1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Məktəb illəri”
Şagirdi olduğu məktəbin direktoru
17.11.2017 / No44

 

 


Fuad Babayev: “Yaxşı mühitin uşaqlarına yaxşı hər şeyi öyrətmək son dərəcə uğurlu alınır”

Jalə MÜTƏLLİMOVA

Qəribə adam təsiri bağışlayır. Şagirdlərə münasibətində, davranışında. Bəlkə də az sayda adamlardandır ki, tənbehi bircə cümləlikdir. Şagirdi danlayanda söyləyir ki, “çalış zay məhsul olma”. O, həm də şagirdi olduğu məktəbin direktorudur. Zamanında özünə dərs deyən müəllimlərə müdir olmaq maraqlı hissdir yəqin ki... Hamısına uşaqlıqda münasibəti necə idisə, eləcə də qalıb. Bəzən müəllimlərinin yanına özü gedir lazım olan sözü deməyə. Onlardan kabinetə gələndə isə illər öncəki şagird Fuad kimi ayağa durmağı unutmur. “Məktəb illəri”ndə budəfəki həmsöhbətimiz Bakıdakı 95 nömrəli orta məktəbin direktoru Fuad Babayevdir. Öncə ondan başladıq ki, bəlli adı, titulu olan məktəb direktoru özünü onu tanımayan adamlara necə təqdim edir.

- Sadəcə Babayev Fuad.
- Kimdir Babayev Fuad?

- 1976-cı ildə Qəbələ rayonu Həmzəlilər kəndində anadan olmuşam. Ailədə beş uşağıq. Atam tikintidə fəhlə olub, anam evdar qadın.

- İlk təhsilinizi harada almısınız?

- Kəndimizdə. Cəmi üç ay məktəbə getdim orada. O zamanlar uşaqlar birinci sinfə yeddi yaşından qoyulurdu. Amma altı yaşlılar üçün də hazırlıq sinifləri var idi. Mən ilk üç ay dediyim müddəti həmin hazırlıq sinfində oxumuşam. Sonra Bakıya yığışdıq ailəlikcə. Hal-hazırda direktoru olduğum 95 nömrəli məktəbin şagirdi oldum.

- Bakıya köçməyinizi necə xatırlayırsınız?

- Ailəmiz əslində, məndən öncə Bakıya yığışmışdı. Daha dəqiqi, atam burada işləyirdi artıq. Mənim gəlməyim zaman aldı bir az. Amma gəldik sonunda. Mən Bakıya gələndə böyük bacım artıq 95 nömrəli məktəbin dördüncü, ortancılsa ikinci sinfində oxuyurdu. Üç bacı, iki qardaşıq. Bizim ailədən dördümüz bu məktəbi bitirmişik. Qardaşımla mənim aramda on yaş fərq var. O da səkkizinci sinfə kimi bizim məktəbdə oxudu. Səkkizinci sinifdən kimya-biologiya təmayüllü liseydə davam etdirdi təhsilini. Sonradan mən də həmin liseydə çalışdım. Qardaşım həm də mənim şagirdim olub o məktəbdə.

- Repetitor yanına necə, getmisinizmi?

- Ailəmizdə kimsə repetitor yanına getməyib. Hamımız lazım olan bilikləri orta məktəbdə yaxşı oxumaqla almışıq. Yəni istəyən elə indi də orta məktəbdə oxuyub repetitorsuz ali məktəbə qəbul ola bilər.

- Təbii ki, yaxşı müəllimlər dərs keçəndə...

- Bu, mühüm şərtdir. Bizim məktəbdə heç zaman pis müəllim olmayıb. Elə indi də mənə zamanında dərs deyən xeyli müəllimimiz var.

- Ananız evdar qadın olub, atanız fəhlə. Həyatınızda daha çox hansı rol oynayıb? Yəni təhsil almağınıza daha çox kimin təsiri böyük idi?

