1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Humanist pedaqogika, yoxsa pedaqogikada humanizm?
27.10.2017 / No41

 

 

 


I məqalə


Komenski həssas, xeyirxah, mərhəmətli şəxsiyyət yetişdirmək məqsədilə qəlbin və ruhun tərbiyəsini vacib hesab edirdi

Fərrux RÜSTƏMOV,
ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi

Pedaqoji nəzəriyyələrin tarixi qədim olsa da elmi pedaqogikanın təşəkkülü Avropa maarifçiliyinin formalaşdığı XVII əsrə təsadüf edir. Bu dövr öz spesifik xüsusiyyətləri ilə fərqlənir. Maarifçilik hərəkatı İntibah dövrünün əhatə etdiyi ərazilərdən kənara çıxaraq Şərqi Avropaya, Rusiyaya və Şimali Amerikaya yayıldı. Bu dövr dahilərə ehtiyacı olan, dahilər yetirən bir dövr idi. Bu, bəşəriyyətin o vaxta qədər gördüyü bütün çevrilişlər içərisində ən böyük mütərəqqi bir çevriliş idi. Təhsilin və elmin rolunun artması ilə yanaşı kilsənin nüfuzu getdikcə aşağı düşürdü. Mədəniyyətdə dünyəvi elementlər dini elementləri sıxışdırırdı. Dövlət öz siyasi hakimiyyətini möhkəmləndirmək məqsədilə uzun müddət kilsənin əlində olan funksiyaları da ələ keçirərək idarəçilik orqanı kimi təhsilə və elmə nəzarəti gücləndirdi. Bununla da Avropada kilsənin ruhani diktaturası sarsıldı.

Bilik gücdür, güc isə bilikdir

Bu dövrün aparıcı tendensiyası F.Bekonun “bilik gücdür,güc isə bilikdir” - fikri idi. Əgər İntibah dövrünün ideologiyası, fəlsəfəsi, pedaqogikası və mədəniyyəti üçün əsas aparıcı tendensiya teosentrik baxışdan antroposentrik baxışa keçid idisə, maarifçilik dövründə yeni insan modeli yarandı. İnsan şəxsiyyətinə daha yüksək meyarlarla yanaşılmağa başlandı. Həyat uğurları silki vəziyyətlə deyil, şəxsi işgüzar keyfiyyətlərlə (bacarıqla) və hər şeydən əvvəl, savadlılıqla müəyyən olunurdu. Belə insan əqli, fiziki və ruhi cəhətdən inkişaf etmiş olmalı idi.

Pedaqogikanın formalaşması

Elmin və təhsilin sosial əhəmiyyətinin yüksəldilməsi yeni dövrün tələblərinə uyğun öz qanunauyğunluqları, tədqiqat metodları, təcrübi və nəzəri bazası olan, humanist prinsiplərə əsaslanan yeni bir elm sahəsinin - pedaqogikanın formalaşmasına kömək etdi. Təbiətşünaslığın nailiyyətləri təkcə sosial sahədə deyil, elm və təhsil sahəsində də uğur üçün əsas oldu. Zəka sahiblərinin təbiəti ilahiləşdirmələri, təbiəti onu Yaradanı ilə eyniləşdirmələri təbiəti baş müəllim və tərbiyəçi qismində qəbul etməyə gətirib çıxartdı. O, din xadimi olmaqla yanaşı, digər mütəfəkkirlər kimi, hər şeydən əvvəl, panteist idi. Onun pedaqogikası təbiətəmüvafiq pedaqogika idi. O, insanı ali, kamil varlıq, hər şeydən üstün məxluq hesab edirdi. Onun fikrincə, insanın son məqsədi bu həyatdan kənardadır. İnsanın yaşamı üçün üç yer müəyyənləşib: ana bətni, yer və göy. Üçüncü yer əbədi həyatdır. Ölüm özü ölümsüzlüyə, əbədiliyə pillədir. Bu dünya bizim məktəbimizdir, bu məktəbin hazırlıq mərhələsindən keçib akademiyaya yüksəlməliyik. Xoşbəxt o kəsdir ki, buradan oraya pak qəlb aparsın, çirkin qəlbə müdriklik daxil ola bilməz. Onun fikrincə, əbədiyyətə yüksəlməyin üç mərhələsi var: özünüdərk, özünüidarə və Allaha doğru cəhd. O yazırdı ki, Allah insanı bu dünyaya pak və təmiz göndərib, məktəbin də vəzifəsi onu pak və təmiz o dünyaya yola salmaqdır. Valideynlər uşaqlarına gözəllik, var-dövlət, rütbə arzulayır və uşaqları xarici rifaha istiqamətləndirir, onların qəlbinin fəzilətlərlə bəzədilməsi, gözəlləşdirməsi qayğısına qalmırlar. Onlar çəkməni daha hörmətə mindirirlər, nəinki ayağı. Dünyada qəlbi gözəlləşdirmək üçün kimisi var-dövlət, kimisi şan-şöhrət, kimisi gözəl dost-tanış, gəzinti, kimisi özü üçün bilik axtarır. Bunlar ruhun üzülməsidir. Həqiqi ruhi sakitliyi tapmaq üçün insan Allahı axtarmalı, mütləqə, kamilliyə can atmalı, onun qanunlarına riayət etməlidir. İnsanların düşüncəsində, işində, danışığında riyakarlıq, ədalətsizlik və hiyləgərlik var. Ona görə də Y.A.Komenski həssas, xeyirxah, mərhəmətli şəxsiyyət yetişdirmək məqsədilə qəlbin və ruhun tərbiyəsini (humanist pedaqogikanın məqsədi elə bu deyilmi?) vacib hesab edirdi.

