1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Tarix və rus dili fənləri arasında fənlərarası əlaqə təcrübəsindən
29.10.2016/№42

 

 


İlqar ABDULLAYEV,
Bakı şəhəri MLK-nın tarix müəllimi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi, əməkdar müəllim,
Xuraman ABDULLAYEVA,
MLK-nın rus dili müəllimi

Kurikulumda fənlərarası və fəndaxili inteqrasiya xüsusi tələb kimi qoyulmuşdur. Əgər kurikulumdan irəli gələn tələbləri diqqətlə araşdırsaq inteqrasiyanın bugünkü təhsilin nəbzi olması qənaətinə gələ bilərik. Hətta nəzərdə tutulur ki, bəzi fənlər bir daha birləşdirilsin. Bu barədə danışarkən göstərmək yerinə düşərdi ki, tarix fənninin tədrisinə fərqli yanaşmanı Avropa və Amerika məktəblərinin dərs nümunələrində daha qabarıq şəkildə görə bilərik. Belə ki, orada ənənəvi tədrisdən fərqli olaraq ümumiləşdirilmiş kulturoloji və inteqrativ mövzulara daha çox üstünlük verilir. Həmin mövzular isə bir neçə fənni birləşdirməklə dərsin inteqrativliyini maksimum əhatə etmək məqsədini güdür. Bu zaman şagird əsl tədqiqatçıya çevrilir və tarixi hadisələrə müxtəlif prizmadan (siyasi, iqtisadi, mədəni və s.) yanaşmaq vərdişlərinə yiyələnir.
Məsələyə bu prizmadan yanaşdıqda tarix və rus dili fənləri arasında da xeyli təmas nöqtələri, bir-biri ilə əlaqəli məsələlərin olduğunu görə bilərik. Belə ki, Azərbaycan dilində uzunboğaz çəkmə anlamını verən rus dilindəki “sapoq”, “sapoşki” sözünün yaranma etimologiyasını nəzərdən keçirərkən buna bir daha əmin olmaq olar.
Göstərmək yerinə düşərdi ki, “sapoq” sözü “sapla boğ” sözündən əmələ gəlmişdir. Bu sözü ilk dəfə böyük hun sərkərdəsi Atilla 451-ci ildə Roma ordusu ilə olacaq taleyüklü Katalaun döyüşündən əvvəl öz əsgərlərinə müraciətlə onların ayaqqabılarının etibarlı olması üçün işlətmişdir. Belə ki, əvvəlki döyüşləri daim diqqətlə izləyən Atilla dəfələrlə hun ordusu əsgərlərinin döyüş meydanında ayaqqabılarının ayaqlarından çıxmasının və düşmənlərin bundan istifadə etməsinin şahidi olmuşdu. Buna görə də öz dövrünün görkəmli sərkərdəsi olan Atilla belə taleyüklü döyüşdən əvvəl əsgərlərinin ayaq geyiminin etibarlı olması üçün onların uzunboğaz çəkmə geyib, sonra da sapla bərk-bərk bağlamalarını tələb etmişdir. Döyüşdən sonra əsgərlər yekdilliklə belə ayaqqabıların ayaqlarında çox etibarlı qaldığını bildirmişdilər. O vaxtdan belə uzunboğaz çəkmələr “sapla boğ” sözündən “sapoq” adlanmışdır.
Rus dili müəllimləri şagirdlərə təzə sözləri öyrədərkən “sapoq” sözünün yaranmasını Atillanın adı ilə, yaxud tarix müəllimi Katalaun döyüşündən danışarkən onu “sapoq” sözünün yaranması ilə əlaqələndirərsə, onda təbii ki, bu assosiasiya nəticəsində şagirdlər onları daha yaxşı anlayar və daha böyük səmərə əldə olunar.
