1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Tərifləmək və tənbeh etmək olmaz!
27.10.2017 / No41

 

 

 


Almaniya təhsil sisteminin əsas məqsədi uşaqları həyata hazırlamaqdır

Rüstəm QARAXANLI


Təhsil sistemləri, dünyanın nüfuzlu təhsil ocaqları barədə danışarkən ilk növbədə ağlımıza Böyük Britaniya və ABŞ-ın məktəbləri gəlir. Son illərdə bu yarışa Yaponiya və Cənub-Şərqi Asiyanın təmsilçiləri də qoşulublar. Dünyanın ən “dəqiq milləti” - almanların təhsili isə bir növ kölgədə qalır. Halbuki “İntizam həyatın yarısıdır” deyən xalqın təhsili zəif ola bilməz. Tək dünyanın avtomobil sənayesinin aparıcı brendlərinin Almaniyaya məxsus olması qənaətimizin əsaslı sübutu deyilmi?
Təhsil sistemlərinin effektivliyinə dair müxtəlif reytinqlərdə - “onluq”lar və “iyirmilik”lərdə Almaniya özünün təvazökar yerinə malikdir və bu göstərici demək olar ki, sabitdir. Bu sabitliyi əsaslandıran ən ciddi amil şübhəsiz ki, almanların nizam-intizama ciddi riayət etmələridir.

Uşaqlar valideynlərinə qoyulmuş abidələrdir

Maddiyyat Almaniyada doğum səviyyəsinin aşağı göstəricisinin əsas səbəbi sayılır. Almanlar üçün uşaq dünyaya gətirmək peşəkar karyera qarşısında maneə, pul və vaxt itkisidir. Ancaq ailənin sosial, deməli, maddi səviyyəsi nə qədər aşağıdırsa, uşaq sayı da bir o qədər çoxdur. Almaniyada belə bir deyim var: “Uşaqlar valideynlərinə qoyulmuş abidələrdir”. Alman analar bir yerə toplaşmağı, uşaqlarının böyüdülməsi və tərbiyəsinə dair fikir mübadiləsi aparmağı çox sevirlər. Ancaq analıq qadını şəxsi və ictimai həyatdan ayıra bilməz. Heç kim uşağını nənə, yaxud qonşu yanında qoymur, bu, qəbuledilməzdir. Ana bir yerə gedirsə, uşağını özü ilə götürməlidir. Almaniyada olsanız, tez-tez “kenquru-çantalar”da hətta bir aylıq uşağı ilə gəzən qadınları görə bilərsiniz. Qadın bazarlığa da gedə bilər, kürəyində, yaxud sinəsində gəzdirdiyi körpəsi ilə kafedə oturub rəfiqələri ilə söhbətləşə də. Uşağa körpə yaşlarından aşılamağa çalışırlar: bu dünya tək sənin deyil, səndən başqaları da mövcuddur, ananın da həyatı var və bununla hesablaşmalısan. Görünür, sıravi almanın qarşısındakının sözünü kəsməyə adət etməməsi, həmsöhbətini sona qədər dinləmək bacarığı da məhz buradan gəlir.

Hər uşağın öz daxılı

Alman tərbiyə tərzi səhih təşkilatçılıq və ardıcıllıq deməkdir. Körpə saat 20-də, hətta bundan da tez yuxuya getməlidir. Uşaqlar ancaq onlara ayrılmış yerlərdə - uşaq meydançaları və parklarda gəzə bilərlər. Gənc valideynlər uşaqlarına qarşı çox diqqətlidirlər, ancaq onları real həyata uyğunlaşdırmaq üçün “yumşaqlıq” da bir şey deyil. “Yıxılmısan? Özün qalx!”, “Şalvarın islanıb? Heç nə olmaz, evə gedərik, dəyişərsən!”, “Uşaq suya girib? O, həyatı öyrənir!”.

