1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Pedaqoji prosesdə səriştə və peşəkarlıq
03.11.2017 / No42

 
 

 

 


Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir

Yaqut ƏZİMZADƏ,
AMK tərkibində İncəsənət Gimnaziyasının ibtidai sinif müəllimi, Azərbaycan Təhsil İnstitutunun dissertantı

Bütün tarixi dövrlərdə görkəmli şəxsiyyətlər, dövlət adamları müəllimlik peşəsinə yüksək qiymət vermiş və müəllimliyi cəmiyyətin ən şərəfli peşəsi hesab etmişlər. Nizami Gəncəvi müəllimi günəşə, Mövlana Cəlaləddin Rumi yanar şama, dahi Füzuli gənc qəlbin memarına bənzətmiş, Nəsirəddin Tusi müəllimi elmin çırağı adlandırmışdır. Üzeyir Hacıbəyli bir məqaləsində yazır: “Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar”.

Bu müdrik fikirlər sırasında XX əsrin dahi şəxsiyyəti, böyük dövlət xadimi Heydər Əliyevin müəllimlik peşəsi haqqında dediyi sözlər öz xüsusi dəyəri, əhəmiyyəti və peşəyə verdiyi yüksək qiyməti ilə seçilir: “Mən yer üzündə müəllim adından yüksək bir ad tanımıram!”. Ulu öndərimiz Heydər Əliyev hələ 1980-ci illərdə ali məktəb işçilərinin respublika müşavirəsindəki nitqində yeni bir pedaqoji anlayış kimi səriştəli müəllim problemini irəli sürürdü. O, müəllimin peşəkarlıq səviyyəsinə, səriştəliliyinə yüksək qiymət verir və səriştəli müəllim obrazının keyfiyyətlərini göstərirdi: “…hər bir ali məktəb müəllimi gərək öz sahəsində səriştəli olsun, geniş ümumi məlumata, pedaqoji qabiliyyət və yaxşı vərdişlərə, mühazirə oxumaq, dərs demək, öyrətmək, tərbiyə etmək üçün bütün başqa zəruri keyfiyyətlərə malik olsun. Bunun üçün gərək hər bir ali məktəb müəllimi elmi biliklərdən əlavə, yaxşı nitq, dil qabiliyyətinə, natiqlik məharətinə, bütün başqa pedaqoji keyfiyyətlərə və vərdişlərə yiyələnsin ki, bütün bunlar üst-üstə ona həqiqətən yaxşı tərbiyəçi olmaq imkanı versin”.

Səriştəli müəllim modelinin məzmunu ulu öndərimizin bu müdrik fikirlərində öz əksini aydın şəkildə tapmışdır.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da səriştəli müəllim hazırlığı məsələlərinə xüsusi diqqət yetirilmişdir. Bu mühüm dövlət sənədində deyilir: “...təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Səriştə əldə olunmuş bilik və bacarıqları praktiki fəaliyyətdə effektiv və səmərəli tətbiq etmək qabiliyyətidir. O, şəxsin qazandığı bilik və bacarıqların konkret fəaliyyətin nəticəsinə çevrilməsini təmin edir. Səriştəyə əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha effektli xidmət göstərir”.

Dilimizdə səriştəlilik və səriştə anlayışları vardır ki, onlar müxtəlif məna daşıyırlar. Səriştəlilik müəllimin yerinə yetirdiyi funksiyanı tələb olunan, yüksək səviyyədə yerinə yetirməsi, onun hörmətli və nüfuzlu olmasıdır. Səriştələr isə müəllimin müxtəlif pedaqoji qabiliyyətlərə, müxtəlif müsbət keyfiyyətlərə sahib olmasıdır.

Səriştə elə bir qabiliyyət və bacarıqdır ki, o insanın səmərəli və yaradıcı işləməsinə imkan verir və nəticədə tələb olunan nəticəyə nail olunur.

Səriştəlilik - bu, artıq insanın xarakterik xüsusiyyətidir, bu onun vəzifəsi deyildir. Müəllimin gördüyü işin keyfiyyəti onun səriştəliliyi ilə ölçülür.

Səriştəlilik müəllimin şəxsi keyfiyyətlərindən çox asılıdır. Ona görə səriştəlilik - peşəkarlığa və şəxsi keyfiyyətlərə əsaslanır.

