1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Humanist pedaqogika, yoxsa pedaqogikada humanizm?
“Siyasi mülayimləşmə” və şəxsiyyət
09.11.2017 / No43

 

 

 


II məqalə

Fərrux RÜSTƏMOV,
ADPU-nun ibtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, əməkdar elm xadimi

30-cu illərdə pedaqogika və siyasətin qarşılıqlı münasibətində formalaşan stereotiplər 40-cı illərdə də dəyişməz qaldı. ÜİK(b)P MK-nın “Zvezda” və “Leninqrad” jurnalları haqqında (1946) qərarından sonra mədəniyyət və elm sahəsində, o cümlədən pedaqogika və məktəb həyatında siyasi kampaniyanın genişlənməsinə şərait yarandı. Pedaqoji tədqiqatlarda millilik, demokratiklik, humanizm, xəlqilik kimi keyfiyyətlər deformasiyaya uğradı. Stalin obrazı, onun həyatı, tərcümeyi-halı böyüyən nəslin tərbiyəsinin başlıca vasitəsi hesab olundu. Özü isə bəşəriyyəti faşizm fəlakətindən qurtaran ali hərbiçi, Sosialist Əməyi Qəhrəmanı, böyük əməkçi kimi milyonların tərbiyə məktəbinə çevrildi. Kollektivləşmədən kənarda qalanlar, tacirlər, mülkədarlar, din xadimləri, qolçomaqlar, bəzən isə görkəmli partiya və ictimai xadimlər düşmən obrazında təqdim olunurdu.

50-ci illərin ikinci yarısı və 60-cı illər sovet imperiyasının həyatında “mülayimləşmə” dövrü kimi səciyyəvidir. Həmin illərdə həm ABŞ-da, həm də SSRİ-də təhsilin məzmununun humanistləşdirilməsi istiqamətində yeni meyillər yarandı. Birinci və ikinci dünya müharibəsi amerikalıların da həyatında möhkəm iz qoymuşdu. Məktəblərdəki sərt nizam-intizam, əməkdaşlığın istənilən səviyyədə olmaması Amerikada məktəb həyatının inkişafına, pedaqoji prosesin humanistləşdirilməsinə və demokratikləşdirilməsinə ciddi mane olurdu. Həmin dövrdə görkəmli amerikalı psixoloq Karl Rocersin irəli sürdüyü humanist ideyalar, şəxsiyyətyönümlü təhsil konsepsiyası nəinki Amerikada, eyni zamanda dünyada təlim-tərbiyə nəzəriyyəsi və təcrübəsinə böyük təsir göstərirdi, formalaşan yeni humanist pedaqoji-psixoloji ideyaların metodoloji əsası rolunda çıxış etdi.

SSRİ-də “siyasi mülayimləşmə” şəxsiyyət tərbiyəsi məsələsinə yenidən baxmağı ön plana çıxarmaqla, mənəvi tərbiyənin formalaşdırılması məsələlərinə diqqəti artırdı. Kommunizm qurucusunun əxlaq kodeksi qəbul edildi. Məktəblilərdə yüksək əxlaqi keyfiyyətlər (insanpərvərlik, dostluq, yoldaşlıq, haqsızlığa, müftəxorluğa, əliəyriliyə, mənsəbpərəstliyə, qənimətçiliyə qarşı barışmazlıq; düzlük və doğruçuluq, mənəvi saflıq, ictimai və şəxsi həyatda sadəlik və təvazökarlıq; qarşılıqlı hörmət, vicdanla işləmək və s.) tərbiyə edilməsi tələb olundu. Kommunizm qurucusunun əxlaq kodeksinin özü bir sənəd kimi peşəkarlıqla hazırlanmışdı. Kommunist Partiyasının irəli sürdüyü bu tələblər yüksək mənəvi dəyərlərə və intellektual səviyyəyə malik şəxsiyyət yetişdirilməsində mühüm rol oynamalı idi. Lakin az sonra (elə əvvəllər də) partiya funksionerləri özləri bu tələbləri pozdular, cəmiyyətin mənəvi iflasının səbəbkarları oldular. Onlar işıqlı məqsədlər, müqəddəs amallar uğrunda qeyri-əxlaqi üsullarla mübarizə aparmağa başladılar. “Mülayimləşmədən” sonra pedaqoji prosesdə əməkdaşlığın qurulması ilə bağlı irəli sürülən müxtəlif ideya və yanaşmalar keçmiş ənənələri saxlamağa yönəldilən konservativ meyillərlə toqquşdu. Yenilikçi müəllimlər yeni təcrübənin müəllifləri kimi çıxış etdilər.

