1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Urbana-Şampeyn İllinoys Universiteti
29.10.2016/№42

 
 

 

 


Yerləşir: ABŞ, İllinoys ştatı, Urbana və Şampeyn şəhərləri
Yaranma tarixi: 1867-ci il
Tipi: Dövlət
Akademik heyəti: 2548 nəfər
Tələbələrin ümumi sayı: 44087 nəfər
Rəsmi saytı: www.illinois.edu

Urbana-Şampeyn İllinoys Universiteti (University of Illinois at Urbana-Champaign (UIUC)) ABŞ-ın İllinoys ştatının iki qardaşlaşmış şəhərində - Urbana və Şampeyndə yerləşir. Bu təhsil müəssisəsi İllinoys Ştatı Universitetindən sonra ştatın ikinci ən böyük dövlət ali məktəbidir. Amerika Universitetləri Assosiasiyasının üzvü olan universitet Böyük Britaniyanın “The Times Higher Education World University Rankings” jurnalının 2015-2016-cı dərs ili üçün reytinq sıralamasında 100 ən yaxşı ali məktəb arasında 30-cu, 2016-2017 -cı tədris ili üçün reytinq cədvəlində 37-ci, “QS World University Rankings”in 2015-2016-cı dərs ilində apardığı reytinq qiymətləndirməsində 59-cu, builki reytinq sıralamasında isə 66-cı yerdə qərarlaşıb. Amerikanın milli universitetləri reytinqində 44-cü yerdədir.

Tarixi

ABŞ prezidenti Avraam Linkoln 1862-ci ildə Morill Qanununu imzalayır. Qəbul edilmiş Morill Qanununa əsasən ABŞ-ın hər bir ştatında kənd təsərrüfatı, mexanika və hərbi hazırlıq ixtisasları verən dövlət universitetləri yaradılması üçün torpaq sahələri ayrılır. 1867-ci ildə yeni yaradılacaq ali məktəbin ərazisi kimi Urbana şəhəri seçilir. Ali təhsil müəssisəsi İllinoys Sənaye Universiteti adlandırılır və ilk prezidenti Con Milton Qreqori təyin edilir. C.M.Qreqori humanitar ənənələrə söykənən universitet yaratmaq niyyətində idi, İllinoys Sənaye Liqası, ştat sakinləri və Morill Qanununu qəbul edən şəxslər isə ali məktəbin yalnız “sənaye yönümlü” olmasını istəyirdilər. Bu məsələ ilə bağlı C.M.Qreqori və həmin şəxslər arasında mübahisələr yaranır. Nəhayət,1868-ci il martın 2-də iki müəllim və kiçik tələbə qrupu ilə universitetdə dərslər başlanır. Universitet fəaliyyətə başladıqdan sonra da Qreqori və ştat rəhbərliyi arasında debatlar davam edir. Nəticədə 1880-ci ildə Qreqori istefaya getmək məcburiyyətində qalır. Hazırda Urbana-Şampeyn İllinoys Universitetinin yaranmasını və əsas fənlərarası ali məktəb kimi formalaşmasını C.M.Qreqorinin adı ilə əlaqələndirirlər. Bu gün də onun məzarı universitetin kampusunda Altgeld Holl və Henri inzibati binasının arasında yerləşir. C.M.Qreqorinin məzarı üzərindəki lövhədə “Əgər siz onun abidəsini axtarırsınızsa, ətrafınıza baxın” sözləri qeyd olunub.1885-ci ildə universitetin adı dəyişdirilərək İllinoys Ştatı Universiteti olur və bu hal 100 il davam edir. 1882-ci ildən ali məktəb Urbana-Şampeyn İllinoys Universiteti adlandırılır.

