1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans keçirildi
29.10.2016/№42

 

 


Oktyabrın 25-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun və Mərkəzi Elmi Kitabxananın birgə təşkilatçılığı ilə “Macarıstan türkologiyası və Azərbaycan” mövzusunda konfrans keçirildi.
Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” 18 fevral 2016-cı il tarixli Sərəncamı və AMEA Rəyasət Heyətinin 20 aprel 2016-cı il tarixli qərarına əsasən keçirilən tədbir Macarıstan Elmlər Akademiyasının həqiqi üzvü Georq Hazainin xatirəsinə həsr olunub.
Əvvəlcə tanınmış türkoloq-alim Georq Hazainin şəxsi kitab kolleksiyasından ibarət sərgiyə baxış keçirildi.
Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin məlum sərəncamını xatırladaraq, yubiley ərəfəsində bu konfransın xüsusi əhəmiyyət daşıdığını vurğuladı. O, Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynayan Türkoloji Qurultaya dair yekun tədbirin bu ilin noyabr ayında təşkil olunacağını bildirdi.
AMEA-nın vitse-prezidenti Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan şərqşünas və türkoloq alimlərin iştirakı ilə AMEA-da Türkoloji Qurultayla bağlı bir çox tədbirlərin keçirildiyini nəzərə çatdırdı.
Azərbaycan-Macarıstan ədəbi əlaqələrindən söz açan AMEA-nın vitse-prezidenti türkologiyanın inkişafında macar alimlərinin rolunu xüsusi vurğuladı, konfransın ölkələrimiz arasında münasibətlərin və elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirdi.
Akademik, həmçinin türkologiya elminin inkişafında böyük xidmətləri olan G.Hazainin həyat və yaradıcılığı barədə məlumat verdi, Macarıstanda türkologiyanın keçdiyi zəngin tarixi yoldan danışdı. G.Hazainin yeni dövr Avropa türkologiyasının atası sayıldığını deyən İ.Həbibbəyli alimin türkologiya elmi sahəsindəki xidmətlərinin bir tədqiqat institutunun elmə verdiyi töhfələrə bərabər olduğunu vurğuladı.
Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İmre Laslotski ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən söz açdı, tədbirin türkologiyanın, türkoloji əlaqələrin inkişafına, formalaşmasına, nəticə və perspektivlərinə mühüm töhfə verəcəyini bildirdi.
Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova kitabxanada saxlanılan Hazai kolleksiyasının dünya kitabxana-informasiya məkanına inteqrasiyası barədə çıxış etdi.
Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Məmməd Əliyev, institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Asif Rüstəmli və başqaları çıxış edərək böyük türk düşüncə sahibi G.Hazainin keçdiyi zəngin tarixi yoldan danışdılar.
Sonda alimin qızı Sisilya Hazai atasının Azərbaycanla bağlı xatirələrini G.Hazainin özünün memuarında yazdığı kimi konfrans iştirakçılarının diqqətinə çatdırdı. Xanım Sisilya böyük türkoloqun xatirəsinə göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

İctimaiyyətlə əlaqələr şöbəsi
 

yuxarı ⤴