1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Məktəb illəri”
“Bu peşəyə xələl gətirmək olmaz”
27.10.2017 / No41

 

 


Bəsirə Ağayeva: “O məktəblilər və valideynlərlə dil tapana qədər çətin bir prosesdən keçdik”

Jalə MÜTƏLLİMOVA

Bəzən belə olur ki, insanlar iki ad qazanır. Biri ata-anasının verdiyi ad. Birini də ona həyatı qazandırır. Bu yazıda sizə təqdim edəcəyimiz ad yəqin ki, Azərbaycanın təhsil tarixində də qalacaq. Sumqayıtda yaratdığı, hamının indi də “Bəsirə müəllimənin məktəbi“ dediyi, ölkə üzrə yaxşı nəticələri ilə seçilən “Tərəqqi” liseyi kimi. “Məktəb illəri”nin bu dəfəki qonağıdır o. Özü və şəxsiyyəti məktəb olan simalarımızdan biri - əməkdar müəllim Bəsirə Ağayeva. Ona çox az sual verdim. Səbəbi, danışdığı ardıcıllıq sistemini pozmaq istəməməkdir. O qədər səliqəli, aramla və səbrlə danışıb ki, qulaq asdıqca rahatlayır və təbii ki, öyrənir adam.

Müəllim qızı...

- Qusarın Aşağı Ləyər kəndindənəm. Anam evdar qadın olub. Atam ali təhsilli biri. O üzdən müharibə dövründə onu hərbi xidmətə aparmamışdılar. Yəni ağır illər olsa da, dövlətin stratejisi təhsil idi. Müəllimləri xüsusi kateqoriya kimi hərbi xidmətdən azad edirdilər. Müharibədən sonrakı dövrə hesablanmış qərar idi bu. Dövlət faciələr yaşamasına baxmayaraq, gələcəyi də düşünürdü. Kütləvi savadsızlığa yol vermirdi. Gələcəkdə belə bir ordunun necə böyük təhlükə olduğunu anlayırdılar. Balaca kəndimizdə məktəb fəaliyyət göstərirdi. Ancaq atam o məktəbdə deyil, Salyanda müəllim işləyib. Sonradan öz rayonumuza, Qusara gəldi. Uzun müddət müəllimlik etmədi. Rayonumuzun mədəniyyət evində işlədi. Sonra kənddən rayon mərkəzinə köçdük, yenə pedaqoji fəaliyyətinə davam elədi.

Rus alimlərin azərbaycanlı şagirdi...

- Qusarda rus məktəbinə getmişəm. Necə olduğunu deyim sizə. O illərdə hərbi pilotların tədris məktəbi fəaliyyət göstərirdi Qusarda. Hərbi pilotlar orada təkmilləşdirmə kurslarında oxuyurdular. Məktəbdə dərs deyənlərin demək olar hamısı o zamankı Jukovski adına Hərbi Akademiyanı bitirən yüksək rütbəli zabitlər idi. Azərbaycana uzunmüddətli ezam olunduqları üçün ailələrini də özləri ilə gətirirdilər. Deyim ki, çox savadlı xanımları var idi. Elmi dərəcələriylə həm də. Həmin qadınların çoxu Qusardakı rus məktəbində dərs deyirdilər. Təsəvvür edirsinizmi, mənim orta məktəb müəllimlərimin demək olar ki, hamısı ali təhsili olmaları ilə yanaşı, həm də elmi dərəcəsi olan kadrlar idi. Rəsm müəllimim dosent idi. Əmək təlimi dərsimizi yüksək ixtisaslı modelyer keçirdi. Yeri gəlmişkən, ondan yaxşı biçib, tikmək öyrənə bildim. Böyük üstünlük idi bunlar. Bir də sevdiyim başqa bir iş var idi. Hərbçi ailələri olduqları üçün qayda-qanunları da dəqiq idi. Gecikmək, artıq hərəkət etmək, nəyisə bəhanə gətirmək kimi “güzəşt”lərimiz olmazdı. Yerinə yetirmədiyimiz tapşırıq, oxumadığımız dərs yox idi.

Ona etiraz etmirdilər...

- Ədəbiyyat müəllimimiz vardı, Lida Fyodorovna. Həyat yoldaşı yüksək rütbəli hərbçi idi. Onun ədəbiyyat dərsləri nağıl olurdu, nağıl. Lidya müəllimin keçdiyi dərs qədər aydın, səviyyəli və obrazlı ikinci dərsə və müəllimə hələ də rast gəlməmişəm. Qadın əfsanə müəllim idi. Bir pis vərdişi vardı. Ağır həyat keçmişdi müharibə dövründə. Siqaret çəkirdi. Hər dərsin sonu pəncərənin qarşısına keçib siqaretini çəkirdi sakitcə. Adam o qədər gözəl mütəxəssis idi ki, kimsə demirdi sənin bu pis vərdişini mənim uşağım niyə görməlidir?!..