Yeni məzmunlu eksperimentlər

Görkəmli gürcü psixoloqu Ş.Amonaşvilinin rəhbərliyi ilə 60-70-ci illərdə Gürcüstan məktəblərində yeni məzmunlu eksperimentlər aparılmağa başlandı. O, öz təcrübəsini ümumiləşdirərək “Salam, uşaqlar”, “Necə yaşayırsınız, uşaqlar?”, “Məqsəd birdir” kitablarını yazdı. Onun təcrübəsində müəllim uşaqların ən yaxın dostu, həmfikri və yol göstərəni idi. O, uşaqları sevir, istək və arzularını nəzərə alır, ruhlandırır, həvəsləndirir, onları “2” ala biləcəkləri ilə qorxutmur, qiymətdən vasitə kimi istifadə etmir, öyrənənlərin şəxsiyyətinə hörmətlə yanaşır, avtoritarlıqdan və imperativlikdən uzaq bir təcrübənin yaradılmasına nail olur. Həmin dövrdə unutdurulmuş humanist pedaqoji ənənələr dirçəldilməyə, əməkdaşlıq pedaqogikasının rüşeymləri yaranmağa başlayır. Məktəbli şəxsiyyətinin formalaşmasında pedaqoji-psixoloji tələblər ön plana çəkilir. Şagirdləri inzibati yolla təhsilə cəlb etmək əvəzinə, onların təşəbbüskarlığının, yaradıcı fəallığının artırılmasına, intizamlı olmalarına şərait yaradılması vacib hesab edilir. Kollektiv tərbiyənin funksiyasının dəyişməsi ilə bağlı yeni fikirlər yaranır. Uşaq kollektivinin kütləvi tərbiyə formasında onların özünüifadəsi, özünütəsdiqi, fərdi “məni” üçün şəraitin yaradılması önə çəkilir. Professor Ş.Amonaşvilinin rəhbərliyi ilə bir qrup novator müəllim 1986-cı ildə “Əməkdaşlıq pedaqogikası” manifestini elan edirlər. Görkəmli pedaqoq alim V.A.Suxomlinskinin nəzəri fikirləri, Rostov, Lipetsk müəllimlərinin təcrübəsi Azərbaycanda özünə yer alır.

Pedaqoji fəaliyyətdə olan yeniliklər çətinliklə də olsa, özünə yol açırdı. Xüsusilə ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin 70-80-ci illərində pedaqoji nəzəriyyələrin humanist istiqaməti və millətin özünüdərk prosesi güclənirdi. Elə bunun nəticəsi idi ki, dünyagörüşü və təfəkkürü 60-70-ci illərin sovet məktəbində formalaşanlar sonralar milli azadlıq hərəkatının önündə getdilər.

XX əsrin 90-cı illərində məlum oldu ki, şagirdlərin təfəkkürünün inkişaf tempi mövcud təhsil standartlarına, qəbul olunmuş proqramlara, öyrətmə metodikalarına adekvat deyil. Şagirdlərin həddən artıq “ölü” faktlar ilə yüklənməsi onların psixikasında gərginlik yaradır. Bunun da nəticəsində şəxsiyyətin inkişafında ləngimələr baş verir, şagird öz maraq və qabiliyyətini düzgün istiqamətləndirə bilmir, nəticədə passivləşir, məsuliyyət hissi azalır. Ona görə də pedaqogikada humanist meyillərin inkişafı zərurəti yarandı.

Elmi əsası olmayan fikirlər

Etiraf olundu ki, ənənəvi pedaqogika praktikaya o qədər də dəyişdirici təsir göstərə bilmir. Bütün bunlara əsasən belə nəticəyə gəlmək olar ki, inzibati-amirlik dövründə formalaşan ideoloji ehkamlar pedaqogikanı öz təbii inkişaf axarından çıxarmışdır. “Uşaqların anadan bərabər imkanlarla doğulması, təhsil-tərbiyədə bərabər imkanlara malik olması” kimi heç bir elmi əsasa söykənməyən fikirlər bu gün özünü doğrultmur. Elm və təcrübə sübut edir ki, təhsil-tərbiyənin köməyi ilə çox şeyi dəyişmək olar, amma insanın təbiətini dəyişmək olmaz. Deməli, sovet hakimiyyəti illərində siyasi konyunkturanın təsiri nəticəsində unudulan (unutdurulan!!!), bəşəriyyətin min illər boyu yaratdığı humanist pedaqoji dəyərlər bərpa olunmalıdır.

