1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Birinci yer, qızıl medal
17.11.2017 / No44

 

 

 


Jalə Mailova, beynəlxalq müsabiqələr laureatı: “Uğurlarım artdıqca səhnə həyəcanım azalırdı”

Sifai SƏFƏROVA

Musiqi sədaları altında dünyaya göz açıb Jalə. Atasının tarda ifa etdiyi təsniflər, qardaşı Kənanın skripkada, dayısının kamançada səsləndirdiyi mahnılar, hər gün eşitdiyi rəngarəng musiqi nömrələri olub və bu, sanki ona ana laylasını əvəz edib. Beləcə, bu mahnıların təsiri ilə musiqiyə həvəsi, məhəbbəti daha da artıb və gələcəkdə o, özü də musiqiçi olacağını qarşısına məqsəd qoyub. 8 yaşında olarkən öz arzusu ilə valideynləri Jaləni Rauf Hacıyev adına 15 nömrəli onbirillik musiqi məktəbinə yazdırıb. Hazırda əməkdar müəllim Tamilla Məmmədovanın sinfində fortepiano dərsləri alır. Jalə Mailova ilə maraqlı söhbətimiz də elə təhsil aldığı məktəbdə baş tutdu.

Notlardan ayrıla bilmirdim

2000-ci ildə Bakıda anadan olmuşam. 10 yaşım olarkən artıq musiqi məktəbinin III sinfində təhsil alırdım. İlk dəfə paytaxtımızda keçirilən F. Şopenin müsabiqəsinə qatıldım. Uğurlu çıxışıma görə diplomla mükafatlandırıldım. Həmin gün çox yorulmuşdum. Dərslərimi hazırlamağa belə taqətim qalmamışdı. Anam da çox narahat idi. Axı, mən dərs əlaçısı idim. Musiqi isə qeyri-ixtiyari vaxtımın çoxunu alırdı. Özü də mən təkcə gündüzlər deyil, gecələr də məşq edir, musiqi alətindən və notlardan ayrıla bilmirdim. Nə qardaşım Kənan, nə də mən istirahətin nə olduğunu bilmirdik. Kənan artıq beynəlxalq müsabiqələr qalibi idi. O, həm də Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik musiqi məktəbinin məzunu olub. Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib və hazırda Türkiyədə Anadolu Universitetində magistr kimi təhsilini davam etdirir.

Sözümün üstündə durduğuma görə qürur hissi keçirirdim

2011-ci ildə Azərbaycanın Dövlət müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə keçirilən VIII Respublika baxış-müsabiqəsində, 2012-ci ildə Kainat Gənclik Mərkəzinin və Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə keçirilən İslam Dünyası Gənclərinin I beynəlxalq müsabiqəsində I yerləri tutdum. 2012-ci ildə Samara vilayətində təşkil olunan beynəlxalq Uşaq Musiqi Akademiyasında Rostislav Krimerdən ustad dərsləri almışam. Həmin il Almaniyanın Münhen şəhərində keçirilən “Münhen ulduzları” adlı beynəlxalq müsabiqəyə qatıldım. Çox həyəcanlı idim. Çünki birinci dəfə idi ki, beynəlxalq müsabiqədə iştirak edirdim. Səhnəyə çıxanda əllərim əsirdi və özümü itirdim. Anamın həyəcanı da mənə təsir edirdi. Axır ki, özümü ələ ala bildim. Doğrudan da çox məsuliyyətli bir “imtahan” idi. Azərbaycan bəstəkarı Cahangir Zülfüqarovun “Fantaziya” əsərini ifa etdim. Sonra keçib səhnədə tamaşaçılarla əyləşdim. Qalib olanların adları çəkiləndə adımı həmin siyahıda eşitməyincə ürəyim sıxılırdı. Və birdən, Jalə Mailova, I yer, qızıl medal!.. nidası salonu bürüdü. Anamla bir-birimizə sarıldıq, müəllimim Tamilla Məmmədova az qala qanad açıb uçacaqdı. Çünki bu, həm də müəllimimin əməyinə verilən qiymət idi. Anamın sevincdən axan göz yaşları heç vaxt yadımdan çıxmır. Müsabiqə başlamazdan öncə mən ona söz vermişdim ki, I yeri qazanacağam. Sözümün üstündə durduğuma görə mən də qürur hissi keçirirdim.