Əvəzsiz bioloq...

- Nina Seyfullayevna var idi. Biologiya müəllimimiz. Xüsusi istedadı və müəllimlik həvəsi ilə yadımdadır həmişə. O da tədris elədiyi fənnin peşəkarı idi. Sinifdə ən son uşaq dərsi tamamilə anlayana qədər həmin paraqrafdan əl çəkmirdi. Mən sahib olduğum keyfiyyətlərin hər birini onlardan mənimsəmişəm. Sonra müəllimlik və direktorluq fəaliyyətim zamanı çox əlimdən tutdu bu təcrübələr.

Odessanı bəyənmədik...

- Orta məktəbi bitirdim. Ali təhsil almaq istəyirdim təbii ki. Ailəmin, valideynlərimin razılığı ilə haradasa 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində iki rəfiqəmlə bərabər Odessaya getdim. Atam ziyalı adam idi. Bizi təhsil qərarlarımız və istəklərimizdə özünə tabe etməyi sevmirdi. Müstəqil qərar verə bilirdik özümüzə aid məsələlərdə. Araşdırdıq ki, rayondakı böyük zavodlardan birində peşəkar mühəndislərə ehtiyac var. Odessaya ona görə gedirdik ki, orada Texniki Universitetə sənəd verək. Qəbul olunduq, amma gördüm alınmır. Yəni oranın insanları, dünyagörüşü, həyat tərzləri bizimkindən çox fərqli idi. Bu qədər fərq məni qane eləmədi. Üç rəfiqədən biri qaldı, ikimiz döndük. Həmin ili nə işlədim, nə də oxumaq üçün harasa müraciət etdim.

Müslüm Murtuzayevin kargüzarı...

- Bir gün “raykom”a çağırdılar. Katibimiz o zamanlar da, elə indi də adı çəkiləndə hamının tanıdığı biri idi - Müslüm Murtuzayev. Dedilər ki, katibin müşavirələrdə çıxış mətnləri hazırlanır. Onu birinci şəxsin ozü və yazan adamdan başqa kimsə görməməlidir. Sən bu çıxışları makinada çap edəcəksən. Bir makinaya, bir özümə baxdım. Dedim alınmaz. Birincisi, rus məktəbini bitirmişəm, azərbaycanca yaxşı yaza bilmirəm. İkincisi, makinada, ümumiyyətlə, işləməmişəm. Bunu öyrənmək çox zaman alar və sizi yubadaram. Gəldim evə. Sonra katib özü çağırtdırdı təkrar. Məndən nəsə soruşmadan otağımı göstərdilər, görəcəyim işi başa saldılar təkrar. İsrarla dedilər ki, oturub öyrənməlisən. Başqa yolum qalmadı. Makinada Azərbaycan dilində çap etməyi katibin çıxışlarını yaza-yaza öyrəndim.

Pioner dəstə rəhbəri

- Kargüzar kimi xeyli işlədim. Artıq kollektivə, digər yerli təşkilatlardan olan işçilərə də isinişmişdim. Bir gün rayon partiya komitəsindəki bir neçə yaşıdım olan qız dedi Bakıya gedirik. Soruşdum hara gedirsiniz? Dedilər ali məktəblərin qiyabi şöbələrinə qəbul imtahanları başlayıb, imtahan verəcəyik. Oxumağa həvəsli idim. Getmək istəyirdim. Düşündüm hara verim sənədlərimi? Dedim universitetin mexanika-riyaziyyat fakültəsinə verəcəyəm. Qəbul olundum, amma qiyabi oxumaq üçün staj lazım idi. Mənimsə pedaqoji stajım yox idi. Dedim yəqin oxumaq alın yazımda yoxdur. İşimə davam elədim. Bakıya qəbula getməyə icazəmi katib özü vermişdi. Bir gün soruşdu ki, bəs sən niyə qəbul olmadın? Dedim olmuşam, sadəcə, pedaqoji stajım yoxdur deyə gedə bilmirəm. Heç nə demədi. Üzümə baxdı, nəsə fikirləşdi və getdi. Sonra müavini məni otağına çağırdı və bildirdi ki, özümün təhsil aldığım rayon orta məktəbinə pioner baş dəstə rəhbəri təyin ediblər məni. Yəni məktəb olduğu üçün bu, artıq pedaqoji iş və staj hesab olunurdu. Beləcə, ilk pedaqoji fəaliyyətə başladım.

