1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Təhsildə keyfiyyət ili
Məktəbdə rəqabət mühiti formalaşdırılmalıdır
09.11.2017 / No43

 

 

 


Məktəbdaxili rəhbərlik və nəzarət sisteminin müasir tələblərə uyğun qurulması

Zərxanım ƏHMƏDOVA,
Yevlax şəhər S.Vurğun adına 5 nömrəli tam orta məktəbin direktoru, “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi

Təhsilə tələbat yüksəldikcə təhsilin strateji məqsəd və hədəfləri də dəyişməkdədir. Təhsil sahəsində, onun mühüm komponentlərindən biri olan idarəetmədə pərakəndə işlər aradan qaldırılmalı, köhnə stereotiplərdən imtina edilməli, innovasiyalara geniş meydan verilməlidir. Təsadüfi deyildir ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda “Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik dövlət ictimai xarakterli və dövlət biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması” əsas hədəflərdən biri kimi qeyd olunub. Məktəbin idarəolunmasının yeni tələblərə uyğun olaraq təkmilləşdirilməsi fəaliyyətlərin elmi qaydada planlaşdırılmasını zəruri edir. Keyfiyyətli idarəetmə məktəbdə bütün fəaliyyət sahələrinin və strukturlarının düzgün və səmərəli planlaşdırılmasından xeyli dərəcədə asılıdır. Məktəb işinin planlaşdırılması optimal olmasa, məktəbin idarəolunması əsl mahiyyətini itirməklə pərakəndə prosesə çevrilər ki, bu da strateji məqsəd və hədəflərin müəyyənləşdirilməsinə mənfi təsir göstərmiş olar. İdarəetmə, məktəbdaxili rəhbərlik və nəzarət işi planlaşdırma ilə vəhdət təşkil etməlidir. Ona görə də ənənəvi forma, metod və məzmundan imtina edilməli, yeni şəraitə uyğun hədəflər seçilməlidir.

Məktəbdə planlaşdırma (indi bu, məktəbin fəaliyyət planı adlanır) işində formalizmin qarşısını almaq üçün ilk növbədə hesabatlılıq prinsipinə əməl olunmalıdır. Əgər hesabatlılıq təmin olunmursa, icraya məsul olan fəaliyyətlərin və strukturların məsuliyyət dərəcəsi azalır ki, nəticədə idarəetmə və planlaşdırmanın vəhdəti pozulur.

Səmərəli planlaşdırma təhsilin məqsəd və vəzifələrinin normativ sənədlər və aktlar əsasında həyata keçirilməsi üçün bir vasitə və mexanizmdir. Planlaşdırma yaradıcı forma və məzmunda işlənib hazırlanmalı, nəzərdə tutulan tədbirlər yaradıcı şəkildə icra olunmalıdır. Məktəbin fəaliyyət planı o zaman səmərə verə bilər ki, nəzərdə tutulan tədbirlərin icra mexanizmləri effektli olsun.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 3 iyun tarixli 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumtəhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)” sənədində ümumi təhsilin idarə olunmasının aşağıdakı prinsipləri müəyyənləşdirilmişdir. “Hesabatlılıq, məsuliyyətin bölüşdürülməsi, inkişafın monitorinqi, nəticəyonümlülük, inkişafyönümlülük, məqsədlərin dəqiqliyi, optimallıq, əhatəlilik”. Bu prinsiplər həm varislik, həm də vəhdət təşkil etməklə bir-birini tamamlayır.

Məktəbin fəaliyyət planı

Məktəbin fəaliyyət planları (illik, aylıq və s.) hazırlanarkən bu prinsiplər nəzərə alınmalıdır. Məktəbdaxili rəhbərlik və nəzarət sisteminin qeyd olunan prinsiplər əsasında qurulması üçün kollegiallıq təmin edilməli, məktəbin bütün strukturlarının keyfiyyət fəallığı artırılmalı, idarəetmənin sistemi yaradılmalıdır. Ona görə də “Kim nə iş görür” kimi ənənəvi idarəçilikdən, “Kim necə iş görür” idarəetmə prinsiplərinə üstünlük verilməsi tələbləri bir zərurətə çevrilir. Məktəbin fəaliyyət planı məktəbdəki real mühiti, infrastruktur nəzərə alınmaqla, potensial aşkara çıxarılmaqla, icra mexanizmləri və məsuliyyəti müəyyənləşdirilməklə tərtib olunmalıdır.

