1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Bir az həvəs və məntiq
17.11.2017 / No44

 

 

 


Və yaxud daha çox təcrübə qazandıran STEP Kompüter Akademiyası

Ruhiyyə DAŞSALAHLI

Hər gün internet şəbəkəsi qurur, proqramlaşdırır, robotlar yaradır, onları idarə edirlər. Foto haqqında hər hansı təsəvvürü olmayan biri qısa müddət ərzində qapalı və açıq məkandan fotoreportaj hazırlayır, milçəyi cızmaqara edə bilməyən filin rəsmini çəkir. Beləcə, düşündüklərini rəsmə, rəsmi ən fərqli dizayna çevirməyi öyrənir, dizaynerliyin də, şəbəkə qurmağın da bütün incəliklərinə bələd olur, 3D, multiplikasiya yaratmağı, hər hansı bina qurmağı öyrənirlər. 2 il yarım sürən bu yolçuluğun sonunda onlar beynəlxalq standartlara uyğun kadra çevrilirlər. Burada iddia edirlər ki, 15 yaşından sonra hər kəsi yetişdirib bu səviyyəyə çatdıra bilərlər. Necə?

Düzü, buna necə nail olduqları bizim üçün də maraqlıdır. Axı, nəinki Azərbaycanda, ümumiyyətlə, dünyada təhsilvermə yaşı o qədər də böyük olmayan, hələ çox gənc sayılan bir təhsil müəssisəsi - STEP Kompüter Akademiyasının qısa zamanda qazandığı etimad, güvən və nüfuzun səbəbi nə ola bilər?

STEP Kompüter Akademiyasında...

STEP Kompüter Akademiyası - kompüter təhsili üzrə ixtisaslaşmış beynəlxalq təhsil müəssisəsidir. Onu bir ali təhsil müəssisəsindən ayıran cəhət nəzəri bilikdən çox təcrübə keçməsi, adi bir kursdan fərqləndirən xüsusiyyət isə sadəcə hər hansı bir proqramda deyil, proqramlaşdırma, şəbəkə texnologiyaları və dizayn peşəsinə yiyələnmə imkanı verməsidir. Fəaliyyətə 1998-ci ildən başlayıb. Artıq dünyanın 18 ölkəsində 48 filialla kompüter mütəxəssisləri, veb-dizaynerlər, fotoqraflar və başqa ixtisaslar üzrə rəqabətədavamlı, əmək bazarının tələbinə cavab vermək iqtidarında olan kadrlar hazırlayırlar.

STEP Kompüter Akademiyası bir ildən çoxdur ki, Azərbaycandadır. Ən sonuncu filiallar Azərbaycanda və Polşada yaradılıb. Bundan sonra isə istiqamət Afrika ölkələrinədir. Sırada Cənubi Afrika Respublikasıdır.

üç dildə tədris var...

Ölkəmizdəki də daxil olmaqla, bütün filiallarında eyni tədris proqramı tətbiq olunur. Tədris dili Azərbaycan və rus dillərində aparılır. İngilis dilində hələlik eksperiment qrup fəaliyyət göstərir. Həmin qrup Kiçik Kompüter Akademiyasında ötən ildən təhsil almağa başlayıb. 8 nəfərdən ibarət həmin qrupla işə maraq yaranarsa, onun təşkili davamlı ola bilər.

...kitabxanası yoxdur,

1998-ci ildən fəaliyyət göstərən STEP Kompüter Akademiyasının proqramı vahid olduğu kimi, dərs materialları da birdir.

Proqram əsasında hazırlanan həmin materiallar filialların olduğu ölkələrin dilinə tərcümə olunaraq onlayn qaydada tələbələrə çatdırılır. Beləliklə, elektron dərsliklərdən qidalanan gələcək kompüter mütəxəssisləri hər il kompüter texnologiyalarının inkişafına uyğun olaraq yenilənən tədris vəsaitləri ilə dərs keçirlər. Müəssisənin marketinq meneceri Ağarəhim Poladov deyir ki, onların kitabxanası yoxdur: “Bütün dərs vəsaitlərimiz elektrondur”.

...təhsil ödənişlidir,

Akademiyada təhsil ödənişlidir. Peşəkar kompüter təhsili alanlar üçün illik təhsil haqqı 3000, uşaqlar üçün isə 1000 manatdır. Ödədiyi məbləğdən və olimpiadalarda, müsabiqələrdə, hətta təhsil nəticələrində əldə etdiyi nailiyyətlərdən asılı olaraq, onlara 20 faizə qədər endirim imkanı da yaradılır.