“Humanist Pedaqogika Manifesti”

“Humanist Pedaqogika Manifesti”ndə deyildiyi kimi, humanist pedaqoji düşüncə məktəb həyatının daim yeniləşməsi üçün imkan yaradır. Bunu müəllim kollektivlərinin yaradıcılıq fəaliyyətindəki çoxistiqamətli işlə əldə etmək mümkündür. Humanist - şəxsiyyətyönümlü sistem mövcud olan şəraitə uyğunlaşma prosesi deyildir. Bu sistem üzrə müəllim təhsil prosesində tədrisin keyfiyyətini təkmilləşdirir, uşağı həyat şəraitinin yaxşılaşdırılmasına, dəyişikliklər, yeniliklər və axtarışlar etməsinə ruhlandırır. Belə bir istəyin mənbəyi yüksək mənəviyyatdır. Şagirdləri fikirləşməyə öyrətməyi vacib hesab edən Amerika alimi V.Bruer deyirdi: “Əgər biz Amerikada təhsilin səviyyəsini yüksəltmək istəyiriksə, şagirdlərə insanı ağıllı, öyrənən, düşünən varlıq edən keyfiyyətlər aşılamalıyıq”. Təhsilin vəzifəsi isə böyüyən bu insana həyat şəraitini keçmiş nəsillərdən bir hədiyyə olaraq qəbul etməməyi, onu yaradıcı dəyişməyi, öz həyatını daha yaxşı qurmağı öyrətməkdən ibarət olmalıdır. Təhsil insanın ruhunu qidalandırmalı, onda özünə, öz daxili potensialına və onu yaradan Tanrıya inam hissi yaratmalı, onu özünüdərkə hazırlamalıdır. Təhsil insanlara istənilən həyat şəraitində düzgün hərəkət etmək qabiliyyəti aşılamalıdır. Mahiyyət etibarı ilə bu problem humanist yanaşma, yeni pedaqoji təfəkkür tələb edir. Pedaqoji prosesin əsasında duran paradiqmaları dəyişmək, onu yeni məzmunda qurmaq həyat reallığına çevrilir. Belə olan halda müəllim və şagirdlərin müəyyən qaydada və rejimdə həyata keçirilən birgə fəaliyyətlərinin zahiri ifadəsi olan təlimin təşkili formalarının da məzmunu və xarakteri dəyişir. Sosial səbəblər və didaktik sistemlərin inkişafı ilə əlaqədar olaraq meydana gələn, ciddi reqlamentə, sərt qaydalara əsaslanan standart dərslər tədricən öz yerini qeyri-standart dərslərə verir. Humanist pedaqoji yanaşmanın məqsədi də məhz belə innovasiyaların meydana gəlməsi ilə bağlı olur. Uşağın təbii imkanına inam, onun orijinal təbiətini üzə çıxarmaq, ona bir şəxsiyyət kimi hörmət etmək, yaxşı əməllərə xidmət etmək, ədalətli olmaq və müasir pedaqoji düşüncə, öz metodları və formaları ilə yeni pedaqoji sistemlərin meydana gəlməsinə şərait yaratmağı tələb edir.

