1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Həyat eşqi, gələcəyə inam
09.11.2017 / No43

 

 


Sağlamlıq imkanları məhdud olan şagirdlərlə bir gün...

Samirə KƏRİMOVA

Hər dəfə bu təhsil müəssisəsinin yanından keçəndə buranın şagirdlərinin ətrafa ürkək baxışlarla nəzər yetirdiyini, kömək vasitəsilə məktəbə daxil olduqlarını görəndə qəribə hisslər keçirirdim... Hər birimizdən şəfqət, mərhəmət uman bu uşaqlarla, onların təhsil prosesi, gündəlik həyat tərzi ilə yaxından tanış olmaq istəyirdim.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə bu təhsil müəssisəsinə - Sağlamlıq imkanları məhdud uşaqlar üçün 12 nömrəli xüsusi internat məktəbinə təşkil olunan mediatur mənim istəyimin reallaşmasına imkan yaratdı. Onu da qeyd edim ki, elə mediaturun keçirilməsinin də əsas məqsədi media təmsilçilərini məhz buradakı təlim-tərbiyə prosesi, xəstə uşaqlar üçün yaradılan şəraitlə daha yaxından tanış etmək idi.

1969-cu ildən fəaliyyət göstərən xüsusi internat məktəbi

Təhsil Nazirliyinin nəzdində De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinin müdiri Həbib Kərimovun verdiyi məlumata görə, təhsil müəssisəsi internat məktəbi kimi 1969-cu ildən fəaliyyət göstərir. Burada əsasən beyin iflici və poliomielit keçirmiş uşaqlar təhsil alır. İnternat məktəbində respublikanın bütün bölgələrindən 37-si qız, 103-ü oğlan olmaqla ümumilikdə 140 şagird təlim-tərbiyə alır. 86 uşaq müəssisənin yataqxanasında qalır. Bu şagirdlər Azərbaycan Respublikası Tibbi Pedaqoji Komissiyanın göndərişi ilə məktəbə qəbul edilir. İnternat məktəb 2 - tədris, məişət və yataq korpusundan, akt və idman zalları, yeməkxana, qazanxana və çamaşırxanadan ibarətdir. 180 yerlik məktəbdə 24 sinif otağı var ki, onlardan da 8-i fənn, 1-i isə informatika kabinetidir. Şagirdlərin təlim-tərbiyəsi ilə 53 nəfər pedaqoji işçi məşğul olur. Onlardan 19-u tərbiyəçi, 28-i müəllim, 6-sı loqopeddir. Məktəb birnövbəlidir. Burada həmçinin həkim və tibb bacısı var ki, onlar da gündəlik olaraq xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sağlamlığını nəzarətdə saxlayırlar.

Burada təhsil doqquzillikdir. IX sinfi bitirən uşaqlar sonradan peşə liseylərində öz arzularına müvafiq olaraq müxtəlif peşələrə yiyələnirlər.

Heydər Əliyev Fondunun diqqət və qayğısı

Təhsil müəssisəsi tam dövlət təminatlıdır. Məktəbin direktoru Allahverdi Vəliyev şagird və müəllim kollektivinin Heydər Əliyev Fondunun diqqət və qayğısı ilə əhatə olunduğunu deyib. Qeyd edib ki, təhsil müəssisəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ilk dəfə 1999-2000-ci illərdə təmir olunub. 2010-cu ildə Mehriban xanım Əliyevanın göstərişi ilə təhsil müəssisəsi yenidən əsaslı təmir edilərək bütün avadanlıqlarla təmin olunub. Məktəbin həyəti abadlaşdırılıb, yeni qazanxana, açıq havada yay idman oyunları və futbol meydançaları salınıb, üzgüçülük hovuzu, su anbarı inşa edilib.

Bu gün burada istər mərhəmət hissinə, qayğıya möhtac olan uşaqlar, istərsə də onların təlim-tərbiyəsi ilə məşğul olan müəllim kollektivi üçün yaradılan hər cür şərait və imkanlar bir daha Fondun nəcib və xeyirxahlıq missiyasının təzahürüdür.

Qayğı və dəstək mühitində təlim-tərbiyə alan şagirdlər...

Sağlamlıq imkanları məhdud olsa da bu uşaqlar digər sağlam yaşıdları kimi oynamağı, gəzməyi, dostları ilə birlikdə olmağı xoşlayırlar. Açıq havada futbol meydançasında futbol oynamağa başları qarışan uşaqlar sanki özlərini bir oyunçu olaraq sınamağa çalışırdılar. Təbii ki, bu zaman yeriməyə çətinlik çəksələr də bir-birlərinə dayaq olmağı da unutmurlar.

