1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Pedaqoji innovasiyalardan istifadə dövrün tələbidir
12.11.2016/№44

 

 

 


Azərbaycan Respublikası mədəniyyətlərin qovuşması və müasir iqtisadi yüksəlişlərin fonunda təhsil, tərbiyə və mədəni inkişaf sahəsində uğurlu nailiyyətlər əldə etmişdir. Bu nailiyyətlərin əsası 90-cı illərin əvvəllərində Azərbaycanın öz müstəqilliyini əldə etməsi ilə qoyuldu. Uzun müddətlik siyasi məhdudiyyətlərdən sonra Azərbaycan Respublikası öz azad ideologiyası ilə təhsil və iqtisadiyyat sahəsində yeniliklər etdi. 1992-ci ildə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra təhsil sahəsində bir sıra mütərəqqi yeniliklər həyata keçirildi. Təhsilin mövcud struktur, forma və məzmun məsələləri bir də nəzərdən keçirildi. Təhsil müddətində tədris edilən bəzi fənlərin adı və məzmunu dəyişdirildi və dərs saatları yenidən formalaşdırıldı.
Həyata keçirilən yenilənmə prosesləri zamanı dərsdə istifadə olunan tədris metod və formaları da dəqiqləşdirildi və yeni optimal metodların istifadəsinə başlanıldı. Bütün bu proseslər təhsilin dünya təhsil məkanına inteqrasiya olunması vacibliyini yaratdı və bir sıra xarici ölkələrlə tədris-təcrübə mübadiləsi həyata keçirildi.
Təhsilin yenilənməsini və inkişafını şərtləndirən bir çox amillər vardır. Bunlardan ən başlıcası innovativ yanaşmaların təhsilə tətbiqidir. “İnnovasiya” termini latın dilində “innovato” sözündən olub, “yenilənmə” və “yaxşılaşma” deməkdir, elmi tədqiqatlarda XIX əsrdə işlənməyə başlamışdır. İlkin olaraq iqtisadiyyata aid edilən termin daha sonralar digər sahələrə də sirayət etmiş və ümumişlək hal almışdır.
“Elmi-texniki tərəqqi” lüğətində innovasiya yeni məmulat növlərinin, texnologiyaların, yeni təşkilati formaların tətbiqinin və s. işlənib hazırlanmasına, yaradılmasına yönəldilmiş yaradıcılıq fəaliyyətini ifadə edir.
İnnovasiya prosesdir. Onun başlanğıcı, davam etmə müddəti və əlbəttə ki, sonu vardır. Burada düşünülə bilər ki, əgər innovasiya prosesi sona yetirsə, o, səmərəli deyil. Lakin fəlsəfənin, dialektikanın təməl qanunlarından biri olan inkarı inkar qanununun tələb etdiyi kimi hər gələn yeni özündən əvvəlki “yeni”ni inkar edir. Bu baxımdan hər hansı bir sahədə əldə olunan nailiyyətlər özündən əvvəlki fəaliyyətləri əxz edərək onun üzərində inkişaf edir. İnnovasiya prosesi dedikdə, hansısa yüksək səmərəliliyə malik, inkişafı şərtləndirən yeniliyin tətbiqi, insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi və tətbiqolunma üsulları başa düşülməlidir. İnnovasiya fəaliyyətinin nəticəsi yeni və ya təkmilləşdirilmiş məhsul (iş, xidmət), texnoloji proses, həmçinin ictimai münasibətlərin müxtəlif sahələrində təşkilati-texniki, maliyyə-iqtisadi və digər hallar hesab edilir.
İnnovasiyalardan bəhs edərkən onun həyatın müxtəlif sahələrinə aid olduğunu qeyd etdik. Bu baxımdan təbii ki, innovasiya prosesi özünü həm də təhsil sahəsində həyata keçirilən fəaliyyətlərdə də göstərir. Təhsil sahəsində, daha doğrusu, məhz tədris prosesində tətbiq olunan innovasiya pedaqoji innovasiya adlanır.
Təlim prosesində innovasiyalardan istifadə edərkən müəllim onun nə kimi inkişafetdirici əhəmiyyətə malik olduğunu başa düşməlidir. İnnovasiyadan istifadə kor-koranə və məqsədsiz şəkildə baş vermir. Belə olan halda prosesin məqsədi və inkişaf meyilləri öz mahiyyətini itirə bilər. Pedaqoji innovasiyalar ümumi təhsil məktəblərində (liseylər, gimnaziyalar və bütün bu tipli təhsil müəssisələrində) tətbiq olunarkən müəyyən xüsusiyyətlər nəzərə alınmalıdır. İnnovasiyaların tətbiqi zamanı təhsilalanın şəxsiyyət kimi inkişafı, qarşılıqlı subyekt-subyekt münasibətləri təmin olunur, öyrənənlərin nailiyyətlərini qiymətləndirməyin ən səmərəli üsul və vasitələri istifadə edilir, şagirdlərin nailiyyətləri müvafiq şəkildə izlənilir və onların maraq, meyil və tələbatları nəzərə alınır, tədris prosesində təhsilalanların mənafeyi gözlənilir, materiallar tədqiqatçılıq yolu ilə öyrənildiyindən uzun müddət yaddaşda qalır və s. pedaqoji innovasiyalardan istifadə müəllim və şagird münasibətlərinin tənzimləyicisi kimi çıxış edir.
