1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“İş dəftəri”ndən (necə) istifadə olunmalıdır?
03.11.2017 / No42

 

 

 


Samirə Bektaşi: “Sinifdə “İş dəftəri”nin şagird sayına bərabər olması vacib deyil”

Niyazi RƏHİMOV

Məktəblərdə “İş dəftəri”ndən istifadə, bu vəsaitin alınması və digər bu kimi məsələlər əsas müzakirə mövzularından biri kimi maraq doğurur. Mövzunun aktuallığını nəzərə alaraq, “İş dəftəri” ilə bağlı məsələlərə aydınlıq gətirmək məqsədilə suallarımızı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinin direktoru Samirə Bektaşiyə ünvanladıq.

- Samirə xanım, əvvəlcə istərdik “İş dəftəri”nin yaranma və istifadə zərurəti barədə məlumat verəsiniz.

- “İş dəftəri”, adətən, ya dərslik müəllifləri, ya da peşəkar müəllimlər tərəfindən proqram və standartlar əsas götürülməklə tərtib edilir. Eyni zamanda, hər il müxtəlif nəşriyyatlar tərəfindən “İş dəftəri”, qiymətləndirmə vəsaitləri və s. hazırlanır.

“İş dəftəri”nin əhəmiyyətinə gəlincə, müasir tədris prosesi müəllim və şagirdlərin qarşısında yeni tələblər qoyur. Təhsildə yeni yanaşmalar, müxtəlif təlim texnologiyalarının tətbiqi, fənn standartlarının reallaşma səviyyəsinin, mövzunun qavranılmasının müxtəlif üsul və vasitələrlə yoxlanılması əlavə resurs, vasitə və vəsaitlərin hazırlanmasını zəruri edir. Bu baxımdan dərs prosesində keçilmiş hər hansı mövzunun şagird tərəfindən mənimsənilməsi səviyyəsini yoxlamaq məqsədilə “İş dəftəri”ndən istifadə etmək məqsədəuyğundur.

- Məktəblilər “İş dəftəri”ndən hansı qaydalar çərçivəsində istifadə edə bilərlər?

- “İş dəftəri” daha çox sinifdə istifadə olunmaq üçün nəzərdə tutulur. Müəllim diaqnostik qiymətləndirmə zamanı məktəblinin müvafiq mövzu ilə bağlı ilkin biliklərini üzə çıxarmaq, formativ qiymətləndirmə zamanı isə zəif və orta nəticə göstərən şagirdin geriliyini aradan qaldırmaq məqsədilə “İş dəftəri”ndəki tapşırıqlardan istifadə edə bilər.

- Məktəblilər “İş dəftəri”ni necə əldə etməlidirlər və bu vəsaitin hər bir şagirddə olması vacibdirmi?

- “İş dəftəri” məktəblilər tərəfindən könüllülük prinsipi əsasında alınmalıdır. Sinifdə “İş dəftəri”nin şagird sayına bərabər olması vacib deyil. Bir sinifdə az sayda “İş dəftəri”nin olması kifayət edir. Eyni zamanda, buradakı tapşırıqların hamısının yerinə yetirilməsi də məcburi sayılmır. “İş dəftəri”ndəki materiallardan şagirdə fərdi tapşırıq verib onun biliyinin qiymətləndirilməsi məqsədilə də istifadə oluna bilər.

Qeyd edək ki, əvvəllər “İş dəftəri” dərslik komplektinə daxil idi. Lakin sonradan müəyyən səbəblərdən “İş dəftəri” dərslik komplektinin tərkibindən çıxarıldı.

Onu da bildirim ki, bir sıra inkişaf etmiş ölkələrdə “İş dəftəri” dil və riyaziyyat fənləri üzrə dərslik komplektinə daxildir.

- Ümumiyyətlə, “İş dəftəri”nin materiallarının seçilməsi, çapı, qiyməti və digər belə məsələlər necə tənzimlənir?

- “İş dəftəri”nə material seçərkən dərsliklərdəki mövzular, standartlar, mövzunun mənimsənilməsinə birbaşa xidmət edən müxtəlif tapşırıq modelləri əsas götürülür.

“İş dəftəri”nin çapı nəşriyyatlar tərəfindən həyata keçirilir. Qiymət məsələsinə gəldikdə isə nəşr xərcləri əsasında nəşriyyat tərəfindən qiymət çıxarılır.

- Pedaqoji yanaşmaya əsasən “İş dəftəri” məktəblinin gələcək nailiyyətlərinə necə təsir edir?

- Demək olmaz ki, “İş dəftəri” şagirdin mütləq şəkildə gələcək nailiyyətini təmin edir. “İş dəftəri”ndə verilən tapşırıqlar məktəblinin daha çox mövzu ilə bağlı qazandığı biliyin yoxlanılmasına xidmət edir.

- Bəs, Təlimə Dəstək Mərkəzi “İş dəftəri”ndən istifadə və digər müvafiq məsələlərlə bağlı müəllimlərin fəaliyyətinin istiqamətləndirilməsi yönündə hansı işlər görür?

- Təlimə Dəstək Mərkəzi təkcə “İş dəftəri”ndən deyil, digər resurslardan və tədris vəsaitlərindən istifadə zamanı da müəllimlərə diqqətli olmağı, məsələlərə həssas yanaşmağı tövsiyə edir.

yuxarı ⤴