1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Mənbə ilə iş şagirdlərə tarixi hadisələri təhlil etməyi öyrədir
17.11.2017 / No44

 
 

 

 


X sinif Azərbaycan tarixi fənninin 1.2.1. standartının tələblərinin yerinə yetirilməsinə dair

Elnur HÜSEYNOV,
Bakı şəhəri X.Vəliyev adına 75 nömrəli məktəbin direktoru, tarix üzrə fəlsəfə doktoru

Azərbaycan tarixinin ümumtəhsil məktəblərində tədrisi dərin və əhatəli biliyə, bacarıq və vərdişlərə, yüksək intellektə, geniş dünyagörüşə malik olan və onu daim inkişaf etdirməyə çalışan şəxsiyyət formalaşdırmağa, öz soykökü, adət-ənənələrinə, milli-mənəvi dəyərlərə əsaslanan, şərəfli tarixi keçmişinə dərindən yiyələnən, ailəsini, vətənini, millətini sevən və bu müqəddəs varlıqları həmişə ucaltmağa çalışan vətəndaş tərbiyə etməyə xidmət edir. Azərbaycan tarixi fənni eləcə də şagirdlərdə ünsiyyət qurmaq və əməkdaşlıq etmək kimi yüksək mənəvi keyfiyyətlərin, mühakimə yürütmək, qoyulmuş problemə fərqli baxış nümayiş etdirmək, öz nöqteyi-nəzərini əsaslandırmaq, hüquqlarını qorumaq, başqalarının hüquqlarına hörmətlə, dövlət, cəmiyyət və xalq qarşısında vəzifələrinə məsuliyyətlə yanaşmaq bacarığını formalaşdırır.

Sirr deyil ki, son dövrlərdə şagirdlərdə dərsə, oxumağa maraq azalmışdır. Əgər şagirdin dərsə və oxumağa marağı azalmışsa, deməli, Azərbaycan tarixi fənninin qarşısına qoyulan məqsəd və vəzifələri reallaşdırmaq bir o qədər də asan olmayacaq. Bu aspektdən yanaşanda, ilk növbədə, şagirdi dərsə maraqlandırmaq müəllimin ilkin vəzifəsi olmalıdır. Tanınmış, didaktik prosesə marağın formalaşması probleminin aparıcı tadqiqatçılarından biri Q.İ.Şukinin fikrinə görə, maraqlı dərsi aşağıdakı şərtlər hesabına qurmaq olar:

- müəllim şəxsiyyəti;

- tədris materialının məzmunu;

- tədris üsulu.

Əgər birinci iki bənd heç də bütün müəllimlərdən asılı deyilsə, sonuncu bəndin reallaşdırılması dərsə yaradıcı yanaşan bütün müəllimlərdən asılıdır.

Tanınmış Amerika pedaqoqları və təlimçi Qardo Drayden və Canet Vos “Təhsildə inqilab” əsərində yazırlar ki, mövcud olan tədris üsulunu dəyişərək hər bir şagirdə fərdi yanaşmaq lazımdır. Bu yanaşma - müstəqil kəşflərə, dərketmə, öyrənmə prosesində aktiv iştirak və şəxsi nailiyyətə adekvat qiymət vermək prinsiplərinə söykənməlidir.

Məlum olduğu kimi, X sinif Azərbaycan tarixi fənni üzrə 15 alt-standart vardır. Bütün bu standartların tələblərinə uyğun dərs keçilməsinə dair tövsiyələri bir məqalədə vermək mümkün olmadığından biz yalnız 1.2.1 standartına toxunmağı qərara aldıq.

Adını çəkdiyimiz standart əsasən mənbələrlə işi özündə ehtiva edir. Tarixi sənədlərin və ya mənbələrin tədris prosesinə cəlb edilməsi tarix materialının konkretləşdirilməsinə, keçmişin parlaq surət və mənzərələrini yaratmağa, şagirdləri öyrənilən dövrün şəraiti ilə tanış etməyə, dövrün dilini, kaloritini, ruhunu onların hiss etməsinə kömək edir. Şagirdlər tərəfindən anlaşılan mənbə təhlil üçün onlara ən yaxşı material verir, mənbə ilə iş məktəblilərin təfəkkürünü formalaşdırır, onu tarix hadisələrini təhlil etməyə öyrədir, məktəblidə hər bir vətəndaşa əməli surətdə lazım olan müasir dövrün ən mühüm ictimai-siyasi sənədlərinin məzmunundan baş çıxarmaq bacarığının formalaşmasına şərait yaradır.

Mənbələrlə işin daha bir mühüm dərketmə cəhətini də nəzərə almaq lazımdır. O, tarixi tədqiqatın metodu ilə şagirdləri əməli şəkildə tanış etmək yollarından biridir. Unutmaq olmaz ki, tədris prosesinə mənbənin cəlb edilməsi şagirdlərdə mətni tənqidi təhlil etmək üsullarının inkişafına gətirib çıxarır. Əlbəttə, orta məktəb şəraitində, hətta yuxarı sinif olsa belə söhbət yalnız mənbə əsasında tədqiqat aparmağın müəyyən elementlərindən gedə bilər.