Peşəkarlıq müəllimin yalnız ixtisasını yaxşı bilməsi və öyrətməsi deyildir. Peşəkarlıq müəllimlik peşəsinin incəliklərini dərindən bilmək, pedaqoji situasiyanı əvvəlcədən görə bilmək, qiymətləndirmək və öz mövqeyini müəyyənləşdirmək və əsaslı arqumentlərlə mövqeyini müdafiə edə bilməkdir. Peşəkar müəllim yaradıcı fəaliyyət göstərir, cəmiyyətdə öz peşəsinin nüfuzunu, şərəfini daim yüksəldir, yetişdirdiyi tələbə və şagirdlərin bir şəxsiyyət, bir ləyaqətli insan kimi formalaşdırılmasında fədakarlıq göstərir.

Peşəkarlıq birdən-birə deyil, pedaqoji təcrübələr, vəziyyətlər, çalışmalar vasitəsilə damla - damla meydana gələrək inkişaf edir.

Səriştəliliyin meyarlarını şərti olaraq aşağıdakı kimi müəyyənləşdirə bilərik:

1. İxtisasına uyğun dərin bilik və bacarıqlara yiyələnmək və pedaqoji, psixoloji biliklərə sahib olmaq.

2. Bilik və bacarıqların genişliyi, ümumi dünyagörüşə sahib olmaq.

3. İctimai və pedaqoji vəzifələri tələb olunan səviyyədə yerinə yetirmək.

4. Öz işini səmərəli şəkildə planlaşdırmağı və təşkil etməyi bacarmaq.

5. Standart olmayan vəziyyətlərdə pedaqoji ustalıq və məharət tətbiq etmək.

6. Pedaqoji fəaliyyətini yaradıcı qurmaq.

7. Hər cür yeni şəraitə uyğunlaşmağı bacarmaq.

8. Pedaqoji prosesdə kompüter texnikasından, İKT-dən istifadə etməyi bacarmaq və bunu yetişdirmələrinə də aşılamaq.

Müəllimin səriştəliliyi bir-biri ilə sıx əlaqədə olan müəyyən komponentlərə malikdir ki, pedaqoji fəaliyyətdə, ictimai, gündəlik şəxsi işlərdə uğurla istifadə olunur:

- Müstəqil idrak fəaliyyəti ilə bağlı səriştəlilik.

- İctimai fəaliyyət prosesində səriştəlilik.

- İctimai - əmək fəaliyyətində səriştəlilik.

- Məişət sahəsində səriştəlilik.

- Mədəni-maarif və asudə vaxt mühitində səriştəlilik.

- Bilik və bacarıqların pedaqoji təcrübədə tətbiqi səriştəliliyi.

- Özünütəhsil və özünütəkmilləşdirmə səriştəliliyi.

- Tənqidi və yaradıcı təfəkkürün tətbiqi səriştəliliyi.

- Proqnozlaşdırma, layihələşdirmə, dəyərləndirmə bacarıqlarının səriştəliliyi.

- Pedaqoji prosesdə qarşıya çıxan problemləri həll etmək səriştəliliyi.

Səriştəli, peşəkar müəllimin fəaliyyətinin 5 növünü ayırmaq olar:

1. Tətbiqi səriştəlilik. Səriştəli müəllimin peşə fəaliyyəti onun ixtisasına dair dərin biliyə sahib olması və praktik fəaliyyətdə onu tətbiq etmək bacarığıdır.

2. Refleksiv səriştəlilik - müəllim kadrlarının peşəkarlıq səviyyəsinin yüksəldilməsinin mühüm şərtidir. Bu müəllimin peşə keyfiyyətinin bir göstəricisidir ki, bunun sayəsində yaradıcı iş, səriştəli fəaliyyət, səmərəlilik və məhsuldarlıq meydana gəlir.

Refleksiya latın sözü olub “reflexio”-dan gəlmədir və mənası “Geriyə baxmaq”, “Əks etdirmək” mənasını verir. Bu görülmüş işin nəticəsini görmək, onu hiss etmək, dəyərləndirmək və qiymətləndirməkdir. Refleksiya - özünə yönələn idrak prosesi, görülən işin təhlili, ağlın və daxili aləmin vəziyyətini müşahidə etmək və şəxsi mövcudluğa əsaslanan tədqiqatçılıq aktıdır. Refleksiyanın layihələşdiricilik, təşkilatçılıq, kommunikativlik, yaradıcı fikir, korrektə etmək funksiyaları vardır.

3. Sosial peşə səriştəliliyi müəllimin kollektivlə həmrəyliyi, şagirdlərlə “pedaqoji əməkdaşlığı”, onlarla düzgün ünsiyyət və münasibəti, ziddiyyətləri aradan qaldırma bacarığı, ictimaiyyət arasında hörmət və nüfuza malik olması, pedaqoji mədəniyyət və mərifətidir.

