1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Vətənin müdafiəsi cəbhədəki əsgərimiz qədər tələbələrdən də asılıdır”
03.11.2017 / No42

 

 


Ramiz Hüseynov: “Tədrisi istehsalata birbaşa inteqrasiya edirik”

Nicat ABDULLAYEV

Son illər Azərbaycanda ali təhsilin keyfiyyətinin artırılması istiqamətində əsaslı işlər görülüb. Buna misal olaraq, Azərbaycan ali təhsil sisteminin dünya ali təhsil sisteminə uyğunlaşdırılmasını, həmçinin insan kapitalının gücləndirilməsi istiqamətində təhsilə dövlət qayğısını göstərmək olar. İqtisadiyyatın inkişafı ilə bağlı Strateji Yol Xəritəsində ali təhsilin, xüsusilə texniki ali təhsilin inkişafına dair konkret hədəflərin göstərilməsi isə bu sahədə işləri daha da sürətləndirib. Bütövlükdə ölkədə texniki sahəyə, sənayeyə yanaşma müsbət istiqamətdə dəyişib. Artıq ali təhsil sistemimiz milli silah mühəndisi yetişdirir. Özü də bu silah mühəndislərinin arasında qızlar da var.
Həmsöhbətimiz Azərbaycan Texniki Universitetinin xüsusi texnika və texnologiya fakültəsinin dekanı, dosent Ramiz Hüseynovdur.

- Ramiz müəllim, fakültənin yaradılmasını zəruri edən nə oldu?

- Xüsusi texnika və texnologiya fakültəsi 2011-ci ildə yaradılıb. Bu fakültənin təşkil olunmasını zəruri edən Müdafiə Sənayesi Nazirliyinin yaradılması və Azərbaycanın milli müdafiə kompleksinin qurulması oldu. Dövlət bizim qarşımızda məqsəd qoydu ki, biz, öz silahımızı özümüz istehsal etməliyik. Sənayenin inkişafına dair 2015-2020-ci illər üçün dövlət proqramına əsasən güclü müdafiə sənayesinin yaradılması istiqamətində mühüm layihələr icra olunub, 50-yə yaxın yeni istehsal sahəsi yaradılıb. Müdafiə Sənayesi Nazirliyi tərəfindən hərbi təyinatlı məhsullarla yanaşı mülkü məmulatların istehsalı da təşkil olunur və onların həcmi son illərdə iki dəfə artırılıb. Bütün bunlar üçün kadr potensialı lazımdır. Bu işlərin təşkili üçün yüksəkixtisaslı mühəndis kadrlar olmalıdır.

- Bildiyimizə görə, Azərbaycanda əvvəllər belə fakültə, ümumiyyətlə, müdafiə sənayesi üçün sistemli iş aparan elmi mərkəz olmayıb. Bu baxımdan yeni yaradılan fakültədə tədrisin təşkil edilməsi çətin olmadı ki?