Yuxarıda qeyd etdiyimiz standartı reallaşdırmaq üçün müəllim nə etməlidir? Fikrimizcə, ilk növbədə:

- Tədris edəcəyi mövzunun məqsədinə uyğun olaraq yararlı ola biləcək mənbəni və ya sənədləri axtarıb tapmalı;

- Əldə etdiyi mənbələrdən dərs zamanı şagirdlərə verəcəyi və ya səsləndirəcəyi hissələri seçməli (burada müəllimin şagirdlərə verəcəyi tapşırığın nə qədər vaxt aparacağını nəzərə alması vacibdir. Çünki dərsin 45 dəqiqə olmasını unutmaq olmaz);
- Dərsin məqsədinə uyğun olaraq şagirdlərə verəcəyi sualları və ya tapşırıqları hazırlamalı;

- Əgər mənbədə bir sıra tanış olmayan sözlər və ya terminlər vardırsa onları qabaqcadan seçib qısa izahatları ilə yazı taxtasına yazmalı;

- Əgər mənbə asanlıqla qavranılan deyilsə, müəllimin izahına ehtiyac varsa mətnə dair əvvəlcədən qısa izah hazırlamalı.

X sinif Azərbaycan tarixi standartlarından olan 1.2.1. “Tarixi hadisəyə aid yazılı mənbənin müəllifinin mövqeyini müəyyənləşdirir” - standartını necə reallaşdırmaq olar?

Fərz edək ki, tədris ediləcək mövzu Babək üsyanına, 1514-cü il Çaldıran döyüşünə, 1734-cü il Nadir xan tərəfindən Şamaxının dağıdılması və s. bu kimi digər məsələlərə aiddir. Məlum olduğu kimi, Babək üsyanına dair mənbə müəlliflərinin əksəriyyəti ərəblərdir. Bu üzdən də ərəb müəlliflərinin hadisəyə çox zaman qeyri-obyektiv yanaşaraq Ərəb Xilafətinin mövqeyindən çıxış etməsini nəzərə almaq hökmən vacibdir. Çaldıran döyüşünə dair Səfəvilər və ya Osmanlı dövləti mənafeyindən çıxış edən sənədlərə və ya mənbələrə də rast gəlmək olar. Bu zaman da müəllifin mənafeyini nəzərdən qaçırmaq olmaz. Şamaxının dağıdılması bir qədər sonrakı dövrdə baş verdiyindən bu hadisəyə dair yerli mənbələrlə yanaşı həm rusdilli (burada II dərəcəli mənbələr də ola bilər), həm də ingilis və fransızdilli mənbələrdən də istifadə oluna bilər.

Mənbələrin belə müxtəlif olması onlara yanaşmanın da fərqli olmasını tələb edir ki, bu zaman da müəllimin verəcəyi tapşırıqlar şagirdlərdə tənqidi yanaşma, məntiqi düşünmə, analiz etmə bacarığını formalaşdırmağa kömək edər. Şagirdlərə hər hansı mənbə parçası ilə iş verən zaman onlara tədqim olunacaq sual və tapşırıqlar aşağıdakı səpgidə ola bilər:

- Mənbə müəllifinin yazdıqları nə dərəcədə inandırıcıdır?

- Müəllif belə yazmaqla nə demək istəyirdi?

- Mənbə müəllifinin belə yazmasına səbəb nə ola bilərdi?

- Mənbə parçasından istifadə etməklə dərslikdə verilmiş faktları daha da qüvvətləndirin.

- Tanış olduğunuz mənbə hissəsi bugünkü dərsimiz üçün nə dərəcədə yararlı oldu? Fikrinizi əsaslandırın və s.

Bunlarla yanaşı, dərs prosesində şagirdlər tərəfindən “tədqiqat”ın müqayisəli aparılmasını da təşkil etmək olar. Bu zaman şagirdlərə tapşırıq kimi bir hadisəyə dair iki və daha çox mənbədən seçilmiş hissələri vermək lazımdır. Əsas odur ki, təqdim olunan materialda hadisəyə fərqli yanaşmalar olsun. Bu zaman da müəllim şagirdlərə:

- Hansı mənbə daha inandırıcıdır? Fikrinizi əsaslandırın.

- Bir mənbədən istifadə edərək digərini tamamlayın və s. bu kimi tapşırığı verə bilər.

Ya da müəllim şagirdlərə hadisəyə dair ikinci dərəcəli mənbədən nümunələr verə bilər. (Məlum olduğu kimi, ikinci dərəcəli mənbələr heç də nüfuzlu mənbə sayılmır). Bu zaman da şagirdlərə - dərslikdə verilən məlumatlarla mənbədə verilən məlumatları uzlaşdırın və mənbə müəllifinin hansı yanlışlıqlara yol verdiyini araşdırın - tapşırığını vermək olar.

Biz inanırıq ki, bunları etməklə müasir müəllim şagirdlərdə tədqiqatçılıq qabiliyyətini, tənqidi və məntiqi düşünmə bacarığını formalaşdırar. Eləcə də onlarda mənbələrin köməyi ilə uzaq və yaxın keçmişdəki həyatı öyrənə biləcəklərinə inamı artırar.
Bununla da müəllim keçiləcək dərsə yeni rəng qatar ki, bu zaman da şagirdlər dərsə gecikmək, zəng vurulandan sonra isə sinif otağını tərk etmək istəməzlər.


Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və “Azərbaycan müəllimi” qəzetinin birgə keçirdiyi II yazı müsabiqəsinə təqdim olunub.

yuxarı ⤴