Saçı ətəyindən uzun qız...

- Artıq Sumqayıtda yaşayırdım. Aldığım ali təhsillə müəllim kimi də fəaliyyət göstərə bilərdim. O zamanki Maarif Şöbəsinə müraciət etdim. Məni eyni vaxtda iki yerə göndərdilər. 17 nömrəli məktəbə və şəhər internat məktəbinə. O vaxt bizim internat məktəbinə təkcə Azərbaycandan yox, ümumiyyətlə, başqa respublikalardan da gəlirdilər. Məsələn, Dağıstandan uşaqlar gəlirdi. İnternatda dərs dediyim şagirdlərlə aramda iki-üç yaş fərqi var idi. Ailəmizdə deyirdilər ki, sən bu internat məsələsindən imtina elə. Çünki həm ağır işdir, həm də alınmaya bilər. Xeyli çətin tərbiyə olunan uşaq vardı. Yəni onlardan çox vaxt hamı hər şey gözləyirdi. Mənim üçün yaşıdım olan o uşaqlar həyatın zərbəsinə düşən adamlar idilər. Yəni onların yaşantıları və əziyyətlərinə baxanda dözmək çətin olurdu. Adamın ruhu ağlayır. Bəzən dözə bilmirdim, oturub ağlayırdım. Bir qızımız var idi. O mənzərə hələ də gözümün önündən getmir. Ayağına corab geyməzdi. Deyirdi mən geyinə bilmirəm, həmişə belə gəzmişəm, vərdişdir. Corab geyinəndə sıxılıram. Əli-ayağı soyuqdan göyərirdi, amma geyinmirdi. Ona ilk corabı mən aldım, normal geyimi də. Yavaş-yavaş geyinməyə alışdı. Başqa bir uşağın da dünyanın ən ləziz yeməyini bişirib qarşısına qoyurdun, deyirdi o zəhərlidir, yemirəm. Pendir və quru çörəkdən başqa heç nə yemirdi. Onun yanında yoldaşları yemək yeyəndə mənə ağır gəlirdi. Sonradan öyrəndim ki, bu qız ağlı kəsəndən ailəsinin menyusunda başqa yemək olmayıb. Yadımdadır, mən ona normal yeməyi ağlaya-ağlaya yedirtdim ilk dəfə. Sonra baxırdın ki, mütləq ya çantasında, ya çarpayısında pendir-çörəyi gizlin saxlayır. Bu, əməlli psixoloji qüsur idi. Qızcığaz o qədər aclıq və ehtiyac görmüşdü, elə bilirdi pendir-çörəyi böyründə olmasa, mütləq acından öləcək. Danışanda asan, yaşayanda ağır epizoddur.

Bir şey də deyim. Bəzən adamın xarici görkəminə baxıb deyirlər, sən bacarmazsan. Yadıma gəlir, internata gedəndə ilk görüşdüyüm adam direktor olmuşdu, Mikayıl müəllim. Əynimdə dizdən olan ətək vardı. Saçlarımsa ətəyimdən uzun idi. Özüm də balacaboy, arıq qız. Direktor dedi bala, sən çox balacasan, bura internatdır, bəlkə gedəsən, işləyə bilməyəcəksən?!.. Bu söz diqqətimi oranın kollektivinə yönəltdi. Hamısı yaşlı və fiziki cəhətdən məndən dəfələrlə böyük. Elə bil hamısına meydan oxuyurmuş kimi oldum, dedim qalacam və işləyəcəm. Böyük, nüfuzlu kollektivlərdə işləmişdim ağlım kəsəndən. Özümə güvənirdim. Bilirdim, onda da, elə indi də mənim ünsiyyət qura bilməyəcəyim adam yoxdur. Sonra oradan ayrılanda direktor özü dedi ki, bala, yaxşı nümunə idin.

Onlara həssas olun...

- Müəllim kimi işləyə-işləyə ailə həyatı qurmuşdum. Məktəbdə yox, internatda gördüklərimdən sonra evdə uzun müddət özümə gələ bilmirdim. Həyat yoldaşım dedi ki, Bəsirə, artıq belə olmaz, internatdan ayrıl. Bu qədər streslə çox davam eləmək olmaz. Düzdür, ailəmin istəyi ilə rəsmi olaraq internatdan ayrıldım, amma əlaqələrim qalırdı. Gücüm çatanı həmişə o uşaqlara etməyə çalışırdım.