Məktəbin fəaliyyət planı hazırlanarkən ümumi məsələlər (icbari təhsilin təmin olunması, siniflərin komplektləşdirilməsi, I-X siniflərə şagird qəbulu, dərs bölgüsü, sinif, dərnək, hesabat formalarının hazırlanması, məktəb metodşurasının təşkili və s.) istisna olmaqla tədris ili ərzində fəaliyyətlərin əsasını təşkil edən məsələlərə reallıqdan yanaşılmalı və nəzərdə tutulan tədbirlər problemlərin və strateji məqsədlərin həllinə yönəldilməlidir. Ona görə də fəaliyyət planında tədbirin məqsədi, tədbirdən gözlənilən nəticələr və gözlənilən nəticələrin əldə olunması vəziyyəti qrafaları nəzərdə tutulmalıdır.

Məktəb işinin planlaşdırılmasının həm elmi, həm də təşkilati bazası olmalıdır. Bu isə məktəbə funksional rəhbərlik məsələlərini ön plana çəkir. İlk növbədə, məktəb direktoru ilə müavinləri arasında səmərəli və effektli iş (vəzifə) bölgüsü aparılmalıdır. Müasir dövrün məktəbində fəaliyyət planı hazırlanarkən aşağıdakılara diqqət yetirilməlidir:

1.Tədris ili ərzində innovasiyaların tətbiqini nəzərdə tutan tədbirlər. 2.Şagird və müəllim nailiyyətləri və hədəfləri. 3.Təlimin keyfiyyətinin yüksəldilməsi istiqamətləri üzrə gözlənilən nəticələr. 4.Məktəbin nailiyyət hədəfləri, gözlənilən nəticələr və ümumi göstəricilər. 5.Hesabatlılıq.
Fəaliyyət planı elə hazırlanmalıdır ki, tədris ili ərzində şagirdlərin və müəllimlərin nailiyyətləri yalnız sinif jurnallarındakı qiymət göstəriciləri ilə məhdudlaşdırılmasın, onların tədris ili ərzindəki fəaliyyətlərinin əsas göstəricilərini özündə əks etdirsin.

Səriştəli müəllim potensialının yaradılması

“Strategiya”nın əsas hədəflərindən biri səriştəli müəllim potensialının yaradılmasıdır. Məktəbin Fəaliyyət planı hazırlanarkən bu hədəf nəzərə alınmalı, fənn müəllimləri ilə aparılacaq iş formaları və nailiyyət hədəfləri reallıga uyğun olaraq müəyyənləşdirilməlidir. Fənn müəllimlərinin nailiyyət hədəflərini təxmini olaraq aşağıdakı qaydada müəyyənləşdirmək olar.

1.Tədris ili ərzində dərs dediyi siniflərdə BSQ-nin nəticələri. 2.Şagirdlərinin fənn olimpiadalarında, müsabiqə, bilik yarışmaları, buraxılış imtahanlarında, ali məktəbə qəbulda nəticələri. 3.Dərslik və dərs vəsaiti müəllifi olması. 4.Mərkəzi mətbuatda məqalələrlə və elmi-praktik konfranslarda (məktəb, rayon, respublika) məruzə ilə çıxış etməsi. 5.Dərs ili ərzində aldığı sertifikatlar. Layihələşdirmə işlərində iştirakı. 6.Treninq və seminarlarda iştirakı və ya dərs deməsi. 7.“Açıq dərs”ləri (məktəb, rayon, respublika). 8.Müsabiqələrdə iştirakı. 9.Dərs ili ərzində təltifləri. 10.İş təcrübəsinin öyrənilməsi və yayılması. 11.İKT bacarıqları və s. Göstərilən meyarlar əsasında tədris ilinin sonunda fənn müəllimlərinin reytinq cədvəlinin tərtib edilməsi məqsədəuyğun olardı.