Direktor bizi tədris prosesi ilə daha yaxından tanış olmaq üçün xüsusi qayğıya, kənar köməyə ehtiyacı olan uşaqların dərs keçdikləri siniflərə dəvət edir. Siniflərdə qarşılaşdığımız mənzərə də duyğusal idi. Bəzi uşaqlar bizi görcək kövrəkləşir, bəziləri isə ürkək dolu baxışlarla bizi süzürdü. Masallı rayonundan olan IX sinif şagirdləri Vüsal və onun bacısı Vüsalə gələcəklə bağlı arzularını bizimlə bölüşür. Birinci sinifdən burada təhsil alan Vüsal tarix müəllimi, onun bacısı Vüsalə isə tibb işçısi olmaq istəyir. Kollecdə təhsil almaq istədiklərini söyləyirlər. Bərdə rayonundan olan Azad Bədəlov isə dəmiryolçu olmaq arzusundadır. Onların müəllimləri Şəlalə Əliyeva bu uşaqların oxumağa, öyrənməyə böyük maraqları olduğunu, səhhətləri imkan verərsə onların gələcəkdə təhsillərini davam etdirə biləcəyini deyir.

Hərəkətlərində və danışıqlarında çətinlik çəkən I sinif şagirdləri ilə məşğul olan ibtidai sinif müəllimi İlhamə Həsənova onların ilk vaxtlarda tədris prosesində yaşadıqları problemlərdən danışaraq tədricən belə uşaqların məktəbə alışdıqlarını söyləyir. Adaptasiya prosesi çox çətinliklə olsa da sonda alınır.

Müəllimin sözlərinə görə, bəzi uşaqlar müəyyən zaman keçdikdən sonra kömək olmadan özlərini idarə etməyi öyrənirlər. Bu uşaqlarda müşahidə olunan ən müsbət cəhət isə ehtiyacları olduğu zaman bir-birlərinə kömək etmələri, dəstək olmalarıdır.
Olduğumuz digər sinifdə VIII sinif şagirdi Aytac Qurbanova dəftərini sevincək bizə göstərir. Müəllimi onu həvəsləndirmək üçün “5” qiymət yazıb. Sinif yoldaşı Nuray Həmətiyeva da biologiya dərsində öyrəndiklərini çətinliklə də olsa bizə danışmaq, fikrini çatdırmaq istəyir. Onlar dərs prosesində xəstə olduqlarını belə unudurlar.

Səbr, dözüm, sevgi...

Taleyini bu məktəblə bağlayan, 30 ildir ki, təhsil müəssisəsində pedaqoji fəaliyyətlə məşğul olan biologiya müəllimi Cəvahir Məmmədova bu uşaqlara daha həssaslıqla yanaşmağın əsas məsələ olduğunu deyir: “Onlar nə etsə də, hansısa bir işi görə bilməsələr də biz onlara anlayış göstəririk. Daha şəfqətli və mərhəmətli olmalıyıq. Axı onlar bunu anlamadıqlarından, dərk edə bilmədiklərindən edirlər. Bizim işimizdə xüsusilə 3 amilin nəzərə alınması vacib şərtdir. Bunlar səbr, dözüm, sevgidir və hər üçü vəhdət təşkil edir.

Məktəbin şagirdlərinin nailiyyətləri

Təhsil müəssisəsində digər məktəblərdə olduğu kimi, şagirdlərin həvəs və bacarıqları peşəkar müəllimlər tərəfindən diqqətdə saxlanılır və inkişaf etdirilir. Bizə nümayiş olunan şagirdlərin müxtəlif əl işlərindən ibarət sərgi, çəkdikləri rəsmlər respublika miqyasında təşkil edilən müsabiqələrdə müvafiq yerlər tutub. Məktəbdə fəaliyyət göstərən musiqi dərnəyində məşğul olan şagirdlər də kifayət qədərdir. Onlar təhsil müəssisəsində keçirilən tədbirlərdə qonaqlar qarşısında çıxış edirlər.

Təhsil müəssisəsinin şagirdlərinin uğur qazandığı sahələrdən biri də idmanla bağlıdır. Məktəbin qabaqcıl müəllimlərindən biri, uzunillik təcrübəyə malik fiziki tərbiyə müəllimi Lyudmilla Qassıyeva hər cür avadanlıqlar ilə təchiz olunan idman zalında böyük həvəslə şagirdlərlə məşğul olur. Burada uşaqlar idman yarışlarına cəlb edilir. Azərbaycan Xüsusi Olimpiya Komitəsinin xətti ilə hər il xarici ölkələrdə keçirilən tədbirlərdə baş məşqçi kimi iştirak edən müəllimin yetirmələri də bir çox beynəlxalq yarışlarda nailiyyətlər qazanaraq, kubok və medallarla vətənə qayıdırlar.

Bir sözlə, burada xüsusi qayğıya, kənar köməyə ehtiyacı olan uşaqların təhsil və günərzi qayğı xidmətlərindən istifadəsi üçün hər cür şərait yaradılıb. Təlim-tərbiyə prosesinin iştirakçıları olan şagirdlərlə aparılan müəyyən işlər digər məktəblərdəki kimidir. Sadəcə buranın sakinlərinə olan münasibət daha həssas, daha fərqlidir. Sağlamlıq imkanları məhdud olsa da, bu uşaqlarda həyat eşqi, gələcəyə inam, ümid var. Təbii ki, bu ümidi, özünə əminliyi onlara hər zaman bizlər verməliyik. Səmimi və xeyirxah münasibətimizlə, göstərə biləcəyimiz qayğımızla.
 

yuxarı ⤴