1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Keyfiyyətin yüksəldilməsi üçün geniş plan
03.11.2017 / No42

 

 

 


Müəllimlərin peşəkarlıq səviyyəsi ilə yanaşı, valideynlərlə əməkdaşlığın gücləndirilməsi də diqqətdə olacaq

Ruhiyyə DAŞSALAHLI

“Təhsildə keyfiyyət ili” çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsində Fəaliyyət planı hazırlanıb. Həmin plana əsasən, BŞTİ Təhsil Nazirliyinin müvafiq planında nəzərdə tutulan tədbirlər barədə məlumatları məktəb rəhbərlərinə çatdırmaq və qarşıda duran vəzifələrin müzakirəsi ilə işə başlayacaq.

Pedaqoji mühazirələr keçiriləcək

2017-2018-ci dərs ilində ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədi ilə pedaqoji mühazirələr təşkil ediləcək. Artıq həmin mühazirələrin keçiriləcəyi vaxt da müəyyənləşdirilib. Məlumata görə, pedaqoji mühazirələrin 2017-ci ilin dekabrında rayon, 2018-ci ilin fevral-martında şəhər, aprel və ya mayında ölkə mərhələsinin keçirilməsi nəzərdə tutulur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən pedaqoji mühazirələrin təşkili, keçirilməsi və ən uğurlu mühazirələrin ölkə mərhələsinə təqdim edilməsi üçün fəaliyyətləri tənzimləmək məqsədilə 2 mərhələ üzrə ictimai əsaslarla Təşkilat Komitəsi yaradılıb.
Məlumat üçün qeyd edək ki, ümumi təhsildə keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərə dair mövzular üzrə keçiriləcək pedaqoji mühazirələrdə məktəb rəhbərləri, müəllim, metodist, məsləhətçi, psixoloq, kitabxanaçı və uşaq birliyi rəhbərləri iştirak edə bilərlər.

Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsi üzrə Təşkilat Komitəsinə təqdim edilən məruzələr mövzunun uyğunluğu və aktuallığı, təcrübi əhəmiyyəti, orijinallığı baxımından qiymətləndiriləcək.
Rayon (şəhər) mərhələsində ən yaxşı məruzələr müəyyənləşdiriləcək. Həmin məruzələrdən innovativ xarakterə, səmərəli təcrübəyə əsaslananları ölkə üzrə Təşkilat Komitəsinə təqdim ediləcək.
Pedaqoji mühazirələrin ölkə mərhələsinin qalibləri müvafiq qaydada mükafatlandırılacaqlar.

Nəticədən nəticə

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planında diqqətçəkən məqamlardan biri ötən ilin, hətta son 3-5 ilin nəticələrinin təhlili ilə bağlıdır. Belə ki, əməli fəaliyyətlərin planlaşdırılması zamanı məhz həmin nəticələrin təhlilinin əsas götürülməsi nəzərdə tutulub. Tutaq ki, rayon (şəhər) ümumtəhsil məktəblərinin reytinq cədvəli buraxılış imtahanlarının son 3 ildəki nəticələrinə əsasən hazırlanacaqsa, məzunların ali məktəblərə qəbulunun son 5 il üzrə nəticələrə görə məktəblərin keyfiyyət göstəriciləri müəyyən ediləcək.

Beləliklə, hər bir ümumi təhsil müəssisəsində keyfiyyətli nəticə göstərən (yüksək bal toplayan, “5” və “4” - “5” alanlar) şagirdlərin faizi hesablanacaq. Son 3 dərs ilində buraxılış imtahanlarında şagirdləri davamlı olaraq zəif nəticə göstərən məktəblər müəyyən edilərək vəziyyəti təhlil ediləcək. Hər bir ümumi təhsil müəssisəsində buraxılış imtahanlarının nəticələrinə görə qeyri-müvəffəq nəticə göstərən şagirdlərin sayı müəyyən olunduqdan sonra uğursuzluqlarının səbəbləri aydınlaşdırılacaq.

Məktəblər üzrə əlaçı şagirdlərin statistikası aparılacaq. Şagirdlərin ümumi sayına nisbətdə ümumi orta və tam orta təhsil səviyyəsində əlaçı şagirdlərin, habelə bütün fənlərdən “4” (yaxşı) - “5” (əla) qiymətlərlə oxuyan şagirdlərin faizi müəyyən ediləcək.
Ümumi orta və tam orta məktəblərin hər biri üzrə ayrılıqda olmaqla buraxılış sinif şagirdlərinin ümumi sayından tədris dilindən, riyaziyyat, fizika, kimya, biologiya, xarici dil, coğrafiya, Azərbaycan tarixi, informatika fənlərindən illik “3” qiymət alanların sayı və faizi, bu göstəriciyə görə məktəblərin sıralanma cədvəlinin tərtibi də nəzərdə tutulub.