Özümü sərbəst hiss edirdim

Həmin il qatıldığım “Macar oyunları” beynəlxalq festivalda da I yerə layiq görüldüm. O festivalda ifamı bəyənən münsiflər heyəti məni bir müddət sonra baş tutacaq mötəbər bir müsabiqəyə də dəvət etdilər. Böyük Britaniya, Macarıstan, Azərbaycan, Rusiya, Ukrayna və Yaponiyadan istedadlı uşaqların qatıldığı “Budapeşt ulduzları” adlı beynəlxalq müsabiqəyə də qatıldım və qızıl medal qazandım. Uğurlarım artdıqca səhnə həyəcanım azalırdı. Artıq özümü sərbəst hiss edə bilirdim. Harada çıxış etsəm də, özümü artıq doğma paytaxtımızda olduğum kimi rahat hiss edirdim. Çoxlu dostlarım vardı. Onlarla ingilis dilində maraqlı söhbətlər edirdim. Dostlarıma muğam yarışmasının qaliblərindən söz açırdım. Məni elə diqqətlə dinləyirdilər ki! Bir neçəsi Azərbaycana gəlmək arzusunda olduğunu da bildirdi. 2012-ci ildə Ukraynada keçirilən “İndividualis” adlı beynəlxalq müsabiqədə laureat adını qazandım. 2013-cü ildə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Respublika müsabiqəsində I yerə layiq görüldüm. “İstedadlı uşaqlar festivalı -2013” festivalında iştirak edərək kubok və diplomla mükafatlandırıldım. 2014-cü ildə Gürcüstanda Gənc pianoçuların VI beynəlxalq müsabiqəsində diplomant , Rusiyanın Çelyabinsk şəhərində “Dostluğun İpək Yolu-mədəniyyətlərarası dialoq” layihəsində konsert proqramında məharətli ifalarımla diplom və fəxri fərmana layiq görüldüm. 2014-cü ildə mən Moskvada dünyaşöhrətli pianoçu Denis Maçuyevin rəhbərlik etdiyi “Yeni adlar” fondunun üzvü və təqaüdçüsü oldum. 2015-ci ildə Estoniyanın Narva şəhərində keçirilən İ.S.Bax adına beynəlxalq müsabiqədə solo və ansambl nominasiyaları üzrə I yerləri qazandım və müsabiqədən sonra Tallin səhərində qaliblərin konsert proqramında iştirak etdim. İki saat davam edən konsertdə xoşladığım əsərləri İ.S.Baxın “Prelüdiya və Fuqa”, S.Raxmaninovun “Elegiya”, L.V.Bethovenin “Sonata” əsərlərini ifa etdim. Uğurlarım bir-birini əvəz edirdi. 2015-ci ildə Bolqarıstanda “Konkurs arenası aləmi” adlı beynəlxalq müsabiqədə solo və ansambl nominasiyaları üzrə I yeri qazandım. Ü.Hacıbəylinin “Sənsiz”, F.Şopenin “Ekspromt fantaziya”, Q.Qarayevin “Çar kəndinin heykəli” əsərlərini ifa etdim.

Bayrağımızı münsiflərə hədiyyə etdim

2016-cı il mənim üçün daha əlamətdar oldu. Belə ki, İspaniyada “Qran fiesta” adlı beynəlxalq müsabiqəyə qatıldım, F.Şopenin əsərlərini ifa etdim və I yeri qazandım. Ancaq bu, çox çətin müsabiqə idi, həm rəqiblərim güclü idi, həm də yuxarı yaş qrupları idilər. Nəhayət ki, öhdəsindən gəldim. Həmin gün Azərbaycandan apardığımız suvenirləri, bayrağımızı münsiflərə hədiyyə etdim. Onlar çox sevindilər. Müsabiqədən sonra Barselona şəhərini gəzdik. Şəhər al-əlvan rəngə boyanmış gül-çiçəklə bəzədilmişdi. Sanki nağıllar aləmində idik. Mən ispan dostlarımdan bunun səbəbini soruşduqda, söylədilər ki, bizdə Yeni il ərəfəsi olduqda şəhəri bu cür bəzəyirlər.

Şəhərdə müqəddəs Ailə kilsəsi ilə də tanış oldum. Kilsədə tikinti işləri gedirdi. Bu kilsə Barselonanın rəmzidir. Kataloniya Musiqi Sarayında da oldum. Orada fortepiano var idi. Mən onun arxasına keçərək dünya bəstəkarlarının bir neçə əsərini ifa etdim. Hamı ətrafıma toplaşıb mənim ifalarımı dinləyirdi. Azərbaycan mahnılarını ifa etdim. Elə maraqla qarşılandı ki!

Qayğı və diqqətə görə minnətdaram

Festival və konsertlərdə, müxtəlif nominasiyalı müsabiqələrdə qazandığım nailiyyətlərin bəhrəsidir ki, adım 2013-cü ildə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının müvafiq sərəncamı ilə xüsusi aylıq təqaüdə layiq görülmüşəm. Musiqi həyatımın mayasıdır. Nə yaxşı ki, ölkəmizdə, eləcə də bütün dünyada sənətə, sənətkara yüksək dəyər verilir. Biz gənclərə göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya öz adımdan, bütün gənc istedadlar adından minnətdarlığımı bildirirəm. Əlbəttə, qazandığım uğurlarda əməyi olan əməkdar müəllim Tamilla müəllimə də təşəkkürümü ifadə edirəm. Təhsil aldığım 81 nömrəli tam orta məktəbin direktoru Mehriban Əlizadənin və pedaqoji kollektivin hər bir üzvünün mənə bu uğurlara nail olmaq üçün şərait yaratdıqlarına görə minnətdaram. Söz verirəm ki, dünyanın ən möhtəşəm konsert salonlarında Azərbaycanı həmişə layiqincə təmsil edəcək və dünya səhnələrində öz adımla bərabər mənə anam qədər əziz olan Azərbaycanımızın adını layiqincə səsləndirəcəyəm.

Bu günədək Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Musiqi Akademiyasında, Alman Mədəniyyət Mərkəzində, Kamera və Orqan zalında, R.Behbudov adına Mahnı Teatrında, eləcə də Üzeyir Hacıbəyli, L.M.Rostropoviç, T.Salahovun ev-muzeylərində baş tutan solo çıxışlarım tamaşaçılarda həmişə xoş ovqat yaradıb və alqışlarla qarşılanıb. Ölkəmizdə baş tutan ən yaddaqalan ifamsa xalq artisti Rauf Abdullayevin rəhbərliyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Simfonik Orkestrlə çıxışım olub. Konsertdə Sergey Raxmaninovun 2 saylı konsertini ifa etdim.

Söz yox ki, Jalə Mailovanın məndə olduqca xoş, gözəl əhvali-ruhiyyə, ovqat yaradan tərcümeyi-halı və uğurları dəyərli oxucularımız üçün də təsirsiz ötüşməyəcək.

yuxarı ⤴