1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Qrant müsabiqəsi üzrə qalib layihələr
İlk addımımızı inamla ataq!
09.11.2017 / No43

 

 

 


“İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad edilməsi”

Şəfəq FAZİLOVA,
Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi

Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi nəzərdə tutulub.

Bu ilin avqust ayında həmin istiqamətdə ilk addım atılaraq Təhsil Nazirliyi tərəfindən “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi” elan olundu. Müsabiqə dövlət ümumi təhsil müəssisələrinə və bu müəssisələrdə çalışan pedaqoji işçilərə ünvanlandığından bir müəllim olaraq mən də müsabiqəyə qatılmağı qərara aldım. Qrant müsabiqəsində iştirak etmək üçün layihə təkliflərini təqdim etməyə dəvət elanı ilə tanış olanda əvvəlcə bu mənə çətin, həm də qaranlıq bir məsələ kimi göründü. Sonra isə təhsillə bağlılığı olan xarici ölkələrdə iştirak etdiyim layihələri göz önümə gətirdim və bu müsabiqədə iştirak etməyi qət etdim.

2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuşam. Məlumdur ki, bu müsabiqədə qaliblərə verilən mükafat müəllimin keçmişdə olan fəaliyyəti, müvəffəqiyyətlə gördüyü işləri ilə bağlı idi. Bu müsabiqəni əvəz edən qrantlar isə gələcəyə yönəlib. Onlar daha çevik və innovativdir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

Müsabiqənin mövzuları, layihələrin təqdim olunmasına dair əsas tələblər, müddət ilə tanışlıqdan sonra “İstedadlı uşaqlarla işin təşkili” mövzusu tədris etdiyim riyaziyyat və informatika fənninə, psixologiyadan yazdığım dissertasiyaya, olduğum xarici ölkələrdəki təcrübələrə və özümün şəxsi marağıma uyğun gəldiyindən belə bir layihə hazırladım: “İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad edilməsi”.

İstedadlı uşaqları niyə aşkarlamaq lazımdır?

Cavab birmənalıdır: istedadlı uşaqlar hər bir cəmiyyətin milli sərvətidir, onun inkişafı üçün strateji əhəmiyyətli ehtiyatlardır. İstedadları aşkarlamaq həm istedadın özünə həm də cəmiyyətə lazımdır. Əgər insan istedadını gerçəkləşdirə bilmirsə, o, depressiya, psixoz yaşayacaq və sonda intihar edəcəkdir. Dünyada istedadlı insanlar arasında suisidizm hadisələrinin çox olması məlumdur. Digər tərəfdən, əgər onları vaxtında aşkar etməsək kriminal qurumlar onları tapıb öz fəaliyyətləri üçün istifadə edəcəklər. Deməli, kim istedadları tapıb cəmiyyətin xeyrinə yönəldəcəksə, ən böyük humanist işin sahibi olacaqdır. Bu işdə biz müəllimlərin üzərinə böyük vəzifələr düşür.

Layihənin təklif formasını, icra planını və büdcəsini tərtib edib Təhsil Nazirliyinə göndərdim. Bir müddət həyəcanlı günlər keçirdikdən sonra məlum oldu ki, Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında fərdi kateqoriya üzrə müsabiqə çərçivəsində qalib gəlmiş layihələr sırasında mənim də layihəm var. Üç aya icra olunması planlaşdırılan layihəmin reallaşdırılmasına sentyabrın 22-də təşkilat komitəsinin yaradılması ilə başladım. İcra ediləcək məkanı şimal bölgələri ümumtəhsil məktəbləri və ADPU-nun Quba filialını seçdik.

İlk fəaliyyətimizə layihənin təqdimatı ilə “dəyirmi masa”da başladıq. Təqdimata layihə ilə maraqlanan müəllim, valideyn və tələbələri dəvət etdik. Çəkiliş aparıldı, yerli “Şabran” qəzeti bu haqda yazdı.

Daha sonra fəaliyyətimizi işıqlandırmaqdan ötrü “İstedadlar” adlı FB səhifəsi yaratdıq. Səhifədə ilkin olaraq belə bir elan yerləşdirdik. “Şimal bölgə məktəblərinin müəllim və şagirdlərinin nəzərinə: Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsinin “İstedadlı uşaqlarla işin təşkilində elmi tövsiyələr, innovativ texnologiyaların tətbiqi və beynəlxalq təcrübəyə istinad edilməsi” adlı layihəsinə uyğun olaraq ümumtəhsil məktəblərində üç istiqamət üzrə esse yazı müsabiqəsi keçirilir.

