1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Rəqəmsal gələcəyin təhsili
09.11.2017 / No43

 

 

 


Süni intellekt bizə qalib gələ biləcəkmi?

Rüstəm QARAXANLI

Hər bir təhsilalanın son məqsədi cəmiyyətdə layiqli, daha doğrusu, həmin təhsilə və onun nəticələrinə uyğun yer tutmaqdır. Tibbi oxuyan sabahın həkimidir, hüquq tələbəsi hakim, vəkil, yaxud hüquq-mühafizə orqanlarının əməkdaşı. Peşə təhsili alan hansısa peşənin yiyəsi. Təhsil almaq istəməyən, ya da alan, amma ona barmaqarası yanaşan isə faktiki olaraq heç kim. Dünya buna doğru gedir. Düzdür, günümüzdə yüzlərlə uğur qazanmış tanınan sima var ki, normal təhsil almayıblar. Ancaq müasir dövrdə bu yolla cəmiyyətdə yer tutmaq ehtimalı gündən-günə çətinləşir.

İndi qarşımızda duran ən vacib sual heç də o deyil ki, təhsil alım, ya yox? Ali məktəb, yoxsa peşə təhsili? Qloballaşan, yüksək texnologiyaların dominantlıq etdiyi dünyada “Gələcək təhsil necə olacaq” və ya “Təhsili necə quraq ki, övladlarımıza sadəcə savad verməyək, həm də yüksək sürətlə inkişaf edən dünyadan geri qalmayaq” sualları daha aktual səslənir.

Biz, yoxsa süni intellekt?

Bir qrup tarixçilər hesab edirlər ki, Yer üzündə 6 növ insan olub. Onlardan biri - “Homo sapiens” digər 5 növü sıradan çıxarıb və planetimizin mütləq hakiminə çevrilib. “Homo sapiens”, yəni bizlər digər növ insanlarla yanaşı, yüzlərlə, minlərlə növ başqa canlıların da sonuna çıxmışıq. İri dinozavrlardan tutmuş elmə hələ də məlum olmayan, yaxud heç olmayacaq digər canlıların. Yuval Noy Harari “Sapiens. Bəşəriyyətin qısa tarixi” kitabında qeyd edir ki, insan oğlu hətta ibtidai silahlarla belə Yer üzündəki canlıların tən yarısını məhv etməyə müvəffəq olub. Başqa sözlə, biz insanlar tarixin və təbiətin ən güclü canlılarıyıq. Ancaq nədənsə yeniliklərdən hər zaman qorxur və ehtiyat edirik. Baxmayaraq ki, bu yeniliklərin yaradıcısı da özümüzük.
Söhbət nədən gedir? Elmi dairələrdə qızğın mübahisələr gedir ki, insan güclü və ağıllıdır, yoxsa yüksək texnologiyalar? Yaxud süni intellekt? Sadə dildə desək, biz, ya robotlar? Belə proqnozlar irəli sürülür və bunların çox ciddi əsaslandırılmaları da var ki, texnoloji inkişafın nəticəsi olaraq robotlar bizi vurub sıradan çıxaracaqlar. Bütün işlərə onlar sahib olacaq, biz isə belə demək mümkündürsə, bekar qalacağıq. N.Harari də hesab edir ki, insan yaxın onilliklərdə elə nailiyyətlərə malik olacaq ki, ən yaxşı halda tarixin arxa səhnəsinə keçəcək və ya öz sonuna səbəb olacaq. Bu, həqiqətənmi belədir?

6 yaşlı uşaq ən intellektual robotdan ağıllıdır

Dünyanın ən zəngin adamlarından biri, Çinin ən varlı vətəndaşı, “Alibaba Group”un yaradıcısı Cek Manın bu məzmunlu ehtimallara dair öz fikirləri var. Ma yüksək texnologiyaların əhəmiyyətini danmır və hesab edir ki, gələcək süni intellektindir.