- Anam evdar qadın olsa da, savadlı idi. Yadımdadır, biz 10-11-ci sinifdə oxuyanda da həll edə bilmədiyimiz riyaziyyat məsələlərimizdə anam kömək edirdi. Amma nədənsə təhsil almamışdı. O zamanlar adamlar da qəribə idi. Anamın ailəsi ali təhsil almasına razılıq verməmişdi. Əminəm ki, o, ali təhsil almış biri olsaydı, mütləq hansısa nailiyyəti olardı. Çünki heç bir təhsil almadan ən yüksək səviyyədə riyaziyyat məsələlərini həll edən adam sıradan evdar qadın deyil. Bu üzdən o cidd-cəhdlə çalışırdı ki, ailəmizdə hamının ali təhsili olsun. Sizə bir söz də deyim, ailədə ananın savadlı biri olması çox vacib məsələdir. Yəni qadının dünyagörüşü, demək olar ki, ailənin və uşaqların gələcəyini müəyyən edir. Atamsa rus dilini mükəmməl bilirdi. O da bizə ciddi nəzarət edirdi ki, oxumaqdan yayınmayaq. Yaxşı oxumağımız üçün ikisi də evdə bizə bütün şəraiti yaradırdı.

- Kəndinizlə indi də əlaqəniz varmı?

- Əlbəttə var. Demək olar ki, bütün yayı kənddə keçiririk. Düzdür, artıq bir ildir atamsız yığışırıq orda. Amma yenə də yığışırıq. Kənddən gözəl yer yoxdur. Biz ata yurdunu saxlayırıq, ora hamımızındır. Çoxlu xatirəmiz var orada. Kəndimiz çox gözəldir. Dağın ətəyindəyik, kəndin hər iki tərəfindən çay axır. Sərinliyi, yaşıllığı da ki, öz yerində. Təbiətlə ünsiyyəti çox sevirəm. Sizə deyim ki, ən müxtəlif yaş dövründə təbiətlə ünsiyyətin özü elə ən gözəl xatirədir. İnsanın formalaşmağında təbiətin, içdiyi suyun, aldığı havanın rolu son dərəcə böyükdür. Əvvəl biz özümüz uşaq olanda may ayını səbirsizliklə gözləyirdik, kəndə gedəcəyik axı. İndi bizə övladlarımız da qoşulub.

İndinin uşaqları xeyli fərqlidir. Bizim zamanımızda ən gözəl istirahətlərdən biri də mütaliə idi. Gedirdik kəndə, gözəl mənzərə, yaxşı dincəlmək, ailədə valideynlər sənin üçün hər şey edir, sən də həm dincəlirsən, həm uşaq kimi dostlarınla oynayırsan, danışıb-gülürsən, həm də rahatca dirsəklənib kitab oxuyursan. Düzünə qalsa, məncə, elə indi də bundan gözəl istirahət mənzərəsi yoxdur.

- Riyaziyyatçının ədəbiyyat sevgisi maraqlı epizoddur...

- Hə, maraqlıdır. Adətən riyazıyyatçıların ədəbiyyata meyilli olmamasına işarə edirsiniz yəqin ki... Bizim ədəbiyyat müəllimimiz var idi - Rafiq müəllim. Bacımda və məndə oxumağa, bədii ədəbiyyata marağı o adam aşılayıb. Əsərlər haqqında o qədər gözəl danışırdı ki, adam oxumadan dayana bilmirdi. Sonra mütaliənin faydalarını izah edirdi. Beləcə, bir də gördük artıq mütaliəsiz dayana bilmirik. Rafiq müəllimin bizə aşıladığı ən böyük keyfiyyətlərdən biri də nitq mədəniyyətimizin yüksək səviyyədə inkişafı ilə bağlıdır. Yəni mütaliə həm də insanda nitq mədəniyyəti formalaşdırır, dünyagörüşünü, məsələlərə baxışını dəyişir. Yeri gəlmişkən, iki-üç il əvvəl məktəblilərin nitq mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində məktəblər səviyyəsində təhsil nazirinin göstərişinə əsasən işlər görülməyə başladı. Və o işlər bu gün də müxtəlif tədbirlər reallaşdırmaq yolu ilə davam etdirilir. Bu, ötən illərdən daha çox indi vacibdir bizə. Niyəsini soruşsanız, deyim. İndi hər şey elektronlaşıb, ünsiyyət belə. Bu təhlükəli tendensiya insanları canlı ünsiyyətdən uzaqlaşdırır. Buna yol vermək olmaz. Psixoloji və mənəvi baxımdan problemlər yaşayarıq. O üzdən həmişə mümkün olmasa da, çalışıb canlı ünsiyyətə girmək vərdişini yadırğamamaq lazımdır.

