1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Yeni təhsil müəssisələri istifadəyə verilib
17.11.2017 / No44

 

 

 


Prezident İlham Əliyev açılış mərasimlərində iştirak edib

Yusif ƏLİYEV

Son illərdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və uğurla həyata keçirilir. Azərbaycanda yüzlərlə yeni məktəb binasının tikilməsi, mövcudlarının əsaslı surətdə yenidən qurulması nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.

Bu günlərdə daha üç təhsil obyekti-Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tələbə yataqxanası, İsmət Qayıbov adına Gəncə şəhər 1 nömrəli tam orta məktəbinin əsaslı şəkildə yenidən qurulmuş binası və Abşeron rayonu Masazır qəsəbə 5 nömrəli tam orta məktəbi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər üç obyektin açılışında iştirak edib.

Yeni yataqxanada 500-dən çox tələbə qalacaq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Gəncəyə səfəri çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün yeni inşa edilmiş 514 yerlik yataqxana kompleksinin açılışında iştirak edib. Dövlət başçısı yataqxana kompleksinin rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyevə məlumat verilib ki, hazırda universitetdə 4834 nəfər tələbə bakalavriat pilləsi üzrə təhsil alır. Onlardan 3883 nəfər əyani və 951 nəfər qiyabi bölmələrdə oxuyur. Əyani bölmədə təhsil alan tələbələrin 75 faizi respublikanın müxtəlif şəhər və rayonlarından gəlmiş gənclərdir.

Bu təhsil ocağının 520 yerlik yeni tələbə yataqxanası 2016-cı ildə Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. 2015-ci ildə 514 yerlik daha bir yataqxana kompleksinin tikintisinə başlanıb və burada inşaat işləri 2017-ci ilin oktyabrında tam başa çatdırılıb. Ümumi ərazisi 13640 kvadratmetr olan kompleks dördü 7 mərtəbəli və biri 6 mərtəbəli olmaqla 5 korpusdan ibarətdir. Kompleksdəki 257 otağın hamısı zəruri mebel və inventarla təchiz edilib. Hər mərtəbədə istirahət guşələri və mətbəx yaradılıb. Burada qeydiyyat şöbəsi, 120 nəfərlik akt və fitnes zalları, kafe, məişət və ticarət xidməti obyektləri, kitabxana, müayinə otağı və stomatoloji kabinet, valideynlərlə görüş otağı mövcuddur.

Yataqxananın su, elektrik, istilik və rabitə xətləri ilə təmin edilməsi üçün fərdi qazanxana, hovuz, nasosxana və transformator yarımstansiyası inşa olunub.

Kompleksin ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün hərtərəfli imkan yaradılıb.

Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı İnstitutu 1929-cu ildə Bakıda yaradılıb və 1931-ci ildə Gəncəyə köçürülüb. 1979-cu ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Kənd Təsərrüfatı İnstitutu SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanına əsasən “Şərəf nişanı” ordeni ilə təltif edilib. Nazirlər Kabinetinin 2009-cu il tarixli Qərarı ilə İnstitut Azərbaycan Dövlət Aqrar Universiteti adlandırılıb.

Gəncə şəhər 1 nömrəli tam orta məktəbin binası əsaslı təmirdən sonra

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da İsmət Qayıbov adına Gəncə şəhər 1 nömrəli tam orta məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

Ölkə başçısına məktəbin binasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə bağlı məlumat verilərək bildirilib ki, ümumi sahəsi 4,8 hektar olan məktəb 2140 şagird yerlikdir. Məktəbin 980 şagird yerlik birinci korpusu 1934-cü ildə, 1160 şagird yerlik ikinci korpusu isə 1974-cü ildə inşa edilib. Burada əsaslı təmir və yenidənqurma işlərinə 2015-ci ilin may ayında başlanılıb və 2017-ci ilin noyabrında tam başa çatdırılıb. Binanın hər iki korpusu 4 mərtəbədən ibarətdir. Burada 80 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, 2 informatika otağı, kitabxana, 200 yerlik akt zalı, idman zalı və 100 yerlik bufet var.

Qeyd edilib ki, hazırda bu məktəbdə 1157 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 109 müəllim məşğul olur. Bu təhsil ocağı həmişə məzunları ilə fəxr edib. Diqqətə çatdırılıb ki, məktəbin məzunları arasında 4 elmlər doktoru, 36 elmlər namizədi var. Ali məktəblərə qəbulun nəticələrinə görə, son 3 ildə 160 məzun tələbə adı qazanıb.

Məktəb müasir avadanlıqlarla, videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri ilə təchiz edilib. Binaya yeni internet və telefon xətləri çəkilib. Məktəbin təbii qazla işləyən qazanxanası, transformator yarımstansiyası təmir edilib, su təminatı üçün 150 tonluq çən quraşdırılıb, yanğın əleyhinə 100 kubmetrlik anbar tikilib.

Ərazidə açıq idman meydançası yaradılıb, binanın həyətində geniş abadlıq və yaşıllıq işləri aparılıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir məktəb tikilib

Noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Abşeron rayonunun Masazır qəsəbəsində yeni inşa olunan 5 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Prezidentə məlumat verilib ki, məktəbin tikintisinə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2015-ci ildə başlanılıb. Yüksək keyfiyyətlə aparılan inşaat işləri bu ilin oktyabrında başa çatdırılıb. 1200 şagird yerlik məktəbin üçmərtəbəli binasının ümumi sahəsi 4600 kvadratmetrdən çoxdur. Ən müasir avadanlıqla təchiz edilən tədris ocağında 41 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, 163 yerlik akt zalı, iki emalatxana, yeməkxana var. İdman salonu zəruri avadanlıqla təchiz edilib. Məktəbdə tədrisin yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb.
 

yuxarı ⤴