1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Üçrəngli bayrağınla...
09.11.2017 / No43


Tərtər rayonunda “Bayraq yürüşü”

Niyazi RƏHİMOV

Noyabrın 8-də Təhsil Nazirliyi Müdafiə Nazirliyi və “ASAN xidmət”lə birgə Tərtər rayonunda 9 noyabr-Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.

Milli atributlarımızın təbliği, gənclərdə vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə keçirilən yürüşdə Təhsil və Müdafiə nazirliklərinin rəhbər şəxsləri, millət vəkilləri, “ASAN xidmət”in əməkdaşları, hərbçilər, tanınmış ziyalılar, idmançılar, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak ediblər.

Yürüş başlamazdan əvvəl iştirakçılar Tərtər rayonunun mərkəzi meydanında ulu öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.

Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbiri giriş sözü ilə açaraq Azərbaycan dövlətinin və istiqlalının müqəddəs rəmzlərindən olan bayrağın milli kimliyimizin simvolu olduğunu vurğulayıb.

F.Qurbanov hər bir azərbaycanlının qürur duyduğu dövlət bayrağının tarixindən söz açıb, Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə hörmət, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Nazir müavini varlığımızı və gücümüzü dünyaya tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına və ölkə Prezidentinin rəhbərliyi altında buna nail olunacağına inamını ifadə edib.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, Dövlət Bayrağı Gününün qeyd olunması dövlətçilik tariximizin əlamətdar hadisəsidir. Son illər ölkəmizin artan nüfuzuna diqqət çəkən icra başçısı mötəbər idman yarışlarında, mədəni tədbirlərdə dövlət bayrağımızın tez-tez dalğalandığını vurğulayıb.

Millət vəkili Aydın Mirzəzadə “Bayraq yürüşü”nün keçirilməsini təqdirəlayiq hal kimi dəyərləndirib, üçrəngli bayrağımızın hər zaman yüksəklərdə dalğalanacağına əmin olduğunu qeyd edib: “Bu gün kimliyimizə, müstəqilliyimizə bağlı olan hisslər günüdür. Respublikanın hər yerində Bayraq Günü ilə bağlı çoxsaylı tədbirlər keçirilir. Sevindirici haldır ki, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi və “ASAN xidmət” belə tədbirlərdən birini cəbhə bölgəsində keçirmək qərarına gəlib. Tanınmış ziyalılar, gənclər, media işçiləri həmin yürüşdə iştirak edirlər. Bu tədbirləri respublikamızın bütün bölgələrində keçirmək lazımdır”.

Aprel döyüşlərində şəhid olan Raquf Orucovun oğlu Aqşin Orucov Bayraq Gününü xalqımızın qürur və şərəf günü kimi dəyərləndirib: “Bayrağımız bütün Azərbaycan xalqı üçün yüksəkdə durur. Xüsusən də torpaqlarımızın azadlığı uğrunda canını qurban verən, şəhid olan insanların ailəsi üçün. Sevinirəm ki, bayrağımız cəbhə bölgələrində dalğalanır. Bu, düşmənə göz dağı olmaqla bərabər, qələbəmizin uzaqda olmaması anlamına gəlir”.

Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, “ASAN Könüllüləri” və şagirdlər tərəfindən bayrağımıza həsr olunmuş şeir söylənilib, mahnı və rəqslər ifa olunub.

Tədbirdə Təhsil Nazirliyi adından hərbi hissəyə hədiyyələr təqdim edilib.

2000 nəfərdən çox iştirakçının qatıldığı yürüşün sonunda iştirakçılar xatirə fotosu çəkdiriblər.

Yürüşdən sonra təhsil nazirinin müavini Firudin Qurbanov Tərtər rayonu Qapanlı kənd tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb, onlarla söhbət edib və təhsil ocağına hədiyyələr təqdim olunub.

Yürüşdə iştirak edən əməkdaşımızla iştirakçılar bu möhtəşəm tədbirlə bağlı təəssüratlarını bölüşüb. Təhsil nazirinin müavini F.Qurbanov “Azərbaycan müəllimi”nə müsahibəsində bildirib ki, yürüşün əhəmiyyəti ondan ibarətdir ki, Təhsil Nazirliyi gənclərimizə bayraq sevgisini aşılayır: “Tarixin bütün dövrlərində bayraq Azərbaycan vətəndaşları üçün müqəddəs olub. Bu gün hər bir azərbaycanlının arzusu budur ki, bayrağımız işğal altında olan torpaqlarımızda dalğalansın. Mən inanıram ki, o gün uzaqda deyil”.

“Bayraq yürüşü”nün digər iştirakçısı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də tədbirin əhəmiyyətini yüksək dəyərləndirib və qeyd edib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə keçirilən bayraq yürüşü artıq ənənəyə çevrilib. Bu yürüşlər xalqımızın birliyinin, dövlət atributlarına, xüsusən də bayrağımıza olan sevgisinin bir nümunəsidir: “Cəbhə xəttinə yaxın ərazidə bayrağımızın dalğalanması düşmənə bir gözdağıdır. Bu yürüş sübut edir ki, xalqımız böyük ruh yüksəkliyi ilə müstəqil dövlətimizin keşiyində durur və duracaq”.

Xalq artisti, Azərbaycan Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlı bayraq yürüşündə iştirak etdiyinə görə qürür hissi keçirdiyini bildirib: “Bayraq millətin, dövlətin varlığının göstəricisidir. Bayraq - uğrunda şəhid olmaq üçün yaradılan bir zirvədir. İnsanlarımızın sevə-sevə bu yürüşdə iştirakı məni çox qürurlandırır. Arzu edirəm ki, bizdən sonrakı nəsillər də bayrağımızı qoruyub saxlasınlar və bayrağımız həmişə zirvələrdə dayansın. Belə bir tədbiri təşkil etdiyinə görə Təhsil Nazirliyinə xüsusi təşəkkürümü bildirirəm”.

Təhsil eksperti Sahlar Əsgərov belə yürüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirib. O, bu tədbirin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi önəm daşıdığını bildirib: “Bu gün çox gözəl bir gündür. Arzu edirəm ki, bayrağımız Kəlbəcərdə, Şuşada, Laçında və digər işğal olunmuş torpaqlarımızda dalğalansın”.

Yürüşdə iştirak edən sərbəst güləş üzrə üçqat dünya çempionu Hacı Əliyev bu gün çox qürurlandığını deyib. Bildirib ki, dünyanın mötəbər idman arenalarında bayrağımız qaldırılan zaman nə qədər fəxr edibsə, indi də o duyğuları yaşayır: “Yürüş zamanı böyükdən kiçiyə hər bir şəxsin gözündə sevinc hissi görünürdü. Bu məni daha da təsirləndirirdi”.

yuxarı ⤴