Pedaqoji prosesin humanistləşdirilməsi

Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət qurulub. Bu dövlətin təhsil siyasətinin əsas prinsiplərindən birini humanistlik (milli və ümumbəşəri dəyərlərin, şəxsiyyətin azad inkişafının, insan hüquqları və azadlıqlarının, sağlamlığın və təhlükəsizliyin, ətraf mühitə və insanlara qayğı və hörmətin, tolerantlıq və dözümlülüyün prioritet kimi qəbul olunması) təşkil edir. Pedaqogikada humanizm ideyası bütövlükdə pedaqoji prosesin humanistləşdirilməsini nəzərdə tutur. Bu, bir tərəfdən pedaqoji prosesin iştirakçıları (məktəb direktoru-müəllim, müəllim-müəllim, müəllim-şagird, müəllim-valideyn) arasında münasibətlərin humanistləşdirilməsini, digər tərəfdən, təhsil-tərbiyənin məzmun, forma və metodlarının elə qurulmasını nəzərdə tutur ki, bu zaman hər bir şagirdin fərdiyyəti, idrakı və şəxsiyyətəməxsus keyfiyyətlərinin inkişafı təmin olunur, uşağın yaxşı oxuya bilməsi və yaxşı oxumaq istəməsi üçün əlverişli şərait yaradılır. Təhsilin humanistləşdirilməsi, ilk növbədə, şagirdin təlim prosesində bilavasitə inkişaf etdirilməsini, özünü bir şəxsiyyət kimi təsdiq etməsini, özünüaktuallaşdırması üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutur. Elə bir şərait, elə bir təhsil mühiti ki, şagird özü oxumaq istəsin. Zor gücünə verilən bilik ağlı boğur.

Təlimin məqsədi xeyirxahlıqdan ibarətdir

Məktəblərdə verilən təlimin məqsədi xeyirxahlıqdan ibarət olmalıdır (Herbart). Aristotel deyirdi ki, bilikdə irəli gedib tərbiyədə geri qalanlar irəli deyil, geri gediblər. Orta əsr Şərq fəlsəfi təsəvvürlərinə görə, tərbiyəsiz bilik-odunsuz ocaq, biliksiz tərbiyə - bədənsiz ruh kimidir. Almaniyada bir məktəb direktoru hər tədris ilinin başlanğıcında müəllimlərinə belə bir məktub göndərirmiş: “Mən, ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil verilmiş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb yandırdığı insanlar. Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyim budur: Hər şeydən əvvəl şagirdlərinizin insan olması üçün çalışın. Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarınızın daha çox insan olmasına kömək edərsə, onda həqiqətən yararlı olar”. Bəşəriyyətin intellektual səviyyəsi günbəgün, ilbəil artsa da dağıdıcı müharibələr, müxtəlif xəstəliklər, on milyonlarla insanların yurd-yuvalarından qaçqın düşməsi, ekoloji tarazlığın pozulması, narkomaniya, insan alveri, ərzaq və su qıtlığı insanların mənəviyyatına güclü təsir göstərir, onlardakı insani hissləri öldürür. Bəşəriyyətdə özünə möhkəm yer alan yeni ideyalar- düşmənçilik, nifrət, rəqabət, dominantlıq humanist ideyaları kökündən silib aparır. Şərqdə baş verən hadisələr, “bölünmüş dünyanın yenidən bölünməsi” uğrunda gedən separat danışıqlar, silahlı münaqişələr, irqçilik, terrorçuluq heç də yaxşı gələcəkdən xəbər vermir. Dünyada uşaq qaçaqçılığı biznesi və fahişəliyi, milli və dini dözümsüzlük halları, uşaqlara qarşı aqressiya, kimsəsiz, valideyn himayəsindən məhrum olan, alkoqol, siqaret, narkomaniya aludəçiləri olan, cinayət törədən uşaqların sayı hər il artır. Dini sektalara cəlb edilən uşaqlar ciddi psixoloji təsir altında olduqlarından onların reabilitasiyası çox hallarda mümkün olmur.

Azərbaycanda dini dözümlülük və tolerantlıq, əhalinin təhsillilik səviyyəsi yüksək olsa da dünyada gedən proseslərə biganə qala bilmərik.

Bu baxımdan, Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin 7 iyul 2011-ci ildə elan etdiyi “Humanist Pedaqogika Manifesti” maraq doğurur. Bu hərəkatın nümayəndələrinin əsas ideyası klassik pedaqoji dəyərlərin (mənəviyyat və insanlıq, sevgi və xeyirxahlıq, sülh və mərhəmət) bərpasıdır. Onların fikrincə, yalnız pedaqoji şüurun dəyişdirilməsi yolu ilə mənəviyyatsızlığın, əxlaqsızlığın qarşısını almaq, avtoritarizmi aradan qaldırmaq mümkündür. İrəli sürülən bu ideyalar digər regionlarda olduğu kimi, ölkəmizdə də intişar tapmaqdadır. 2014-cü ildə Təhsil Problemləri İnstitutunun direktoru, dosent Qulu Novruzovun təşəbbüsü ilə Bakıda humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda I Beynəlxalq konfrans-seminar keçirildi, Təhsil Problemləri İnstitutunun nəzdində “Humanist Pedaqogika Mərkəzi” təşkil olundu. 21-25 dekabr 2016-cı il tarixində ADPU-nun rektoru, professor Cəfər Cəfərovun, Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru Qulu Novruzovun ciddi səyi nəticəsində humanist pedaqogika üzrə “Təhsildə mənəvi-əxlaqi dəyərlər: harmonik şəxsiyyətin inkişafı” mövzusunda II Beynəlxalq konfrans-seminar keçirildi, “Respublika Humanist Pedaqogika Mərkəzi” yaradıldı. Humanist pedaqoji ideyaların Azərbaycanda yayılması ilə bağlı həyata keçirilən bu təşəbbüslər uğurla həyata keçirilən təhsil islahatına dəyərli töhfədir. Digər dövlətlərdə olduğu kimi, bizdə də bu, böyük bir hərəkata çevrilməli, bu sahədə sistemli iş aparılmalıdır.