Universitet bu gün

Urbana-Şampeyn İllinoys Universiteti Mərkəzi-Şərqi İllinoysda Urbana və Şampeyn şəhərlərində yerləşir. Universitetin kampusu ümumilikdə 1500 akr ərazini əhatə edir və landşaftı, memarlıq abidələri ilə diqqəti cəlb edir. T.A.Geynsin “Kampus incəsənət əsəri kimi” kitabında Urbana-Şampeyn İllinoys Universitetinin tələbə şəhərciyi 50 kollec və universitet kampusları arasında “incəsənət əsəri” kimi təqdim olunub. Universitetin kampusunun dizaynı bir çox ali məktəblərdə olduğu kimi dördbucaqlıdır. Mühəndislik kampusunun mərkəzi Bekman və Con Bardin dördbucaqlarından ibarətdir. Con Bardin dördbucağının arasından Bonyard Krik su kanalı keçir. Bekman dördbucağında, əsasən, laboratoriya və elmi-tədqiqat müəssisələri mövcuddur. Con Bardin dördbucağının yaxınlığında Əsas və Cənub dördbucaqları yerləşir. Universitetin ən görkəmli yerlərindən Alma-Mater abidəsini, Hellene qapılarını, roman memarlıq üslubunun ən yaxşı nümunələrindən olan Altgeld Holl, İntibah üslubuna aid Mühəndislik binasını, İllini Təşkilatı binasını, Linkoln Holl, Harker Holl, Viktorian-qotik üslubda inşa olunmuş Təbiət tarixi binasını, Universitet kitabxanasını, Uillard aeroportunu və s. qeyd etmək olar.
Urbana-Şampeyn İllinoys Universiteti şəxsi aeroportu olan az sayda universitetlərdən biridir. Universitetin sabiq prezidenti Artur Kats Uillardın şərəfinə adlandırılmış Uillard aeroportu Savoy kəndində yerləşir və 1954-cü ildən fəaliyyət göstərir. Aeroport Amerika hava yollarından uçuşlar həyata keçirməklə yanaşı, universitetin Aviasiya İnstitutunun elmi-tədqiqat layihələri apardığı mərkəzdir.
Urbana-Şampeyn İllinoys Universiteti 150-dən çox proqram təklif edən 17 kollec, məktəb və institutdan ibarətdir. Kənd Təsərrüfatı, İstehlakçı və Ekologiya Elmləri Kolleci 1867-ci ildən fəaliyyət göstərir. Kollec Kənd təsərrüfatı və bioloji mühəndislik, Kənd təsərrüfatı və istehlak iqtisadiyyatı, Heyvandarlıq elmləri, Qida elmi və insan qidalanması, Bitkiçilik elmləri, İnsan və ictimai inkişaf, Təbii resurslar və ətraf mühitin mühafizəsi fakültələrindən, Qida elmləri bölməsindən ibarətdir. Tətbiqi Sağlamlıq Elmləri Kollecinin yaranması universitetdə 1895-ci ildə Fiziki hazırlıq departamentinin açılmasına təsadüf edir. Kollecə Kineziologiya və cəmiyyətin sağlamlığı, İstirahət, idman və turizm, Nitq və dinləmə elmləri, Sağlamlıq fakültələri, Sağlamlıq, Əlillik resursları və pedaqoji xidmətlər bölmələri, Qocalıq və Əlillik Məsələləri Mərkəzi aiddir. Biznes Kolleci 1915-ci ildə yaradılıb və Mühasibatlıq, Biznesin idarəolunması, Maliyyə departamentlərindən, eləcə də Biznes və İctimai Siyasət, İnformasiya Texnologiyaları və Biznes İdarəolunması, Beynəlxalq Təhsil və Tədqiqatlar, Professional Məsuliyyət, Qolder Şəxsi Kapital Tədqiqatları, Beynəlxalq Ticarət, İqtisadi və Biznes Tədqiqatları, Bank Tədqiqatları mərkəzlərindən ibarətdir. Pedaqogika Kollecinə Tədris planı və təlimat, Təhsil siyasəti, təşkilatçılıq və siyasət, Təhsilin psixologiyası, Xüsusi təhsil fakültələri, Kiçik Şəhər Cəmiyyəti Təhsili, İctimai Təhsilin Gələcəyi mərkəzləri, Təhsil İnstitutu daxildir. Mühəndislik Kolleci 1868-ci ildən fəaliyyət göstərir. Kollecdə Aerokosmik sənaye, Kənd təsərrüfatı və biologiya mühəndisliyi, Biomühəndislik, Kimya texnologiyası və biomolekulyar mühəndislik, Vətəndaş və ekologiya mühəndisliyi, Kompüter elmləri, Elektronika və hesablama texnikası, Sənaye və müəssisə sistemləri mühəndisliyi, Materiallar elmləri və texnika, Nüvə, plazma və radioloji mühəndislik, Fizika departamentləri mövcuddur. Təsviri və Tətbiqi İncəsənət Kolleci 1931-ci ildə yaradılıb. Kollec İncəsənət və Dizayn, Memarlıq, Musiqi məktəblərindən, Rəqs, Landşaft arxitekturası, Teatr, Şəhər və regional planlaşdırma departamentlərindən, Şərqi Sent-Lüis Tədqiqat Layihəsi, Krannert Tətbiqi İncəsənət mərkəzlərindən, Krannert Bədii Muzeyindən, Yapon Evindən ibarətdir.
