1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Dil, media və zaman”
09.11.2017 / No43

 
 

 

 


Dilimizin aktual problemləri ilə bağlı müzakirələr aparılıb

Bakı Slavyan Universitetində (BSU) Azərbaycanşünaslıq elmi-tədqiqat laboratoriyasının təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Dövlət dilinin KİV-də istifadəsi sahəsində problemlərin müzakirə edilib çıxış yolları axtarılması və problemlərin həlli istiqamətində təkliflərin hazırlanması barədə” tapşırığının icrası ilə əlaqədar olaraq “Dil, media və zaman” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransı giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva ana dili ilə bağlı mövzunun peşəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün həyati önəm kəsb etdiyini bildirib. O, ümummilli lider Heydər Əliyevin Azərbaycan dilinə xüsusi qayğı ilə yanaşdığını, dilimizin inkişafı sahəsində bir çox ciddi addımlar atdığını deyib. N.Əliyeva ulu öndərin “Azərbaycan dili” adının bərpası istiqamətində gördüyü işləri də xatırladıb. Rektor ümummilli liderin 2002-ci ildə “Dövlət dili haqqında” Qanunun hazırlanıb qəbul edilməsi sahəsində göstərdiyi fəaliyyəti xüsusi vurğulayıb. O, ümummilli lider Heydər Əliyevin dövlətçilik prinsiplərini inamla davam etdirən Prezident İlham Əliyevin də bu məsələyə xüsusi diqqət yetirməsini milli-mənəvi dəyərlərimizə qayğının bariz nümunəsi kimi dəyərləndirib. Rektor bildirib ki, ana dilimizin inkişafı, onun nöqsansız şəkildə formalaşması istiqamətində təbliğat və təşviqat işlərinin aparılması günümüzün aktual məsələlərindən birinə çevrilib. O, gənclərə müraciətində dünyanın aparıcı dillərinin öyrənilməsi ilə yanaşı, öz dilimizin də təmiz, nöqsansız mənimsənilməsinin vacibliyini vurğulayıb.

Nurlana Əliyeva dünyanı Azərbaycana gətirən reklamlarda işlənən əcaib sözlərə də toxunub. O, reklam dilinə nəzarətin günün önəmli məsələsi olduğunu deyib. BSU rektoru daha sonra qeyd edib ki, bir sıra mətbuat orqanlarında dil normalarının pozulması adi hal alıb, bəzi jurnalistlərin qeyri-peşəkar səviyyədə televiziya kanallarında və radio vasitəsilə cəmiyyətə dil qaydalarını düzgün şəkildə çatdırmaması dilimizin korlanmasına səbəb olur. Müasir Azərbaycan gəncliyini bu məsələ ilə bağlı fəal olmağa səsləyən rektor çıxışının sonunda belə tədbirlərin davamlı olacağını qeyd edib.

Mövzu ilə bağlı çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov dilin xalqın təfəkkürünün inkişafında xüsusi rol oynadığını diqqətə çatdırıb. Ana dilindən istifadə sahəsində nöqsanların olduğunu dilə gətirən Ə.Amaşov informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi bir dövrdə qanunvericilik tələblərinə riayət edilməsinin vacibliyini deyib.

Tədris işləri üzrə prorektor, professor Telman Cəfərov “Cəmiyyət və təhsilin inkişafında ana dili amili” mövzusunda məruzə edib. Professor təhsildə ana dilinin inkişafı ilə bağlı məsələyə toxunaraq bu istiqamətdə Bakı Slavyan Universitetində görülən işləri nəzərə çatdırıb.

Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri, professor Rüstəm Kamal “Müasir dil situasiyası və Azərbaycan ədəbi dilinin inkişaf təmayülləri” barədə çıxış edərək ortada ciddi problemlərin olduğunu, bir çox hallarda hətta rəsmi strukturlar tərəfindən dil normalarının kobud şəkildə pozulduğunu bildirib.

Müasir Azərbaycan dili kafedrasının müdiri, professor İkram Qasımov reklamların dilində yol verilmiş qüsurlardan danışıb.

Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd “Azərbaycan dili- etnik kimliyimizin atributu kimi” adlı məruzəsində milli şüurun və milli kimliyimizin formalaşmasında ana dilimizdən olan sözlərin etnik cəhətdən düzgün araşdırılmasının vacibliyindən söz açıb.

Məlum olduğu kimi, dil sahəsindəki ciddi problemlərdən biri də televiziya kanallarında nitq mədəniyyətinin kobud şəkildə pozulması ilə bağlıdır. Jurnalistika kafedrasının müdiri, dosent Şəlalə Həsənova “Milli televiziya kanallarında ədəbi dil normalarının vəziyyəti” adlı məruzəsində bu məsələnin üzərində geniş dayanıb.

Sonra AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Kərimli çıxış edərək Azərbaycan dilinin lüğət tərkibinin düzgün istifadəsi məsələsinə toxunub. Akademik T.Kərimli bildirib ki, Azərbaycan dili o qədər zəngin dildir ki, bu dildə alınma sözlərə ehtiyac yoxdur. O, dilimizdə bütün alınma sözlərin öz qarşılığının olduğunu nəzərə çatdıraraq dillə bağlı məsələnin AMEA-nın təkcə humanitar institutlarında deyil, texniki institutlarında da müzakirəyə qoyulduğunu deyib.

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğət şöbəsinin müdiri, professor İsmayıl Məmmədli Prezident İlham Əliyevin ana dili ilə bağlı apardığı siyasət nəticəsində Azərbaycan dilinin inkişafı məsələsinin daim gündəmdə olduğunu söyləyib.

Sonda çıxış edən ADPU-nun Azərbaycan dilçiliyi kafedrasının müəllimi, filologiya elmləri doktoru Həcər Hüseynova Azərbaycan dilinin əruz vəznində gözəl poetik nümunələr yaratmaq qüdrətindən danışıb.
Konfransın sonunda Azərbaycan dilinin aktual problemləri ilə bağlı təkliflər müzakirə edilib və onların rəsmi qurumlara göndərilməsi qərara alınıb.

yuxarı ⤴