- Yeni nəsil gənclərdə bu məsələyə dair vəziyyət necədir?

- O qədər də qənaətbəxş deyil. Bayaq qeyd etdiyim tədbirlər məktəblərdə məhz bu səbəbdən keçirilirdi. Onların savadı var, bu, müzakirə olunmur. Ancaq özlərini ifadə edəndə, müstəqil fikir söyləmək lazım gələndə aydın sezilir ki, ünsiyyət və özünüifadədə qüsurlar yaranır. Baxın, indi savadlı olmaqla yanaşı, bildiyini insanlara ötürmək üçün ifadə forması da vacib şərtdir. O üzdən biz gənc nəsildə özünüifadə vərdişlərinin formalaşması işində xüsusilə diqqətli olmalıyıq. Bu mənada orta məktəblərdə ədəbiyyat dərslərinin olması vacib şərtdir. Biz bu fənni sıxışdırmamalıyıq. Daha çox texniki fənlərə üstünlük verəndə də bu məsələni unutmamalıyıq. Uşaqlara da bunu unutdurmamalıyıq. Çünki müasir dövrün uşaqları belədir, tələbatı hiss edirlər. Onlar duyanda ki, artıq tələbatın standartı sürətlə yenilənir, avtomatik istiqaməti dəyişirlər. Nəticədə dediyimiz məsələdən uzaqlaşırlar, ünsiyyət, dil mədəniyyəti, nitq bacarıqları onların hədəfi olmur. Sonra yenə də özləri əziyyət çəkir. Bunu sonradan müəllim yanında getməklə də düzəltmək olmur. Artıq həm də psixoloji qüsur kimi qalır insanda. Nitq mədəniyyəti də digər bacarıq və qabiliyyətlər kimi məktəbdən formalaşır.

- Müəllim olmağı ailələrin daha çox qız övladına tövsiyə edir valideynlər. Sizə müəllim olmaq tövsiyəsini kim verib?

- Bayaq da dedim, riyaziyyat fənnini sevmişəm məktəbdəykən. O üzdən elə riyaziyyat müəllimi olmaq istəmişəm həmişə. Yəni bu peşəni mənə tövsiyə etməyiblər. Özüm müəllim olmaq istəmişəm. Biz test imtahanının ilk ilində qəbul olan uşaqlar idik. O zaman bizə təklif olunan on beş ixtisas arasında birinci yerdə də seçimim BDU-nun mexanika-riyaziyyat fakültəsi idi. Düzünü deyəcəm. Əslində, hələ dəqiq bilmirdim ki, bu fakültəni bitirəndən sonra məni müəllim kimi qəbul edəcəklərmi.

- Müəllim ola bildinizmi?.. Yəni bütün mənalarda soruşuram...

- Bildiyim budur ki, bu peşəni sevgi ilə seçmişəm, heç zaman peşmanlıq duymamışam. Amma peşəm məni sevibmi, sevirmi, bunu hələ də bilmirəm. Ümid edirəm ki, mən peşəmə layiq olmağı bacarmışam.

- İlk iş yeriniz hara oldu?

