1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Fənn üzrə yarışmaların tədrisdə rolu
29.10.2016/№42

Cədvəl1

Cədvəl2

Cədvəl3

Cədvəl4

 
 

 

 


Vəfa XANKİŞİYEVA,
Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin biologiya müəllimi

Hamıya məlumdur ki, fənnə aid biliklərin mənimsədilməsində, fənnin sevilməsində müasir metodlarla keçilən dərslərlə yanaşı dərs boyu şagirdlərə təqdim olunan krossvordlar, oyunlar, slaydlar, dərsə aid kiçik videorçarx və eləcə də təxəyyülümüzün məhsulu olan digər üsullar dərsi nə qədər maraqlı edir. Şagirdin öyrəndiyi mövzularla yanaşı, gördüyü və eşitdiyi məlumatlar dərs zamanı əldə olunan biliyin daha yaxşı yadda qalmasına kömək edir. Məhz belə üsullardan biri də müxtəlif bölmələrdən sonra keçirilən yarışma tipli dərslərdir. Bu istiqamətdəki təcrübəmi biologiya fənnindən keçirdiyim yarışma nümunəsində oxucularla bölüşmək istəyirəm. Adətən bu yarışmanı 8-ci sinfin axırında keçirmək məqsədəuyğundur. Çünki bu zaman heyvanlar aləminə aid məlumatlar, demək olar ki, yekunlaşmış olur. Yaxşı olar tərkibində 5 nəfər olmaqla 3 qrup təşkil olunsun. Yarışma özü bir neçə turdan ibarətdir. Bu turlara “İsitmə”, “Rəssamlıq yarışı”, “Kim artıqdır”, “Heyvani familiyalar”, “Dəstələrdə yerləşdir”, “Şans çəlləyi”, “Zoozarafat”, “Çaynvord”, “Qara yeşik”, “Şifrələmə”, “Xarakter cizgiləri”, “Liderlik uğrunda” aiddir. Hər bir turun keçirilmə vaxtı dəqiqliklə bölünür. İndi isə gəlin, bu turların keçirilmə ardıcıllığı ilə tanış olaq.
1. İsitmə mərhələsində hər bir qrup ona təqdim olunmuş kağızlardan birini çəkir və orada qeyd olunmuş siniflərdən birinin əlamətlərini yazır. Bu 4 dəqiqə çəkir və hər düz cavab 1 balla qiymətləndirilir. Cəldlik və dəqiqlik qrupun daha çox bal toplamasına imkan verir.
2. İkinci tur “Rəssamlıq yarışı”dır. Bu yarışmada qrupun hər bir üzvü iştirak etməlidir. Verilən 5 dəqiqə ərzində bir qrupun bir üzvü hər hansı bir heyvan şəklini çəkməyə başlayır və sonra qrupun digər üzvü işi davam etdirir. Düz çəkilmiş şəklə görə 5 bal verilir.
3. “Kim artıqdır?” turuna ayrılmış 3 dəqiqə ərzində komanda ona təqdim olunmuş vərəqləri götürür və tapşırığı aşağıdakı kimi yerinə yetirir. Tapşırıq 2 balla qiymətləndirilir.
I komanda üçün tapşırıq: İt, vaşaq, keçi, inək, at. Vaşaq yırtıcıdır.
II komanda üçün tapşırıq: Antilop, zebr, dəvə, qoyun, sığın. Zebr təkdırnaqlıdır.
III komanda üçün tapşırıq: Ağ ayı, şir, antilop, çaqqal, kaftar. Ağ ayı fərqli mühitin heyvanıdır.
4. “Heyvani familiya” turunda Azərbaycan leksikonunda işlənən familiyaların heyvan adları ilə uyğunluğunu yazmaq lazımdır. Hər düzgün familiyaya görə 1 bal verilir. Yenə də bu turda Azərbaycan dilinin köməyindən istifadə olunur.
5. “Dəstələrə yerləşdir” turunda mövcud biliklərə əsasən verilmiş heyvanları müvafiq dəstələrdə yerləşdirmək lazımdır. Tapşırıq 5 dəqiqə ərzində yerinə yetirilməlidir. Hər düz cavaba görə 1 balla qiymətləndirmə aparılır.(Cədvəl1)