Məzunlarının sayı dünyada 85, tələbələrinin sayı 30 minə çatan Akademiyanın azərbaycanlı tələbələrinin sayı hələlik yüzlük rəqəmlərlə ifadə olunur. Ödənişli əsaslarla təhsil alan tələbələrinin sayı 450 nəfərdir. Ödənişsiz təhsil alan 30 tələbəsi var.
Daxili sistemində hər tələbənin öz reytinqi var. Kiçik Kompüter Akademiyasının kiçik tələbələri təhsildə qazandıqları balları onlayn bazadakı hədiyyələrə dəyişə bilirlər. Ballarının əvəzində kompüter üçün aksesuarlar, fləşkart, fincan, köynək və başqa hədiyyələr qazanırlar.

...ancaq ödənişsiz yerlərin sayı artacaq

Qeyd edək ki, ödənişsiz təhsil alan 30 tələbə STEP Kompüter Akademiyası ilə Təhsil Nazirliyi arasında imzalanan memoranduma əsasən bu imkanı əldə edib. Yəni, həmin tələbələr Təhsil Nazirliyi ilə ortaq layihə çərçivəsində oxuyurlar. 20 tələbə Akademiyaya “ASAN Peşə” layihəsi çərçivəsində qəbul edilib. 10 nəfər isə təhsil müəssisəsinin daxili imtahanı - test yolu ilə seçilib. Məlumat üçün qeyd edək ki, növbəti tədris ilində bu məsələdə bəzi yeniliklər də gözlənilir. Belə ki, “ASAN Peşə” layihəsində təklif edilən STEP Kompüter Akademiyası ixtisaslarının artırılması və növbəti ildən pulsuz təhsil alan daha bir qrupun açılması nəzərdə tutulub.

Təhsilalanlar həm yaşına, həm “baş”ına görə...

STEP Kompüter Akademiyasının tələbələrinin ən kiçiyi 9, ən böyüyü 52 yaşındadır. Təbii ki, bu göstəricilər Azərbaycana aiddir. Akademiyanın Moskvadakı filialında 82, Minskdə 60 yaşlı tələbəsi də təhsil alır.

Tələbələrin gündəlik təhsil alanları, sadəcə həftəsonu gələnlər, həftədə bir neçə dəfə dərsə salınanları var. Gündəlik təhsildə səhər, günorta və axşam qrupları fəaliyyət göstərir. Həftəsonu təhsil bilik səviyyəsi daha yüksək olanlar üçündür. Onlar həftədə bir dəfə 5 saat məşğul olaraq sahib olduqları ixtisas üzrə bilik səviyyəsini artırırlar. Müəllimin verdiyi materialı həftə ərzində öyrənirlər.

STEP Kompüter Akademiyasında 9 yaşından 11 yaşınadək olan uşaqlar üçün təhsil 5, 12-14 yaşlı uşaqlar üçün isə 3 il davam edir. Məktəblilər də peşəkar kompüter ixtisasları üzrə təhsilalanlarla eyni dərs keçirlər. Ancaq uşaqlara həmin ixtisaslar oyun formasında tədris olunur, sonradan İT sahəsi üzrə ixtisaslaşmaq istəsələr, peşəkar təhsil ala bilirlər.

Burada təhsilə 15 yaşından sonra hər kəs qəbul edilir. Həm ödənişli, həm də ödənişsiz əsaslarla təhsil həyata keçirilir. Qəbul elə STEP Kompüter Akademiyasında aparılır. Təhsil müəssisəsinin menecerləri sənədləri qəbul edir və arzulayanlar testdən keçirilir. İmtahanlardan sonra 1 və ya 2 həftəlik hazırlıq kursları da təşkil edilir. Həmin kursların sayəsində Akademiyaya qəbul edilənlər dərsə qrupla eyni bilik səviyyəsində başlamaq imkanı qazanırlar. Marketinq meneceri Ağarəhim Poladov bunu belə əsaslandırıb: “Biz hər kəsə təhsil almaq imkanı yaradırıq. Buna da 0-dan başlayırıq. Ancaq təhsilə başlamazdan əvvəl tələbəmiz monitoru tanımalı, kompüteri aça və başqa sadə əməliyyatları icra edə bilməlidir. Təhsildən əvvəlki kurslar məhz bu məqsədə xidmət edir”.