Məktəbin fəaliyyət planı hazırlanarkən təlim və onun keyfiyyətinin yüksəldilməsi məsələlərinə xüsusi diqqət yetirilməli, fənn müəllimləri ilə iş ön plana çəkilməlidir. Təlimin əsas təşkilat forması dərs, müəllimin əsas vəzifəsi 45 dəqiqəlik dərsin təşkilidir.

Müəllimin fəaliyyətinə münasibət ciddi şəkildə dəyişdirilməli, dərsdinləmələri kimi ənənəvi metod və termindən imtina edilməli, meyarlara üstünlük verilməli və 45 dəqiqəlik dərsin qiymətləndirilməsi mexanizmləri dəqiqləşdirilməlidir.

“Strategiya”da deyilir: “Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün təhsil sahəsində monitorinq, keyfiyyət və fəaliyyət göstəriciləri sistemi inkişaf etdirilməlidir”.

Məktəbdaxili rəhbərlik və nəzarət sisteminin formalaşması, müəyyən edilmiş hədəflərin reallaşmasında yeni mexanizmlərin yaradılması zərurəti ortaya çıxmışdır.

45 dəqiqəlik dərsin qiymətləndirilməsi

Yeni mexanizm isə qiymətləndirmədir. Müəllim nailiyyətlərinin əsas hədəflərindən biri olan 45 dəqiqəlik dərsin qiymətləndirilməsi məktəb ekspertləri tərəfindən reallaşdırılmalıdır. Məktəb direktoru hər bir dərs haqqında ekspert rəyinə malik olmalıdır. Ona görə də dərsin qiymətləndirilməsi meyarları tərtib olunmalıdır.

1.Mövzu ilə bağlı maraqlı və orijinal formanın seçilməsi. Gözlənilən nəticələrin əvvəlcədən müəyyənləşdirilməsi. 2.Dərsin təchizi. Əyaniliyin təmin olunması, İKT-dən istifadə vəziyyəti. 3.Mövzu ilə bağlı problemin qoyulması və şagirdlərin (qrupların) onun həllinə cəlb edilməsi. Dərsdə şagirdlərin idrak fəallığının təmin edilməsi. 4.Şagirdlərdə (şagirdlərlə) həssas ünsiyyət və əməkdaşlığın yaradılması (müəllimlər bələdçi, şagirdlər tədqiqatçı rolunda) 5.İnteraktivlərdən məqsədyönlü, mövzuya uyğun şəkildə istifadə olunması. 6.Dərsin tərbiyəedici, inkişafetdirici və öyrədici xarakterdə olması. 7.Mövzu ilə bağlı şagirdlərə həyati bacarıqların aşılanması. 8.Şagirdlərə fərdi və diferensial yanaşmanın təmin olunması, onların müstəqilliyinə və təşəbbüskarlığına şərait yaradılması. 9.Tədris olunan mövzunun dərs prosesində mənimsədilməsi. 10.Mövzu ilə əlaqədar qiymətləndirmə meyarlarının seçilməsi. 11.Ev tapşırığı (layihənin) icra vəziyyətinin yoxlanılması. 12.Təlim vaxtının optimal bölüşdürülməsi.

Nəzərə almaq lazımdır ki, meyarlar əsasında ekspert qiymətləndirməsi almış (hər meyar 0-dan 10 baladək) 45 dəqiqəlik dərs səriştəli müəllim potensialının formalaşmasına yardımçı ola bilər.

Tədris ili ərzində məktəb ekspertləri azı 2 dəfə direktora və məktəb metodşurasına hesabatlar təqdim etməlidirlər. Məktəbin fəaliyyət planında konfransların, seminarların, treninqlərin, bilik yarışlarının, müsabiqələrin, rollu oyunların, oxucu konfranslarının, disputların, diskussiyaların, “dəyirmi masa”ların keçirilməsinin ayrıca bölmədə öz əksini tapması da diqqətdə saxlanılmalıdır. Bu kimi tədbirlərdə müəllim, şagird, ictimai təşkilatların, valideynlərin iştirakı məsələsi nəzərdən qaçırılmamalıdır.

