1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


“O günün sevincini indi də yaşayıram”
12.11.2016/№44

 

 

 


Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Ağalətif Lətifov ilə söhbət

Sifai SƏFƏROVA,
“Azərbaycan müəllimi”
s.seferova@muallim.edu.az
 
Ağalətif Lətifov 1999-cu ildə İsmayıllı rayonunun Cülyan kəndində anadan olub. İsmayıllı şəhər 5 nömrəli tam orta məktəbin məzunudur və IV ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək nəticə qazanıb. 2015-ci ildə biologiya üzrə keçirilən fənn olimpiadasında bürünc medal qazanıb. Məktəbi isə qızıl medalla bitirib. Onun bu uğuru nəinki ailədə, eləcə də rayonda böyük sevinclə qarşılanıb. Ağalətiflə təhsil aldığı ATU-da görüşüb şöhbətləşdik.

- 700 bal toplamağın rayonda, məktəbinizdə böyük ruh yüksəkliyi ilə qarşılanıb, eləmi?
- Bəli. Bir an içərisində nəinki oxuduğum məktəbə, bütün rayona səs yayıldı ki, filan məktəbin məzunu ən yüksək bal toplamağa nail olub. İnanın, o günun sevincini indi də yaşayıram.
- Nə vaxtdan qarşına məqsəd qoymuşdun ki, həkim olacaqsan?
- Əslinə qalsa, lap erkən yaşlarımdan, 7-ci sinifdən. Həmişə həkim olmaq arzusu ilə yaşayırdım. Bu arzu məni heç vaxt tərk etmirdi.
- Ailədə səndən başqa ali təhsil alan varmı?
- Əlbəttə var, bacım Gülbəniz Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil alır. İxtisasca riyaziyyat müəllimi olan atam bizimlə ibtidai siniflərdən başlayaraq ciddi məşğul olub. Atam oxuduğum orta məktəbdə direktor müavinidir, anam isə evdar qadındır.
- Test sualları çətin deyildi ki? Cavabları yazmağın çox vaxt apardı?
- İmtahan cavabları açıqlanmazdan əvvəl mən 700 bal toplayacağıma əmin idim. Orta məktəbdə nəticələrim də yüksək idi. Bütün qiymətlərim “5” olub. Suallara gəlincə isə bir həqiqət var: bildiyi şey adama asan gəlir, bilmədiyinsə çətin. Əsas odur ki, həyəcan keçirməyəsən. Mən çox sərbəst idim. Bütün sualları cavablandırmağa qadir idim. Bunun isə yalnız bir səbəbi var idi. Qəbul imtahanlarına mükəmməl hazırlaşmışdım. Onun üçün sualları tez cavablandırıb auditoriyanı tərk etdim.
- Məzun olduğun məktəbin müəllimlərinin tələbkarlığı da vacib şərtdir uğur qazanmağında...
- Təhsil aldığım məktəb gənc təlim-tərbiyə ocağıdır. 2004-cü ildən fəaliyyətə başlayıb. Bu qısa müddətdə məktəbimizin iki dəfə “Ən yaxşı ümumtəhsil müəssisəsi” adını alması, 2014-cü ildə 8, 2015-ci ildə isə 6 məzunun 600-dən yuxarı bal toplaması göstərir ki, burada çalışan müəllimlər olduqca tələbkar və məsuliyyətlidirlər. Tələbkarlıq olan yerdə də, bilirsiniz ki, uğur yüksək olur. Yeri gəlmişkən, orta məktəb müəllimlərimə də qəzetiniz vasitəsilə öz təşəkkürümü çatdırıram. Eyni zamanda mən də onların əziyyətlərini nəticəsiz qoymadım.
- Qızıl medal almısan, Prezident təqaüdünə layiq görülmüsən. Bu uğurlar səndə arxayınlıq yaratmır ki?
- Xeyr. Əksinə, bu mənim məsuliyyətimi birə-beş artırır. Bilirsiniz, elm zəncirvari həlqə kimi bir-biri ilə bağlıdır. O, dərinləşdikcə mürəkkəbləşir. Orta məktəbdə yaxşı oxumağım bu gün çətinlik çəkməməyimə rəvac verir. Əgər qarşıya məqsəd qoyursansa, buna nail olmaq üçün gərək əziyyət də çəkəsən. Əziyyətin qarşılığı isə 700 bal da ola bilər, olmaya da. Bu da, hardasa, qismətlə bağlıdır. Amma qarşıya 700 bal toplamağı məqsəd qoyubsansa, gərək özünü sistemli şəkildə hazırlayasan. O zaman bu nəticəni əldə etmək çox da çətin deyil.
- Ümumiyyətlə, nə vaxtsa düşünmüsənmi,700 bal toplaya bilərəm?
- Son 2, 3 ildə ancaq 700 bal toplamaq barəsində düşünürdüm və inanırdım ki, qəbul imtahanında bu nəticəni əldə edə biləcəyəm. Düzdür, sınaq imtahanlarında bu nəticəni əldə edə bilməmişdim. Hansısa mexaniki səhvim olanda düşünürdüm ki, qəbul imtahanında bunu etməyəcəyəm. Beləliklə, son 2 ildə xüsusilə planlı, sistemli şəkildə qəbul imtahanlarına hazırlaşdım. İmtahanda diqqətli oldum, həyəcanı minimuma endirdim. Dərk edirdim ki, yüksək nəticə göstərmək psixoloji hazırlıqdan da çox asılıdır. Mən bu baryeri aşmasaydım, bəlkə də bu nəticəni qazana bilməzdim.
- Uğur qazanmağında kimlərin əməyi daha çox olub?
- Mən bu sualları artıq cavablandırdım. Əlavə olaraq onu da deməyi özümə borc bilirəm ki, bu uğuruma görə valideynlərim və müəllimlərimlə yanaşı məktəbin direktoru Elçin Məmmədova, sinif rəhbərimiz İlahə Bağıyevaya da təşəkkür edirəm. Onların heç də valideynlərimdən az sevinmədiyini gördüm və bundan qürur duyuram. Sevinirəm ki, mənə doğma olan məktəbdə atalıq, analıq qayğılarını gördüyüm bu insanları sevindirə bildim. Bu günlərdə kəndimizə getmişdim, müəllimlərimlə görüşdüm. Onlar elə sevinirdilər ki...
- Şəhər həyatı sənin üçün darıxdırıcı deyil ki?
- Şəhər həyatına hələ də öyrəşməmişəm. Çalışıram ki, mühitə uyğunlaşım. Amma ötən şənbə günü dostlarımla gəzməyə çıxmışdıq. Bakımız o qədər gözəldir ki, Valideynlərimlə tez-tez əlaqə saxlayıram. Yataqxanada 2 nəfər tələbə ilə birlikdə yaşayırıq. Seminarlara mükəmməl hazırlaşıram. Axı, payız sessiyasına lap az qalıb.
 

yuxarı ⤴