Təhsil müəssisəsinə qəbul daxili test sistemi ilə həyata keçirildiyi kimi, hazırlıq müddətində də eyni sistemlə təhsilin keyfiyyəti yoxlanılır. Göstəriciləri zəif olanlar Akademiyanı bitirə bilmir. Yəni, Akademiyaya girmək hələ onun məzunu olmaq anlamına gəlmir. “Məzun” adı qazanmaq üçün təhsildə tələb olunan keyfiyyətə cavab vermək lazımdır. Həmin tələblər Təhsil Nazirliyi ilə birgə memoranduma əsasən ödənişsiz təhsil alan tələbələrə də şamil olunub. Tətbiq edilən onlayn nəzarət sistemi vasitəsilə tələbələrin neçədə dərsə gəldiyinin, tapşırığı yerinə yetirib-yetirmədiyinin, qiymət alıb-almadığının hesabatı aparılır. “ASAN Peşə” layihəsi çərçivəsində təhsil alan tələbələrin fəaliyyəti barədə Təhsil Nazirliyinə həftəlik məlumat ötürülür. Dövlət hesabına təhsil alan tələbələrin təhsil göstəriciləri barədə nazirlik mütəmadi məlumatlandırılır.

Semestr ərzində bir neçə dəfə imtahan keçirilir. Həmin imtahanlara hazırlıq məqsədi ilə əlavə dərslər, fakültativlər də təşkil edilir. Buna baxmayaraq, tələbələr yenə də imtahanlarda zəif nəticələr göstərərsə, onlara ya Akademiyadan xaric olunmaq, ya da yenidən başlamaq təklif olunur.

Nərmin Nəbiyeva da peşəkar təhsil alır. Bu, onun ikinci təhsilidir. Təhsil Nazirliyi ilə razılaşmanın qazandırdığı şansı dəyərləndirib və “ASAN Peşə” layihəsi çərçivəsində Akademiyada peşəkar veb-layihələrin yaradılması və irəlilədilməsi ixtisası üzrə təhsil alır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olan N.Nəbiyeva “ASAN xidmət”də könüllülərdən biri kimi fəaliyyət göstərib. Elə həmin vaxt STEP Kompüter Akademiyasının ixtisaslarından birinin “ASAN Peşə” layihəsinə salındığını öyrənib. Attestat qiymətləri bu arzusunu gerçəkləşdirməsinə imkan yaradıb: “Akademiyada təhsilin keyfiyyəti, tələbələrə nəzəri bilikdən çox təcrübə qazandırılması və başqa üstünlükləri barədə eşitmişdim. Burada gördüklərim təhsilin keyfiyyəti ilə bağlı eşitdiklərim və gözlədiyimdən artıqdır. Oxumaq isə heç də çətin deyil: bir az həvəs, bir az məntiq tapşırıqların öhdəsindən uğurla gəlmək üçün kifayətdir. Odur ki, burada təhsilimin uğursuz nəticələnməsi mümkün deyil”.

Tural Cəbiyev Bakı Kompüter Peşə Liseyində təhsil alıb: “Dostum isə burada şəbəkələşdirmə üzrə təhsil alır. Onunla “açıq dərs”lərə bir neçə dəfə qatılmışdım. Ona görə də burada təhsilin keyfiyyətindən xəbərim vardı. Qəbul həyata keçirildiyini müəllimimdən öyrəndim və sənədlərimi təqdim etdim. STEP Kompüter Akademiyasında təhsilimi tamamladıqdan sonra özümü inkişaf etdirmək üçün Amerikaya getmək istəyirəm”.

18 yaşlı Nuray Hüseynzadə isə ixtisasını yox, Akademiyanı seçib. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə qəbul olunub: “Mərkəzdə daha çox nəzəri hissə keçilir, burada isə praktikdir. Ona görə də burada təhsil daha yaxşıdır. Oxumaq, hazırlaşmaq üçün hər cür şərait yaradılıb. Rənglərlə işləməyi çox sevirəm. Burada təhsilimi tamamladıqdan sonra veb-tərtibatçı kimi fəaliyyət göstərməyi planlaşdırmışam”.

Qızlar, STEP Kompüter Akademiyası sizi düşünür!

STEP Kompüter Akademiyasının tələbələrinin böyük əksəriyyəti oğlanlardır. Görünür, elə bu səbəbdən təhsil müəssisəsi kompüter mütəxəssisi ola biləcək xanımların sayını artırmağa cəhdlər edir. Həmin cəhdlərdən biri bu ayın 5-də Qəbələdə baş tutub. Orada 8-11-ci sinifdə oxuyan 50 nəfərə yaxın qıza master-klass keçirilib. Akademiyada bunun ixtisas seçimi ərəfəsində qızlara istiqamət ola biləcəyinə inanırlar.