- Əvvəllər bu, bir xəyal kimi görünsə də, Təhsil Nazirliyinin, Müdafiə Sənayesi Nazirliyinin və universitet rəhbərliyinin bu fakültəyə xüsusi diqqət göstərməsi bizim işimizi nisbətən asanlaşdırdı. Həmçinin Müdafiə Nazirliyi də müəyyən məsələlərdə bizə yardımçı olur. Məsələn, bizim tələbələr praktiki dərsləri mənimsəmək üçün Müdafiə Sənayesi Nazirliyi ilə yanaşı, Müdafiə Nazirliyinin nəzdində olan tədris laboratoriyalarından, istehsal müəssisələrindən də istifadə edə bilir. Müdafiə Sənayesi kompleksinin sifarişi ilə fakültə qarşısında bakalavriat və magistratura səviyyələri üzrə beş ixtisasda kadr hazırlığı vəzifəsi qoyulub. Bunlar, “Silah və silah sistemlərinin istehsal texnologiyası”, “Optotexnika”, “Pirotexniki vasitələrin texnologiyası”, “Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri” və “Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı” mühəndisliyi ixtisaslarıdır. Azərbaycanda dövlətə, dövlətçiliyə, vətənin müdafiəsinə qarşı böyük bir həssaslıq olduğu üçün tədrisin təşkilində nailiyyət əldə etmək mümkün oldu. Həm buradakı müəllimlər, həm də tələbələr nə işlə məşğul olduqlarını yaxşı anlayırlar. Fakültəyə qəbul olmuş tələbələr birinci semestrdə ulu öndər Heydər Əliyevin, Milli Qəhrəman Mübariz İbrahimovun məzarlarını və Şəhidlər xiyabanını ziyarət edirlər. Gəncliyin bugünkü həyatımızda, müharibə şəraitində yaşayan respublikamızın gələcəyində rolu müzakirə olunarkən universitetə qəbul ola bilməyib ordu sıralarında xidmət edən, vətən torpaqlarının keşiyində duran yaşıdları barədə danışılır. Onlar başa düşürlər ki, Vətənin müdafiəsi cəbhədəki əsgərimiz qədər onlardan da asılıdır. Bunun nəticəsini biz gördük. Fakültəmizin 2016-cı il məzunu Çingiz Qurbanov Vətənin müdafiəsi zamanı qəhrəmancasına şəhid oldu. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Çingizə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Bu, bizim üçün böyük fəxr olmaqla yanaşı, daha da çox işləməyimizə rəvac verdi. Bizim tələbələrimiz mütəmadi olaraq Azərbaycanın tarixi, dahi şəxsiyyətləri, Milli Qəhrəmanları, şəhidləri ilə bağlı tədbirlər keçirirlər, universitet tərəfindən hazırlanan sənədli filmlərə baxırlar. Universitetimizdə şəhidlərimizlə, Milli Qəhrəmanlarımızla bağlı sənədli filmlər hazırlanıb, onların xatirəsinə görkəmli yerdə abidə kompleksi yaradılıb. Bütün bunlar təlim-tərbiyəni dövlətçilik, vətənpərvərlik istiqamətində qurmağa kömək edir.

- Tələbələr bu missiyanın mahiyyətini anlayaraq fakültəni seçirlər, yoxsa burada aparılan tədris, təlim-tərbiyə onları bu istiqamətdə formalaşdırır?

- Deyərdim ki, hər ikisi. Universitetimizə qəbul olan ən yüksəkballı tələbələr bizim fakültəni seçir. Təbii ki, uğurumuz təkcə bununla bitmir, həmin tələbələr universiteti ən yüksək nəticələrlə başa vuran məzunlar olur.

Bu yaxınlarda Müdafiə Sənayesi Nazirliyi fakültənin təhsildə əldə etdiyi müvəffəqiyyətlərə görə Azərbaycan Texniki Universitetini və Təhsil Nazirliyinin rəhbərliyini təbrik etdi. İki il müddətində fakültəni beş ixtisas üzrə bitirmiş yüz altmış məzundan biri respublikanın Milli Qəhrəmanı olub, yüz otuz beş nəfəri müdafiə sənayesinin müəssisələrində mühəndis vəzifəsində çalışır. Əlli beş məzun müəssisədə işləməklə bərabər, həm də universitetdə ikinci növbədə magistratura səviyyəsində təhsilini davam etdirir. Sevindirici haldır ki, məzunlardan iki nəfəri Türkiyədə, bir nəfəri Avstriyada, bir nəfəri isə Norveçdə magistr təhsili alır. Fakültəmizdə əldə edilən bu nailiyyətlər dövlət dəstəyi ilə yanaşı, şəffaf təhsilin təşkili hesabına qazanılıb və bu ənənə davam etdiriləcək.

- Ramiz müəllim, necə düşünürsünüz, bu qədər uğurla hədəfləriniz bitibmi? Xüsusi texnika və texnologiya fakültəsi tamamilə istədiklərinə nail ola bilibmi?