Körpənin ilk günündən valideynləri onun məişət qayğısına qalırlar. Hər bir almanın mənzilində mütləq uşaq otağı var və oranı körpə valideynlə birlikdə bəzəyir. Otaq uşağın ərazisidir, nə istəyir edə bilər. Digər otaqlarda isə ciddilik və intizam!
 Televizora sərt rejimdə baxılır. Hər bir uşaq hətta xəstədirsə belə, səhər gəzintisinə çıxmalı, hava almalıdır. Kiçik almanlar ilk günlərindən dəqiqliyə və məsuliyyətə öyrədilir. Hər körpənin daxılı - “Sparschwein”i var. Uşaq valideynindən zaman-zaman aldığı pulları buraya toplayır. O, kiçik yaşlarından yığımcıllıq, qənaət və maliyyənin idarəolunmasına öyrədilir. Bayramlarda uşaqlar tək hədiyyə deyil, həmçinin büdcələrini artırmaq üçün pul da alırlar.

Uşaq bağçalarının mütləq hakimləri

Almaniyada fiziki məhdudiyyətli uşaqlar xüsusi uşaq bağçalarına gedirlər. Ancaq onlar həftədə bir dəfə öz sağlam həmyaşıdları ilə bir yerdə olmalı, oynamalıdırlar. Almanlar hesab edirlər ki, uşaqlar kiçik yaşlarından sağlamlıqlarında məhdudiyyət olan dostları ilə ünsiyyətdə olmalı, onların qayğılarını çəkməyi bacarmalıdırlar. Hər uşaq bağçasının öz qaydaları var, ancaq onların əksəriyyətində hər həftə, yaxud hər ay uşaqlar, valideynlər və tərbiyəçilərin müştərək görüşləri olur. Bu görüşlərdə bağçalarda təmizlik problemindən tutmuş özünü yaxşı aparmayan uşağın tənbehinə qədər geniş spektrli məsələlər çözülür. Diqqət: körpənin iştirakı ilə!

Uşaq bağçalarında müxtəlif oyunlar keçirilir. Təşkilatçı qismində tərbiyəçilər və məktəblilər çıxış edirlər. Yuxarı sinif şagirdləri kömək etməklə yanaşı, təcrübə də toplayırlar: onlar gələcək həyatlarını məhz körpələrin tərbiyəsi ilə məşğul olan peşəyə həsr etmək niyyətindədirlər.

Praktik psixologiya ensiklopediyası “Psixoloqos”un yazdığına görə, Almaniyada körpələr evi və uşaq bağçalarında uşaqlara tam azadlıq verilib. Tərbiyəçi uşaqların gündəlik həyatına müdaxilə etmir, sadəcə, onların oyunlarının iştirakçısı ola bilər. Yorulmuş, unsiyyət istəməyən, oynamayan uşaq oyuncağını götürüb bir küncə çəkilə bilər.

Əlifbaya yox!

Almaniyada uşaq bağçalarında məktəbəqədər hazırlıq prosesinə aşağıdakılar daxildir: məntiqi düşüncə tərzinin inkişafı (bütün uşaqlar məktəb ərəfəsində düşünmək bacarığı, məntiq, fikrini bildirmək qabiliyyətini ölçən şən testlərdən keçirlər), rəsm və əl qabiliyyəti, ümumi fiziki hazırlıq, ilkin musiqi təhsili. Almaniyada uşaqlara bağçalarda yazmaq və oxumaq öyrədilmir.

Uşağın məktəbə hazırlıq kriteriyaları oxumaq və yazmaq deyil - o, ilk növbədə sosial yetkinliyin tələb olunan mərhələsinə çatdırılmalıdır. Körpə həmyaşıdları ilə ünsiyyət qurmağı, birgə çalışmaları yerinə yetirməyi bacarmalı, diqqətini bir yerə toplamağı, intizama tabe olmağı, başladığı işi sonadək çatdırmağı öyrənməlidir. Alman pedaqoqların qənaətinə görə, uşağın bağça yaşlarında oxuya və yaza bilməməsi, hətta hərf belə tanımaması faciə deyil, bəs məktəb nə üçündür? Əsas odur ki, körpə məktəbə qədəm qoyarkən psixoloji cəhətdən yetkin olsun, sonra məktəb heyəti və valideynlərə başağrısı olmasın.

Təhsil sisteminin özəllikləri

MƏKTƏB. Almaniyada tam orta təhsil aşağıdakı pillələrdən ibarətdir:

1. İlkin təhsil. Adətən 4 il davam edir, istisna olaraq Berlin və Brandenburqda bu müddət 6 ildir. Uşaq məktəbə 6 yaşından qəbul edilir.