Humanist pedaqogika, yoxsa humanist pedaqoji fikir

Bunun üçün nə etməliyik? Yeni bir elm sahəsi - humanist pedaqogika yaratmalıyıq, yoxsa, pedaqogikada humanizm prinsiplərini bərpa etməliyik? Və ya da humanizm pedaqogikasını yeni pedaqoji cərəyan kimi dəyərləndirməliyik? Yeni pedaqoji elm yaratmaq mümkünsüz görünür. Belə ki, dünya ideya bazarında ən az tapılan məhz pedaqoji ideyadır. Böyük yunan filosofu Aristotel əbəs yerə demirdi ki, dediklərimiz bizə qədər sonsuz sayda deyilmişdir. “Bibliya”da deyilir ki, səma altında heç nə yeni deyildir. Yenilik adı ilə elmi dövriyyəyə daxil edilənlərin çoxu unudulmuş köhnənin bərpasından başqa bir şey deyildir. Humanist pedaqogika hərəkatının görkəmli nümayəndəsi Ş.A.Amonaşvili də humanist pedaqogikanın mənası və əhəmiyyəti haqqında yazanda “humanist pedaqogika” deyil, “humanist pedaqoji fikir” anlayışından istifadə edir. Bu anlayışlar fərqli məzmuna və tutuma malikdir. O yazır: “Humanist pedaqoji fikir, hələ qədim zamanlardan insanların müşahidə etdiyi, ürəyin və ruhun dəyişməzliyini xatırladır, onların vasitəsilə insanın istedadını, zəkasını, orijinallığını, şəxsiyyətini açıqlayır. Hələ qədim zamanlardan onu öz həqiqi anının axtarışına həvəsləndirir, planetar və kosmik təkamülə xidmət edir. Bəşəriyyətin ən böyük mütəfəkkirlərinin, keçmişdə və bugünkü bir çox müəllimlərin dünyagörüşünün və yaradıcılığının əsasını humanist pedaqoji düşüncələr təşkil edir. Buna görə də Ürəkli və Mənəviyyatlı, Qarşılıqlı və Sevgi dolu humanist pedaqoji düşüncə əsasında qurulan bu yüksək dövr, bütün təlim və tədris prosesinin hərtərəfli dəyişilməsini tələb edir”. Digər tərəfdən, peyğəmbərlərdən miras qalan elm (Həzrət Əli) qeyri-humanist ola bilməz. Təbiət və cəmiyyətin inkişafındakı qanunauyğunluqları və obyektiv aləmə təsiri üsullarını meydana çıxaran biliklər sistemi necə qeyri-humanist ola bilər?

