1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Sumqayıt Dövlət Universitetində respublika elmi konfransı
29.10.2016/№42

 

 


Təhsil Nazirliyi və Sumqayıt Dövlət Universitetinin birgə təşkilatçılığı ilə oktyabrın 27-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş “Müəllim-tələbə münasibətləri: pedaqoji və psixoloji aspektlər” mövzusunda respublika elmi konfransı keçirildi.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Elxan Hüseynov bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə çoxsaylı uğurlara imza atılır. Dövlətimiz sürətlə inkişaf edir, müasirləşir. İstər iqtisadi, istərsə də elm, təhsil sahəsindəki inkişaf ölkəmizin nüfuzunu artırır. Bu gün respublikamızın təhsil sistemində aparılan məzmun və keyfiyyət dəyişiklikləri, təhsilin bütün pillələrində baş verən yeniləşmələr ali təhsilin də təkmilləşdirilməsini bir zərurət kimi qarşıya qoyur. Rektor diqqətə çatdırdı ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilverənlərlə təhsilalanlar arasında pedaqoji münasibətlərin gələcək vətəndaşın, şəxsiyyətin formalaşmasında mühüm amil olduğu bir müddəa kimi irəli sürülmüşdür. Mövzunun aktuallığı nəzərə alınaraq belə bir mövzuda konfrans keçirmək məqsədəuyğun hesab edilmişdir.
Rektor onu da qeyd etdi ki, pedaqoji işin səmərəliliyi müəllim-tələbə münasibətlərinin demokratik və humanist prinsiplər üzərində qurulmasından daha çox asılıdır. Təcrübə göstərir ki, demokratik üslubda qurulan müəllim-tələbə münasibətlərinin tərbiyəvi təsiri daha güclü olur.
Rektor konfransın yüksək səviyyədə təşkilinə görə Təhsil Nazirliyinə universitetin kollektivi adından minnətdarlığını bildirdi və konfransın gedişinə uğurlar arzuladı.
Konfransda Qafqaz Universitetinin professoru, pedaqogika üzrə elmlər doktoru, əməkdar müəllim Əjdər Ağayev “Müəllim-tələbə münasibətləri: yeni yanaşmalar”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ümumi psixologiya kafedrasının müdiri, psixologiya üzrə elmlər doktoru, professor Ramiz Əliyev “Qloballaşma şəraitində müəllim-tələbə münasibətləri və onların psixoloji xüsusiyyətləri”, Sumqayıt Dövlət Universitetinin pedaqogika və psixologiya kafedrasının müdiri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Tariyel Məmmədov “Klassik Azərbaycan mütəfəkkirlərinin yaradıcılığında müəllim-tələbə münasibətləri” mövzularında məruzə etdilər.
Konfrans işini bölmələr üzrə davam etdirdi.
Qeyd edək ki, konfransa 20-dək ali təhsil müəssisəsindən 185 tezis təqdim olunmuşdur. Toplu şəklində dərc olunmuş konfrans materialları tədbir iştirakçılarına paylanıldı.

Mətbuat xidməti

yuxarı ⤴