1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Tanış olmadığım yerdə çalışmaq istəyirdim”
09.11.2017 / No43

 

 

 


Taleh Şiriyev: “Müasir təhsil, yeniliklər kompüter bilgilərini artırmağı tələb edir”

Taleh Şiriyev 1995-ci ildə Lerik rayonunda anadan olub. 2016-cı ildə Lənkəran Dövlət Universitetinin riyaziyyat-informatika müəllimliyi fakültəsini bitirib. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib. O, 52 bal toplayaraq İmişli rayonu Hacıbabalı kənd ümumi orta məktəbinə riyaziyyat müəllimi təyin olunub.

- Taleh müəllim, necə oldu ki, bu peşəni seçdiniz?

- Bu peşəni seçməkdə anam Bağdagül xanımın və ilk müəllimim Kamran İbrahimovun böyük təsiri olub. Məhz onların dəstəyi və bir də inadkarlığım nəticəsində bu peşəyə yiyələndim.

- Hələ tələbə olarkən harda, hansı məktəbdə işləmək arzusunda olmusunuz?

- İnanmayacaqsınız, nəinki tələbə, hətta orta məktəb vaxtından rayonumuzdan kənar bir yerdə işləmək arzusunda olmuşam. İstəmişəm ki, başqa bir mühitdə, tanış olmadığım bir yerdə çalışım. Elə bu istək də məni Hacıbabalı kəndinə gətirib çıxardı. Artıq arzuma çatmışam.

- Bəs, uzaqda işləyib-yaşamağa valideynlərinizin münasibəti necədir?

- Üç bacım var, ailəlidirlər. Ailənin tək oğlan övladıyam. Buna baxmayaraq, valideynlərim evdən uzaq bir yerdə işləmək istəyimə qarşı çıxmadılar. Onlar burda işləməyimdən, qayğı və hörmətlə əhatə olunmağımdan çox razıdırlar.

- İki aydır ki, Hacıbabalıdasınız. Günləriniz necə keçir?

- Hacıbabalıda müəllimlik fəaliyyətimə başlamağımdan çox razıyam. Artıq bu kəndə, onun adamlarına alışmışam. Kənd əhalisinin mənə və məndən başqa indiyədək bura gəlmiş gənc müəllimlərə münasibəti çox yaxşıdır. Bizə hərtərəfli qayğı göstərirlər. Düzü, bu iki ayın necə keçdiyini heç bilməmişəm...

- Məktəb şagirdlərinin gənc, yeni müəllimlərinə münasibətləri necədir?

- İlk dərsdə şagirdlərə özümü təqdim edəndə çox sevinmişdilər. Ümumiyyətlə, məktəbə yeni müəllimin gəlişindən həm pedaqoji kollektiv, həm şagirdlər çox sevinirlər. Bu da təbii ki, az vaxt keçməsinə baxmayaraq qazandığımız sevginin qarşılığıdır.

- Fəaliyyətə başlamağınız məktəbə hansı yeniliyi gətirib, hansı gözləntiləriniz var?

- Müəllimlərin dediyinə görə, məktəbə gənc müəllimlərin gəlişi şagirdlərin dərslərə davamiyyətində özünü göstərir. Bununla yanaşı, onların ali təhsilə maraqları da artıb. Şagirdlərin mənə tez-tez verdikləri suallar əsasən universitet həyatı ilə bağlı olur. Mən də belə sualları həvəslə cavablandırır və onların ali təhsil almaq istəklərini artırıram.

- Nəzərə alaq ki, bu il təhsildə keyfiyyət ilidir. Gənc bir müəllim kimi bununla bağlı nə planlarınız var?

- Hansı sahədə çalışqanlıq, işə peşəkar yanaşma varsa, təbii ki, orda keyfiyyət də olacaq. Mən də öz işimə bu prinsiplərlə yanaşıram. Bundan başqa, daha çox çalışmağa üstünlük verirəm. Çünki gənc müəllimlər başqalarına nisbətən daha çox çalışmalıdırlar.

- Sizcə, hansı məsələlər həll olunsa, kənddə təhsilin keyfiyyəti daha da arta bilər?

- Məktəbin binası yeni inşa edilib. Müasir tələbləri ödəyən yeni məktəb binası bütün infrastruktura malikdir. Məktəbdə əlavə İKT avadanlıqlarının, interaktiv lövhənin olmasına ehtiyac var. Fikrimcə, bu tip yeni müasir avadanlıqların sayının çox olması məktəbdə təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərər.

- Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?

- Bədii əsərlər oxuyuram. Bundan başqa, müxtəlif kompüter proqramlarını öyrənirəm. Müasir təhsil, yenilikər kompüter bilgilərini artırmağı tələb edir. Bu baxımdan da mən boş vaxtlarımdan səmərəli istifadə etməyə çalışıram.

Vilayət ƏLİYEV,
İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs

yuxarı ⤴