1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib
03.11.2017 / No42

 

 

 


Prezident İlham Əliyev: “Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq”

Yusif ƏLİYEV

Azərbaycan qısa müstəqillik tarixi ərzində özünün sürətli inkişaf yoluna çıxmasını təmin edən bir sıra regional, transmilli layihələrin təşəbbüsçüsü və əsas icraçılarından biri olub. Uğurla reallaşdırılan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi enerji layihələri hazırda öz bəhrələrini verməkdə, ölkəmizin iqtisadi qüdrətinin daha da möhkəmləndirilməsində mühüm rol oynamaqdadır. Bu günlərdə isə ölkəmizin sürətli inkişafının davamlılığını təmin edəcək daha bir irimiqyaslı layihə gerçəkləşdirilib. Tikintisinə təxminən 10 il əvvəl start verilmiş üç ölkəni birləşdirən, Asiya ilə Avropa arasında yolu qısaldan və beləliklə, tarixi İpək yolunun əhəmiyyətini qat-qat artıran Bakı-Tbilisi-Qars dəmir yolu oktyabrın 30-da istifadəyə verilib. Bu münasibətlə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında keçirilən təntənəli mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistan respublikalarından nümayəndə heyətləri iştirak ediblər.

Azərbaycan, Türkiyə və Gürcüstanla yanaşı, digər ölkələrin də rəsmi nümayəndə heyətlərinin mərasimdə iştirakı bir daha təsdiq edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi təkcə ölkəmiz və region dövlətləri üçün deyil, qlobal əhəmiyyətli tarixi hadisədir.

Strateji əhəmiyyətli tarixi layihə

Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında layihəyə çox böyük dəyər verərək onu tarixi, strateji əhəmiyyətli, qlobal layihə adlandırıb: “Bakı-Tbilisi-Qars tarixi layihədir, qlobal layihədir. Bu layihə ölkələri bir-birinə daha yaxın edəcək. Bu layihə bölgədə sabitliyin, təhlükəsizliyin təminatı işində öz rolunu oynayacaq. Bu layihə bizim iqtisadi imkanlarımızı artıracaq və biz böyük vəsait əldə edəcəyik”.

Açılış mərasimində çıxış edən dövlət və hökumət rəhbərləri də layihənin əhəmiyyətini yüksək qiymətləndiriblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu layihəni reallaşdıran 3 ölkənin rəhbərinin qətiyyətinin və uzaqgörənliyinin əsəri, hamının birgə uğuru adlandırıb və qeyd edib ki, “layihənin əhəmiyyətli tarixi İpək yolu üzərində vaxt və məsafə baxımından nəqliyyatçılarımız üçün ən sərfəli imkanları təqdim etməsindədir. Sürətli qatar xətlərimizin hamısının istifadəyə verilməsindən sonra Çindən gələn yük Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi sayəsində “Orta dəhliz” vasitəsilə 12-15 gündə Avropa İttifaqı ölkələrinə çatacaq”.

Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili isə yeni dəmir yolu xəttinin təkcə regionda deyil, onun ətrafında da mövcud iqtisadi şəraiti dəyişəcəyinə və inkişafın yeni mərhələsini yaradacağına inandığını bildirib: “Əminliklə demək olar ki, bu gün yeni Avrasiya körpüsünün təməli qoyulur. Bu, təkcə bizim iqtisadiyyatımızı deyil, həmçinin vətəndaşlarımızı bir-birinə bağlayacaq, onların rifah halını daha da yaxşılaşdıracaq”.

İlk mərhələdə ildə 1 milyon sərnişin, 5 milyon ton yük

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olub qədim İpək yolunun polad magistrallar üzərində bərpasıdır. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma 2007-ci il fevralın 7-də Tbilisidə imzalanıb. Elə həmin ilin noyabrında Gürcüstanın Marabda məntəqəsində dəmir yolu xəttinin təməli qoyulub. 2008-ci ilin iyulunda isə Qars şəhərində Qars-Gürcüstan sərhədi hissəsinin tikintisinin təməlqoyma mərasimi keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin texniki-iqtisadi göstəriciləri çox unikaldır.

Yolun ümumi uzunluğu təxminən 846 kilometrdir. Onun 504 kilometrlik hissəsi Azərbaycanın ərazisindən, 263 kilometri Gürcüstandan keçir, 79 kilometri isə Türkiyə ərazisindədir.

Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yol olan Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə, proqnozlara əsasən, birinci mərhələdə ildə 5 milyon ton yük və 1 milyon nəfər sərnişin, bundan sonra isə ildə 3 milyon sərnişin və 17 milyon ton yük daşınacaq. Bir qədər uzaq perspektivdə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bu dəmir yolu ilə bir günə Qarsa, iki gün yarıma isə İstanbula getmək mümkün olacaq. Bu isə regionda turizmin inkişafına güclü təsir göstərəcək. Prezident İlham Əliyev məhz bu baxımdan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini ayrıca vurğulayaraq deyib: “Bu yolun istifadəsi zamanı, əminəm ki, turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq”.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı dostluğun, qardaşlığın nəticəsi sayan Prezident İlham Əliyev üç ölkənin bütün sahələrdə uğurla əməkdaşlıq etdiklərini, bir-birini dəstəklədiklərini, ölkələrimiz, xalqlarımız, eləcə də dünya üçün önəmli olan layihələri icra etdiklərini vurğulayıb. O bildirib ki, Bakı-Tbilisi-Qars bu layihələrin arasında öz layiqli yerini tutmuş bir layihədir.