Hüquq Kolleci 1897-ci ildə açılıb. Burada konstitusiya hüququ, vergi, müflislik, beynəlxalq hüquq, kommersiya, ailə, əmək, mülkiyyət hüququ və s. üzrə novator tədqiqatlar həyata keçirilir.
Humanitar və Dəqiq Elmlər Kolleci 1913-cü ildə Ədəbiyyat və İncəsənət, Dəqiq Elmlər kolleclərinin birləşdirilməsi nəticəsində yaradılıb. İnstitutda humanitar və incəsənət elmləri, sosial elmlər və davranış elmləri, dəqiq və kəmiyyət elmləri, fənlərarası proqramlar çərçivəsində onlarca departamentlər fəaliyyət göstərir. Media Kollecinin yaranma tarixi 1902-ci ildə universitetdə jurnalistika fakültəsinin açılmasına təsadüf edir. 1927-ci ildə fakültə Jurnalistika Məktəbinə çevrilir, 1948-ci ildən Jurnalistika və Kommunikasiya Kolleci, 2008-ci ildən isə Media Kolleci adlandırılır. Kollec Reklam, Kənd təsərrüfatı əlaqələri, Kommunikasiya və media, Jurnalistika, Media və kino tədqiqatları departamentlərindən, Kommunikasiya Tədqiqatları İnstitutundan ibarətdir. Urbana-Şampeyn Tibb Kolleci 1971-ci ildə yaradılıb. Kollecdə Tibbi elmlər, Fundamental və kliniki elmlər, Kliniki işlər, Fasiləsiz tibbi təhsil, Ali tibbi təhsil, Şəhər səhiyyəsi bölmələri üzrə Biokimya, Hüceyrə və inkişaf biologiyası, Tibbi informatika, Mikrobiologiya, Molekulyar və inteqral fiziologiya, Patologiya, Əczaçılıq, Ailə tibbi, Daxili təbabət, Mamalıq və ginekologiya, Pediatriya, Psixiatriya, Cərrahiyyə, Tibbi humanitar və dəqiq elmlər proqramı və s. departamentlər mövcuddur. Baytarlıq Kolleci 1945-ci ildə yaradılıb (həmin vaxta qədər universitetdə Heyvandarlıq departamenti fəaliyyət göstərib). Kollecdə Patobiologiya, Müqayisəli bioelmlər, Baytarlıq kliniki tibb, Diaqnostik laboratoriya və s. departamentlər, Mikroskopik Təsvirlər, Zoonozların Tədqiqatı, Çikaqo mərkəzləri, heyvanlar üçün xəstəxana vardır. Burada infeksion xəstəliklər, ekosistem sağlamlığı, ortopedik, reproduksiya biologiyası, ətraf mühit toksikologiyası, tibbi zoologiya, gövdə hüceyrələri, endokrinologiya üzrə tədqiqatlar aparılır. Eyni zamanda bu kollecdə heyvanların və onların sahiblərinin, ümumiyyətlə bütün canlı aləmin sağlamlığının qorunması üzrə yeni proqramlar həyata keçirilir. Ali Kollec təhsilin davam etdirilməsi üçün tələbələrə yüzlərlə proqramlar (140 magistr, 97 doktorluq) təklif edir. Əmək və İş Əlaqələri Məktəbi 1946-cı ildən fəaliyyət göstərir. Məktəbdə İnsan resurslarının idarəolunması və təşkilati davranış, İş əlaqələri və əmək tədqiqatları, Əmək iqtisadiyyatı, Əmək hüququ, ictimai siyasət və etika, Beynəlxalq, müqayisəli və kəsişən mədəniyyətlər tədqiqatları, İctimai-texniki sistemlər departamentləri mövcuddur.