Mənə bir hərf öyrədənin quluyam

Elmin praktik, intellektual və əxlaqi dəyərə malik olması onun humanist mahiyyətinin göstəricisidir. Məhəmməd Peyğəmbər deyirdi ki, biliyi onun qədrini bilməyənlərə tapşırmaq elmə zülm etməkdir. Çünki onlar bu elmdən öz məqsədləri üçün istifadə edəcəklər. Pedaqogika təhsil-tərbiyə müəssisələrində həyata keçirilən pedaqoji prosesin (mütəşəkkil təhsil-tərbiyə prosesinin) məqsəd, məzmun, forma, prinsip və metodlarını müəyyənləşdirir, təhsili sistem, proses, nəticə və dəyər kimi öyrənir, gələcək müəllimləri pedaqoji fəaliyyətlə bağlı zəruri kompetensiyalarla silahlandırır. Bu proses mahiyyəti etibarı ilə başdan-ayağa humanizm deyilmi? “Pedaqogika” sözünün mənşəyi (“payda” və “qoqos”) də humanizmdən qaynaqlanır: - “uşaq ötürən”, “uşaq himayə edən”. Digər fəaliyyət sahəsində belə yanaşma mümkün deyildir. İşlədiyin müəssisədə xırda bir səhvə görə işini itirə bilərsən, həkim kimi uğursuz bir əməliyyatın karyerana son qoya bilər, ehtiyatsızlıqdan kiminsə xəsarət almasına səbəb olsan həbs edilə bilərsən, ailə münasibətlərində əhəmiyyətsiz hesab etdiyin nələrsə ailənin dağılmasına səbəb ola bilər. Amma məktəbdə 11 il hamı sənin qayğını çəkir. Sevgi ilə, məhəbbətlə, xoş ünsiyyətlə əhatə olunursan. Sənin əlindən tutub “ana”, “Vətən” sözlərini yazmaq öyrədirlər. Müəllimlərin dəstəyi ilə elmin sirlərinə yiyələnirsən, əxlaqi-mənəvi cəhətdən pillə-pillə ucalırsan. Nailiyyətlərinlə yanaşı, uğursuzluqların da olur. Uğursuzluqlarının mahiyyətini səbrlə, təmkinlə başa salırlar ki, bir daha təkrar etməyəsən. Həzrət Əli (ə) deyirdi ki, mənə bir hərf öyrədənin quluyam. Deməli, ən çətin dövrlərdə belə məktəb və pedaqogika elmi milli xəyanət mövqeyində dayanmamış, pedaqogika yüksək ideallar və məqsədlər uğrunda mübarizəyə hazır nəslin tərbiyəçisi olmuş, təlim-tərbiyənin strategiyasını və taktikasını hazırlamış və məktəbdə isə həyata keçirmişdir. Pedaqoji və elmi-pedaqoji kadr hazırlığında on illərdir ki, istifadə edilən “Pedaqogika” dərsliklərinə qeyri-humanist pedaqogika desək, akademik Mehdi Mehdizadənin, professorlar Əhməd Seyidovun, Mərdan Muradxanovun ruhu bizdən inciməzmi? Bizləri və sizləri bu “qeyri-humanist” pedaqogika yetişdirməyibmi? Dəhşətli Stalin terroru vaxtı da, II Dünya müharibəsi illərində də, 60-70-ci illərdə də pedaqogikada işıqlı cəhətlər, humanist yanaşmalar, milli ideyalar olmuşdur. Bəlkə ənənəvi pedaqogikanın ehkamlarını və postulatlarını dəyişək, III minilliyin çağırışlarına uyğunlaşdıraq?

Yeni pedaqoji cərəyan, yoxsa...

XX əsrin əvvəllərində praqmatik pedaqogika (C.Dyui, U.Kilpatrik), dini pedaqogika (F.V.Ferster, M.Adler), marksist pedaqogika (P.Lafarq,K.Setkin), islahatçı pedaqogika (E.Dekroli, E.Key), funksional pedaqogika (A.Feryer, S.Frene), sonralar isə faşist pedaqogikası (E.Krik, C.Centel) adı ilə yeni pedaqoji cərəyanlar yarandı. İllər keçsə də bunlar pedaqoji elmdə cərəyan, təmayül, istiqamət səviyyəsində qaldı, yeni bir elm sahəsi kimi formalaşmadı. Bəlkə, humanist pedaqogikanı yeni pedaqoji cərəyan kimi dəyərləndirək?

Zaman göstərər

Qloballaşan dünyamızın çağırışı isə yeni humanist yanaşmaları ehtiva edən pedaqoji təfəkkürün formalaşmasını tələb edir. Bu məqsədin reallaşması üçün elmi və pedaqoji mətbuat səhifələrində qızğın müzakirələr gedir: bir qrup tədqiqatçı bütövlükdə pedaqoji prosesin humanistləşdirilməsini, təhsil-tərbiyədə unudulmuş humanist ənənələrin və dəyərlərin bərpasını zəruri sayır, digər qrup isə “Humanist pedaqogika” adlı yeni elm sahəsinin yaradılmasını təklif edir. Hansı alimlərin fikirlərinin üstünlük qazanacağını isə zaman göstərər.

yuxarı ⤴