Kompüter Akademiyasının Təhsil koordinatoru Məryəm Abbaszadə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə eşitmə qüsuru olan qadınlar üçün təlimlərdən də danışıb. Onun sözlərinə görə, 6 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, “ASAN Könüllülər” Təşkilatı, E-hökumət Təlim-Tədris Mərkəzi, “STEP IT Academy Azerbaijan” və “Femmes Digitales” - Azərbaycan Qadınlarının İKT klubunun təşkilati dəstəyi ilə “Nitq və eşitmə məhdudiyyətli qızlar üçün İKT təlimləri” layihəsinə start verilib.

Turanə Qasımovanın ideya müəllifi olduğu layihənin məqsədi nitq və eşitmə imkanları məhdud şəxslərə İKT sahəsində təlimlərin keçirilməsi, bu sahədə gələcəkdə peşəkar səviyyədə çalışmaq istəyənlərə dəstək vermək və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.

Layihədə nitq və eşitmə imkanları məhdud 16-30 yaş arası İKT sahəsinə marağı və minimal bilikləri olan 20 gənc xanım iştirak edir.

12 təlimdən ibarət olacaq layihədə gənclərə kompüter bilikləri haqqında ümumi məlumat, ofis proqramları, qrafik dizayn, kodlaşdırma, kibertəhlükəsizlik, robot texnologiyası, e-hökumət və s. təlimlər keçiriləcək.

Layihənin sonunda tədris proqramını uğurla bitirən gənclər sertifikatla təltif olunacaq. Eyni zamanda, təlimlər bitdikdən sonra müəyyən tapşırıqlar əsasında iştirakçıların qiymətləndirilməsi aparılacaq və ən yaxşı nəticə göstərən qızlar müxtəlif şirkətlər tərəfindən iki aylıq təcrübə proqramına cəlb olunacaqlar.

Onu da qeyd edək ki, Akademiyada fiziki qüsurlu insanlara böyük diqqət göstərilir. Onların təhsili üçün hər cür şərait təmin edilib və mütəmadi olaraq belə insanlara pulsuz dərslər keçirilir.

Peşəkarlar işə cəlb olunub

STEP Kompüter Akademiyasında peşəkarlar dərs deyir. Təhsilverənlər şirkətlərdən dəvət olunub. Öz ixtisasları üzrə hazırlıqlı, təcrübəli kadrlardır. Azərbaycanlılardan ibarət 50-yə yaxın müəllim dərs keçir. Müəllimlərin əməkhaqqı 2000 manatdan başlayır.

Gülnar Cəbrayılova özəl şirkətdə proqramlaşma şöbəsində müavin vəzifəsində çalışıb. STEP Kompüter Akademiyasının fəaliyyətə başlaması ilə burada çalışmaq istəyib. Çünki: “İT sahəsində təcrübəmi bölüşmək istədim. Peşman da deyiləm. Bütün təhsil müəssisələrindən fərqlənirik. Sadəcə onu demək kifayətdir ki, dərs prosesi nəzəriyyə və praktikadan ibarət iki hissədə keçirilir. Təcrübəyə daha çox üstünlük veririk. Dərsdə ən yeni texnologiyalardan istifadə edirik. Öyrəndikləri texnologiyada sonradan tələbələrimiz özü işləyir. Ona görə də uşaqlar çox həvəslidirlər. Dərsdən sonra qalıb işləyənlər, hətta evdə səhərəcən çalışan tələbələrimiz var. Peşəkar olmaq üçün onlara hər cür şərait yaradılıb və onlar bu imkandan yararlanırlar”.

Toğrul Babayev dizaynerdir, dizayn kafedrasının rəhbəridir. Onun sözlərinə görə, beynəlxalq akademiya olması STEP Kompüter Akademiyasına seçim üstünlüyü qazandırır. Valideynlər övladlarının burada təhsil almasına can atırlar. Diplom və beynəlxalq sertifikatlar verilməsi, təhsilin keyfiyyəti onu universitetlərlə rəqabət aparacaq səviyyəyə qaldırır.

O, özü də hazırda çalışdığı təhsil müəssisəsinin mədhini çox duyub. Vakant müəllim yeri olması xəbərinə isə vaxt itirmədən reaksiya verib: “Burada vakansiyanı tutmaq üçün imtahandan keçdim. İmtahanlar onlayn qaydada, Ukraynadan olan mütəxəssislər tərəfindən aparıldı. 5 dəqiqə sonra müsbət nəticə aldım və bu peşəkar komandaya qoşuldum. Burada çalışmaq zövqvericidir. Hər kəsə eyni şərait, bərabər imkanlar yaradılır. Nəticə ondan ibarətdir ki, artıq tələbələrimiz arasında da müəllimlər var və onlardan bəziləri hətta öz müəssisəmizdə dərs deyir. Peşəkar kompüter təhsili alanlardan Kiçik Kompüter Akademiyasında dərs deyənlər var”.