2. Orta (natamam) ümumi təhsil məktəbin tipindən asılı olaraq 4-6 il davam edir. Bu, ümumi məktəb, real məktəb və gimnaziyalardır. Tam orta təhsilin son mərhələsi isə müxtəlif profilli məktəblərdə 3 il çəkir.

- Ümumi məktəb (Hauptschule) 5-9-cu, hərdən 10-cu sinifləri əhatə edir. Tədris proqramında əmək fəaliyyətinə geniş yer ayrılır. Bu təhsil ocaqları tam orta təhsil verməyən professional-texniki məktəblərə bərabərdirlər. Ümumi məktəbi bitirən uşaq daha yuxarı səviyyəli axşam professional-texniki təhsil müəssisələrinə daxil ola, yaxud istehsalatda şagird qismində əmək fəaliyyətinə başlaya bilər.

- Real məktəb (Realschule) 5-10-cu, Berlin və Brandenburqda isə 7-10-cu sinifləri əhatə edir. Burada ümumtəhsil məktəb proqramı keçilir, sonrakı mərhələdə uşaq daha yuxarı səviyyəli gündüz professional-texniki təhsil ocaqlarına daxil ola bilər.
- Gimnaziya (Gumnasium) özündə akademik xarakterli ümumi orta təhsili əks etdirən məktəbdir. Gimnaziyalar klassik, təbiət elmləri, riyazi, pedaqoji, texniki, iqtisadi, müasir dillər istiqamətlərinə bölünürlər. Gimnaziyalarda 5-10-cu siniflərin proqramı orta natamam təhsilə bərabərdir. Bu sinifləri bitirən uşaq heç bir şəhadətnamə verilmədən 11-ci sinfə keçirilir.

Tam orta təhsilin son mərhələsi gimnaziyaların 11-13-cü siniflərini əhatə edir. Bu siniflərdə oxuyan uşaqlar adətən ali məktəblərə daxil olmaq istəyənlərdir. Bu mərhələ daha çətindir, onu uğurla bitirən şagirdlərə tam orta təhsili bitirmələri barədə şəhadətnamə verilir. Ancaq imtahanları uğurlu verdikləri halda. Tam orta təhsili eyni zamanda 2-3 illik müxtəlif tipli professional-texniki təhsil ocaqlarında da bitimək mümkündür. Bu halda da orta təhsil barədə şəhadətnamə və həmin təhsil ocağının müvafiq sənədi verilir.

ALİ MƏKTƏB. Almaniyada ali məktəblərə qəbulun ümumi standart qaydaları mövcuddur. Bunun üçün ilk növbədə “Abitur” deyilən diplom olmalıdır. Bu diplom gimnaziyanı, yaxud gimnaziya proqramlı ümumi məktəbləri bitirən şəxslərə verilir. Bu diplomu almaq üçün məktəb məzunları 4 əsas fəndən imtahan verməlidirlər. Almaniyada ali təhsilin əsas prinsipi “Akademik azadlıq”dır. Bu sistemə əsasən, tələbə diplomuna daxil olacaq fənləri özü seçir. Sistemin əsasını universitetlər və onlara bərabər ali məktəblər təşkil edir:

- Texniki universitetlər (mühəndislik);
- Ümumi universitetlər (xüsusi professional təhsil və elmi araşdırmalar);
- Pedaqoji institutlar;
- Tibbi kolleclər, fəlsəfi-teoloji və kilsə kollecləri;
- İdman kolleci.

Qeyri-universitet tipli ali məktəblərə professional ali məktəblər - “Fachhochschulen” (biznes, iqtisadiyyat, servis, kənd təsərrüfatı sahəsində professional təhsil) və incəsənət kollecləri (Kunsthochschule və Musikhochschule) aiddirlər.

Ali məktəblərdə təhsil adətən 4 il davam edir. Pedaqoji təhsil 3 ildir, tibbi isə daha uzun müddət davam edə bilər. Bütün tələbələr 18 ay təcrübədə olmalıdırlar. Bundan sonra imtahan verib diplom alırlar. Diqqət: Almaniyada tələbələrin yarıdan çoxu humanitar profilli ali məktəblərdə oxuyurlar.

