1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//17.11.2017

//17.11.2017

//17.11.2017

 
 
Elm xəbərləri
09.11.2017 / No43

 
 

 

 


Yeni zelandiyalı proqramçı virtual uşaq yaradıb



Yusif ƏLİYEV

Yeni zelandiyalı proqramçı Mark Saqar qızının insanların sorğularına cavab verən 3D-modelini yaradıb.

www.news.rambler.ru  saytının məlumatına görə, karyerasını tibbi məqsədlə bədən üzvlərinin modelləşdirilməsi ilə başlayan, “Kinq-Konq” və “Avatar” kimi filmlər üçün CGI qrafika hazırlayan Saqar hazırda süni intellekti “insanlaşdırmağa” çalışır.
“Biz yalnız özü üçün öyrənən yox, həm də dünya ilə qarşılıqlı təsirdə olan sistem yaratmaq niyyətindəyik. Buna görə də mən insan şüurunun kompüter modelinin yaradılması tapşırığını həll etməyə çalışdım”, - deyə Saqar bildirib. “BabyX” layihəsinin əsasında məhz bu ideya dayanır.

Proqramçı “BabyX”in yaradılması üçün 18 aylıq qızının fotoşəkillərindən istifadə edib. Layihənin ilk mərhələsində yalnız kompüterdə mövcud olan virtual uşaq artıq yanında olan insanların hərəkətlərinə reaksiya verə bilirdi. Daha sonra Saqar modelini təkmilləşdirdi. Yalnız başdan ibarət olan 3D-model artıq bədənə də malikdir. Virtual uşaq kresloda əyləşərək fortepianoda ifa edə bilir. İdeyalarını gerçəkləşdirmək üçün “Soul Machines” şirkətini yaradan Mark Saqar “BabyX”i daha da təkmilləşdirməyi planlaşdırır.


“Ağıllı” piyada keçidi təqdim edilib



İngiltərənin “Direct Line” sığorta şirkəti “ağıllı” piyada keçidini təqdim edib. Yeni texnologiya yollarda təhlükəsizliyi əhəmiyyətli dərəcədə yüksəldə biləcək. “Ağıllı” keçid piyadanı aşkar edərək sürücüyə təhlükə haqqında xəbərdarlıq edən bir neçə sensordan ibarətdir. O, həm də piyadalara yaxınlaşan nəqliyyat vasitələri haqqında məlumat verir.

www.nanonewsnet.ru  saytının məlumatına görə, işıq diodları ilə təchiz edilmiş piyada keçidi bir neçə rejimdə işləyir. Yolda nəqliyyat vasitəsi olmadıqda keçiddə avtomatik olaraq yaşıl işıq yanır. Keçidin uzunluğu 22 metr təşkil edir, lakin daha çox piyada yolu keçdikdə o, eninə genişlənir. Sistem, həmçinin qaranlıqda sürücüyə xəbərdarlıq etmək üçün piyadaların üzərinə işıq salır. Nəqliyyat vasitəsi yaxınlaşan zaman keçidin qırmızı işığı yanır. Bundan başqa, piyada yol hərəkəti qaydalarını pozaraq yolu keçmək istədikdə keçiddə yaşıl işıq qırmızı ilə əvəzlənir. Məsələn, piyada keçiddən kənara çıxarsa, sistem sürücünü təhlükə haqqında məlumatlandıracaq.


Portretlərin “canlandırılması” üçün alqoritm



İsrailin Tel-Əviv Universitetinin tədqiqatçılar qrupu “Facebook” sosial şəbəkəsinin nümayəndələri ilə birgə insanların şəkil və portretlərinə etalon videoqeyddən mimika köçürərək onları “canlandırmağa” imkan verən alqoritm hazırlayıblar.

Hazırda insanın hərəkətləri və mimikası haqqında məlumatlar toplamağa, onları rəqəmsal formaya çevirməyə, sonra isə onu digər insanın və ya personajın üçölçülü modelinə daşımağa imkan verən müxtəlif metodlar mövcuddur. Adətən bu kimi məlumatlar insanın bədənində bərkidilən kameralar üçün xüsusi tənzimləyicilər və ya çox sayda markerin köməyi ilə toplanır.

www.hitech.newsru.com  saytının məlumatına görə, İsrail tədqiqatçıları tərəfindən təklif edilmiş texnologiya tələb olunan mimikanı nümayiş etdirən digər insanın olduğu bir videoqeyddən istifadə edərək insanın bir şəklini və ya portretini “canlandırmağa” imkan verir. İş prosesində alqoritm videodakı insanın mimikasını şəklə və ya təsvirə köçürür, yekun nəticənin daha həqiqi alınması üçün proqram üz ifadəsinin dəyişdiyi zaman yaranan qırışlar və ya təbəssüm zamanı görünən dişlər də daxil olmaqla, animasiyaya çevrilmiş təsviri detalları ilə əlavə edir.

Xatırladaq ki, keçən ilin mart ayında Stenford Universitetinin tədqiqatçılar komandası Maks Plank adına İnformatika Universiteti və Erlangen-Nürnberq Universitetindən olan həmkarlarının iştirakı ilə istənilən insanın mimikasının başqa insanın videoqeydinə daşınması texnologiyasını təqdim etmişdilər.


Çində elastik displeylərin istehsalına başlanılıb



Çinin “BOE” şirkəti ölkədə üzvi işıq diodlu ekranların (OLED) istehsalına başlayıb. Beləliklə, Çin elastik displeylərin istehsalının həyata keçirildiyi Koreya Respublikasından sonra ikinci ölkə olub.

www.belta.by  saytının məlumatına görə, OLED displeylərin ilk partiyası artıq “Huawei”, “Vivo”, “Xiaomi”, “ZTE” və əvvəllər analoji məhsulu “Samsung”dan satın alan digər Çin şirkətlərinə göndərilib.

“BOE” şirkətinin vitse-prezidenti Çjan Yun bildirib ki, displeylərin altıncı nəsil AMOLED (üzvi işıq diodlu aktiv matris) texnologiyasından istifadə edilməklə istehsalı şirkətin Çendu şəhərində yerləşən bazasında həyata keçirilir.

OLED ekran yüksək parlaqlıq, kontrastlıq, eləcə də kiçik qabaritlər və çəki daxil olmaqla, bir çox üstünlüklərə malikdir. Çin istehsalçısının məhsulunun qalınlığı 0,03 mm təşkil edir.

Ekspertlərin proqnozlarına əsasən, bükülən ekrana malik qurğular yaxın 1-2 ildə Çin bazarına çıxarıla bilər.

İKT.az saytının materialları əsasında

yuxarı ⤴