Yaxud, götürək “əmtəə” sözünü. “Əmtəə” sözü məlum olduğu kimi rus dilindəki “tovar” sözünün qarşılığıdır. “Tovar” sözü isə türk - Azərbaycan dilində xırda buynuzlu mal - qara mənasını verən “davar” sözündən yaranmışdır. Bu baxımdan tarix müəllimləri nisbətən yuxarı siniflərdə əmtəə - pul münasibətlərinin yaranmasını izah edərkən “əmtəə” sözünü rus dilindəki “tovar” sözü ilə, “tovar” sözünün də öz növbəsində hələ pulun meydana gəlməsindən əvvəl mübadilə əməliyyatları zamanı mübadilə vahidi kimi işlənən “davar” sözü ilə, eləcə də rus dili müəllimləri şagirdlərə “tovar” sözünü öyrədərkən onun “davar” sözündən əmələ gəlməsi ilə əlaqələndirərsə aydındır ki, daha yaxşı səmərə olar. Belə ki, bu zaman həm şagirdlər mövzunu daha yaxşı qavrayar, həm də qarşılıqlı surətdə digər elmin incəliklərinə bələd olarlar.
Rus dilində işlənən “slon”, yəni “fil” sözünün də çox maraqlı yaranma tarixi vardır. “Slon” sözü “aslan” sözündən yaranmışdır. Belə ki, XVI əsrdə rus çarına Hindistan hökmdarı tərəfindən göndərilən fili birinci dəfə görən ruslar onun necə adlandığını bilmədiklərindən o vaxtlar artıq ruslar tərəfindən işğal olunmuş türkdilli xalqların yaşadığı yerlərdən dəvət olunan “mütəxəssis”dən bu heyvanın necə adlandığını soruşurlar. Dəvət olunmuş “mütəxəssis” də bu heyvanı birinci dəfə gördüyündən onu aslan hesab edir və elə “aslan” da adlandırır. Lakin “aslan” sözünü kifayət qədər aydın tələffüz edə bilməyən ruslar “aslan” sözünü “slon” kimi tələffüz edirlər. Beləliklə də “aslan” sözündən “slon”, yəni “fil” sözü əmələ gəlir. Təbiidir ki, Azəbaycan bölməsində şagirdlərinə “slon” sözünü öyrədən rus dili müəllimi onu Hindistanla, Azərbaycan dilindəki “aslan” sözü ilə əlaqələndirərsə, daha yaxşı olar, sözlər şagirdlərin yadında daha uzun müddətə qalar.
Həm rus, həm də hazırda Azərbaycan dilində geniş miqyasda işlənən “kolbasa” sözünün də çox maraqlı yaranma tarixi vardır. Belə ki, XVI-XVII əsrlərdə türk silahı özünün ən qüdrətli vaxtlarına çatarkən, işğal edilən ərazilər Skandinaviya yarımadasına qədər uzandıqda əsgərlərin ərzaqla təminatı məsələsi ön plana çıxmışdı. Bu barədə danışarkən qeyd etmək yerinə düşərdi ki, hazırda da Finlandiyanın paytaxtı Helsinkinin yaxınlığında Turku adlı qəsəbə vardır ki, mənası da “Türklər” deməkdir. Burada indi də türk millətindən olan insanlar kompakt şəkildə yaşayırlar. Xatırlatmaq yerinə düşərdi ki, osmanlı türkləri 1677-ci ildə Helsinkini tutub, yandırmışlar.
Orduda xidmət edən əsgərlərin ərzaqla daim və etibarlı şəkildə təmin olunması üçün hər bir əsgər kəsilmiş inəyin bağırsaqlarını yaxşı-yaxşı təmizlədikdən sonra ora əvvəlcədən hazır, pörtülmüş ətləri doldurur və atın yəhərinə, xüsusi yerə bərkidirdi. Beləliklə, sürətlə yerini dəyişən türk əsgərlərinin özləri ilə daim hazır yeməkləri olurdu. Malın təmizlənmiş bağırsaqlarına əvvəlcədən pörtülmüş əti isə əsgərlər qolları ilə basdıqlarından belə yeməkləri “qolbas”, yəni qolla basılan yemək adlandırırdılar. Sonradan isə türk dillərindəki belə “qolbas” sözü rus dilinə “kolbasa” sözü kimi keçmişdir. Bu baxımdan tarix dərslərində osmanlı türklərinin XVI-XVII əsrlərdə vaxtilə tutmuş olduqları ərazilərdən danışarkən bu məsələlərin həm rus, həm də Azərbaycan dilində işlənən “kolbasa” sözü ilə əlaqələndirilməsi, şübhəsiz ki, həm şagirdlərin dünyagörüşünü genişləndirər, həm osmanlı türklərinin işğal etdikləri ərazilərin nə qədər geniş miqyasda olması haqqında onlarda geniş təsəvvür yaradar, həm də ümumiyyətlə şagirdlərin dərsə olan marağını daha da artırar.