4. Müəllimin şəxsi peşə səriştəliliyi onun özünüifadə etmə, özünüinkişaf etdirmə və özünütəkmilləşdirmə bacarığıdır. Müəllimin öz işini planlaşdırmağı, layihələşdirməyi bacarması, müstəqil qərarlar çıxara bilməsi deməkdir.

5. Fərdi peşə səriştəliliyi müəllimin özünüidarəetmə, özünənəzarət bacarığına malik olmasıdır.

6. Ömür boyu peşəkarlıq və səriştəlilik davam etməli, peşə şərəfi qocalmamalı, ömür boyu müəllimlik peşəsi uca tutulmalıdır.

Bu cəhətdən peşəkarlığın inkişaf tendensiyası və səviyyələrini belə müəyyənləşdirmək olar:

* Peşəkarlığa qədər olan mərhələ. Bu, gənc müəllimin pedaqoji fəaliyyətə başladığı mərhələdir. Onun pedaqoji göstəriciləri, məhsuldarlığı hələ kifayətedici deyildir.

* Pedaqoji fəaliyyətə peşəkar yiyələnmə prosesi. Bu mərhələdə müəllimin pedaqoji fəaliyyəti müsbət qarşılanır.

* Peşəkarlığın yüksək mərhələsi. Buna pedaqoji ustalıq da demək olar. Bəzi pedaqoji ədəbiyyatımızda “Ustad pedaqoq” ifadəsi də işlənmişdir.

* Peşəkarlığın sonrakı mərhələsi. Burada müəllim-pedaqoq məsləhətçi, təcrübəli bir şəxs olaraq öz həmkarlarına, müəllim yoldaşlarına məsləhətlər verir, düzgün yol göstərir. Bu müasir pedaqoji yanaşmada “Fasilitator” yanaşmasıdır.

Müasir informasiya cəmiyyətində pedaqoji fəaliyyətə, təhsil prosesinə peşəkarcasına və səriştəli yanaşma tələb olunur. Bu gün pedaqoji səriştəlilik o deyildir ki, müəllim ixtisasını yaxşı bilir. Bu o deməkdir ki, qazanılmış biliyin real həyatda tətbiqinə nail ola bilir, yetişdirmələri arasında nüfuz qazanaraq onlarla fəal, xoş ünsiyyət və münasibət qurur, fərdlə münaqişə prosesində onun qarşısında durub haqlı olduğunu sübut etmək deyil, münaqişəni sülhlə həll edərək, razılığa gələ bilir.

Səriştəli müəllim yalnız diplomlu mütəxəssis deyil. O, həm də “Yaxşı əməkdaşdır”, “Təcrübəli yoldaşdır”, “Tərbiyəçidir”, “Yol göstərən”, “İstiqamət verən”, “Bələdçidir”. O, “Əməkdaşlıq pedaqogikası”, “Humanizm prinsipləri”nə uyğun olaraq fəaliyyət göstərir.

Səriştəli müəllimin mühüm bir keyfiyyəti onun fəal idarəçi olmasındadır. O, nəinki sinfin idarəçisidir, həmçinin məktəbin, cəmiyyətin idarə edilməsində fəal mövqe tutur və fəal iştirak edir. Müəllimin fəal idarəçiliyi onun peşə ustalığının, səriştəliliyinin bir göstəricisidir. O, ictimaiyyətlə, xüsusilə valideyn komitəsi və valideyn assosiasiyaları ilə sıx əlaqə saxlayır.

Ailə insani münasibətlərin ilk tərbiyə məktəbidir. Ailədə ilk əxlaqi təcrübə, fəzilət təşəkkül tapır. Ailədə uşaqlar yalnız tərbiyə almırlar, həm də onlar böyüdükcə övladlıq borclarını dərk edir, qocalmış valideynlərinə qayğı göstərməyin zəruriliyini anlayırlar. Ailədə tərbiyə prosesinin başlanğıcı və sonu yoxdur. Uşaqlar üçün onların valideynləri idealdır. Səriştəli müəllim müxtəlif tip ailələrlə iş aparmağa, valideynlərlə əlaqə saxlamağa, onlara müəyyən pedaqoji biliklər verməyə məcburdur.

Səriştəli müəllimin yüksək əxlaqi keyfiyyətlərə, milli - mənəvi zənginliklərə, bəşəri dəyərlərə sahib olması, ixtisasını dərindən bilməsi, öz yetişdirmələri ilə düzgün ünsiyyət və münasibətdə olması onun peşə kompetensiyasının əsasını təşkil edir. Təhsil Strategiyasında bu barədə deyilir: “...milli- mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli kadrlar hazırlamaq” təhsil işçilərinin qarşısına mühüm bir vəzifə kimi qoyulmuşdur.

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.
 

yuxarı ⤴