İctimai Fəaliyyət Məktəbi ictimai siyasət və fəaliyyət, cəmiyyətdə fəal iştirak, sosial təminat, ədalət və s. məsələlər üzrə tədqiqatlar aparır, insanlar, insan və ekologiya arasında münasibətləri araşdırır, eləcə də dövlət qulluğu, qəyyumluq, xeyriyyə, səhiyyə və digər xidmətlər üçün yüksək səviyyədə ixtisaslaşmış kadrlar hazırlayır. Kitabxana və Məlumat Elmləri Ali Məktəbi 1893-cü ildə yaradılıb və kitabxanaşünaslıq, informasiya elmləri üzrə magistr və doktorantlar, ən müasir texnologiyalara yiyələnmiş yüksək ixtisaslı kitabxanaçılar, arxivçilər, muzey mütəxəssisləri, şəbəkə yaradıcıları, məlumat menecerləri və s. hazırlayır. Məktəbdə İnformasiyanın təşkili və bilik təqdimatı, İnformasiya resurslarından istifadə və istifadəçilər, İnformasiya sistemləri, Tarix, iqtisadiyyat və siyasət, İdarəetmə və qiymətləndirmə, İctimaiyyət, cəmiyyət, təşkilatçılıq və informatika, Gənclik ədəbiyyatı və xidmətlər, eləcə də digər mövzularda proqramlar həyata keçirilir. Aviasiya İnstitutu 1946-cı ildən mövcuddur. Aviasiya İnstitutu aviasiya sahəsi üzrə bakalavr pilləsində mütəxəssislər hazırlayır. İnstitutda aviasiya təhlükəsizliyi, bədbəxt hadisələrin qarşısının alınması, insan psixologiyası faktorlarına xüsusi diqqət yetirilir. Ümumi tədqiqatlar şöbəsində 200-dən çox əsas və 100-dən çox əlavə tədqiqat proqramı mövcuddur. Burada yuxarıda sadalanan kollec və məktəblərin ixtisasları üzrə tədqiqatlar aparılır və bakalavr, magistr, doktorluq proqramları təklif edilir.
Urbana-Şampeyn İllinoys Universitetinin kitabxana sistemi dünyanın ən böyük dövlət akademik kitabxanalarından biridir. Kitab fonduna görə yalnız Harvard Universitetindən geridə qalır. Universitetin əsas və 35-dən çox sahə kitabxanası mövcuddur. Kitabxana sisteminə ümumilikdə 24 milyondan çox material daxildir. Universitetin Mühəndislik Kollecinə məxsus Qreyncer Texniki kitabxanası ölkənin ən böyük kütləvi texniki kitabxanasıdır. Kitabxana sisteminin onlayn kataloqundan gündə 1 milyondan çox insan istifadə edir. Universitetin əsas kitabxanasında 20-yə yaxın fənn yönümlü kitabxanalar mövcuddur. Kənd təsərrüfatı, İstehlakçı və Ekologiya Elmləri Kollecinə İsaak Funk Ailə kitabxanası aiddir və bu sahələrə dair çox zəngin materiallara malikdir. Urbana-Şampeyn İllinoys Universitetinin Yataqxana kitabxanası zənginliyinə və böyüklüyünə görə ABŞ-da üçüncüdür. 1948-ci ildə yaradılmış kitabxanadan təkcə yataqxanalarda yaşayan tələbələr deyil, müəllim və tədqiqatçılar da təhsil, mədəni və digər məlumatlar əldə edə bilərlər.
Bir çox ABŞ universitetlərində olduğu kimi, Urbana-Şampeyn İllinoys Universitetinin birinci kurs tələbələri ali məktəbin istənilən yataqxanasında yerləşə bilərlər. Yuxarı kurs tələbələri qarşısında yataqxanalarla təmin olunmaq üçün bir sıra şərtlər qoyulub. Tələbələr yataqxana ilə təmin olunmaq üçün universitetin Mənzil xidmətinə müraciət etməlidirlər. Yataqxanalarda məskunlaşan tələbələr digər yerlərdə sərbəst qidalana bilərlər, lakin buradan da müəyyən miqdarda qida almaq onların qarşısına qoyulan əsas şərtlərdən biridir. Universitet yataqxanaları Urbana və Şampeyn şəhərlərində yerləşir. Sağlamlıq imkanları məhdud olan tələbələr üçün universitetdə xüsusi yataqxanalar mövcuddur. Universitetdə tələbələrə bir qədər baha qiymətə özəl yataqxanalar da təklif olunur. Dövlət yataqxanalarındakı şəraitlə razılaşmayan tələbələr özəl yataqxanalara keçirilə bilərlər. Universitet bu barədə lisenziyalaşdırılmış özəl yataqxanalarla razılıq əldə edib.Tələbələrin əksəriyyəti birinci və ya ikinci kursdan sonra kirayə mənzillərə və ya özəl yataqxanalara köçməyə üstünlük verir. Universitetin İcarə Təşkilatı mənzil seçimində və icarə müqaviləsinin imzalanmasında tələbələrə yardım edir. Universitetin dünyanın 50-dən artıq ölkəsində tərəfdaşı var. Hər il ali məktəb xarici universitetlərə təhsillərini davam etdirmək üçün 2 min tələbə göndərir.

