1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
ADPU-da elmi seminar
09.11.2017 / No43

 
 

 

 


İbtidai sinif şagirdlərinin həyati bacarıqlarının formalaşmasında “Həyat bilgisi” dərslik komplektinin rolu müzakirə olunub

Yusif ƏLİYEV

ADPU-nun ibtidai təhsil fakültəsinin ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasında növbəti elmi seminar keçirilib. Fakültə əməkdaşlarının, ibtidai sinif müəllimlərinin, ibtidai siniflər üçün “Həyat bilgisi” dərsliklərinin müəllifinin və tələbələrin iştirak etdikləri seninarda “İbtidai sinif şagirdlərinin həyati bacarıqlarının formalaşmasında “Həyat bilgisi” dərslik komplektinin rolu” mövzusunda geniş müzakirə aparılıb. Elmi seminarı fakültə dekanı, professor Fərrux Rüstəmov açaraq gələcək müəllimlərin hazırlığını təkmilləşdirmək məqsədilə ADPU-nun rektoru, professor Cəfər Cəfərovun rəhbərliyi ilə universitetdə aparılan məzmun və kadr islahatlarından danışıb. Ali, orta ixtisas və ümumtəhsil məktəblərində təlimin səmərəli qurulmasında müasir dərsliklərin rolundan, xüsusilə “Həyat bilgisi” dərsliklərinin elmi-nəzəri və praktik əhəmiyyətindən, ibtidai sinif şagirdlərinin həyati bacarıqlarının formalaşdırılması yollarından söz açan F.Rüstəmov onun rəhbərliyi ilə Təhsil Nazirliyində I-IX siniflər üçün hazırlanan “Həyat bilgisi” fənn kurikulumunun xüsusiyyətlərinə toxunub.

Sonra ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının baş müəllimi Təranə Tağıyeva mövzu ilə bağlı geniş məruzə edib. Çıxışını iştirakçılarla əməkdaşlıq şəraitində quran T.Tağıyeva müasir dövrdə ali pedaqoji təhsilin spesifik xüsusiyyətlərindən, gələcək ibtidai sinif müəllimlərinin hazırlığının təkmilləşdirilməsindən, ibtidai sinif şagirdlərinin həyati bacarıqlarının formalaşdırılmasında “Həyat bilgisi” dərslik komplektinin rolundan, məzmun xəttindən və məzmun standartlarının reallaşmasından danışıb. Sonra müzakirəyə qoşulan ibtidai siniflər üçün “Həyat bilgisi” dərslik komplektinin müəllifi Gülər Mehdiyeva dərsliklərin hazırlanmasındakı çətinliklərdən, dərsliklərin təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib, seminar iştirakçılarının suallarını cavablandırıb.

Bakı şəhər 47 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimləri Zərqələm Abasova və Ülviyyə Həmidova “Həyat bilgisi” dərslik komplektini yüksək qiymətləndirərək, həmin fənnin tədrisi ilə bağlı təcrübələrini seminar iştirakçıları ilə bölüşüblər. Fakültənin ibtidai təhsilin pedaqogikası və metodikası kafedrasının müdiri, dosent Yaqut Rzayeva, riyaziyyatın tədrisi metodikası kafedrasının müdiri, dosent Samirə Tağıyeva, musiqinin tədrisi metodikası kafedrasının müdiri, professor Zenfira Abdullayeva, professor Sərdar Quliyev, əməkdar müəllim Zülfiyyə Vəliyeva elmi seminarda müzakirə olunan problemlə bağlı fikirlərini bildiriblər. Elmi seminarda ADPU-nun elm və informasiya şöbəsinin əməkdaşları Vəfa Əhmədova və Arzu Kərimova iştirak ediblər. Sonda professor Fərrux Rüstəmov məruzəçiyə, dərslik müəllifinə və iştirakçılara təşəkkür edib, belə müzakirələrin təlimin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verdiyini deyib.

 

yuxarı ⤴