1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“Müəllim şagirdini öz övladı kimi sevməlidir”
09.11.2017 / No43

 

 


Gənc müəllim Yaqut Ağayeva pedaqoji fəaliyyətindən, şagirdlərlə apardığı işlərdən zövq aldığını söyləyir

Samirə KƏRİMOVA

Həyatımızda elə müəllimlərimiz olub ki, həmkarlarından yaşca xeyli cavan olsalar belə, onların da üzərimizdə böyük əməyi keçib. Belə müəllimlərlə ünsiyyətdə olanda sanki onları da öz yaşıdımız kimi qəbul edir, kimsəyə deyə bilmədiyimiz sözlərimizi, fikirlərimizi onlarla bölüşürdük. Bilirdik ki, məhz həmin müəllimlər bizi daha yaxşı anlayar və düzgün yol göstərə bilər. Cavan müəllimlərimiz gözəl dərs demələri, maraqlı həmsöhbət olmaları ilə yanaşı, özümüzü onlara bənzətmək istədiyimiz bir ideal obraza çevrilməyi də bacarırdılar.

Bu, hər zaman belə olub və bu gün də belədir. Hazırda bizim neçə-neçə gənc müəllimimiz müxtəlif təhsil ocaqlarında keçdikləri dərslərdə peşəkarlıq nümayiş etdirməklə bərabər şagirdlərinin ürəyinə yol taparaq onların məslətçisinə, dostuna çevriliblər.
Elə Yaqut müəllimlə də ilk tanışlığımızdan anladım ki, yuxarıda qeyd etdiyim xüsusiyyətləri özündə cəmləşdirən, dərs dediyi şagirdlərinin dili ilə desək, sevimli, eyni zamanda tələbkar, özümün müşahidələrimə əsasən isə yüksək intellektual səviyyəyə və təşkilatçılıq bacarığına malik gənc bir təhsil işçisi ilə həmsöhbət olacağam.

Yaqut Ağayeva Azərbaycan Dillər Universitetini 2013-cü ildə bitirib. Elə həmin il Saatlı rayonu Nəsimikənd kənd tam orta məktəbində ingilis dili müəllimi kimi fəaliyyətə başlayıb. 2016-cı ildən pedaqoji fəaliyyətini Bakının Xəzər rayonunun Binə qəsəbəsindəki 117 nömrəli tam orta məktəbdə davam etdirir və hazırda I-IX siniflərdə ingilis dili fənnini tədris edir.

“Mən nə istəyirəm?”

Gənc müəllim bu məktəbə gəldiyi elə ilk vaxtlarda şagirdlərini daha yaxından tanımaq məqsədi ilə “Mən nə istəyirəm?” adlı sosial sorğu keçirib. Tərtib etdiyi xüsusi vərəqlər vasitəsilə uşaqların yazdıqları istək və arzularla tanış olan müəllim işini qurarkən onları da nəzərə alıb. Yaqut müəllimin fikrincə, təhsilimizin keyfiyyətinin yüksəldilməsində müəllimdən yüksək peşəkarlıq, bacarıq və səriştə tələb olunur. Müəllim bu günün müasir şagirdlərinə keyfiyyətli təhsil verməklə bərabər, onların hər birinin fərdi xüsusiyyətlərini nəzərə almalıdır. Bunun üçün isə şagirdlərini öz övladı kimi sevməli, onları yaxından tanımalı, vaxtaşırı valideynləri ilə ünsiyyətdə olmalıdır. Yaqut müəllim də məhz fəaliyyətində müəllim-şagird-valideyn münasibətlərinə xüsusi önəm verir.

Şagirdlər birlikdə müzakirələr aparmağa həvəslidirlər

Bu günün müəllimi fəallığı, çevikliyi, öz işinə yaradıcı münasibəti ilə fərqlənməli, innovativ metodlarla işləməyi bacarmalıdır. Gənc müəllim bütün bunları fəaliyyətində tətbiq edir. Yaqut Ağayeva müəllimin yaradıcı və ideyalarla zəngin olmasının vacib olduğunu düşünür: “Bu günün uşaqlarını təəcübləndirmək o qədər də asan deyil. Mən dərslərimdə innovativ metodlardan istifadə edirəm. Təcrübə göstərir ki, dərs prosesi canlı, dinamik olanda şagirdlər fəal olur, ondan bezmir və yorulmurlar. İndiki şagirdlər daha çox birlikdə müzakirələr aparmağa həvəslidirlər. Onlar hər hansı bir mövzunu əzbərləməyi deyil, əksinə, zəruri olan məsələlər üzərində tədqiqat işləri ilə məşğul olmağı seçirlər. Təbii ki, bu, düzgün yanaşmadır. Fikri dinlənilən, qiymətləndirilən şagird daha çox özünə inanır və bu, onun həvəslə çalışmasına imkan yaradır. Mən pedaqoji fəaliyyətimdən, şagirdlərimlə işləməkdən zövq alıram”.

İngilis dilində Danışıq klubu

Yaqut müəllimin şagirdlərin ingilis dilinə marağını daha da yüksəltmək, bu dildə səlis danışmaları üçün həyata keçirdiyi ən maraqlı işlərindən biri də Danışıq klubu yaratmasıdır. Müasir dünyada ingilis dilinin rolunun danılmaz olduğunu söyləyən müəllim bu dilin öyrənilməsinə erkən yaşlardan başlanılmasının zəruriliyini qeyd edir: “Xüsusilə orta məktəb illərində şagirdlərimiz bu dildə səlis danışmağı öyrənməlidirlər. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, xarici dilin tədrisi zamanı şagirdlərə danışıqdan daha çox qrammatikanın öyrədilməsinə diqqət ayrılır. Təbii ki, dilə mükəmməl yiyələnmək üçün həm şifahi, həm də yazılı nitq vərdişləri öyrədilməlidir. Fikrimcə, ünsiyyət daha çox nitq vasitəsi ilə olduğundan şagirdlərə bu vərdişlər dərindən aşılanmalıdır. Yaratdığım Danışıq klubunda uşaqlar həftədə 1 dəfə saat yarım olmaqla öz şagird yoldaşları ilə ingiliscə danışır, ünsiyyətdə olur, bu dildə səlis danışıqlarını inkişaf etdirirlər. Əgər ilk vaxtlarda utancaq, danışmağa kompleksı olan şagird var idisə, buraya 2-3 dəfə gəldikdən sonra artıq onlar həmin baryerı aşırlar. Danışıq klubumuzda biz təkcə ingiliscə danışmır, həmçinin bu dildə altyazılı filmlərə baxır, birlikdə mahnı oxuyur və dünyagörüşümüzü artırırıq. Yaz vaxtı Danışıq klubunun fəaliyyətini məktəb daxilində deyil, açıq havada təbiət qoynunda təşkil etmək istəyirəm”.

Gənc müəllim ideyalarının çox olduğunu, imkan daxilində müəllimlik fəaliyyəti boyu onları da həyata keçirmək istədiyini bildirdi.
 

yuxarı ⤴