Antik təhsil-tərbiyə mədəniyyətinin dirçəlişi

Yeni dövrdə (İngiltərə burjua inqilabından (1640) Birinci Dünya müharibəsinin sonuna qədər olan dövr), həm də antik təhsil-tərbiyə mədəniyyətinin (həm Şərq, həm də Qərb) dirçəlişi təmin edildi. Yeni dövrün humanist pedaqoji ideyaları ilə antik tərbiyə nəzəriyyələri arasında daxili bir bağlılıq, varislik və həmahənglik var idi. Humanistlik, insanın istək və arzularına ehtiram, axirət dünyasına hazırlıq böyüyən nəslin tərbiyəsində, onların mənəviyyatının formalaşmasında mühüm amil idi. Məsələn, qədim misirlilər belə hesab edirdilər ki, insan öləndən sonra Allah tərəzinin bir gözünə onun ruhunu, digər gözünə isə “davranış kodeksi”ni qoyur. Əgər tərəzinin hər iki tərəfi bərabər olarsa, onda ölən adam axirət dünyasında yeni həyata başlayır. “Davranış kodeksi”nə daxil edilən əxlaqi dəyərlərdən bəzilərinə diqqət yetirək: adamlara pislik etmə, mal-qaraya zərər vurma, günah etmə, zəifə əl qaldırma, adam öldürmə, xəstəliyə və göz yaşına səbəb olma, öldürmək əmri vermə, söyüş söymə, çəki daşının üstündən basıb onun çəkisini artırma, heç kəsi aldatma, hədələmə, ikiüzlülük etmə, qanunu pozma, başqasını təhqir etmə, Tanrıya böhtan demə, ləkəsiz, təmiz və ədalətli ol. Bu kimi əxlaqi keyfiyyətlər min illərdir ki, insanlığın yaşam kriteriyasıdır.

Xeyirxah fikir, xeyirxah söz, xeyirxah əməl, fiziki və mənəvi kamillik “Avesta”da təqdir edilir, təkəbbürlə baxan gözlər, yalan danışan dil, nahaq qan tökən əl, məqsədi şər olan ürək, şərə çatmaq üçün qaçan ayaq, yalandan üzə duran şahid, qardaşlar arasında nifaq salan şəxs “Tövrat”da lənətlənir, “Zəbur”da Allah sözü həyat yolunun işığı sayılır. Qarşılıqlı yardım, dünya malına həris olmamaq, dilinə, gözünə, əlinə sahib olmaq, ata-anaya hörmət etmək, iman, ümid, mərhəmət sahibi olmaq, səmavi ata kimi kamil və səbrli olmaq, yalan danışmamaq kimi əxlaqi-mənəvi dəyərlər “İncil”in ana xəttini təşkill edir. “Quran”da elmi biliklərə yiyələnmək Allah yanında oruc tutmaqdan da, namaz qılmaqdan da, Həccə getməkdən də, Ulu Tanrı yolunda cihada qoşulmaqdan da üstün hesab edilir.
Deməli, həm xristian, həm də islam pedaqogikası məhz insanın əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı üçün müxtəlif yollar, vasitələr müəyyənləşdirib, zaman-zaman onu təkmilləşdirib.