Məlum olduğu kimi, Azərbaycanda SSRİ dövründə pul vahidi kimi işlənən manat rubl kimi tərcümə edilirdi. İndi isə hər iki respublika - həm Azərbaycan, həm də Rusiya müstəqil olduqlarından onların öz pul vahidi vardır - Azərbaycanınkı - manat, Rusiyanınkı isə rubl. Şagirdlərə tarix dərslərində pulların yaranması haqqında məlumat vermək də şübhəsiz ki, onların dərslərə olan maraqlarını daha da artırar.
Bu zaman müəllim bildirməlidir ki, Azərbaycan manatı “moneta” sözündən yaranmışdır, mənası da “pul” deməkdir. Bu söz vaxtı ilə Bizansdan Rusiyaya, Rusiyadan isə Azərbaycana keçmişdir. Məlum olduğu kimi, orta əsrlər dövründə Azərbaycanda işlənən pul vahidləri “dinar”, “dirhəm”, “tümən” və s. adlanmışdır. Son iki əsrdə isə Azərbaycan rus imperiyasının tərkibində olduğundan təbiidir ki, bu asılılıq pul vahidlərində də öz əksini tapmışdır.
Rus rublu isə ilk dəfə rus çarı adını qəbul etmiş İvan Qroznının vaxtında işlənmişdir. Belə ki, İvan Qroznı Rusiyanın sərhədlərini ətraf yerlərin hesabına genişləndirməyə başladıqdan sonra vahid və monolit rus dövlətinin simvolunu pul vahidində təcəssüm etdirmək üçün “rubl”u qəbul etmişdir. “Rubl” sözü belə hesab edilir ki, İvan Qroznının vaxtında olan xüsusi gümüş parçalarından kəsilib ayrılmalı, sonra isə alınacaq məhsulun əvəzinə pul kimi verilməli idi. Kəsmək, yəni “vrubit”, yaxud da “rubit” sözündən isə “rubl” sözü yaranmışdır.
Aydındır ki, şagirdlərə XVI əsr rus tarixi tədris edilərkən İvan Qroznıdan, vahid rus pulu olan “rubl”dan danışmaq, onları üzvü şəkildə əlaqələndirmək həm şagirdlərdə dərsə marağı artırar, həm də onların tədris olunan materialları uzun müddətə yadlarında saxlamalarına imkan verər.
Şagirdlərə puldan danışarkən yəqin ki, “qəpik” sözünün yaranması haqqında məlumat vermək də maraqlı olar. Göstərilməlidir ki, “qəpik” sözü gümüş, yaxud da qızıldan kəsilmiş pulların üzərində olan nizə - “kapyo” ilə əlaqədar olaraq yaranmışdır. Belə ki, gümüş, yaxud da qızıl pulların üzərində olan nizəni ruscadan tərcümə etdikdə alınan “kapyo” sözünü xalqımız “qəpyo”, “qəpik” sözü kimi tələffüz etmişdir. Aydındır ki, rus dili dərslərində şagirdlərə nizə sözünün tərcüməsini - “kapyo” deyərkən müəllim onu “qəpik”lə əlaqələndirərsə, bu zaman həm dərs şagirdlərə maraqlı olar, həm də uzun müddətə yadda qalar.
Eləcə də tarix dərslərində pulların yaranmasından danışarkən müəllim onu nizə - “kapyo” ilə əlaqələndirərsə, təbii ki, bu əlaqələndirmənin də səmərəsi böyük olar.
Gətirilən misallardan göründüyü kimi, tarix və rus dili dərslərində çoxlu “təmas” nöqtələri, hər iki fənn üçün ortaq olacaq xeyli ifadə və sözlər vardır. Əsas məsələ müəllim tərəfindən hər bir dərsə yaradıcılıqla yanaşmaq, şagirdlər üçün hər iki fənn arasında ümumi ola biləcək ifadələri seçdirməklə onları müasir dövrlə əlaqələndirmək və beləliklə də dərsə daha böyük maraq yaratmaqdır.
 

yuxarı ⤴