Metodik işin təşkili

Məktəbin fəaliyyət planında, bir qayda olaraq, metodik işin təşkili aparıcı mövqedə durur. Məktəb metodbirləşməsi məktəbdə metodik işin əsas təşkilat forması və mərkəzi hesab olunur. Bu, düzgün deyildir. Bu məsələyə də yeni yanaşma zərurəti vardır. Mövcud fənn metodbirləşmələrinin sistemi fəallaşdırmağa, yenilikləri çatdırmağa gücü çatmır. Ona görə də metodik işin daha çevik forma və məzmununu formalaşdırmaq zərurəti yaranmışdır.

Məktəbdə metodik işin təşkil mərkəzi məktəb metodşurası olmalı, metodik işin bütün idarəetmə aparatı, bölmə və strukturları burada cəmləşməli, vahid mərkəzdən idarəetmə və rəhbərlik təmin olunmalıdır.

Nəzərə almaq lazımdır ki, ənənəvi təlimdə metodikanın fənn müəllimi qarşısında qoyduğu tələb belə idi. “Müəllim nəyi tədris edir və nəyi öyrədir”, yəni, “biliyi şagirdə çatdırırmı?”. Bu, müasir anlayışda passiv təlim və passiv metodika kimi başa düşülür. Fəal təlim isə meyarlar əsasında qiymətləndirməni (həm fərdi, həm də bütün sinfin, qrupların) əsas götürür. Yəni, “müəllim necə tədris edir və şagirdi biliyə çatdırırmı”. Bütün bunları nəzərə alaraq məktəb metodşurası müasir idarəetmənin ən vacib komponentlərindən biri kimi qəbul edilməlidir.

Məktəb metodşurası məktəbdə innovativ mərkəz rolunu oynamalıdır. Məktəb metodkabneti və ya məktəb metodik mərkəzi innovativ mərkəz adlandırılmalıdır.

Məktəb metodşurası innovativ mərkəz vasitəsi ilə metodik təminat (tədris proqramları, metodik vasitələr, dərs vəsaitləri, elektron vəsaitlər, pedaqoji mətbuat və s.) və metodik xidmət (treninqlər, seminarlar, məktəb konfransları, metodik tövsiyələr və s.) təminatçısı olan bir məktəb strukturuna çevrilməlidir.

Məktəb metodşurasının işinin səmərəli planlaşdırılması onun üzvləri arasında effektli vəzifə bölgüsünün aparılması ilə daha çox şərtlənir. Məktəb metodşurasında vəzifə bölgüsü (iş bölgüsü) aşağıdakı qaydada aparıla bilər:
1.Məktəb direktorunun tədris işləri üzrə müavini - metodşuranın sədri-metodbirləşmə sədrlərinin, ekspert və monitorinq qruplarının (məktəb ekspertlərinin) fəaliyyətini planlaşdırır və əlaqələndirir. Onların hesabatlarının hazırlanmasına və dinlənilməsinə nəzarət edir və s.

2. Məktəb direktorunun ibtidai siniflər üzrə müavini - metodşuranın sədr müavini - ibtidai siniflərdə fənn metodbirləşməsinin ekspert və monitorinq qruplarının (məktəb ekspertlərinin) fəaliyyətini planlaşdırır və əlaqələndirir. Onların hesabatlarının hazırlanmasına və dinlənilməsinə nəzarət edir və s.

3. Məktəb direktorunun müavini (təşkilatçı) - metodşuranın sədr müavini - məktəb kitabxanaçısı, uşaq birliyi təşkilatı, məktəb psixoloqu, sinif rəhbərləri ilə işi planlaşdırır və hesabatlarının təqdim edilməsinə nəzarət edir və s.

