1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 19.05.2017


 

 
“Bu şad xəbəri atam mənə çatdırdı”
05.10.2016/№43

 

 


Bakı Ali Neft Məktəbinin(BANM) tələbəsi, Prezident təqaüdçüsü Nadir Sultanlı ilə söhbət

Sifai SƏFƏROVA, “Azərbaycan müəllimi”
s.seferova@muallim.edu.az

Nadir Sultanlı 1999-cu ildə Bakı şəhərində anadan olub. Paytaxtdakı “Ankara məktəbi” məktəb-liseyini bitirib. 7-ci sinfə qədər Heydər Əliyev adına liseydə təhsil alıb. Sınaq imtahanlarında 680-690 bal toplayan Nadir Sultanlı qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplayıb. Bakı Ali Neft Məktəbinin (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə qəbul olub.

- Niyə məhz I qrupu seçdin, valideynlərin səni başqa istiqamətə yönəltməyə cəhd göstərirdilərmi?
- Texniki fənlərə marağım böyük olduğu üçün həmişə bu qrup üzrə fənləri yaxşı oxuyurdum. İnanırdım ki, mən bu sahələrdə uğur qazana bilərəm. Düzdür, valideynlərim məni başqa istiqamətə yönəltmək, digər ixtisas qruplarına marağımı artırmaq, xüsusilə maliyyə, bank işi kimi ixtisaslara meyilləndirmək istəyirdilər. Lakin mən 10-cu sinifdə oxuyanda artıq BANM-də təhsil almaq haqqında fikrimi qətiləşdirdim.
- Qəbul imtahanına harada hazırlaşmısan?
- IX sinifdən “Zəka” kurslarında məşğul olmuşam.
- 700 bal toplayacağına əmindinmi? Bu şad xəbəri sənə ilk olaraq kim çatdırdı?
- Qəbul imtahanından çıxanda təxminən bilirdim ki, 700 balı toplamışam. Amma cavabları köçürəndə texniki səhvlər də edə bilərdim. Məlumdur ki, adam nə qədər özünə güvənsə də imtahan həyəcanından, imtahan xofundan yaxa qurtara bilmir. Şübhəsiz, 700 bal topladığımı eşidəndə çox sevindim. Bu şad xəbəri mənə atam çatdırdı. Həmin vaxt dostlarımla bir yerdə idim, onlar da mənim uğuruma sevindilər. Valideynlərimi sevindirmək və daha yaxşı nəticə göstərmək mənim üçün çox vacib idi. Onların ümidlərini doğrultmasaydım, mən özümü bağışlaya bilməzdim.
- Hansı müsabiqələrin qalibi olmusan?
- Ədəbiyyat fənni üzrə “Milli-mənəvi dəyərlərimiz” mövzusunda keçirilən müsabiqənin qalibi olmuşam və diplomla mükafatlandırılmışam.
- Səncə, sevdiyin ixtisası seçməkdə yanılmamısan ki?
- Xeyr. Bakı Ali Neft Məktəbində proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsi üzrə təhsil alıram. Məhz 700 balı toplamaq həvəsim də Bakı Ali Neft Məktəbinə daxil olmaq istəyimdən olub. Məncə, bu fakültəni seçməkdə yanılmamışam.
- Ailə üzvlərinizdən bu sahədə çalışan olubmu, yaxud varmı?
- Atam da mühəndisdir. Mənim bu sahəni sevməyimdə onun tövsiyəsi, əməyi az olmayıb. Seçdiyin peşəyə yiyələnmək qədər xoşbəxtlik, məncə ola bilməz. Bu mənada mən artıq özümü xoşbəxt sayıram.
- BANM-in əlaçı tələbələrindən biri ola biləcəksənmi?
- Təbii olaraq məqsədim BANM-ı əla qiymətlərlə bitirməkdir. 700 balı öz gücümə qazanmışamsa, bu arzumu da reallaşdırmağa gücüm çatacaq.
- Heç bir uğur asanlıqla qazanılmır, o cümlədən tələbə adını qazanmaq da?
- Düz buyurursunuz, hər bir uğurun təməli gərgin əmək, tükənməz enerji və zəhmətlə bağlıdır. Hər bir məzun tələbə adını qazanmaq üçün səylə çalışmalıdır. Vaxtını boş keçirməməlidir, oxumalıdır, yenə də oxumalıdır. Yuxarı siniflərdə təhsil alan şagirdlərin özlərinin sistemli şəkildə oxu cədvəli olmalıdır ki, vaxt bölgüsündə itkiyə yol verilməsin.
- BANM-in üstünlüklərini nədə görürsən?
- Bu ali təhsil ocağında olan üstünlüklər çoxdur. Təhsil ocağımızda ən böyük üstünlüklər ondan ibarətdir ki, biz tələbələr təhsil aldığımız müddətdə həm nəzəri, həm də praktiki biliklərə tam yiyələnirik. Burada bizim dünyagörüşümüz formalaşır, inkişaf edir, biz özümüzü dünyanın hər bir yerində çalışmağa qadir olan mütəxəssis kimi hazırlayırıq.
- Musiqi dinləməyi xoşlayırsanmı?
- Xalq mahnılarını, muğamları dinləməkdən zövq alıram. Mən muğamlarımızı analarımızın laylalarına bənzədirəm. Heç muğamdan da yorulmaq olarmı?
- BANM-da keçirilən tədbirlərdə iştirak edirsənmi?
- Bu günlərdə BANM-da II Elm Festivalı çərçivəsində elmi-ədəbi-bədii tədbir keçirildi. Tədbirə mən də qatılmışdım. Tələbələr şeirlər söylədilər, mahnılar oxudular və səhnəciklər nümayiş etdirdilər.

yuxarı ⤴