Büdcəsi və təhsil haqqı

Urbana-Şampeyn İllinoys Universitetinin 2015-2016-cı tədris ilində endaument fondunun həcmi 3.3, büdcəsi 2 milyard ABŞ dolları təşkil edib. Dövlət universiteti olmasına baxmayaraq ali məktəbin büdcəsinin yalnız 12 faizi dövlət vergiödəyicilərindən daxilolmalardan formalaşır. Büdcə balansı 50 faiz təhsil və elmi-tədqiqatlara ayrılan vəsaitlər hesabına təmin olunur. Universitetin kansleri Robert Cons, rektoru Edvard Fezerdir. Ali məktəbin akademik heyəti 2548, inzibati işçiləri 7801 nəfərdir. 2015-2016-cı tədris ilində universitetdə təhsil alan tələbələrin ümumi sayı 44087 nəfərə çatıb. Onlardan 32878 nəfər bakalavr, 11209 nəfər isə magistrantlardır. Tələbələrin 54%-ni oğlan, 46%-ni isə qızlar təşkil edir.
Urbana-Şampeyn İllinoys Universitetində təhsil haqqı, əsasən, tələbənin oxuduğu kollecdən asılıdır. 2016-2017-ci tədris ilində ümumi təhsil haqları universitet kampusunda 15698-20702 ABŞ dolları təşkil edir. Əlavə xərclər ( qidalanma və yataqxana - 11308, kitab və digər tədris vəsaitləri- 1200, digər xərclər 2500 dollar) də nəzərə alımmaqla birillik təhsil haqları 30706-35710 dollarına çatır. Kampusdan kənarda isə birillik təhsil haqları 31320-36324 ABŞ dollar təşkil edir. Əlavə xərclər (qidalanma və yataqxana - 11308, kitab və digər tədris vəsaitləri- 1200, digər xərclər 2840 dollar) də nəzərə alımmaqla birillik təhsil haqları 46668-51672 ABŞ dollarına çatır.
Ötən il universitetdə dünyanın 110 ölkəsindən 10 mindən artıq əcnəbi tələbə təhsil alıb. 2016-2017-ci tədris ilində əcnəbi tələbələr üçün təhsil haqları bakalavriat pilləsində 32164, magistratura pilləsində 41444 ABŞ dolları müəyyən olunub. Tələbələrin qidalanma və ev kirayə haqqı 11308, kitablar və tədris vəsaitləri 1200, digər xərcləri 2840 dollar təşkil edir. Əlavə xərclər də nəzərə alınarsa, əcnəbi tələbənin birillik təhsil haqqı bakalavriat pilləsində 47512, magistratura pilləsində isə 56792 ABŞ dollarına çatır.
Urbana-Şampeyn İllinoys Universitetində təqaüdlər tələbələrə yüksək akademik göstəricilərə görə verilir və onların qarşısında bir sıra şərtlər qoyulur. Tələbələr təqaüd almaq üçün Tələbələrə Federal Yardım (FAFSA) xidmətinin ərizəsini doldurmalıdırlar. Başqa universitetlərdə olduğu kimi, Urbana-Şampeyn İllinoys Universitetində də tələbələrə müxtəlif məbləğli təqaüdlər təklif olunur. Eləcə də hər kollecin ayrıca təqaüdləri mövcuddur. Universitetdə təhsil alan və yüksək göstəricilərə malik əcnəbi tələbələr ildə 12000 ABŞ dolları dəyərində Universitet Nailiyyəti təqaüdü alırlar.