Humanist pedaqoji ideyaların inkişafı

XVIII əsrdə Qərbi Avropa maarifçiləri humanist pedaqoji ideyaların inkişafına dəyərli töhfələr verdilər. Maarifçilər pedaqoji fikirlə bağlı İntibah dövrünün estafetini qəbul edərək onu daha yüksək səviyyəyə qaldırdılar. Mövhumatın, sxolastikanın, məktəbdə silkiliyin tənqidi, demokratik təhsil sisteminin yaradılması, elmin, azadlığın, bərabərliyin, qardaşlığın və humanist ideyaların təbliği, bununla da cəmiyyətin mənəvi inkişafı onların ali məqsədləri idi.

XIX əsr mütəfəkkirləri isə maarifçiliyin məzmun və qayəsinə, ideya-estetik prinsiplərinə sadiq qalmaqla yanaşı, insan şəxsiyyətinin təkrarolunmazlığını, unikallığını, tükənməz imkan və fərdiliklərini önə çəkdilər, məktəblərdə milli şüur və təfəkkürün formalaşdırılımasını vacib hesab etdilər. Şəxsiyyətin daxili “mən”inə daha çox maraq göstərdilər. Həm də bu dövrdə klassik pedaqogikanın formalaşması başa çatdı. Pedaqogika elminin metodologiyası, təhsil-tərbiyənin məqsədi, məzmunu, metodları, psixoloji cəhətdən əsaslandırılması ilə bağlı ciddi tədqiqatlar aparıldı. Şəxsiyyətin inkişafı ilə bağlı müxtəlif humanist nəzəriyyələr yarandı.

Yeni pedaqoji təfəkkürün formalaşması

XX əsrin əvvəllərində zamanın mədəniyyət ölçüləri dəyişdi, yeni pedaqoji təfəkkür formalaşdı. Cəmiyyətin inkişafı ilə əlaqədar olaraq dövlətlərin təhsil siyasətində əsaslı dəyişiklik baş verdi. Yaranan yeni pedaqoji təfəkkürün başlıca paradiqmaları ən yeni dövr mədəniyyətinin xüsusiyyətləri ilə bağlı idi. Yeni dövr mədəniyyəti diferensiasiyaya əsaslanan monoloji mədəniyyət olduğu halda, ən yeni dövr mədəniyyəti inteqrasiyaya əsaslanan dioloji mədəniyyət idi. Pedaqogika elminin yeniləşməsi dövrün zəruri tələbatına çevrildi. On illərlə hakim olan təhsil-tərbiyə nəzəriyyələri təkmilləşməyə məruz qaldı. Mədəni təfəkkürün formalaşmasına xidmət edən bu nəzəriyyələr pedaqoji prosesin çox ciddi idarə olunmasını, təlim prosesində müəllimin daha yüksək mövqeyə malik olmasını nəzərdə tuturdu. Belə vəziyyət şagirdin müstəqilliyini azaldır, nəticədə intellektualizmə gətirib çıxarırdı. Bu səbəbdən də ənənəvi (klassik) pedaqogika ilə yanaşı islahatçı pedaqogika formalaşmağa başladı. Eksperimetal pedaqogika, praqmatik pedaqogika yarandı. E.Dürkheym, P.Natorp, G.Kerşenşteyner, C.Dyui, V.Torndayk və A.Layın humanist ideyaları yeni məzmunlu və mündəricəli pedaqogikanın yaranmasını şərtləndirdi. İslahatçı pedaqogikanın nümayəndələrindən biri olan O.Dekroli deyirdi ki, pedaqoji fəaliyyət uşağa öz şəxsi “mən”ini dərk etməyə, öz idealını, məqsəd və arzularını həyata keçirə biləcəyi yaşayış mühitini yaratmağa şərait yaratmalıdır. İsveçrə pedaqoqu A.Fererinin fikirləri isə müasirliyi, konseptuallığı və humanist istiqaməti ilə seçilirdi. O yazırdı: “Biz quru intellektlər deyil, istənilən ictimai mühitdə müvəffəqiyyətlə hərəkət edən canlı insanlar tərbiyə etmək istəyirik”.

