1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
“İnnovasiya sahibkarlığı və texnoparklar”
09.11.2017 / No43

 

 

 


BMU-nun bu adda ilk dərs vəsaiti çap olunub

Dünyada qloballaşmanın, eləcə də yüksək texnologiyaların istehsalının və tətbiqinin təsiri ilə baş verən sürətli dəyişikliklər, həmçinin rəqabət anlayışının aktuallaşması iqtisadiyyatda innovasiyalara əsaslanan yanaşmaları zəruri edir. Bu cür yanaşmaların hərəkətverici qüvvəsi kimi qəbul edilən innovasiya iqtisadiyyatı və onun komponentlərinin öyrənilməsi hələ keçən onillikdə Azərbaycanda geniş müzakirə mövzusu idi. Son zamanlar isə, xüsusilə qeyri-neft sektorunun inkişaf etdiriməsi, eləcə də iqtisadi potensialın daha səmərəli istifadəsinin zəruriliyi müstəvisində bu sahə ən aktual sahələrdən birinə çevrilib. İnnovasiyaların inkişafına əsaslanan yanaşmalar və bu sahənin lokomotivi kimi bilinən texnoparkların dərindən öyrənilməsi, o cümlədən ölkəmizdə tətbiqi yollarının kompleks qiymətləndirilməsi əhəmiyyət kəsb edir.

Bütün bunlar bu yaxınlarda çapdan çıxmış “İnnovasiya sahibkarlığı və texnoparklar” adlı kitabda öz əksini tapıb. Burada qeyd edilir ki, innovasiya sahibkarlığının inkişafı üçün xüsusi zonaların (ekosistemin) formalaşdırılması ən vacib məqamlardandır. Dünya təcrübəsində bu prosesin universitetlər və ya elmi-tədqiqat institutları ilə birgə baş verdiyi müşahidə edilir. Ona görə də bu işdə elm və təhsil müəssisələrinin rolu əvəzsizdir. Dünyada yeni yanaşmalar müstəvisində sahibkar universitet anlayışı formalaşmaqdadır. Bakı Mühəndislik Universitetində də sahibkar universitet modelini formalaşdırmaq üçün zəruri olan hər şey var. Belə ki, universitet gənc və dinamik professor-müəllim heyəti ilə intellektual potensiala, o cümlədən maddi-texniki bazaya və bizneslə yaxşı əlaqələrə malikdir. Universitetdə texnopark, o cümlədən İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Təsadüfi deyildir ki, Azərbaycanda ən böyük startap proqramı hesab olunan “Yeni fikir” startap müsabiqəsi də BMU tərəfindən təşkil olunur. Bütün bunlarla yanaşı, universitetdə müxtəlif ixtisaslarda təhsil alan bakalavr və magistr tələbələrinə “Sahibkarlığın əsasları” fənni də tədris olunur. Bəzi müəllimlər, eləcə də tələbələr intellektual sahədə öz bizneslərini inkişaf etdirməklə yanaşı, həmçinin bir sıra intellektual xidmətlərini dövlət və özəl sektora aid müəssisələrə sata bilirlər.

Bu baxımdan “İnnovasiya sahibkarlığı və texnoparklar” adlı dərs vəsaitinin də BMU-da ərsəyə gəlməsi təsadüfi deyildir. Universitetin əməkdaşları İsa Qasımov və Fərid Cəbiyevin birlikdə hazırladıqları “İnnovasiya sahibkarlığı və texnoparklar” kitabında verilən materiallar innovasiya sahibkarlığının və texnoparkların inkişafı ilə bağlı istər dünya təcrübəsinin öyrənilməsi, istərsə də innovasiya sahibkarlığında əsas dinamikası hesab olunan təşəbbüskarlığın mahiyyətinin mənimsənilməsində xüsusi rol oynaya bilər.

Müəlliflər innovasiya sahibkarlğı və onun mahiyyətini izah edərkən dünya ədəbiyyatında mövcud olan mənbələrdən səmərəli şəkildə istifadə edə biliblər. Bununla yanaşı, innovasiya sahibkarlığının inkişafında xüsusi rola malik olan texnoparkların təcrübəsi, müsbət nəticələr əldə edə bilən ölkələrin nümunələri əsasında tədqiq edilmiş və faydalı müqayisələr aparılmışdır.

Kitab giriş, 4 fəsil və nəticədən ibarətdir. Birinci fəsildə iqtisadi inkişafın texnoloji yanaşmalarla əlaqəsi tədqiq edilmiş və prosesin nəzəri aspektləri, o cümlədən sahə ilə bağlı əsas anlayışların mahiyyəti izah edilmişdir. İkinci fəsildə innovasiya və sahibkarlıq anlayışları, o cümlədən bu anlayışlardan irəli gələn dinamikanın iqtisadi artım və iqtisadi inkişafda rolu verilmişdir. Bu fəsildə təşəbbüskarlıq fəaliyyətləri, onun tarixi, xarakteristikası və xüsusiyyətləri haqqında məlumatlar da öz əksini tapıb.
Üçüncü fəsildə texnopark anlayışı və texnoparkların iqtisadi inkişafda rolu qeyd olunmuş, müxtəlif ölkələrin təcrübəsinə əsasən müqayisələr aparılmışdır. Təhlil və müqayisələr zamanı sahə ilə bağlı dünyanın aparıcı təşkilatlarının göstəricilərindən istifadə edilmişdir.

Dördüncü fəsildə dünya təcrübəsində mövcud olan uğurlu texnoparkların keçdiyi inkişaf yolu təhlil edilmiş və bu təcrübələrin Azərbaycanda istifadə imkanları araşdırılıb. Nəticədə isə müəlliflər tərəfindən təklif və tövsiyələr verilib.

Kitabda əldə olunan nəticələr iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə elmi-texnoloji parkların, universitetlərin nəzdində texnoparkların və biznes inkubatorların, şəxsi biznesin qurulması və inkişafında, kiçik və orta sahibkarlığın, həmçinin sənayenin inkişafında, ali təhsil müəssisələrində sahibkarlığın tədrisində, cəmiyyətdə, o cümlədən təhsil müəssisələrində təşəbbüskarlığın təşviqi və dəstəklənməsi prosesində və s. istifadə oluna bilər.

BMU-nun bu mövzuda ilk dərs vəsaiti olan “İnnovasiya sahibkarlığı və texnoparklar” kitabı “Azərsu” ASC-nin vəsaiti hesabına, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (AMEA YTP) dəstəyi ilə işıq üzü görüb. Kitaba BMU və AMEA YTP-nin mütəxəssisləri tərəfindən rəy verilib. Kitaba “Xəzər Vençur” şirkətinin təsisçisi Məmməd Kərim ön söz yazıb.





 

yuxarı ⤴