Universitet kursu iki mərhələyə bölünür: Baza mərhələsi 3-4 semestri əhatə edir, bitirən tələbə “litsenstiat” səviyyəsinə yiyələnir. Əsas mərhələ isə 4-6 semestri əhatə edir və magistr adı ilə qiymətləndirilir (Magister Artium).

“Yumşaq” bağça, sərt məktəb

Bağçadan fərqli olaraq məktəbdə uşaqlar axşamadək qalırlar. Onlara böyük tənəffüslər və oyunlar üçün vaxt ayrılır. Alman müəllim və alman tərbiyəçi ayrı-ayrı adamlardır. Məktəb müəllimi uşağın nazı ilə oynayası deyil və ona tez-tez əla qiymətlər verməz. Yeri gəlmişkən, məktəblərdə 6 ballıq sistem tətbiq olunur. Müəllimlərin əsas prinsipi budur: “Qiymətlər hədiyyə olunmur, onları qazanmaq lazımdır”. Bu yanaşma ilə uşaq psixoloqları da razıdır. Onların fikrincə, əgər ilkin məktəbdə uşağa tez-tez yaxşı qiymət verilərsə, 1 qiymətinin alınması belə çətin olan orta məktəbdə şagird stress vəziyyəti ilə rastlaşa bilər.

Qloballaşan, gündən-günə mürəkkəbləşən dünyada yaşamaq da çətinləşir. Ona görə də almanlar övladlarını lap körpə yaşından həyatın çətinliklərinə tab gətirmək bacarığına alışdırırlar. Məsələn, 4-cü sinifdə uşaqlara belə tapşırıqlar verilə bilər: Antarktida barədə dərslikdə olmayan hansısa yeni bir məlumat-material hazırlayın. Məlumatı haradan alırsınız alın: internet, kitabxana, təhsil xarakterli kompakt-disklər var. Yaxud qəzetlərdən birinin son sayını götürün, marağınızı cəlb edən məqaləyə dair material hazırlayın.

Alman müəllimlərə yaxınlaşıb uşağın barədə nəyisə öyrənmək müşkül məsələdir. Bunun üçün ildə iki şans var, hər biri cəmi 15 dəqiqə! Elə bilirsiniz müəllim həmin görüşə hazırlıqsız gələcək? Əsla. O, bütün il boyu uşağı izləyib, bloknotunda qeydlər aparıb, başqa sözlə, sinəsi doludur. Əgər uşağın hər hansı problemi yoxdursa, valideynin, ümumiyyətlə, məktəbə gəlməsi arzu olunmur. Yox, əgər çətinliklər varsa, müəllim özü evə zəng edəcək.

Ümumən alman məktəblərində tədris prosesi sərt olsa da, bəzi məqamlar “yumşaq” fin təhsilinin əlamətlərini xatırladır: məsələn, birinci sinifdə uşağa ilk növbədə zövqlə təhsil almağı öyrədirlər. Hər bir çalışma oyuna çevrilir. Uşağa fantaziyasını inkişaf etdirməyə şərait yaradılır. Uşaqlar birinci sinfi çox sevirlər və adətən tətildən sonra məktəbə yüksək əhvali-ruhiyyə ilə qayıdırlar.

Alman məktəblərində uşaqların yerlərini tez-tez dəyişirlər. Bir nəfər həmişə eyni partada eyni sinif yoldaşı ilə otura bilməz. Bu ona imkan verir ki, yalnız bir dosta bağlanmasın, dostlarının sayı çox olsun. Uşağın dərsdəki uğur və ya uğursuzluğunu digər sinif yoldaşının nəticələri ilə müqayisə etmək mümkün deyil. Uşaqların təhsil göstəriciləri alman məktəblərində “hərbi sirr”dir! Müəllim heç bir halda kimisə tərifləməz, kimisə tənbeh etməz. Hətta yoxlama işlərinin qiymətləri sirr kimi saxlanılır. Heç kim alçalmamalı, heç kim özünü digərindən üstün hesab etməməlidir. Hətta 6 yaşlı uşağın belə haqqı var ki, onun pis nəticələri ümumi müzakirə mövzusu olmasın. Yaxşı və pis şagirdlərin açıq üz-üzə qoyulması onlar arasında psixoloji səddə səbəb ola bilər, bu isə məktəbin ümumi ab-havasına zərər verər.
 

yuxarı ⤴