Elmi pedaqogikanın yaranması Azərbaycan hadisəsi olmasa da, Azərbaycanda da genişlənməyə başladı. Belə ki, Azərbaycan maarifçiləri də böyüyən nəslin təhsil, təlim və tərbiyəsi ilə bağlı sistemli humanist pedaqoji ideyaların formalaşmasına dəyərli töhfələr verdilər.

XX əsrin 20-ci illərinin əvvəllərində Azərbaycanda təhsil sahəsində humanist ənənələr yaşayırdı. Milli dərsliklərdən istifadə olunurdu. Ali Pedaqoji İnstitutunda, Bakı Dövlət Darülfünununda xarici ölkələrin pedaqoq və psixoloqlarının humanist pedaqoji-psixoloji ideyaları öyrədilirdi. Proqramlar zəngin məzmuna, humanist və demokratik istiqamətə malik idi. Həmin proqramlar əsasında “Pedaqogika” və “Pedaqogika tarixi” dərsliklərinin ilk nəsli yarandı. Xəlil Fikrətin “Tədris və tərbiyə” tarixi, Abdulla bəy Əfəndizadənin “Pedaqoji”, B.B.Komarovskinin “Pedaqoji”, “Məktəbşünaslıq”, “Pedaqoji seminarlar”, A.O. Makovelskinin “Pedaloji” dərslikləri nəşr edildi.

Pedaqogika və siyasət

Bolşeviklərin hakimiyyətinin ilk illərində ictimai-siyasi, elmi- mədəni həyatda köklü dəyişikliyin əsası qoyuldu. İnqilab ilk vaxtlar mədəniyyət xadimləri üçün romantik xarakter daşısa da, az sonra təhsilin fəlsəfi əsaslarını yaxşı bilən rus filosof və pedaqoqlarının bəziləri (S.İ.Qessen, İ.M.Qrevs, V.V.Zenkoviski, İ.A.İlin, N.O.Loski) bu zorakı rəhbərliyi qəbul etmədilər və dərhal bəyanatla çıxış edərək bildirdilər ki, sovet hakimiyyətinin pedaqoji sahəyə göstərişləri ən yaxşı halda utopiya, yaxud da şüurlu yalandır. Buna baxmayaraq XX əsrin 20-ci illərinin ikinci yarısında SSRİ-də sinfilik prinsipinin düzgün olmayan dərki siniflər üzərindəki üstünlük kimi arzu olunmaz şərhə gətirib çıxardı, tərbiyədə humanist insani idealların inkarına səbəb oldu. Elmi araşdırmalarda “təhsilin məqsədi kəndlilərə, ziyalılara deyil, məhz proletariata xidmət etməlidir” - konsepsiyası irəli sürüldü. Və təbii ki, bu tələbin də nəticəsi kimi “kütlələri dünya proletar inqilabı mübarizəsinə cəlb etmək, onların sosializm quruculuğunda iştirakını təmin etmək” ideyası meydana gəldi. Kommunizmi qura biləcək nəsil tərbiyə etmək məqsədi qarşıya qoyuldu. Tədricən şagird, onun arzu və idealları, iç dünyası, şəxsi “mən”i tədqiqatlardan təcrid edildi. Oktyabryat, pioner və komsomol kimi onun məktəb və dövlət qarşısında vəzifələri müəyyənləşdirildi. Millilik, demokratiklik, humanizm, xəlqilik kimi dəyərlər unuduldu, siyasətin rəhbər rolu praktik həyatın əsas istiqamətini müəyyənləşdirdi. Siyasət yalnız pedaqogika elminin deyil, ailə tərbiyəsinin əsası hesab olundu. Hər cür mənəvi dəyərlər və sərvətlər sinfiliyin “uzun arşını” ilə ölçülməyə başlandı. Siyasətləşdirilmiş uşaq kommunizm ideologiyasının daşıyıcısı kimi valideynlərə qarşı qoyuldu. Deməli, SSRİ-də, o cümlədən Azərbaycanda pedaqogika elmində tədricən deformasiya prosesi baş verdi. Pedaqogika özünün təbii inkişaf yolundan imtina etmək məcburiyyətində qaldı. Humanist meyillər siyasiləşmənin qurbanına çevrildi. Həmin illərdə pedaqogika və siyasətin qarşılıqlı münasibətində iki meyil nəzərə çarpırdı: biri məktəbin siyasətdən tam azad olunması, digəri isə məktəbin yeni sosial quruculuğun və proletariat diktaturasının xidmətinə verilməsi. “Kommunist Partiyasının Manifesti”ndə tərbiyəni burjuaziyanın siyasi təsir dairəsindən ayırmağı qarşıya məqsəd qoyan marksistlərdən fərqli olaraq, V.İ.Lenin yazırdı: “...siyasi fəaliyyətdə həmişə müəyyən pedaqoji ünsür olmuşdur”. Marks-Lenin Pedaqoji İnstitutunun rəhbəri V.N.Şulqin yazırdı ki, kommunizm quruculuğunun universal aləti siyasət deyil, pedaqogikadır. RSFSR Elmi Tədqiqat Pedaqogika İnstitutunun direktor müavini A.G.Kalaşnikov “hər sinif üçün pedaqogika yaradılmasını” vacib hesab edirdi. Deməli, dövlət pedaqogika elmini hətta siyasi elmlərin fövqünə qaldırmışdı. Həm “siyasi pedaqogika”, həm də “qeyri-siyasi pedaqogika” tərəfdarları siyasi fəaliyyətdə pedaqoji ünsürün olmasını qəbul edirdilər. “Qeyri-siyasi pedaqogika” tərəfdarları pedaqogikanı siyasətdən ayırsalar da, etiraf edirdilər ki, insan təbiətinin ictimailiyi onu siyasətlə bağlayır, siyasət - ictimailiyin ifadəçilərindən biridir. Məhz bu aspekt siyasət və pedaqogikanı istər-istəməz yaxınlaşdırır və birləşdirici amil kimi çıxış edir.

