1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Gənc nəslin səxsiyyət kimi formalaşmasında müəllimin rolu
09.11.2017 / No43

 

 

 


Gülsəda AMAN,
C.Naxçıvanski adına Hərbi liseyin ana dili və ədəbiyyat müəllimi

Bizim gənc nəslimiz bilikli, savadlı olmalıdır, vətənpərvərlik ruhunda tərbiyə edilməlidir. Azərbaycanın gələcəyi üçün hazırlıqlı, peşəkar, Vətəni sevən, Vətənə bağlı olan kadrların hazırlanması bizim üçün prioritet məsələdir.

İlham ƏLİYEV

Şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsi olan tərbiyə şəxsiyyətin daxili və xarici amillərin təsiri altında baş verən inkişafının idarə olunmasıdır. Təlim, tərbiyə prosesinin düzgün qurulması məktəblərdə, o cümlədən də hərbi məktəblərdə təhsil alan kursantların gələcək həyatlarında böyük rol oynayır. Çox vaxt kursantın davranışındakı bu və ya digər cəhət onun tələbatı ilə bağlı olur. Bir motiv kimi tələbatlar şagirdin davranışını şərtləndirir. Buradan tərbiyə prosesində psixoloji cəhətdən diqqəti cəlb edən və nəzərə alınması zəruri olan bir tələb - kursantın davranışına qiymət verərkən onun motivini müəyyənləşdirmək tələbi meydana çıxır. Bir kursant öz yoldaşının düzgün olmayan hərəkəti haqqında tərbiyəçi-müəlliminə xəbər verir. Kursantı buna vadar edən, başqa sözlə, onun bu cür hərəkətinin motivi müxtəlif ola bilir. Ola bilsin ki, kursant öz yoldaşını bu vəziyyətdən çıxarmaq, ona kömək etmək məqsədi ilə tərbiyəçi-müəllimindən kömək gözləyir. Yaxud, tərbiyəçi-müəllimin yanında özünü uca tutmaq, onun rəğbətini qazanmaq üçün bu cür hərəkət edir. Lakin ola bilsin ki, kursant öz yoldaşından qisas almaq üçün bu yolu tutur. Məhz buna görə də müəllim kursantın davranışının hansı motivdən irəli gəldiyini aşkara çıxarmalı və onu düzgün istiqamətə yönəltməlidir. Əks halda, kursant şəxsiyyətində arzuolunmaz keyfiyyətlər formalaşa bilər. Biz müəllimlər tək bilik vermir, həm də tərbiyə edirik. Pedaqoji fəaliyyət mürəkkəb fəaliyyətdir.
Pedaqoji fəaliyyətin strukturunda aşağıdakı cəhətlər ayırd edilir:

a) Pedaqoji fəaliyyətin motivləri-insan yetişdirməklə əlaqədar ictimai tələbat;

b) Pedaqoji fəaliyyətin məqsədi - cəmiyyət üzvlərinin tərbiyəsi;

c) Pedaqoji fəaliyyətin predmeti - insan ( kursant, şagird) fəaliyyətinin həm obyekti, həm də subyekti kimi çıxış edir;

d) Müəyyən iş və əməliyyatların məzmunundan ibarət olan fəaliyyətin özü - ayrı-ayrı öyrədici, inkişafedici və tərbiyələndirici iş və əməliyyatlar;

e) Pedaqoji fəaliyyətin vasitələri - təlim və tərbiyənin məzmunu, forması və metodları;

f) Pedaqoji fəaliyyətin şəraiti - cəmiyyətin böyüməkdə olan gənc nəslin tərbiyəsinə qayğısı, məktəbin maddi cəhətdən təchiz olunması, pedaqoji kollektivdə birlik, məktəbə (liseyə) lazımi səviyyədə rəhbərlik etmək;

g) Pedaqoji fəaliyyətin nəticəsi - şəxsiyyətin əlamət və keyfiyyətlərinin formalaşması.

Müəllim əməyi çoxcəhətlidir. Burada bir-biri ilə vəhdətdə olan 3 cəhət diqqəti xüsusi cəlb edir. Bunlar pedaqoji fəaliyyət, pedaqoji ünsiyyət və müəllim şəxsiyyətinin xüsusiyyətlərindən ibarətdir. Pedaqoji unsiyyət-birgə fəaliyyət zamanı müəllim və kursantların (şagirdlərin) əməkdaşlığından ibarətdir.

Pedaqoji fəaliyyəti, pedaqoji ünsiyyəti müəllim şəxsiyyətindən kənarda nəzərdən keçirmək mümkün deyildir.

Müəllimin pedaqoji fəaliyyəti yalnız tədrislə bitmir, o, öz görünüşü, xarakteri, insani keyfiyyətləri ilə də kursantlara nümunə olmalıdır.

Pedaqoji fəaliyyət zamanı müəllim bir deyil, bir neçə məqsəd və vəzifəni yerinə yetirir. Birinci halda müəllim bir predmetçi (fənn müəllimi) kimi, ikinci halda diaqnostik, üçüncü halda isə tədqiqatçı kimi çıxış edir.

Gənclərin bir şəxsiyyət kimi yetişməsi, təlim və tərbiyəsinin mürəkkəb vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi müəllimdən, onun ideya inamından, peşə ustalığından, mədəniyyətindən həlledici dərəcədə asılıdır. Pedaqoji fəaliyyət kursantlara bilik, bacarıq və vərdişlər aşılamaqla məhdudlaşmır, eyni zamanda onlara müstəqil dünyagörüşü, əqidə və inam aşılayır.

Təcrübə göstərir ki, pedaqoji fəaliyyətə təzəcə başlayan gənc müəllimlər şagirdlərlə (kursantlarla) ünsiyyət yaratmaqda bir sıra çətinliklərlə qarşılaşırlar. Şübhəsiz, bu cür çətinliklər hamıda eyni cür baş vermir.

Gənc müəllim birinci növbədə özünün kursantlarla (şagirdlərlə) ünsiyyətində bu kimi halların olub-olmamasına diqqət yetirməli, onları aradan qaldırmağa cəhd göstərməlidir. Sonra müəllim şagirdlərlə ünsiyyətinin hansı cəhətlərinin onlar tərəfindən bəyənilməsini, hansı cəhətinin isə onları təmin etməməsini müəyyənləşdirməli, təhlil etməlidir. Müəllim daim belə bir suala cavab verməyə çalışmalıdır: “Şagirdlər məni necə görürlər?”. Bu cür təhlilin həqiqi vəziyyətə daha uyğun olmasına cəhd göstərmək lazımdır.

Hər şeydən əvvəl, müəllim ünsiyyətdə olduğu şəxsə-şagirdə qarşı həddindən artıq diqqətli olmağa çalışmalıdır. Bu cür bacarıq müəllimə şagirdlərlə ünsiyyətini tənzim etmək imkanı verir. Ünsiyyətin səmərəli olması üçün müəllim ünsiyyət prosesində, ünsiyyətdə olduğu şagird haqqında düşünməlidir. Bu zaman ünsiyyət qarşılıqlı xarakter daşıyır və əsas məqsəddən yayınma halları aradan qalxır.

Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəyi və hərəkətverici qüvvəsidir. Ona görə də müəllim əməyində onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti lazimi səviyyədə formalaşmazsa cəmiyyətin onun qarşısına qoyduğu funksiyanı həyata keçirə bilməz.

yuxarı ⤴