1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 26.05.2017

// 26.05.2017

// 26.05.2017


 

 
Yüksək bal toplamağımın açarı riyaziyyat fənni olub
29.10.2016/№42

 

 


Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Orxan Zülfüqarov ilə söhbət

Orxan Zülfüqarov 1999-cu ildə Gədəbəy rayonunun Çalburun kəndində anadan olub. Şəmkir rayonu Çinarlı kənd 2 nömrəli tam orta məktəbini bitirib. Oxuduğu illər ərzində bir neçə fənn olimpiadasında iştirak edib. Gəncədə zona üzrə keçirilən fizika fənn olimpiadasının qalibi olub. Ali məktəblərə qəbul imtahanında 700 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olunub.

- Neçənci sinifdən qəbul imtahanlarına hazırlaşmağa başlamışdın?
- Tam səmimi deyirəm ki, 4-cü sinifdən. Mən aşağı siniflərdən dərslərimi əla oxumuşam. Buna görə də yuxarı siniflərdə çətinliyim olmayıb. Elm sadədən mürəkkəbə doğru irəliləyir. Hər sinifdə tədris olunan fənləri mənimsəyən şagird yuxarı siniflərdə heç bir çətinliklərlə üzləşmir. Mən belə şagird olmuşam.
Yüksək bal toplamağımın açarı riyaziyyat fənni olub. Riyaziyyat fənnini yaxşı bilən şagird başqa fənlərdən əziyyət çəkmir. Soruşun niyə? Çünki riyaziyyat hər şeydən öncə yaddaşı möhkəmləndirir.
- Dərslərinə günün hansı vaxtı hazırlaşırdın?
- Səhərlər hazırlaşırdım, testləri axşamlar həll edirdim. Boş vaxtlarımda isə təmiz havada gəzirdim. İnternet və sosial şəbəkələrdən uzaq idim. Çünki onlardan istifadə edəndə günün çoxu hədərə gedir.
- İmtahana hazırlaşarkən əlavə vəsaitdən istifadə etməyə ehtiyac olurmu? Yoxsa dərsliklər kifayət edir?
- Biliyimi zənginləşdirmək üçün əlavə dərsliklərdən istifadə etmişəm. Tibb elminə aid çoxlu ədəbiyyatlar oxumuşam. Onlar bu peşəni mənə bir daha sevdirib.
- 700 bal toplamaq üçün sadəcə yaxşı hazırlaşmaq bəs edir, yoxsa prinsipiallıq da vacibdir?
- Atam riyaziyyat müəllimidir. Bir valideyn kimi deyirdi ki, sən birincilərdən olmalısan, 700 balı toplamağa qadirsən. Çünki bayaq dediyim kimi, kiçik yaşlarımdan yaxşı oxumuşam. Özümdən 3, 4 sinif yuxarı siniflərin proqramını mənimsəmişdim. IX sinifdə oxuyanda artıq XI sinfin proqramını tam mənimsəmişdim. Atam məni hazırlaşdırmaq üçün üç saat vaxt ayırırdı. Onun saat yarımını riyaziyyat fənninə, digər saat yarımını isə o biri fənlərə sərf edirdim. Şifahi sual-cavab da edirdik ki, öyrəndiklərim hafizəmdə möhkəmlənsin. Prinsipiallığa gəlincə isə tam səmimi deyim ki, prinsipiallıq olmasa, ümumiyyətlə, heç bir məqsədə nail olmaq olmaz.
- Qardaş və bacılarına da dərslərini hazırlamaqda kömək edirdinmi?
- Əlbəttə, edirdim. Biz bir-birimizə mane olmadan dərslərimizi bir yerdə hazırlayırdıq.
- Məktəbinizdə səndən başqa yüksək bal toplayan olubmu?
- Xeyr.
- Sınaq imtahanlarında yüksək bal toplaya bilirdinmi?
- IX, X siniflərdən sınaqlarda iştirak edərək yüksək nəticələr göstərirdim.
Tələbə adını qazanmaq çətin deyil, ancaq maksimum nəticəni göstərmək üçün bütün potensialını gərək ortaya qoyasan. Diqqətli və son dərəcə səbirli olmalısan ki, biliyini test tapşırıqlarına tətbiq edə biləsən. Bir sözlə, öz üzərində səylə çalışmalısan.
- Səncə həkim necə olmalıdır?
- Həkim hərtərəfli biliyə, sadə, alicənab, xeyirxah və işgüzar xarakterə malik bir insan olmalıdır. Hər xəstə ilə davranmaq qaydalarına yiyələnməlidir.
- Gələcəyin abituriyentlərinə nə tövsiyə edərdin?
- Savadlarını, biliklərini artırsınlar, yaxşı hazırlaşmağı orta məktəbin son illərinə saxlamasınlar. Son bir ildə isə daha çox əziyyət çəkib 11 il ərzində öyrəndiklərini təkmilləşdirsinlər. Bu illər ərzində onlara çətin olan mövzulara daha çox yer ayırsınlar. Bunlara əməl etsələr, ən yüksək nəticə göstərə bilərlər.
- İlk dərs günü yaddaşında necə qaldı?
- Universitetin professor-müəllim heyəti tələbələr və valideynlərin iştirak etdiyi Bilik günündə bu il ali təhsil ocağına qəbul olunan və qəbul imtahanlarında 700 bal toplayan tələbələrə universitetin rektoru Gəray Gəraybəyli tərəfindən tələbə biletləri təqdim olundu. Mən də çıxış edərək müəllimlərimin etimadını doğruldacağıma söz verdim. Həmin gün yaddaşımdan heç vaxt silinməyəcək. Ən böyük arzum da seçəcəyim ixtisas üzrə gələcəkdə xaricdə təhsil almaqdır.

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”

yuxarı ⤴