Məşhur məzunları

Urbana-Şampeyn İllinoys Universiteti dahi alimlərin, ideyaların, elmi nailiyyətlərin vətənidir. Universitetin tanınmış məzun və müəllimləri arasında 23 Nobel, 20-dən çox Pulitzer mükafatı laureatları, beynəlxalq korporasiya rəhbərləri, astronavtlar, olimpiya çempionları və b. vardır. Universitetin məşhur məzunlarından Fidel Ramosun (Filippinin sabiq prezidenti), Rafael Korreanın (Ekvadorun sabiq prezidenti və maliyyə naziri), Ceyms Bredinin (Ağ Evin sabiq mətbuat katibi), Atif Ebeydin (Misirin sabiq baş naziri), Annet Lunun (Tayvanın sabiq vitse-prezidenti) adlarını çəkmək olar. Ali məktəbin Nobel mükafatına layiq görülmüş müəllimlərindən ilk növbədə fizika sahəsində bu yüksək ada iki dəfə (1956, 1972-ci illərdə) layiq görülmüş Con Bardinin adı qeyd edilməlidir. Ali məktəbin Nobel mükafatına layiq görülmüş digər məzun və müəllimlərindən Edvard Duazi, Robert Holli , Edvin Krebs, Rozalin Yelou, Pol Leuterbur, Salvador Luria (tibb və fiziologiya üzrə), Vinsent du Vigneaud, Filipp Şarp, Uendell Stenli , Rudolf Markus, Ceyms Kori (kimya üzrə ), Cek Kilbi, Polokarp Kuş , Con Şriffer, Entoni Leccett (fizika üzrə ), Franko Modiqliani və Leonid Harviçin (iqtisadiyyat üzrə) adlarını göstərmək olar. Universitetin tanınmış məzunları arasında YouTube-nin həmqurucularından və ilk videonun müəllifi, Banqladeş əsilli Cavid Kərim də yer alıb.
Ali məktəbin məzunları inteqral sxemlər, kvant lazeri, tranzistor, plazma ekran, işıqsaçan diodlar, maqnit-rezonans tomoqrafiyası kimi çoxlu sayda kəşflərə imza atıb, Uillis Touer, Con Henkok Mərkəzi binalarını, Burj Dubay göydələnini ucaldıblar.
Urbana-Şampeyn İllinoys Universitetinin əsas missiyası təhsilin, elmi tədqiqatların və cəmiyyətin inkişafı sahəsində ən qabaqcıl təcrübəyə malik olmaqdır. Universitet bu günədək əldə etdiyi nəticələri, zəngin irsi ilə fəxr edir və missiyasının reallaşması yolunda inamla gələcəyə doğru addımlayır.

Oruc MUSTAFAYEV,
“Azərbaycan müəllimi”

yuxarı ⤴