı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Yeniyetmələr arasında rayon birinciliyi başa çatıb

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə Masallı Şahmat Məktəbində keçirilən yeniyetmələr arasında rayon birinciliyi başa çatıb. Rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 65 yeniyetmə şahmatçı iki yaş qrupu üzrə mübarizə aparıb.
Yarışda on yaşadək oğlanların və qızların mübarizəsində Vəkil Mikayılov, Nurlan Əsgərov və Şükür Məmmədov müvafiq olaraq ilk üç yerdə qərarlaşıblar. On altı yaşadək oğlanların və qızların yarışında isə Mircavad Bəşirov, Tural Əsgərov və Fəridə Əliyeva birinci, ikinci və üçüncü yerləri tutublar.

Aqrar Universitetinin aqronomluq fakültəsində bayram tədbiri

Azərbaycan Dövlət Aqrar Universitetinin aqronomluq fakültəsində müstəqillik gününə həsr olunan tədbir keçirilib. Tədbir Dövlət himni ilə başlayıb.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, fakültənin dekanı, dosent Məhərrəm İsmayılov “Müstəqilliyimiz, varlığımız, gələcəyimiz xalqımızın əbədi yaşayış tərzidir” mövzusunda çıxış edib. Birinci kurs “Su bioehtiyatları və akvabitkilər” ixtisasının tələbəsi Şamil Səfərov və “Ekologiya” ixtisasının tələbəsi Cavidan Ağazadə isə müstəqilliyin bəxş etdiyi xoş gələcəkdən danışıblar. Bildiriblər ki, müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısında xidmətləri böyükdür. Ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət isə müstəqilliyin əbədi olacağını təmin edir.
Tələbələrdən A.Novruzova, N.Əslibəyova, Z.Balakişiyeva, N.Verdiyeva, D.Hüseynova, F.Bayramova, E.Aslanova, T.Bağırova və H.Cəfərov müstəqilliyə həsr edilən şeirlərdən ibarət kompozisiyalar təqdim ediblər.
Sonra fakültənin ixtisasları üzrə təşkil edilən komandalar arasında müstəqillik gününə aid intellektual yarış başlayıb. Yeddi komanda arasında keçirilən yarışda aqronomluq ixtisasının Azərbaycan bölməsinin “Aqronomlar” komandası 1-ci, rus bölməsinin “Vətənpərvərlər” komandası 2-ci, torpaqşünaslıq və aqrokimya ixtisasının “Kaspian” komandası isə 3-cü yerə layiq görülüb.
Tədbirin sonunda qaliblər fəxri fərmanlarla təltif ediliblər.

Turizm və otelçilik ixtisası tələbələri ilə görüş

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatı daim tələbə gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların öz ixtisaslarına olan marağını artırmaq məqsədi ilə müxtəlif sahələri özündə əks etdirən layihələr həyata keçirmiş və bu tip layihələr uğurla davam etdirilməkdədir. Oktyabrın 15-də tələbələrə öz ixtisasları haqqında daha ətraflı məlumat vermək və onların gələcək işləri ilə bağlı lazımi biliklərin əldə edilməsi məqsədi ilə Gəncə şəhərində fəaliyyət göstərən turizm şirkətlərinin birinin rəhbəri ilə görüş keçirilib.
Tələbə Gənclər Təşkilatının sədri Orxan Məmmədov tələbələrə layihənin mahiyyəti haqqında məlumat verdikdən sonra uzun müddət turizm sahəsində çalışan İlham Vəliyev turizm məsələsi, Azərbaycanda onun inkişafı, iqtisadiyyatımızın tərəqqisində rolu, ictimai-sosial əhəmiyyəti, xalqın maddi-rifah halının yaxşılaşmasına təsirindən geniş şəkildə bəhs edib. Əlavə olaraq tələbələrə bu sahəni müasir tələblər səviyyəsində öyrənmələrini, xarici dilə maraqlarını artırmalarını nəzərə çatdırıb.
İlham Vəliyev tələbələri maraqlandıran suallara ətraflı cavab verib. Tələbələr görüşü təşkil edənlərə öz səmimi minnətdarlıqlarını bildiriblər.

Siyəzəndə məktəblilər arasında intellektual təlim keçirilib

Oktyabrın 15-də Siyəzən rayon məktəbliləri arasında “İntellektual çoxnövçülük” adlı layihənin ilk mərhələsi baş tutub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “Azərbaycan” İntellektual Oyunlar Klubu və Siyəzən Rayon Gənclər və İdman İdarəsinin tərəfdaşlığı ilə keçirilən təlimdə Siyəzən rayon məktəblilərinin 7-11-ci siniflərində təhsil alan şagirdlər iştirak ediblər.
Təlim zamanı iştirakçılar “Nə? Harada? Nə zaman?”, “Breyn Rinq” və “Erudit kvartet” intellektual oyunlarının qaydaları, həmçinin, sualların tapılması prosesi, komanda formalaşdırmaq üsulları, kapitanın rolu və oyun sistemi ilə tanış olublar.
Layihənin rəhbəri Ayaz İlyasovun sözlərinə görə, layihənin ilk mərhələsinin məhz təlim formasında keçirilməsinin məqsədi intellektual oyunların təşviqi, qaydalar, eləcə də oyun üsulları ilə şagirdləri daha yaxından tanış etmək idi.
Ümumilikdə isə layihənin 3 mərhələdə keçirilməsi nəzərdə tutulub. Oktyabrın 22-də “Nə? Harada? Nə zaman?” formatlı turnir keçiriləcək. Layihəyə isə oktyabrın 29-da yekun vurulacaq. Həmin gün “Breyn Rinq” və “Erudit kvartet” yarışları baş tutacaq. Hər üç intellektual oyunda daha uğurlu nəticə göstərmiş komanda qalib elan olunacaq.

Mingəçevir Dövlət Universitetinin komandası yarışın qalibi olub

Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə ali və orta ixtisas məktəblərinin tələbələri arasında 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə intellektual yarış keçirilib.
Yarışda Mingəçevir Dövlət Universitetini 16, Mingəçevir Turizm Kollecini 8, Mingəçevir Tibb Kollecini isə 8 komanda təmsil edib.
Yekunda Mingəçevir Dövlət Universitetinin 8-ci komandası yarışın qalibi olub.
İlk 3 yeri tutan komandaların üzvlərinə diplom və mükafatlar təqdim edilib.

Səhifəni hazırladı: Şakir CƏFƏROV,
“Azərbaycan müəllimi”
sh.cafarov@muallim.edu.az 
yuxarı ⤴