Pedaqoji diskussiyalar

20-ci illərin sonu, 30-cu illərin əvvəllərində məktəbin taleyi (“məktəbin ölməsi”) ilə bağlı aparılan diskussiyalar pedaqogikada avtoritarizm meyillərinin yaranmasını sürətləndirdi. Azərbaycanda Marksist Pedaqoqlar Cəmiyyətinin təşkili bu işi daha da qüvvətləndirdi. Bu nəzəriyyənin tərəfdarları əsaslandırmağa çalışırdılar ki, əgər məktəb dövlətin bir parçasıdırsa və kommunizm cəmiyyətində dövlət olmayacaqsa, yəni öləcəksə, deməli, onun orqanı olan məktəbin də “ölümü” labüddür. Yetişən nəslin tərbiyə yeri praktik həyat və birinci növbədə istehsalat olacaqdır. Onlar bir az da irəli gedərək “məktəbin ölməsi”ni kommunizm cəmiyyəti qurulana qədər belə gözləmək istəmir və hətta gözləmənin yersiz olduğunu sübut etməyə çalışır, onun ləğvini (“ölümünü”) irəli sürürdülər.

ÜİK(b)P MK-nın 1929-cu il aprel plenumunda siyasi ton gücləndirildi. 30-cu illərdə məktəblə bağlı qəbul olunmuş qərarlar, sinfi mübarizənin gücləndirilməsi haqqında Stalin ideyası keçmiş SSRİ-də pedaqogika elminin və məktəb həyatının inkişafında demokratik ənənələrin inkişafını ləngitməklə yanaşı, həm də yeni arzuolunmaz istiqamətin formalaşmasına səbəb oldu. Məktəb və pedaqogika humanist və demokratik pedaqoji ənənələrdən uzaqlaşdı. Pedaqogika partiya və dövlətin siyasətinin təbliğatçısına çevrildi. Bununla da pedaqogikanın taleyi həll edilmiş oldu, İnsan kommunizm quruculuğunun məqsədinə yox, vasitəsinə çevrildi. Pedaqogika tarixindən görkəmli pedaqoqların bir çoxunun adı silindi, mərkəzi partiya aparatı tərəfindən (həm Moskvada, həm də Bakıda) tədqiqatçı alimlərin yaradıcılığı istiqamətləndirilməyə başlanıldı. Əsl yaradıcı intellekt daha az ehtiyac duyulan bir obyektə çevrildi. Reallığın inkarı həyat kredosu oldu.