- Kimya-biologiya təmayüllü liseydə tərbiyəçi-müəllim kimi işə düzəldim. O məktəbdə uşaqlar həm də dərsdən sonra qalırlar. İndi də belədir. Bu üzdən orada tərbiyəçi-müəllimlər də çalışır. Mən də onlardan biri idim. Bir il sonra isə artıq müəllim kimi fəaliyyət göstərdim. Yaxşı uşaqlar var idi o məktəbdə. Bütün məsuliyyətlərini də müəllimlər daşıyırdı. Yəni o zamanlar mənim üçün durum belə idi. Özüm valideyn deyildim, amma artıq valideynlik etməyi öyrənirdim o uşaqlarla birlikdə. Bu, 1998-ci ilə təsadüf edirdi. Həmin ildə magistraturaya da qəbul oldum. Artıq bir il sonra, ikinci kursda olanda məktəbin direktoru Vaqif Salmanov mənə informatikadan dərs saatı ayırdı. Bir il də belə çalışdım. Magistraturanı bitirdim. Sonra liseyin direktor müavini oldum. Altı ay müavin işlədim. Direktorumuzu dəyişdilər, mən də işdən çıxdım. Amma müəllim kimi fəaliyyətimi davam etdirdim. Paralel olaraq Azərbaycan Dillər Universitetinin riyaziyyat kafedrasında müəllim kimi işə düzəldim. Orada 19 il işlədim. 2007-ci ilin yanvarına kimi orada dərs demişəm. Liseydə direktor müavini kimi işlədiyim dövrdə isə yaxşı nəticələrimiz oldu. Ölkə üzrə ən yüksək bal toplayan şagirdim oldu, 16 şagirdimiz 600-dən çox bal yığdı. Ulu öndərin həyatı ilə bağlı inşa müsabiqəsinin üçüncüsü olduq. Olimpiadalarda kimya üzrə birinci yeri götürdük. Lisey həyatında qızıl medal mükafatı olmamışdı, iki qızıl medalı birdən aldıq. Yəni bunların hamısı, mənə görə, çox böyük zəhmətin nəticəsi idi.

- Bəs, direktor təyinatınız necə oldu?

- Mikayıl Cabbarov yeni nazir təyin olunmuşdu. Maraqlı bir layihə həyata keçirildi. “Gələcəyin direktorları” idi layihənin adı. Orda elektron qaydada qeydiyyatdan keçdim. Birinci mərhələdən keçdim. Sonra məni ikinci mərhələyə çağırdılar. Getdim, o mərhələdə də müsahibədən keçdim. Sonra iki aylıq kurslar var idi. Açığı, mən gedə bilmədim, məktəbin iş qrafikinə uyğun deyildi. Yəni yaxşı nəticələr əldə etmişdim direktor müavini olaraq, kurslar məni o nəticələrdən məhrum edə bilərdi. Sonradan isə keçdim və bu məktəbə təyinatım oldu.

- Direktorların da dərs saatları olur bəzən. Sizin necə, dərs saatlarınız varmı?

- İdarəçi ixtisasca müəllim ola bilər. Amma həm idarəçi, həm müəllim kimi fəaliyyət göstərirsə, mütləq yaxşı müəllim olmayacaq. Mən direktorun müəllim kimi uğurlu dərs deyə biləcəyinə şübhə ilə yanaşıram. Onun dərsinin keyfiyyəti mütləq olmayacaq. Məsələn, o gün elə sizin özünüzlə dəfələrlə danışmaq istədik, alınmadı. İclaslarda idim. İndi təsəvvür edin ki, bu qrafikdə olan idarəçinin həm də dərs saatı var. Yəni direktorsansa dərs saatın ola bilməz. Mən bunu qəbul etmirəm. Bu, kiminsə övladının gələcəyini korlamaq olar. Müəllim işi ciddi işdir. Bu peşəyə nə dırnaqarası, nə də məsuliyyətsiz yanaşmaq olmaz.

- Müəllim kimdir?