Prezident onu da qeyd edib ki, bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırmış. Hesab edirmişlər ki, layihənin reallaşması mümkün deyil, lazım olan texniki imkanlar və maliyyə vəsaiti imkan verməyəcək ki, bu layihə gerçəkləşdirilsin. “Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir”, - deyə İlham Əliyev bildirib.

Avropa və Orta Asiya ölkələri BTQ-yə maraq göstərirlər

Bu dəmir yolu layihəsinə Orta Asiya ölkələri, o cümlədən Qazaxıstanın da böyük maraq göstərdiyini deyən Prezident İlham Əliyevin sözlərinə görə, həmin ölkələrdən gəlmiş nümayəndə heyətlərinin, yüksək vəzifəli şəxslərin mərasimdə iştirakı bunu əyani şəkildə göstərir. “Biz əminik ki, yüklərin daşınması istiqamətində əlavə imkanlar yaranacaq və bizim ölkələrimizin Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri də bu dəmir yolu vasitəsilə möhkəmləndiriləcək”, - deyə ölkə başçısı vurğulayıb.
Avropa üçün də bu yolun böyük əhəmiyyəti olduğunu qeyd edən İlham Əliyev bildirib ki, Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparıb.

Bütün bunlar Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini, onun təhlükəsizliyini, etibarlılığını, sürət və vaxt tezliyini aydın göstərir. Belə ki, bu yol istifadəyə veriləndən sonra indi yükdaşımalara sərf olunan vaxt iki dəfəyədək azalacaq və eyni zamanda əlavə maliyyə sərfinin qarşısı xeyli alınacaq.

Layihə Avropa və Asiya arasında daşınmalarda yekun bənddir

Beləliklə, müstəqillik tariximizin növbəti möhtəşəm layihələrindən birinin reallaşmasına rəhbərlik etməklə Azərbaycan regional və qlobal əhəmiyyətli layihələri uğurla həyata keçirə bildiyini bir daha təsdiq etmiş olub. Bunu Bakı-Tbilisi-Qars dəmir yolunun geosiyasi və geoiqtisadi səmərəsinə nəzər saldıqda da aydın görmək mümkündür. Belə ki, bu dəmir yolu xəttinin işə düşməsi regionda sabitliyə və iqtisadi inkişafa böyük töhfədir və onun imkanları sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə mühüm tranzit qovşağına çevrilir.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin böyük perspektivləri var. Asiyada yüklərin ən çox olduğu Çin artıq bu xəttə böyük maraq göstərir. Bu layihə Qazaxıstan üçün də səmərəlidir. Çünki bu yol Türkiyənin Mersin limanı vasitəsilə Aralıq dənizi regionuna çıxışı təmin edir. Bu baxımdan yenicə istifadəyə verilmiş dəmir yolu xətti Transavropa və Transasiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantını tamamlayır, bununla da Avropa ilə Asiya arasında daşımalarda yekun bənd kimi çıxış edir. Bu layihənin tarixi İpək yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin - Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

Bakı-Tbilisi-Qars layihəsinin əsas üstünlüklərindən biri də budur ki, Azərbaycan Gürcüstan ərazisindən keçməklə Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsinə sahib olur, bu isə iki dövlət arasında münasibətləri daha da möhkəmləndirməyə xidmət edir. Başqa bir üstünlük layihənin Naxçıvan Muxtar Respublikasına qədər uzanmasıdır. Gələcəkdə Qarsdan Naxçıvana ayrıca dəmir yolu xəttinin çəkilməsi nəzərdə tutulur ki, bu da muxtar respublikanın Ermənistanın blokadasından çıxarılmasına və onun nəqliyyat müstəqilliyinin təmin edilməsinə səbəb olacaq.

Onu da qeyd edək ki, BTQ-nin istifadəyə verilməsi həm də Ermənistanın nəqliyyat izolyasiyasını gücləndirir. Ermənistan ölkəmizin təşəbbüsü və bilavasitə iştirakı ilə reallaşmış digər qlobal layihələr kimi BTQ dəmir yolu layihəsindən də kənarda qalıb və tranzit imkanlarının hər bir ölkənin iqtisadiyyatında mühüm rol oynadığı indiki vaxtda digər ölkələrin bu sahədəki nailiyyətlərini kənardan izləmək məcburiyyətindədir.

Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası xüsusi strateji əhəmiyyət daşıyır. Çünki bu dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amildir. Bu, həm də layihənin icrasında nadir əməkdaşlıq formatı göstərən üç ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı əlaqələrin strateji təzahürünü bütün dünyaya nümayiş etdirir. Ən əsası isə bu dəmir yolunun işə düşməsi regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfədir. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və böyük əməyi sayəsində reallığa çevrilən BTQ dəmir yolu xətti həm də ölkəmizin mühüm tarixi uğurudur.
 

yuxarı ⤴