Kadrlar Azərbaycan əmək bazarının tələbindən üstün keyfiyyətlərə malikdirlər

Bir çox tələbə isə artıq şirkətlərdə iş tapıb. Tələbə və məzunlarının iş tapmasını asanlaşdırmaq üçün STEP Kompüter Akademiyası da bəzi addımlar atmağa başlayıb. Hazırda əmək bazarını araşdıran və tələb olunan ixtisasların siyahısını hazırlamağa çalışan təhsil müəssisəsində bu məqsədlə Karyera Mərkəzi də yaradılıb. STEP Kompüter Akademiyasının baş meneceri Aleksey Sleptsovun sözlərinə görə, 15 şirkətlə danışıqlar aparılır. Həmin şirkətlər üçün tələb olunan kadr hazırlığını öz üzərinə götürən təhsil müəssisəsi müvafiq şərtlər üzrə dəyişikliklərə də hazırdır: “Gələcəkdə kadr hazırlığında şirkətlərin də arzusu nəzərə alınacaq. Hazırda əmək bazarında hansı ixtisaslara tələbat olduğunu müəyyənləşdirməyə çalışırıq. Şirkətlərlə tələb olunan kadrlarda hansı keyfiyyətləri görmək istədiklərini dəqiqləşdiririk. Bu məsələdə hər hansı xüsusi tələbat yaranarsa, bizim kadrları ona uyğunlaşdırmaq üçün cəmi bir neçə ay lazım olacaq. Çünki kadrlarımız beynəlxalq səviyyəlidir və Azərbaycan əmək bazarının tələbindən üstün keyfiyyətlərə malikdirlər”.

“Qızıl Bayt 2017” beynəlxalq kompüter çempionatı keçiriləcək

Tezliklə STEP Kompüter Akademiyasının təşkilatçılığı ilə “Qızıl Bayt 2017” (Golden Byte) beynəlxalq kompüter çempionatı keçiriləcək.

Dünyanın 10 ölkəsindən 11 min nəfərin iştirak etdiyi “Qızıl bayt” çempionatının Azərbaycan üzrə layihə, Akademiyanın satış şöbəsinin rəhbəri Yusif Qənbərov bu barədə məlumat verərək deyib ki, çempionatın keçirilməsində məqsəd informasiya texnologiyaları sahəsinin inkişafını sürətləndirmək, istedadlı gəncləri üzə çıxarmaq, onların tanınmış mütəxəssislərlə ünsiyyət yaratmasını təmin etmək və layihələrinə dəstək verməkdir.

Çempionat proqram, innovasiya layihələri, sistem inzibatçıları, mobil proqramlar, oyun və oyun personajlarının yaradılması, web-layihələr, qısa film, məlumat bazaları ilə iş üçün proqram, 10-17 yaşlı məktəblilərin layihələri nominasiyaları üzrə keçiriləcək.

Yusif Qənbərov “Qızıl bayt”a ötən il birinci dəfə qatılan azərbaycanlı tələbələrin artıq ilk uğuruna Ukraynada imza atdığını da deyib. 9 nominasiyadan 6-sı üzrə iki qızıl, iki bürünc medal qazanıblar: “Hələlik bir ildir fəaliyyət göstərən Azərbaycan STEP Kompüter Akademiyasının tələbələri daxili müsabiqədə, yəni Akademiyanın fəaliyyət göstərdiyi 18 ölkə üzrə filiallarının qatıldığı müsabiqədə bilik yarışına girə biliblər. Bir il sonra isə onların səsi daha böyük yarışlardan gələcək. 100-dən artıq ölkənin iştirakı ilə 200 min dollaradək uduş fondu olan, qlobal çempionat sayılan “Microsoft İmagine Cup” müsabiqəsi də tezliklə onların qatılacağı çempionatlardan olacaq. Bu, Akademiyanın tələbələri üçün daha böyük meydandır. Həmin müsabiqədə böyük startaplar iştirak edirlər. Tələbələr böyük investisiya ala bilərlər. Uzağı bir il sonra Akademiyanın tələbələri ilk gəlirlərini götürəcəklər”.
 

yuxarı ⤴