1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
AzMİU ilə “AzerGold” əməkdaşlıq memorandumu imzalayıb
09.11.2017 / No43

 
 

 

 


Müəssisə tələbələrin istehsalatla əlaqələrinin möhkəmləndirilməsinə dəstək olacaq

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) arasında əməkdaşlıq memorandumu imzalanıb. İmzalanma mərasimində “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zakir İbrahimov, cəmiyyətin əməkdaşları, AzMİU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də media nümayəndələri iştirak edib.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tədbir iştirakçılarını salamlayaraq cəmiyyətin rəhbəri başda olmaqla “AzerGold”un əməkdaşlarını universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor “AzerGold”un yeni yaranmasına baxmayaraq, bir sıra uğurlu layihələrə imza atdığını, ölkəmizin, iqtisadiyyatın inkişafı üçün mühüm işlər gördüyünü qeyd edib. Rektor çıxışında cəmiyyətin rəhbəri Z.İbrahimovun “Təmiz şəhər” ASC-yə rəhbərlik etdiyi dönəmdən AzMİU ilə işgüzar münasibətlər qurduğunu, əməkdaşlıq etdiyini yada salıb”. Biz Zakir müəllimi “Təmiz şəhər”ə rəhbərlik etdiyi dönəmdən tanıyırıq. Həmin vaxt bu şirkətlə əməkdaşlıq müqaviləsi bağladıq, faydalı əlaqələr qurduq, universitetimizdə “Təmiz şəhər” mərkəzi açıldı. Ekologiya mühəndisliyi ixtisasında təhsil alan tələbələrin biliklərinin artırılmasında, praktiki bacarıqlarının inkişafında bu mərkəzin rolu böyükdür.

Qoyulan ənənəyə uyğun olaraq bu gün də “Təmiz şəhər”in mütəxəssisləri bizim tələbələrlə işləyir, onların təcrübələrinin təşkilinə kömək edir, ustad dərsləri, təqdimatlar hazırlayırlar. Mən inanıram ki, “Təmiz şəhər”də başlayan bu dostluq, əməkdaşlıq bu qurumda da uğurla davam etdiriləcək, tələbələrimiz üçün çox faydalı layihələr həyata keçirəcəyik”.

Təhsilin inkişafının dövlətin təhsil siyasətinin prioriteti olduğunu vurğulayan G.Məmmədova ali məktəblərin istehsalat müəssisələri ilə əməkdaşlığının bu inkişafa dəstəyin təsdiqi kimi qiymətləndirib. O, bugünkü görüşün cəmiyyətlə əməkdaşlığın hər iki tərəfə böyük xeyir verəcəyinə ümidvar olduğunu bildirib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov AzMİU ilə əməkdaşlığın rəhbərlik etdiyi başqa bir təşkilatda davam etdirilməsinin təsadüfi olmadığını diqqətə çatdırıb. O vurğulayıb ki, ölkəmizin ali təhsil müəssisələri içərisində müasir baxışları və tədrisin keyfiyyəti ilə seçilən universitetlə əməkdaşlıqda maraqlıdırlar. Eyni zamanda istehsalat müəssisəsi olaraq istehsalat üçün kadrlar hazırlayan universitetlərdə təhsilə və elmi-texniki inkişafa, tələbələrin istehsalatla əlaqələrinin möhkəmləndirilməsinə dəstək olmaq istəyirlər. Qeyd edilib ki, eyni zamanda bu əməkdaşlığın məqsədi gələcək mütəxəssislərin ixtisas biliklərinin artırılması, istiqamətləndirilmiş təhsil, elm, istehsalat və birgə təhsil proqramları sahəsində qarşılıqlı maraq doğuran fəaliyyətin yaradılmasıdır. Z.İbrahimov ümidvar olduğunu bildirib ki, bu əməkdaşlıq hər iki tərəf üçün əhəmiyyətli olduğu qədər ölkədə dağ-mədən hasilatı sahəsinin inkişafına da müsbət təsir göstərəcək.

QSC-nin fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verdikdən sonra Z.İbrahimov memorandumun müddəalarından danışıb. Məlum olub ki, razılaşmaya əsasən, AzMİU cəmiyyət üçün mədənçıxarma sənayesinin inkişafına və bu sənaye ilə əlaqədar infrastruktur layihələrin icrasına cəlb olunacaq müasir tələblərə cavab verən ixtisaslı mütəxəssislərin hazırlanmasına dəstək göstərəcək. Bunun üçün universitetin təhsil prosesinə QSC mütəxəssislərinin cəlb edilməsi, birgə simpozium və konfransların təşkil edilməsi, müvafiq ixtisas üzrə təhsil alan 2 və 4-cü kurs tələbələrinin “yay məktəbi” proqramı çərçivəsində “AzerGold” ASC-də təlimlər keçmələri və s. nəzərdə tutulub.

Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

yuxarı ⤴