4. Fənn metodbirləşmə sədrləri - metodşura üzvləri - metodik yeniliklərə aid fənlər üzrə tövsiyələr hazırlayır, “açıq dərs”lər təşkil edir. Fənlər üzrə proqram materiallarının yerinə yetirilməsi vəziyyətini öyrənir və hesabatlar təqdim edir. Fənn bülletenləri, qabaqcıl təcrübəni əks etdirən bülletenlər hazırlayıb çap edir. Fənn müəllimlərinin iş təcrübəsinin (bülleten, konfrans və s. şəklində) öyrənilməsi və yayılmasını təmin edir. Fənlər üzrə məktəb konfransları, seminarlar, treninqlər təşkil edir. Mətbuat və özünütəhsil məsələlərində fənn müəllimlərinə əməli köməklik edir, onların dərslərini dinləyir, tövsiyələr hazırlayır və s.

5. Məktəb ekspertləri (monitorinq və ekspert qrupu) - metodşuranın üzvü - dərs ili ərzində BSQ-ni aparır, məktəb direktoru və metodşuraya hesabatlar təqdim edir. Fənn olimpiadalarının məktəb mərhələsini hazırlayır, keçirir və hesabatlar dərc edir. Müəyyən edilmiş qrafik əsasında fənn müəllimlərinin dərslərini qiymətləndirir, məktəb direktoru və metodşuraya hesabatlar təqdim edir. Fənn müəllimlərinin reytinq cədvəlini hazırlayır və dərc edir və s.

6. Məktəb kitabxanaçısı, məktəb psixoloqu, məktəb uşaq birliyi təşkilatı rəhbəri, sinif rəhbərləri, gənc müəllimlər (üç il müddətinə metodşurada onlarla aparılan işin nəticəsi barədə hesabatlar dinlənilir), məktəb Kiçik Akademiyasının prezidenti də məktəb metodşurasının üzvləridir ki, onların da hesabatları dinlənilir.

Göründüyü kimi, məktəb metodşurası metodik iş və innovasiyaların mərkəzi olmaqla məktəbin əsas fəaliyyət strukturlarını özündə birləşdirir.

Metodşura bu strukturların tədris ili ərzində fəaliyyət planını təsdiq edir (metodşuranın fəaliyyət planı isə məktəb pedaqoji şurasında təsdiq edilir). Hesabatlılıq şəklində onların fəaliyyətinə nəzarət edir və əlaqələndirir. Yeni şəraitə uyğun olaraq məktəb ekspertlərinin, məktəb monitorinq və ekspert qruplarının yaradılması zəruri məsələlərdən biridir.

Məktəb monitorinqi və ekspert qrupları

Fənn müəllimlərinin müəyyən edilmiş qrafik əsasında dərslərini müşahidə edir və meyarlar əsasında qiymətləndirir. Məktəb direktoruna və metodşuraya həmin dərslərin nəticəsini xüsusi qiymətləndirmə sənədi əsasında təqdim edir. Məktəb metodşurasına tədris ili ərzində 2 dəfə hesabat verilir. Məktəbdə bütün siniflər üzrə BSQ-ni aparır və nəticəsi barədə məktəb direktoruna və metodşuraya hesabatlar təqdim edir. Fənn müəllimlərinin reytinq cədvəlini hazırlayır və dərc edir. Fənn olimpiadalarının məktəb mərhələsini hazırlayır, keçirir və nəticələri barədə hesabat təqdim edir.

Bütün bunlar tədrisin nəticələrinə görə məsuliyyətin və rəqabətin yüksəldilməsi, səriştəli müəllim potensialının yaradılması imkanlarını artırır. Məktəbdə bu kimi problemlərin həlli idarəetmə məsələlərinin məqsədəuyğun şəkildə asanlaşdırılması deməkdir. Məktəbdə rəqabət mühiti formalaşdırılmalıdır. Məktəbin fəaliyyət planı, yeni mexanizmlər belə bir mühitin formalaşdırılmasını təmin etməlidir.

 

yuxarı ⤴