I müəllim istiqaməti: “İstedadlı uşaqları necə aşkarlamaq lazımdır”.

II tələbə istiqaməti: “İstedadlı uşaqlarla işi necə qurardım”.

III şagird istiqaməti: “İstedadlı şagird olmaq nə deməkdir”.

Bu müsabiqənin noyabrın sonuna kimi davam etməsi nəzərdə tutulub.

Hər üç istiqamət üzrə yazılmış esselər təşkilat komitəsində qiymətləndiriləcək.

Oktyabrın 2-də ilk təlim seminarımızda dünyada aparıcı ölkələrin təhsil sistemlərində istedadlı uşaqlarla aparılan işi təhlil etdik, innovativ texnologiyaların tətbiqi, milli qurumlarla əməkdaşlıq, habelə beynəlxalq təcrübəyə istinad edilməklə istedadlı uşaqlarla işin daim nəzarətdə saxlanılmasının zəruri bir məsələ olduğunu qərara aldıq. İstedadlı uşaqlarla işləyən kontingentin müəyyənləşdirilməsi, stimullaşdırılması istiqamətində hazırlanması, pedaqoji işçilər üçün istedadlı uşaqlarla işin xarakterik xüsusiyyətlərinə həsr olunmuş ixtisasartırma tədbirlərinin həyata keçirilməsinin vacib olduğu bildirildi. Təlimçi F.Beydullayevanın təqdim etdiyi dolğun və yaradıcı təqdimat layihənin icrası müddətində həyata keçiriləcəkdir. Müşahidə, müsahibə, psixodiaqnostik metodlar, eksperimental yolla sınaq və testlər vasitəsilə məktəblilərin ümumi intellekt səviyyələrini izləmək və istedadlı uşaqları aşkarlamaq, istedadlı uşaqların ümumi intellekt səviyyələrinin müəyyənləşdirilməsi üçün test sınaqları keçirmək və nəticələri onların cari akademik uğurları ilə korrelyasiya səviyyəsini araşdırmağa aid olan metodik vəsaitimizi dekabr ayının əvvəllərində nəşr etməyi planlaşdırmışıq.

5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə məktəblərdə “Biz sizin istedadlarıq” adlı bilik yarışı və viktorina təşkil etdik.

18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunmuş “Tariximizi tanıyaq və tanıdaq” adlı esse müsabiqəsi keçirdik.

Oktyabrın 24-də “İslam Həmrəyliyi İli”-nə həsr olunmuş “İslam həmrəylikdir” adlı ümumi disput keçirdik. Fərqlənən şagirdlərə sertifikat, fəxri fərmanla yanaşı, mükafatlar da verildi.

5-6-7-ci siniflərdə istedadlı şagirdləri müəyyənləşdirmək üçün riyaziyyat, fizika, tarix, rus dili fənləri üzrə seçim mərhələsinin birinci turunu bu günlərdə yekunlaşdırdıq. Bu mərhələdə siniflər üzrə fərqlənən şagirdləri istedad istiqamətlərinə görə qruplaşdırdıq. İkinci mərhələdə məktəb, üçüncü mərhələdə isə bölgələr üzrə qaliblər müəyyənləşdiriləcək.

Ekspert A.Dadaşova təşkilat komitəsi ilə sıx əlaqə saxlayır. Onun verdiyi məsləhət və təkliflər işimizi stimullaşdırır. A.Dadaşova innovativ texnologiyaların tətbiqi, milli qurumlarla əməkdaşlıq, istedadlı uşaqlarla işin daim nəzarətdə saxlanılması, istedadlı uşaqların intellekt səviyyələrinin inkişafını izləmək kimi məsələlərin həllində bizə yaxından köməklik edir.

Layihəmiz dekabrın 22-də ADPU-nun Quba filialında istedadlı uşaqlar, tələbə və müəllimlər üçün nəzərdə tutulan konfrans ilə başa çatacaq.

Həmin vaxta kimi çalışacağıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təşkil etdiyi 1-ci qrant müsabiqəsində qazandığımız etimadı doğruldaq.

yuxarı ⤴