Ölkədə başlanan repressiya dalğası, ifşa iclasları, “izhari-nifrət” mitinqləri Türkiyədən dəvət olunmuş pedaqoqları (Xəlil Fikrət, Əhməd Cövdət, Nazim Hikmət, M.Tofiq, İsmayıl Hikmət, Mühiddin Birgen və b.) pantürkist və panislamist, kamalizmin təbliğatçıları kimi damğaladısa, milli pedaqoqların bəzilərini (Mikayıl Rəhimli, Mustafa Quliyev və b.) cismən məhv etdi.

Qeyri-humanist yanaşmalar

Məktəb və pedaqogika haqqında 30-cu illərdə SSRİ-də qəbul edilən qərarlar təkcə siyasi sənəd deyil, həm də pedaqoji prosesə partiyalı rəhbərliyi təmin edən metodoloji proqram idi. Pedaqogikada humanist prinsiplərin deformasiyası nəticəsində Xalq Maarif Komissarlığının pedaqoji yaradıcılığı demokratikləşdirən bir sıra normativ aktları ləğv olundu. Paradoks ondan ibarət idi ki, mənəvi inkişafın monopoliyası kütləvi kommunist tərbiyəsi formasında aparılırdı, baxmayaraq ki, onun sərbəst yaradıcı və özünü təşkiledici pedaqoji stimulları kəskin şəkildə məhdudlaşdırılmışdı. Qeyri-humanist yanaşmalar pedaqoji tədqiqatları öz inhisarına aldı, məktəbin unikallığı, onun aliliyi, ülviliyi, məbədgah olması, uşağın fərdi “mən”i az əhəmiyyət kəsb etdi.Məktəb həyatı yalnız ictimai münasibətlərin predmeti kimi tədqiqata cəlb edildi, partiyanın müəyyən etdiyi siyasi meyarlarla öyrənildi. Həmin dövrdə pedaqogika və məktəb avtoritar-bürokratik təsirləri hər an hiss edirdi. Qeyri-elmi, qərəzli pedaqoji diskussiyalar pedaqogikanın dövlətin ideoloji silahına çevrilməsinə, bununla da bir elm kimi tənəzzülünə (pedaqogikada humanizm prinsipinin ləğvinə) gətirib çıxardı.

Azərbaycanda gedən pedaqoji diskussiyalarda şəxsiyyətlərin toqquşması arxasında ideyaların mübarizəsi deyil, pedaqoji elmdə mövqe qazanmaq istəyi, totalitar rejimin təzyiqindən yaxa qurtarmaq meyli dayanırdı. Ona görə də pedaqoq alimlərin pedaqoji diskussiya və ideya mübarizələrindəki rolunu düzgün təyin etmək çətinlik törədirdi. Onların bəzilərinin istək və arzuları, yaradıcılıq imkanları və həyata baxışları ilə 30-cu illərdə yazdıqları üst-üstə düşmürdü. B.B.Komarovski, A.O.Makovelski, Ə.Zəkuzadə, Ə.Seyidov totalitar siyasi rejimin təzyiqindən qurtarmaq məqsədilə “etiraf məktubları” yazır (yazmamaq ölümə, ən yaxşı halda sürgünə göndərilmək demək idi), 20-ci illərdə təbliğ etdikləri humanist pedaqoji ideyalarda “ciddi” metodoloji səhvə yol verdiklərini “boyunlarına alırdılar”.