Kimsəsiz, ehtiyacı olan adamlara cəmiyyət olaraq üstdən aşağı baxmağın tərəfində deyiləm. İnsanların yaşantılarına diqqət etmək lazımdır. Bəlkə yox, 100 faiz əminəm ki, onların yaşadıqları şeylərin mənəvi, psixoloji zərbələrinin bircə dəqiqəsinə davam gətirə bilmərik. Onlar davam gətirib, gəlib bu xüsusi məktəblərə qədər çıxıblarsa, deməli, hələ xilas ola, bizlərdən birinə çevrilə bilərlər. O üzdən mütləq əl tutmalıyıq. Vətəndaş, insan, pedaqoq olaraq mənəvi borcumuzdur bu. O cür uşaqlardan üz çevirmək onları potensial cinayətkar edər və bundan ölkə, cəmiyyət olaraq biz əziyyət çəkərik.

Qapılar, pəncərələr, şüşələr, güllər qırılmadı...

- İnternatdan ayrıldım. Amma on yeddi saylı məktəbdə pedaqoji fəaliyyətimi davam etdirdim. Sonra məni dörd saylı məktəbə direktor müavini təyin etdilər. Orada pedaqoji fəaliyyətimə davam etdim. Bir müddətdən sonra mən 13 nömrəli məktəbə direktor getdim. Artıq 1983-cü il idi. Getdiyim məktəbdə kimsəni tanımırdım, direktor müavini xaric. Qısa müddət onunla çalışmışdım. Ağır məktəb idi, o vaxt “Zavaqzalnı” deyilən yerdə yerləşirdi. Təsəvvür edin, ən müxtəlif bölgələrdən olan adamların yaşadığı 11 yataqxanadan uşaqlar gəlirdi ora. Məktəbi elə günə qoyurdular, gəl görəsən. Qapılar, pəncərələr sınıq. Düzünə qalsa, çox tərəddüddə idim. Niyə gəldim deyib qınayırdım özümü bəzən. Amma geri çəkilmək də istəmirdim. Çünki etimad göstəriləndə onu doğrultmaqdan başqa yol olmur. Əgər geri çəkilirsənsə, bu, mütləq mütəxəssis nufuzuna xələl gətirir. Bir ondan razı idim ki, məktəbin çox savadlı müəllim heyəti vardı. Elə onlardan başladım. Yəni dərs demələri üçün daha yaxşı şərait yaratmaqdan. O məktəblilər və valideynlərlə dil tapana qədər uzun, çətin bir prosesdən keçdik. Alındı. Daha qapılar, pəncərələr, şüşələr, güllər qırılmadı. Bizim bir uğurumuz da o oldu ki, birdən-birə 12 sinif açdıq. Çoxlu sayda medalçı şagirdlərimiz oldu. Onların hər biri bu gün ölkə, cəmiyyət üçün faydalı işlərlə məşğul olan kadrlardır.

Valideynlərə ciddi təpki göstərilsin...

- İndi valideynlərin çoxu uşaqları istixanada yetişən meyvə kimi bəsləyir. Soyuğa olmaz, istiyə olmaz, onu yemə, bir işə əl vurma, nəsə almağa getmə, lövhə belə silmə. Belə olmaz. Sabah uşaq nəinki bu elementar işləri görə bilməyəcək, həyat onu çətinə, bərkə-boşa salanda heç bir situasiyadan özü çıxa bilməyəcək. Bu da onda insan olaraq natamamlıq yaradacaq. Faktiki olaraq valideynin günahı üzündən gələcəkdə natamamlıq kompleksi yaşayacaq xeyli sayda uşaq yetişir. Təhlükəli tendensiyadır, həm də mənəvi məsələdir. Düşünürəm ki, məktəblər bu məsələni gündəmə gətirib, həyəcan təbili çalmalıdır. Valideynlərə ciddi təpki göstərməlidirlər. Qoy anlasınlar ki, uşaqlara münasibətdə bu qədər ifrata varılmasın. Uşaq əməyə alışıq olmalıdır.

Özümlə konfliktim olmadı heç zaman...