- Müəllim bizdən insan düzəldəndir. Yəni gələcəkdə kim olacağını, adətən, Tanrı bilir deyirlər. Amma inanın ki, yaxşı, peşəkar müəllim də uşağa baxan kimi onun kim olacağını bilir. Yəni kimliyimizdən xəbərdar adam və bizi özümüzə aparan yoldur müəllim. Həm də hər bir hərəkəti, davranışı ilə nümunə, şəxsiyyət olmalıdır. Hər bir şagird istəməlidir ki, o, müəllimi kimi olsun. Aşağı sinifdən başlayaraq mən elə bir şagird tanımıram ki, müəlliminə oxşamaq istəməsin. Ya da fikir verin, kiçikyaşlı uşaqların ən sevdiyi işdir müəllim-müəllim oyunu. Uşaqlar anası, atasına yox, müəllimə oxşamaq istəyir. Bu, sıradan təsadüf deyil mənə görə. Hamı nəsə öyrətməyə maraqlıdır. Qalır bu ki, kim bunu necə bacarır. Bir də mənə elə gəlir ki, istəyir kişi, istəyir qadın olsun, müəllimin siması mütləq işıqlı olmalıdır. Əslində, savadlı müəllim həmişə həm də işıqlı adam olur. Mən bayaq sizə Rafiq müəllimdən danışdım. Mən indi də o adama oxşamaq istəyərəm. Son dərəcə səliqəli, şux və gülərüz idi. Danışanda son dərəcə təmkinli, asta danışardı. Hamı dayanırdı ki, onun nə danışdığını eşidə bilsin. Ən sərt məsələdən belə səbrlə danışırdı. Onu görəndə nə qədər fikirli olsan da, mütləq üzün gülümsəyir, ayağa qalxırdın. Onun dərsi istirahət idi. Nəfəs almaq belə istəmirdin ki, birdən nəfəs alaram, müəllimin dediyini nəyisə eşitmərəm. Səmimi deyirəm, həmişə onun siması gözümün qarşısındadır. Bu dəqiqə bizim məktəbdə xeyli o cür müəllim var. Düzünü deyim, mən də məktəbdə Rafiq müəllimin nümunəsini davam etdirirəm. Ona tam oxşamasam da, bir xeyli məsələdə Rafiq müəllimi davam etdirirəm.

-Təhsil sahəsində bir sıra məsələlərdə hamının elə bil bir nostaljisi var. Niyə belədir?

-Tələbkarlıqdır, yəqin ki, daha yaxşı olmaq istəyirik. Ya da qüsurlarımızın günah nöqtəsini tapa bilmirik.

- Şagirdlərinizdən necə, razısınızmı?

- Baxır hər uşaq dərs yükünü necə və nə qədər götürə bilir. Məncə, bütün adamlar istedadlı doğulur. Onların nədə və hansı tərəflərinin istedadlı olmasını mühit formalaşdırır. Birinci ailə mühiti, sonra bağca, məktəb və ictimai mühit. Mən arzu edirəm ki, uşaqların düşdüyü bütün mühitlər yaxşı olsun. Yaxşı mühitin uşaqlarına yaxşı hər şeyi öyrətmək son dərəcə uğurlu alınır. Bir də onu arzulayıram ki, valideynlər uşaqların təhsil maraqlarını soyutmasınlar.

- Bəzən deyirlər ki, məktəbin yaxşı göstəricisi olmasa da, yaxşı müəllimləri var. Siz bu fikirlə razılaşırsınızmı?

- Müəllimin göstəricisi məktəbin göstəricisindən üstün ola bilməz. Bu, birmənalıdır.

- Daha çox müəllimsiniz, ya inzibati rəhbər?

- Özümə heç vaxt inzibati rəhbər deməmişəm. Heç özümü rəhbər kimi də görmürəm. Mən müəllim Fuad Babayevəm. Uşaqlarla da dost münasibətimiz var. Cəza metodum bircə cümləlik sözdür: “Çalış zay məhsul olma!”... Uşağı təhqir etdikcə xarakteri aşınır. Məncə, danlamaq da çox şey kimi əlçatmaz olmalıdır. Həm də uşağı nə qədər aşağılayıb təhqir edirsənsə, o, mütləq o qədər bunu başqasının üzərində tətbiq edəcək. Belə xırda detallara fikir vermək lazımdır ki, gələcəkdə qüsurlu psixologiyası olan vətəndaşlar yetişdirməkdən sığortalayaq özümüzü.

yuxarı ⤴