Nəticəsi bilinməyən eksperiment

Elmi həqiqətlərin inkarı olan bu “etiraflar” totalitar repressiya maşınının təzyiqindən qurtulmağa hesablanmışdı. 30-cu illərdə demokratik naqislik, yadfikirliyə dözməzlik, ümumbəşəri əxlaq normalarının deformasiyası cəmiyyətin təbii vəziyyətinin səciyyəvi xüsusiyyətləri idi. Başqa cür düşünmək - casusluğa, ziyankarlığa, vətənə xəyanətə bərabər tutulurdu. Bir tərəfdən pedaqoqlardan marksist pedaqogikanın yaradılması tələb olunur, digər tərəfdən bu işdə dünya pedaqoji təcrübəsindən, min illərin sınağından çıxmış humanist pedaqoji dəyərlərdən istifadəyə qadağa qoyulurdu. Nə qədər qəribə olsa da, pedaqoji elm partiyanın rəhbərləri, qurultayları, MK-nın plenumları tərəfindən inkişaf etdirilərək “zənginləşdirilirdi”. Tədqiqatçı-alimlərin vəzifəsi yalnız məktəb və pedaqogika ilə bağlı rəsmi qurumlar tərəfindən irəli sürülən siyasi fikirləri izah və təbliğ etməkdən ibarət idi. Bunlar böyük bir siyasətin - imperiya siyasətinin tərkib hissəsi idi. Tədricən bütün xalqlar öz tarixi keçmişindən, milli dəyərlərindən ayrı salınmalı, sovet xalqı yaradılmalı, formaca və məzmunca ruslaşdırma, xristianlaşdırma siyasəti davam etdirilməli idi. Həmin illərdə mübahisə və diskussiyalar marksizm-leninizm fəlsəfi fikrinin saflığı uğrunda antimarksist cərəyanlara qarşı mübarizə adı altında aparılırdı. Əslində isə məqsəd ideoloji əleyhdarları, istedadlı alimləri elmdən uzaqlaşdırmaq idi. Bu reallıqları görən, gələcək sosial bəlanı uzaqgörənliklə hiss edən C.Dyui SSRİ-yə səfərindən sonra yazırdı: “SSRİ-də insan əxlaqının transformasiyası üçün böyük psixoloji eksperimentlər aparılır. Mən SSRİ-dəki hadisələrə bütün bəşəriyyət üçün maraqlı olan, lakin nəticəsi bilinməyən eksperiment kimi baxıram. Mən SSRİ-dən belə bir hisslə ayrıldım ki, onunla sonrakı ünsiyyət bəşəriyyətə qarşı cinayətə yaxındır”.

Pioner və komsomol təşkilatı məktəblilərdə, bir tərəfdən, “xalq düşmənləri”nə qarşı qorxmazlıq, nifrət hissi formalaşdırmağa çalışır, digər tərəfdən onları ən xırda nöqsanlara görə məktəbdən qovmaqla hədələyirdi. Mənəvi ideoloji və həm də pedaqoji fəaliyyətin bütün sahələrində milli düşüncə kütləvi kollektivləşmənin təsirinə məruz qaldı. Böyüyən nəslin şüurunun kollektivləşdirilməsi fərdi fikrə, şəxsi təşəbbüsə qarşı duran rəsmi ideologiya stereotiplərinin əmələ gəlməsində təzahür etdi. Hələ məktəb partası arxasında müəllim şagirdə təlqin edirdi: hamı kimi ol! Kimdənsə nümunə götür, kiməsə oxşa! Deyilmirdi ki, özün ol, necə varsan elə ol, özünü dərk et!

“Pedologiya”nın ləğvi

30-cu illərin ikinci yarısında ÜİK(b)P MK-nın 4 iyun 1936-cı il tarixli qərarı ilə “Pedologiya” “burjua elmi” adlandırılaraq ləğv olundu, daha doğrusu, repressiyaya uğradıldı. Pedaqogikanın antropoloji əsaslandırılması ideyası tənqid olundu, pedaqoji elm üçün fundamental problemlər sayılan şəxsiyyət və mühit, kortəbii və mütəşəkkil tərbiyəvi təsirlərin nisbəti, uşağın inkişafı, məktəb və cəmiyyət mövzularının tədqiqinə son qoyuldu. Test metodu tənqid olundu. Pedoloqlar uşağın inkişafının psixoloji diaqnostikasını aparır, pedaqoji-psixoloji məsləhətlər verir, valideynlərlə əlbir işləyirdilər.

yuxarı ⤴