1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 21.07.2017

// 21.07.2017



 


Azərbaycan dili dərslərində vətənpərvərlik hissinin aşılanması
12.11.2016/№44

 

 

 


Qloballaşma dövrünün insanı yalnız bilikli olmaqla kifayətlənməməli, bu biliklərə yiyələnmə prosesinə fərqli baxmalı, bu bilikləri özü əldə etməyi öyrənməli, həmçinin qazandığı biliklərdən qarşısına çıxacaq problemlərin həllində istifadə etməyi bacarmalıdır. Göründüyü kimi, biliklərin təcrübədə tətbiqi daha vacibdir. Bu keyfiyyətlərə malik insan yetişdirmək üçün ilk öncə həmin keyfiyyətləri özündə birləşdirən müəllim lazımdır.
Təbii ki, ölkəmizdə kurikulum islahatları getdiyi və ibtidai siniflərdə yeni fənn kurikulumlarının tətbiq edildiyi bir zamanda ibtidai sinif müəllimi bu islahatların tələbinə uyğun fəaliyyət göstərməli, daim öz üzərində çalışmalıdır.
İbtidai siniflərdə tədris olunan fənlər içərisində Azərbaycan dili ən vacib fənlərdən biridir. Məlumdur ki, bu fənnin başlıca məqsədi şagirdlərdə hərtərəfli nitq bacarıqları formalaşdırmaqdır. Məhz bu fənn sayəsində onlara öz ana dilini sevdirə, dilimizin incəliklərinə yiyələnmə bacarığını formalaşdıra, öz fikirlərini düzgün ifadə etmə qabiliyyətini inkişaf etdirə bilərik. Şagirdin biliyinin təməli ibtidai təlimdə qoyulduğu kimi, fənlərə yiyələnmənin təməli də Azərbaycan dili dərsindən başlanır. Şagird ilk öncə hərfləri, daha sonra cümlə qurmağı, bədii, ifadəli oxumağı, öz fikirlərini yazmaqla qarşısındakına çatdırmağı öyrənir.
İbtidai siniflərin Azərbaycan dili dərslərində müəllimin qarşısında bir sıra məqsədlər qoyulmalıdır:
1. Bu fənn vasitəsilə şagirdlərdə düzgün, ifadəli oxu bacarığı formalaşdırmaq;
2. Şagirdlərə dilimizin leksikonuna daxil olan, lakin onlar üçün çox vaxt yeni olan söz və ifadələrin mənalarını açıqlamaq;
3. Şagirdlərdə düzgün cümlə qurmaq bacarığını inkişaf etdirmək;
4. Dilimizin incəliklərinə yiyələnməklə söz ehtiyatını artırmaq;
5. Şagirdləri şifahi və yazılı ədəbiyyat nümunələri ilə tanış etmək (ibtidai sinif həcmində);
6. Onlara vətənpərvərlik, humanistlik və estetik hisslər aşılamaq;
7. Bu fənn vasitəsilə şagirdlərdə vətənə, xalqa məhəbbət hissini aşılamaqla, vətənini sevən, ona rəğbət bəsləyən, daim onun mənafeyi naminə çalışmağa hazır olan vətəndaş yetişdirmək.
Məncə, şagirdlərdə vətənpərvərlik hissini aşılamaq, onlarda vətənpərvərlik, qəhrəmanlıq, mərdlik kimi müsbət mənəvi keyfiyyətləri formalaşdırmaq üçün Azərbaycan dili fənni ən münasib fəndir.
Çünki şifahi xalq ədəbiyyatımıza aid olan bayatılarda, ağılarda, atalar sözlərində, nağıllarda, dastanlarda kifayət qədər belə nümunələr var. Lakin bugünkü dərsliklərə nəzər salsaq (I, II sinif “Azərbaycan dili”dərsliyi) bu kimi nümunələrin az olduğunun şahidi olarıq. Sual ortaya çıxır: “Belə olan təqdirdə nə etməli? Şagirdlərə vətənpərlik hissini necə aşılamalı?”
Nəzərə alsaq ki, torpaqlarının 20 faizi işğal altında olan bir ölkədə təhsil alırıqsa, deməli buna daha çox ehtiyac var. Mən istəyirəm ki, mənim qarşımdakı şagird vətəninə canı ilə, qanı ilə bağlı olsun, özü üçün hər hansı xarici personajı deyil, Çingiz Mustafayevi, Aqil Quliyevi, Əlif Hacıyevi, Mübariz İbrahimovu qəhrəman seçsin, onlara bir mərdlik simvolu kimi yanaşsın.
İlk öncə, şagirddə vətənə məhəbbət oyatmağın yollarını tapmaq lazımdır. Şagird vətənini tanıtmalı, onun nə qədər gözəl təbiətə malik olduğunu əyani şəkildə görməlidir. Nəzərə alsaq ki, İKT-dən istifadə bizə bu imkanı verir, bu zaman ondan yararlanmaq xüsusilə vacib olur.
Şagird daha sonra dövlət rəmzlərinə hörmət və ehtiram bəsləməyi öyrənməlidir.Təbii, əgər Azərbaycan bayrağından və himnindən danışırıqsa, onu sadəcə göstərməklə, rənglərinin mənalarını açmaqla kifayətlənməməliyik. Şagirddə vətənpərvərlik hissi oyatmaq üçün bayrağımızın dalğalandığı yerlərə baxmaq, yüksəklərə qalxıb, himnimizin ifa olunduğu anları, idmançılarımızın qələbə çaldığı vaxt keçirdiyi hissləri, bayrağı başının üzərinə qaldırmaqla qalib gəldiyi arenanı da dövrə vurması, döyüş zamanı bayrağın əhəmiyyətini öz gözləri ilə görməlidirlər. Bu zaman rollu oyunlardan, anlayışın tapılması metodundan istifadə etmək yerinə düşər. Bununla bərabər şagird vətən uğrunda canından keçən oğullarımızın fədakarlıqlarını, xalqımızın başına gələn faciələri duymalıdır. Bu baxımdan həmin səhnələri əks etdirən bədii gecələrin təşkili çox əhəmiyyətlidir. Şagirdlərdə tədqiqatçılıq qabiliyyətini inkişaf etdirmək məqsədilə onlara bu mövzular ətrafında layihələr işləyib hazırlamağı tapşırmaq bu işin səmərəsini daha da artırar.
Şəxsi təcrübəmdən nümunə gətirərək deyə bilərəm ki, şagirdlərə hansısa bir milli qəhrəmana məktub, “Sən Azərbaycanın gələcəyini necə görürsən”, “Sən vətəndaş kimi vətənin üçün nə etmisən?” mövzularında esse yazmaq, sərbəst olaraq müəyyən tarixi hadisələrlə əlaqədar divar qəzeti hazırlamaq onlarda bu hissin baş qaldırmasında böyük rol oynayır. Bundan əlavə, “İki hissəli gündəlik” metodundan istifadə edərək müəyyən şairin vətən haqqında, Azərbaycan haqqında fikirlərini analiz etmək, “Sənin Vətən qarşısında borcun nədən ibarətdir” mövzusunda disput-müzakirə təşkil etmək də öz səmərəsini göstərir.

Könül ƏLİYEVA,
Bakı şəhəri Xavər Vəliyev adına 75 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
 

yuxarı ⤴