- Bəzən susmağa, bəzən göz yummağa məcbur qalırsan. Hərdən elə də olur ki, ədalətin pozulduğu bir mənzərəyə müdaxilə etməyə qorxursan. Çünki nəticədə sənə də zərbə dəyə bilər. Tanrıya ona görə minnətdaram ki, mənə qəribə bir iradə və qəlb verib. Lazım gələndə imtina da, etiraz da edə bilmişəm. Əlimi vicdanıma qoyub əminliklə, qürurla söyləyirəm, çalışdığım müddətdə kimsəyə qarşı məndən asılı olduğu qədər vicdansızlıq etmədim və ya edilməsinə yol vermədim. Yəni demək istəyirəm ki, bunu istəməyəndə etməmək olur. Edənlərin mütləq nəsə başqa məqsədləri var. Bir də özləri ilə konfliktləri olan adamlardır hamısı. Mənim heç zaman özüm və başqaları ilə konfliktim olmadı. Harada mənlə konfliktə girmək istədilərsə, qalxdım və getdim. Şəxsiyyətim hər şeydən önəmlidir.

Beş nazirlə işlədim...

- Beş nazirlə işlədim. Kamran Rəhimov, Lidiya Rəsulova, Firudin Cəlilov, Misir Mərdanov, Mikayıl Cabbarov. Bu şəxslərin hərəsinin adı Azərbaycan təhsilində bir yeniliklə yadda qalıb. Mənə heç biri ilə işləmək çətin olmadı. Hər biri hörmətimi saxladı, işimə qiymət verdi. Baxın, Lidiya Rəsulova sürətlə liseylərin açılması yeniliyinə start verən adam oldu. Firudin Cəlilovun dövründə test imtahanlarına və latın qrafikasına keçildi. Misir Mərdanov kurikulum sistemini gətirdi. Mikayıl Cabbarovla isə təhsil strategiyası dəyişir. Çox ağrılı və ağır prosesdir. Cavan və müasir düşüncəli adamlarla bir komanda qurub. Ümid edirəm ki, bütün əngəlləri aşa biləcək.

Heç nə ummadım...

- İnanın, işlərim o qədər çox olurdu ki, səhhətimdə problem yaranana qədər bilmədim yaşlanmışam və zaman keçib. Peşəmi hədsiz, ifadə edə bilməyəcəyim qədər sevən adamam. İndi kimsə pedaqoji fəaliyyətində səhvə yol verəndə, ya da bu haqda ədalətsiz nəyəsə rast gələndə az qalıram üsyan edim. Çünki bu peşəni ləkələmək, ona xələl gətirmək olmaz. Sonra kimsənin qarşısında mənəvi haqqın olmur. Həmişə bircə bundan qorxmuşam - mənəvi haqqımı itirməkdən. Çox sevinirəm, itirməmişəm. Peşəm mənə adımı qazandırıb. İşlədiyim adamlar məni həm də ona görə dəyərləndirib ki, təmənnam olmayıb. Bu gün kimsə deyə bilməz ki, onu şəxsi problemlərimlə narahat etmişəm. Çox rahat və xoşbəxtəm. Ailəcə hər şeyi öz gücümüzə etmişik. Bir də dövlətimə minnətdaram. Məni görüb dəyərləndirdiyi, Azərbaycan Respublikasının əməkdar müəllimi fəxri adını verdiyi üçün. Bu ad bütün ömrüm boyu fəxarətlə daşıyacağım ən böyük rütbədir...

P.S. Bəzən həyatda elə insanlara rast gəlirsən ki, heç bir səbəb olmasa da, elə onunla üz-üzə gəldiyinə görə sevinirsən. Düşünürsən ki, bu insanla eyni şəhərdə olmasan da, həyatının bir hissəsini onunla eyni zamanda, eyni ölkədə yaşayırsan. Və o sənin özünü olmasa da, yaxın bir rəfiqəni, dostunu, nə zamansa tanıyacağın birini yetişdirən biridir. Sənin dəyər verdiyin adama dərs keçib, həyatı öyrədib. Bəsirə müəllim ilə ünsiyyətdən bu təəssüratla ayrıldım. Bir də onun yaşadığı Sumqayıt şəhərindən dönəndə “gecədir, səndən nigaran qalacağam qızım, evə çatanda xəbər ver” demişdi. Baxmayaraq tək dönmürdüm, baxmayaraq mənə görə o saat adi iş günlərindən birinin sonu idi, müəllim nigaran qalırdı. Şagird səhlənkarlığı elədim, düzü unutdum, zəng vurmadım. Gecə saatlarında gələn zəngdə “salamatlıqdırmı, rahat çatdınmı?” sorğusuna “bəli, müəllim” cavabını verəndə, həm də dərs aldım, həyat dərsi: Kimsəni özünə görə nigaran qoymağa haqqın yoxdur!..
Nə qədər borcumuz var belə müəllimlərə, bilmirəm. Çünki hər dəfə yoxdur, bitdi, itib deyəndə bizə daha bir dərs keçib, varlıqlarını əməllicə isbatlayırlar...

yuxarı ⤴