Pedaqoji innovasiyalar tətbiq olunarkən həm daxili imkanlar (məktəbin maddi-texniki baza cəhətdən vəziyyəti, pedaqoji kadrların hazırlıq xüsusiyyətləri, təhsilin dövlət ideologiyasına xidmət etməsi, təhsilalanların fərdi-psixoloji xüsusiyyətləri və s.), həm də xarici imkanlar (maliyyə qoyuluşu, tətbiq edilən yeniliyin xarakteri və s.) nəzərə alınmalıdır. Həyata keçirilən fəaliyyətin perspektivləri hesablanmalı, proses müddətində itki və qazanclar diqqət mərkəzində saxlanılmalıdır.
Müasir dövrdə təhsil prosesində gedən yenilənmələrin əsas mənbəyi onun fasiləsiz modernləşməsidir. Modernləşmə prosesinin əsas məqsədi təhsilin müasir dövrün tələblərinə uyğun dinamikasını təşkil etməkdir. Azərbaycan təhsili dünya təhsil sisteminə və Avropa təhsil məkanına inteqrasiya edir və bu ölkələrdə təhsil sistemləri mütərəqqi tendensiyalara uyğun inkişaf edir. Azərbaycan Respublikası da uyğun olaraq həmin ölkələrin təhsil təcrübələrinə istinad edərək təcrübə mübadiləsi həyata keçirir. Öyrənilən təcrübələr və innovativ ideyalar milli ideologiyanın və dövlətin tələblərinə uyğunlaşdırılaraq təhsil sisteminə tətbiq edilir.
Pedaqoji innovasiyalardan istifadə dövrün tələbidir. İnformasiya axınının durmadan sürətləndiyi və həyatımızın bütün sferalarını əhatə etdiyi bir vaxtda hər bir anımız yenilik və dəyişmə tələb edir. Bu yeniliklərə uyğunlaşmaq və fəaliyyət sistemini ona uyğun qurmaq insanın qarşısına qoyulmuş cəmiyyət tələbidir.
Tədris prosesində pedaqoji innovasiyalara daha çox dərslərdə istifadə olunan texnologiyalar aid edilir. Təlimin fəallığını təmin edən təlim texnologiyalarından istifadə şagirdlərin əqli fəaliyyətini inkişaf etdirir, onların təfəkkürünü formalaşdırır, həyati bacarıqlar aşılamaqla gələcək həyata, müstəqil fəaliyyətə hazırlayır.
Təlim prosesində pedaqoji innovasiyalardan biri olan fəal təlim texnologiyası artıq illərdir ki, tədrisə tətbiq olunmaqdadır. Bu sahədə artıq qabaqcıl təcrübələr ümumiləşdirilir, peşəkar müəllimlərin fəaliyyəti işıqlandırılaraq yayılır, digər müəllimlər də peşəkarların təcrübəsindən faydalanır.
Ümumtəhsil məktəbləri ilə yanaşı lisey və gimnaziyalarda da pedaqoji innovasiyalardan geniş istifadə olunur. Təhsilin inkişafını təmin etmək üçün liseylərdə texnoloji imkanlardan və təlim texnologiyalarından daha çox istifadə edilir.
Tədris etdiyim fənnin (Azərbaycan dili və ədəbiyyat) tələblərinə uyğun olaraq yeni təlim texnologiyalarından geniş şəkildə istifadə edirəm və bu prosesdə şagirdlərin meyil və maraqları, eləcə də onların tələbatlarını nəzərə alıram.
Dərslərdə elektron lövhələrdən istifadə müəllimin vaxtına qənaət etməklə yanaşı vizual reallığı əks etdirir və şagirdlər üçün maraqlı və öyrədici əyani vəsait rolunu oynayır. Qeyd etmək lazımdır ki, elektron tədris lövhələri innovasiya olmaqla yanaşı, həm də təlimin texniki vəsaitlərindən biridir. Onun vasitəsilə dərslər fəal şəkildə təşkil və şagirdlərin əqli fəallığı təmin olunur.
İnnovasiya dövrünün tələbi kimi hər bir müəllim bu lövhələrdən istifadə etməyi bacarmalıdır. Elektronika əşyalarının həyatın hər bir sahəsinə nüfuz etdiyini nəzərə alsaq, tədris mühitini də onsuz təsəvvür etmək mümkün deyil. Fəaliyyətini elektron texnologiyaların köməyilə quran şagird üçün əyani və texniki vəsaitlər olmadan aparılan dərs maraq kəsb edə bilməz.