Yalnız “3” qiymətlə oxuyan şagirdlərin 80 faizdən artıq təşkil etdiyi, şagirdləri fənn olimpiadalarında iştirak etməyən və iştirak etdiyi halda zona, yaxud yekun turuna çıxmayan məktəblər müəyyənləşdiriləcək.
Yuxarıda qeyd etdiyimiz kimi, məktəblər məzunlarının ali məktəblərə qəbulunun son 5 il üzrə nəticələrinə görə seçiləcək. Məzunlarından qəbul üçün sənəd verməyən, sənəd verdiyi halda məzunları qəbul olmayan məktəblərin sayı müəyyən ediləcək.

Müəllimlərin peşəkarlığı...

Müəyyən edilmiş məktəblərin məktəbəhazırlıq qruplarında, ibtidai sinif və təmayül siniflərində müəllimlərinin peşəkarlıq səviyyəsi müəyyənləşdiriləcək. Lazım gələrsə, həmin məktəblərə bu istiqamətdə müvafiq dəstək veriləcək. Müəyyən edilmiş məktəblərdə tədris dili, riyaziyyat və xarici dil fənninin tədrisi vəziyyəti də yoxlanıb nəticələri təhlil ediləcək.

Qabaqcıl pedaqoji təcrübə nümunələrinin təbliği istiqamətində maarifləndirmə işlərinin gücləndirilməsi məqsədilə müəllimlər üçün təqdimat, seminar və “dəyirmi masa”ların keçirilməsi nəzərdə tutulan əsas fəaliyyətlər sırasındadır.

Şagirdlərin oxu, yazı və riyazi bacarıqları öyrəniləcək

Müəyyən edilmiş məktəblərdə IV və IX siniflərdə şagirdlərin mövcud tələblərə uyğun qaydada oxu, yazı və riyazi bacarıqlarının öyrənilməsi və mövcud vəziyyətin təhlil edilməsi planlaşdırılıb. Hətta müəyyən edilmiş məktəblərin V-IX siniflərində ana dili, riyaziyyat və xarici dil üzrə monitorinqlər keçiriləcək və nəticələrin təhlili aparılacaq.

Təmayül tətbiq olunan siniflərdə şagirdlərin təlim nailiyyətləri ölçüləcək. İstedadlı şagirdlər də nəzərdən qaçmayıb. Belə ki, onlarla aparılan işlərin vəziyyəti də araşdırma mövzusu olacaq.

Bəs, bu nəticələrə görə məktəb idarəediciləri günahkardırmı?

Məktəbdaxili nəzarət və rəhbərlik işinin təşkili vəziyyətinin monitorinqi nə göstərəcək? Monitorinqlər zamanı keyfiyyətə birbaşa təsir edən məktəb sənədləri yoxlanılacaq. Mövcud vəziyyəti təhlil ediləcək. Təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində məktəb rəhbərləri tərəfindən görülən işlər haqqında onların hesabatı dinləniləndən sonra hər şey aydınlaşacaq. Bəlli olacaq ki, ayrı-ayrı parametrlər üzrə təhsilin keyfiyyəti aşağı düşən məktəblərdə məktəb idarəçilərinin rolu nə qədərdir.

“Təhsildə keyfiyyət ili”ndə məktəblər canlanacaq

Fəaliyyət planında ümumi təhsil müəssisələri üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlər də əksini tapıb. Onlara Pedaqoji Şura iclaslarında bu əmrin məzmununun məktəb pedaqoji kollektivinə çatdırılması, yeni dərs ilinin “Təhsildə keyfiyyət ili” elan olunmasının məqsəd və mahiyyətinin izah olunması tapşırılıb.

Tapşırığa əsasən, “Təhsildə keyfiyyət ili” çərçivəsində məktəbdaxili metodiki iş gücləndirilməli və fənn metodbirləşmələrinin fəaliyyətinin müasir tələblər əsasında qurulması təmin edilməlidir.

Məktəbdaxili monitorinqlər və dərs dinləmələrinin təşkili də bu ilin əsas tələblərindəndir.

Məktəbəhazırlıq qruplarında tədrisin yeni proqram (kurikulum) əsasında həyata keçirilməsi vəziyyəti nəzarətdə saxlanılmalı, bütün siniflər üzrə monitorinqlər təşkil edilməli, tam orta təhsil səviyyəsində təmayüllərin düzgün təşkili həyata keçirilməlidir. Buraxılış sinif şagirdləri üçün imtahan fənlərindən məktəblərdə qrafik üzrə müəyyən edilmiş vaxtlarda əlavə məşğələ saatları təşkil olunmalıdır.

Valideynlərlə əməkdaşlığın gücləndirilməsi, övladlarının təlimə münasibəti və nailiyyətləri, eləcə də ümumi təhsildə baş verən yeniliklər haqqında onların daim məlumatlandırılması, məktəblərdə valideynlər üçün “Açıq qapı” günlərinin keçirilməsi də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Fəaliyyət Planında öz əksini tapıb.
 

yuxarı ⤴