Ancaq bu, heç də insanın sonu və ya işsiz qalması demək deyil. Yüksək texnologiyaların təsiri ilə dünya bazarını təsəvvür edilməyəcək dərəcədə dəyişikliklər gözləyir. Lakin buna baxmayaraq, “elektron iqtisadiyyat” gələcək nəslə də həyatda öz yerini tapmağa şərait yaradacaq. “Texnologiyaların insanları iş bazarından sıxışdırıb çıxaracağından narahat olmağa dəyməz. Bu problem özü öz həllini tapacaq. İnsanlar nəyə qadir olduqlarını yaxşı bilmirlər, ona görə də gələcəklərindən narahatdırlar”, - deyən Manın fikrincə, buxar maşını kəşf olunanda da insanlar işsiz qalacaqlarından qorxurdular. Ancaq sonra məlum oldu ki, bu kəşf yüzminlərlə insan üçün yeni iş yeri gətirib. “Əvvəllər deyirdilər ki, insanlar maşın kimi işləyirlər. İndi deyirlər ki, maşınlar insan kimi işləyir. Mənim fikrimcə, insan elə həmişə insan olaraq qalacaq”, - deyə iş adamı düşünür.

C.Ma hesab edir ki, istənilən inkişafın əsasını internet və rəqəmsal texnologiyalar təşkil edəcək. Ona görə də süni intellektlə müqayisə olunmağın, yaxud yarışa girməyin heç bir əhəmiyyəti yoxdur: robotlar onsuz da ağıllı çıxacaqlar, insan fəaliyyəti üçün isə yüzlərlə başqa sfera var. “Məncə təqribən 30 ildən sonra “Time” jurnalının ön səhifəsində hansısa şirkətin rəhbəri olan süni intellekt daşıyıcısının şəklini görəcəyik. Bunun nəyi pisdir ki? Onlar insandan dəqiqdirlər və digərləri ilə münaqişəyə səbəb olmurlar”, - deyən çinli iş adamı bununla belə, insanın hisslərə malik olması səbəbindən hər zaman öndə olacağını düşünür. Söhbət hansı hisslərdən gedir? Bu barədə az sonra. İndi isə diqqətimizi Çinin Tzyaotun Universitetinin reallaşdırdığı bir araşdırmanın nəticələrinə yönəldək.

Sözügedən ali təhsil ocağı süni intellektlərdən hansının daha ağıllı olduğunu aydınlaşdırıb. Bunun üçün olduqca mürəkkəb bir araşdırma həyata keçirilib. Belə ki, süni intellektin imkanlarını öyrənmək üçün 7 intellektual səviyyə işlənib hazırlanıb: 1-dən 6-cı sinfədək. Alimlərin fikrincə, dünyada sıfır səviyyəli sistem yoxdur, 6-cı sinif intellekt səviyyəsi isə “tanrıyabənzər sistem” ola bilər. O, sonsuza qədər yaradıcılıq imkanlarına malik təkamülün son nöqtəsi hesab ediləcək bir sistem olar. Bu alqoritmdən çıxış edən araşdırma müəllifləri süni intellekt daşıyıcılarının IQ reytinqini də tərtib ediblər. Oxucu aşağıda həmin reytinqin nəticəsi ilə tanış olacaq, ancaq göstəricilərdən şoka düşməmək məsləhətdir: süni intellektin ən ağıllısı çıxan “Google”un IQ səviyyəsi 6 yaşlı uşağın intellektual səviyyəsindən aşağı həddədir. İnanmırsınız? Baxın:

1. Google - 47,28;
2. Duer - 37,2;
3. Baidu - 32,92;
4. Sogou - 32,25;
5. Bing - 31,98;
6. Xiaobing - 24,48;
7. SIRI - 23,94.
Məlumat üçün qeyd edək ki, 6 yaşlı uşağın IQ göstəricisi 55,5-dir. Bu nə deməkdir? O deməkdir ki, robotlar müəyyən intellektual səviyyəyə malikdirlər, ancaq onların C.Manın dediyi kimi, insan oğlundan ağıllı olacaqları gün nə sabahdır, nə də biri gün.