Dərsdə motivasiyanın düzgün qoyulması, şagirdin tədqiqatçılığa cəlb edilməsi, onların təfəkkür imkanlarının nəzərə alınması, innovativ texnologiyalardan geniş istifadə olunması təhsilin səmərəli mənimsənilməsinə və nailiyyətlərin əldə edilməsinə səbəb olur.
İnnovativ vasitələrdən istifadə yalnız dərsi maraqlı etməklə qalmır, həm də onun öyrədici, tərbiyəedici və inkişafetdirici xarakterini üzə çıxarır. Azərbaycan dili və ədəbiyyat öz mahiyyəti etibarilə fəallıq tələb edən fənlərdir. Hər bir mövzunun tədrisi və standartların reallaşdırılması zamanı fəal təlim elementlərindən istifadə, dərsin elektron texnologiyalar vasitəsilə tədrisi şagirdlərin dərsə daha maraqla yanaşmalarına, yaradıcılıqlarını inkişaf etdirərək sərbəst araşdırmaçılar kimi fəaliyyət göstərmələrinə səbəb olur.
Pedaqoji mühitin tələblərindən biri nəzəriyyənin təcrübədə uğurla tətbiqi olduğundan biz dərslərdə tədrisi zamanı nəzəri əsasları olan innovativ təlim texnologiyalarından istifadə etməyə və onun təcrübi əsaslarını təkmilləşdirməyə çalışırıq. Dövrün tələbi kimi pedaqoji innovasiyalardan istifadə edərkən hər bir müəllimin öz pedaqoji yanaşması olduğundan təcrübə zamanı müxtəlif maraqlı məqamlar üzə çıxır ki, bunlar da tədris prosesini təcrübə baxımından zənginləşdirir.
Fəal təlim texnologiyalarından istifadə edərkən müəllim çalışmalıdır ki, hər bir dərsin xaraktertinə uyğun məqsəd və vasitələr seçsin. Bəzən yanlış seçilmiş bir üsul bütünlükdə dərsin pedaqoji məqsədlərinin itməsinə səbəb ola bilir.
Pedaqoji innovasiyalardan istifadə etmək müəllim üçün ən başlıca peşəkar xüsusiyyətlərdən biridir. Çünki müasir dövr müəllimdən onu tələb edir. Bu gün təhsildə strateji yanaşma, təhsili dünya təhsil təcrübəsi ilə inteqrasiya etmək digər fəaliyyət sahələrinə nisbətən daha vacibdir. Bu səbəbdən də innovasiyaların istifadəsi və bu təcrübənin ümumiləşdirilərək nəzəri əsaslarını tapması çox mühüm məsələdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, dosent İlham Əhmədovun “Azərbaycan müəllimi” qəzetinin 31 yanvar 2014-cü il tarixli nömrəsində dərc olunmuş “Təhsil innovasiyalarının idarə edilməsi” adlı məqaləsində müasir dövrdə innovasiyaların yaranma səbəbləri aşağıdakı kimi xarakterizə olunmuşdur:
* tədris prosesinin humanistləşməsi;
* uşaqların təhsilləri və gənc nəslin inkişafı keyfiyyətinə verilən yüksək tələblər;
* mədəni-mənəvi dəyərlərə yönəlmə;
* təhsil müəssisələri arasında rəqabətlilik münasibətləri.
Qeyd olunan xüsusiyyətlər həqiqətən də tədrisin innovativ əsaslarla qurulması üçün əsas şərtlərdəndir. Bu xüsusiyyətlərlə yanaşı, tədris standartlarının daxili tələbləri də dərslərin innovativ qurulması üçün əsas şərtlərdəndir. Digər fənlər kimi Azərbaycan dili və ədəbiyyat fənləri də həm məzmun xətti, həm də məzmun standartlarının quruluşu baxımından innovativ yanaşma tələb edir. Bu standartları reallaşdırmaq və onun dərsliklə, həyatla əlaqəsini təmin etmək üçün dərslərin innovativ üsullarla tədris olunması vacibdir.
Mən bir müəllim kimi daim dərslərimi innovativ tədris üsullarından istifadə edərək qururam və bu, şagirdlərin şəxsiyyətini inkişaf etdirməklə yanaşı, həm də onların dərsə maraq və stimullarının artmasına səbəb olur. Qeyd etmək istəyirəm ki, müəllim əgər müasir dövrün tələblərinə uyğun peşəkar mütəxəssis olmaq istəyirsə, mütləq peşəkar təlimlərdə iştirak etməli və daim öz bilik və bacarıqlarını təkmilləşdirməlidir.

Afət ABUŞOVA,
Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyinin Azərbaycan dili və ədəbiyyat müəllimi, BDU-nun dissertantı, Prezident təqaüdçüsü

yuxarı ⤴