- Hədəflər heç zaman bitmir. İnsan həmişə irəliyə can atır. Bu baxımdan biz də inkişaf, yeni uğurlar haqqında düşünürük və bu istiqamətdə konkret işlər görürük. Xarici ölkələrin bu sahədə olan universitetləri ilə əməkdaşlıq edirik. Bizim fakültə Rusiya müdafiə sənayesi üçün kadr hazırlayan 8 universitetin üzv olduğu Kalaşnikov telekonfransının həqiqi üzvüdür. Bu konfransda mütəmadi olaraq müdafiə sənayesində əldə olunan ən son texnoloji yeniliklər müzakirə olunur.

Həmçinin, tədrisin stimullaşdırılması üçün də bir sıra layihələrimiz var. Müdafiə Sənayesi Nazirliyinin qərarına əsasən hər ixtisas üzrə əla təhsil alan iki tələbəyə bakalavriat səviyyəsi üzrə 80 (səksən), magistratura səviyyəsi üzrə isə 100 (yüz) manat təqaüd verilir. Fakültədə bu təqaüdü almaq üçün tələbələr arasında sözün əsl mənasında rəqabət gedir. Hər semestr on tələbə bu təqaüdə layiq görülür.

Bundan əlavə, bizdə yaxşı ənənə formalaşıb. Hər bir tələbə fakültənin təbliğatçısına çevrilir. Tətil günlərində tələbələr doğma məktəblərində şagirdlərlə görüşür, fakültə haqqında bukletləri yayır, universitet barəsində məlumatlar verirlər. Bütün bu tədbirlərin nəticəsində fakültəyə qəbul zamanı minimal giriş balı müntəzəm olaraq hər il yüksəlir.

- Sizin fakültədə praktika nəzəriyyə ilə bərabər olmalıdır, ya da daha çox. Yəqin ki, təkcə sxemləri tərtib etməklə silah hazırlamaq olmaz. Siz müvafiq nazirliklərin bu işdə fakültənizə dəstəyini qeyd etdiniz. Göstərilən dəstək yetərlidirmi, tələbələrin praktik işini tam təşkil etmək mümkün olurmu?

- Tədrisdə tələbələrin istehsal müəssisələri ilə tanışlığına böyük diqqət yetirilir. Məqsəd tələbəni zavodla, mühəndisin rolu ilə tanış etmək, seçdiyi ixtisasa maraq oyatmaqdır. Bu maraq yaranmasa, tədrisdə yüksək nəticələr əldə etmək mümkün olmayacaq. Fakültənin tələbələrini müdafiə sənayesi zavodları ilə bərabər respublikanın bütün müasir istehsal sahələri, texnoparkları ilə tanış etməyə çalışırıq. Fakültənin tələbələri üçün bütün müdafiə sənayesi müəssisələrində əyani vasitələrlə təchiz olunmuş auditoriyalar yaradılıb. İstehsalat rəhbərləri ilə məsləhətləşmələr nəticəsində əlaçı tələbələr yay tətillərində günəmuzd dəzgahçı vəzifəsinə işə qəbul olunurlar. Alın təri ilə qazanılmış ilk əməkhaqqının tələbənin gələcək fəaliyyətində rolu əvəzolunmaz olur. Hər il istehsalat təcrübəsi olmasına baxmayaraq dördüncü kurs tələbələri zavodda texnoloq, konstruktor vəzifələrində, ikinci kursun əlaçı-zərbəçi tələbələri isə dəzgahda əməkhaqqı almaq şərti ilə işləyirlər. Bu imkanları tələbələrimizin gələcəyinə ümid bəsləyən müəssisə rəhbərləri yaradırlar. Daha sonra tələbələrimiz təhsilini başa vuran kimi universitet rəhbərliyi tərəfindən təşkil olunmuş və Müdafiə Sənayesi Nazirliyinin nümayəndələrinin də təmsil olunduğu komissiya tərəfindən müdafiə sənayesi komplekslərində mühəndis işi ilə təmin olunurlar. Onlar ixtisaslarına uyğun və könüllərincə olan işi və iş yerini seçirlər.

Xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz müəssisələrin yüksəkixtisaslı mühəndislərini tələbələrin buraxılış işlərinin rəhbəri olmaları üçün fakültəyə cəlb edirik. Onların bu işə cəlb olunmaları tədrisin istehsalata birbaşa inteqrasiyası hesab olunmalıdır.
 

yuxarı ⤴