Uşaqlara elə təhsil verin ki, işsiz qalmasınlar

C.Ma dünyanın ən aparıcı intellektual panelləri, konfrans və sərgilərdəki çıxışlarında təhsil problemlərinə geniş yer ayırır. Onun fikrincə, bu gün dünyanın heç bir ölkəsində təhsil müasir tələb və çağırışlara müvafiq təşkil olunmayıb. “Müxtəlif ölkələrin hökumətləri keçmişin kateqoriyaları ilə düşünməkdə davam edirlər. Biz hələ də təhsilə münasibətdə yeni reallıqlara cavab verməyən ənənəvi yanaşma tətbiq edirik. Bu yanaşma ilişib qalıb keçmişdə və biz uşaqları zavod, fabriklərdə işləmək üçün hazırlayırıq. Ancaq bilmirik ki, yaxın zamanlarda iş bazarında köklü dəyişikliklər baş verəcək”, - deyən iş adamı əmindir ki, bu yolla uşaqlarımız 30 ildən sonra işsiz qalacaqlar. “İndi Çin “Made in China” proqramına start verib. Tramp isə istehsalatı Amerikaya qaytarmaq istəyir. Bunların hamısı əbəsdir. Bir azdan nə “Made in China”, nə də “Made in USA” yazılı məhsullar olacaq. Bunları “Made in İnternet” əvəzləyəcək”, - deyə çıxışlarından birində bəyan edən Manın fikrincə, uşaqlarımızı “robotlar daha ağıllıdır”, “süni intellekt bizə qalib gələcək”, deyərək böyüdənlər səhvə yol verirlər. İnsanların elə xüsusiyyətləri var ki, onlardan texnologiyalarda heç vaxt olmayacaq: “Nə dəbdən düşmüş IQ (intellektual nisbət), nə də yeni EQ (emosional nisbət). Bizi süni intellektdən fərqləndirən LQ, yəni “məhəbbət nisbəti”dir. Bizim müdrikliyimiz, inamımız, ürəyimiz var. Maşınlarda bu yoxdur. Məhz bunlar imkan verəcək ki, maşınları biz idarə edək”.
Xatırlayırsınızsa, yuxarıda Manın insanı robotlardan həmişə fərqləndirəcək hissləri qabartdığını qeyd etmişdik. Həmin hisslər toplusu budur - LQ, yaxud “məhəbbət nisbəti”. “Sizə hörmət edilməsini istəyirsinizsə, LQ səviyyənizi qaldırın”, - deyə Ma vurğulayır.

Söhbət əslində nədən gedir? C.Ma gələcəyin yüksək texnologiyalara məxsus olduğunu bildirsə də, hesab edir ki, uşaqlara peşə öyrətmək lazımdır. Peşəyə yiyələnmək işə məhəbbət vasitəsilə mümkündür, bu məhəbbət isə robotlarda yox, insanlarda var.

Yeri gəlmişkən, ötən saylarımızda müxtəlif ölkələrin təhsil sistemlərini araşdırarkən də şahidi olduq ki, onlardan bir neçəsi (Sinqapur, Almaniya və b.) peşə təhsilinə olduqca ciddi önəm verirlər. Almaniyada hətta orta məktəblər proqramlarına görə peşə məktəbləri təəssüratını yaradırlar.

“Maşınlar elə işləri görməlidirlər ki, onları insanlar etmirlər. Bu yolla robotlar insanların əvəzi deyil, şərikləri ola bilərlər”, - deyən iş adamı xidmət sahəsinin inkişaf etdirilməsinin qatı tərəfdarıdır.

Yaxşı qiymətləriniz oldu, kifayətdir

C.Ma tək uğurlu iş adamı deyil, həm də gələcəyi görmə qabiliyyətinə malik dərin zəkalı müdrikdir. Ma şəxsi işini quranda internetin nə olduğunu bilmirmiş. Dediyinə görə, kompüterin klaviaturasına barmaqları ilə belə toxunmayıbmış. Hazırda 38 milyardlıq var-dövlətin sahibidir: “Öz oğluma dedim ki, sinifdə ən yaxşı oxuyan uşaqların “üçlüy”ündə olmaq lazım deyil. Orta savadın oldu, bəsdir. Məhz belə uşaqların öz maraq dairələri ilə məşğul olmağa, əlavə vərdişlər əldə etməyə vaxtları yaranır. Əgər Çin inkişaf etmək istəyirsə, ona çoxlu sayda kiçik və orta müəssisələr, başında bir rəhbər, təşəbbüslü idarəçilər durmuş şirkətlər lazımdır. Bu təşəbbüs də məhz həmin əlavə vaxtlarda qazanılır”.