Nümayəndələr: 1-boz siçan; 2-canavar; 3-koala; 4-ev siçanı; 5-vampir; 6-ayı; 7-kenquru; 8-qulan; 9-kaşalot; 10-porsuq;11-delfin; 12-pavian; 13-makaka;14-morj; 15-gəlincik; 16-zebra; 17-kərgədan; 18-sığın; 19-tülkü; 20-palazqulaq; 21-begemot; 22-yexidna; 23-opossum; 24-kirpi 25-qunduz; 26-dəniz pişiyi; 27-desman; 28-kisəli siçan; 29-eşşək; 30-dağ qoçu; 31-balina; 32-otyığan; 33-zubr; 34-dovşan; 35-şinşilla ; 36-dələ; 37-ərəbdovşanı; 38-ördəkburun.
6. “Şans çəlləyi” mərhələsində hər qrupdan öz razılıqlarına görə bir nəfər gəlir və çəlləkdən suallar çıxararaq cavablandırmağa başlayır. Hər düz cavaba görə 2 bal verilir. Təxminən aşağıdakı kimi suallar təqdim olunur:
* Hansı məməlilər piy ehtiyatı toplayır? Bu onların hansı həyati xüsusiyytləri ilə bağlıdır?
* Hansı məməlilərdə döş tili var və nə üçün?
* Nə üçün quruya çıxmış balina bir neçə saatdan sonra ölər?
* Nə üçün dəvənin yağ ehtiyatı güvənlərdə toplanıb, balina kimi bütün dəri altına yayılmayıb?
* Tüləmənin dovşan üçün nə əhəmiyyəti var?
* Pişik itə nisbətən öz təmizliyi ilə daha çox məşğul olur. Nə üçün? Yuyunur, tükünü təmizləyir. Bunu nə ilə izah etmək olar?
* Zooloqların həmişə arzuları olub ki, zooparklarda ekzotik heyvanları nümayiş etdirsinlər, xüsusən də koalanı. Amma onu gətirmək, qapalı yerdə saxlamaq mümkün olmayıb. Nə üçün?
* Yüz ilə yaxın bundan qabaq Avstraliyaya 5 dovşan aparılıb. Bir neçə ildən sonra onlar milyonlarla fərdi tarlalara ziyan verməyə başlayıb. Nə üçün bu iqlimləşmənin belə ziyanlı fəsadı olub?
* Bir çox heyvanlar öz yaşayış yerini nişanlayır. Bu canlılar üçün nə əhəmiyyət daşıyır?
* Bəzi yarasalar qışda oyuqlarda koloniya halında qışlayır. Bu onlar üçün nə kimi əhəmiyyət daşıyır?
* Tez-tez cizgi filmlərində dovşanı çəpgöz adlandırırlar. Nə üçün?
* Kirpi və köstəbək eyni dəstəyə daxildirlər. Amma kirpi qış yuxusuna gedir, köstəbək isə yox. Nə üçün?
* Nə üçün dovşanların balaları xəzli və gözüaçıq, adadovşanlarınkı isə çılpaq və gözübağlı doğulur?
* Fil diametri 25-30 sm olan ağacı yerdən dartıb çıxara bilir. Bunu nəyin vasitəsilə edir?
* Bu heyvanın xəzi ilə Rusiya mütləqiyyətinin simvolu Monomaxın papağı hazırlanmışdı. Bu hansı heyvandır?
7. “Zoozarafat” turu 3 dəqiqə ərzində keçirilir və 10 balla qiymətləndirilir. Təqdim olunmuş şəkildə neçə canlının bədən hissələrinin toplandığı tapılmalıdır.
8. “Çaynvord”. Bu turda təqdim olunmuş çaynvordda gizlənmiş heyvan dəstələrinin adlarını tapmaq lazım gələcək. 4 dəqiqə ərzində tapılmış hər düz cavaba görə 1 bal veriləcək.(Cədvəl2)

9. “Qara yeşik” turunda əvvəlcədən hazırlanmış mətn oxunur. Mətndə hansısa heyvanın əlamətləri sadalanır. Və mətnin sonunda hər bir komanda cavab səsləndirir, düz cavab 5 balla qiymətləndirilir.
Mətn: Bu heyvan bizə yaxşı tanışdır. Ürəyi, ağciyərləri və həzm sistemi insanınkına çox oxşardır, hətta perspektivdə həmin orqanların insana nəqli nəzərdə tutulub. Artıq bu gün ürək qapaqları köçürülür. Bu heyvanlar öz həmcinsləri ilə münasibət quraraq 23 cür səs çıxarır. Çox maraqlı dəriləri var. Onun dərisindən yanıqlar zamanı sarğı kimi istifadə olunur. Bu sarğının altında pasientin dərisi çox tez sağalır. Haqqında danışılan heyvan rəngləri ayırd edə bilir. Təmizliyi, göbələk axtarmağı sevir və ilanın onu dişləməsindən qorxmur.
Alimlər onu ən ağıllı heyvan sayırlar. Hətta onlardan biri narkotiki iyinə görə tapıb deyə zabit rütbəsi alıb.
Qara yeşikdəki hansı heyvandır? (Donuz)
10. “Şifrələmə” turunda hər bir komandaya şifrə ilə heyvanların adları verilir və 2 dəqiqə ərzində şifrə açılmalıdır. Hər şifrə 2 balla qiymətləndirilməlidir.(Cədvəl3)

11. “Xarakter cizgiləri” turunda tanıdıqları heyvanlara aid olan xarakterləri adlandırmalıdırlar. Bunda şagirdlərə uşaq yaşlarından tanış olduqları nağıllar kömək edəcək. 3 dəqiqə vaxt aparacaq bu tapşırıq hər düz cavaba görə 2 balla qiymətləndiriləcək.(Cədvəl4)

12. “Liderlik uğrunda”da verilən 3 dəqiqə ərzində təqdim olunan suallara daha çox cavab verən komanda qalib olur. Hər düzgün cavaba görə 1 bal təqdim olunur. Hər komandaya təqdim olunacaq suallar əvvəlcədən tərtib edilib və ayrı olur. Suallar üçün bir neçə nümunə təqdim olunur:
1. Məməliləri öyrənən elm necə adlanır (teriologiya).
2. Hiyləgərdir, oğrudur, hamının gözündə günahkardır, hər təhlükədən öz başı ilə çıxır, izlərini qızıl süpürgə ilə silir (tülkü).
3. Meşəni başına götürür (maral) və s.
Komanda üçün bu tipli 15-20 sualı hazırlanır.
Beləliklə, yarışma yekunlaşır. Qalib komanda elan olunur.
Bu cür yarışmaların keçirilməsinin şagirdlər üçün əhəmiyyəti böyükdür. Bu zaman şagirdlər həm baza biliklərindən istifadə edir, həm də dünyagörüşünə əsaslanıb qrupla müzakirələrə qoşularaq sualların cavablandırılmasında iştirak edirlər. Belə yarışmaların il ərzində bir və ya iki dəfə keçirilməsi məqsədəuyğun hesab olunur.

yuxarı ⤴