“Biz uşaqlarımızı bizə öyrədilən kimi öyrətməməliyik. Biz yeni nəsli rəqəmsal texnologiyalar şəraitində əhatəmizdə olan reallıqları nəzərə alaraq gələcəyə hazırlamalıyıq”, - deyən milyarder düşünür ki, uşaqları kreativliyə öyrətmək lazımdır. Çünki yoxsulluq, xəstəliklər kimi qlobal problemlərin həlli kreativlikdədir. Dünyanı dəyişənlər dəyişikliklərə meyilli olmayan 50 yaşdan yuxarı insanlar deyil, dinamik, hər şeyi burada və indi həll etmək istəyən yeni nəsil olacaq.


CEK MA KİMDİR?

Əsl adı Ma Yun olan Cek Ma Çinin “Alibaba Group” şirkətinin yaradıcısı və Direktorlar Şurasının sədridir. Musiqiçilər ailəsində doğulub. Uşaqlıqda ingilis dilini təkmilləşdirmək üçün hər gün velosipedi ilə yaxın şəhərdəki otelə gedib turistlərlə ünsiyyət qururmuş, onlar üçün pulsuz bələdçi işləyirmiş. İki dəfə ali məktəbə imtahanlardan kəsilib, üçüncü dəfə Xançjou Pedaqoji İnstitutuna daxil olub. 1988-ci ildə təhsilini başa vurub, sonra elə burada da ayı 12-15 dollara dərs deyib. Dəfələrlə KFC fast-fud şəbəkəsinə işə düzəlmək istəyib, ancaq müvəffəq olmayıb.

1995-ci ildə o, bir ticarət nümayəndə heyəti ilə tərcüməçi kimi Sietlə gedib, burada internet və “Yahoo” axtarış sistemi ilə tanış olub. Axtarış sistemində Çin barədə heç bir məlumat görə bilmədikdən sonra şəxsi internet-sistemini yaratmaq qərarına gəlib. Həyat yoldaşı və dostlarının köməyi ilə ilkin kapitalı 2000 dollar olan internet-şirkəti yaratmağa müvəffəq olub: “Şirkət işə düşən ilk günü hamını evimizə topladım. Səhifənin yarısı açılanadək yemək yedik, televizora baxdıq, kart oynadıq. Ancaq mən hamıya sübut etdim ki, internet mövcuddur!”. 3 illik fəaliyyətdən sonra Manın təmiz gəliri 800 min dollar olub. Hazırda milyardlara malikdir, ancaq bu barədə deyir: “Bu pullar mənim olsa da, onların sahibi mən deyiləm”.


SİTATLARI

İş barədə: “Dünya o qədər gözəldir! Nəyə görə mən həmişə “Alibaba”nın rəhbərliyində olmalıyam? Mən bu dünyaya işləmək üçün gəlməmişəm. Mən kabinetimdə ölmək istəmirəm. Mən çimərlikdə ölmək istəyirəm”.

Tarazlıq barədə: “Ağıllı insanlara ağılsız rəhbərlik etməlidir. Komandada çoxlu sayda alim olanda onların qabağında bir kəndlinin getməsi lazımdır. Onun fərqli düşüncə tərzi var. Komandanızda dünyaya fərqli yöndən baxan şəxsin olması qələbənizin açarıdır”.

Uğur barədə: “Əgər Cek Ma uğur qazanıbsa, bunu insanların 80%-i də edə bilər. Mənim nə varlı atam olub, nə də hökumətdə məmur dostlarım”.

Cəhdlər barədə: “Mən işə qəbul barədə ərizələr yazırdım və 30 dəfə rədd cavabı aldım. Hətta KFC-yə getdim. Bu şəbəkə Çində işə düşəndə 24 nəfər sənəd verdi, 23-ü qəbul olundu, bir məndən başqa. On dəfə Harvard Universitetinə sənəd vermişəm və hamısında rədd cavabı almışam. Sonra dedim ki, vaxt gələcək, mən burada dərs deyəcəyəm”.

Sitatlar barədə: “İnsanlar mənim bir saatlıq çıxışımdan cəmi bir cümlə götürürlər və o cümlə də başlığa çevrilir. Bu, bədbəxtlikdir, ancaq öyrəşmişəm”.
 

yuxarı ⤴