Beyləqanda istifadəyə verilən 8 saylı körpələr evi-uşaq bağçası
Heydər Əliyev Fondunun bu rayona növbəti töhfəsidir
19.11.2016/№45
|
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın
12-də Beyləqanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 8 saylı
körpələr evi-uşaq bağçasının açılışında iştirak edib.
Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin
gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə yüksək diqqət və
qayğı göstərilir. Müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi
bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də
mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondu xüsusi töhfələr verir. Fondun məktəbəqədər tərbiyə
müəssisələrinin yenidən qurulması ilə bağlı həyata keçirdiyi layihələr bu
baxımdan çox mühüm rol oynayır. Heydər Əliyev Fondunun “Məktəbəqədər təhsil
müəssisələrinin inkişafı” proqramı bir daha sübut edir ki, uşaqların
təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil
edir. Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər təhsil
müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə
nail olunmasına geniş yer ayrılıb. Həyata keçirilən bütün bu mühüm layihələr
uşaqların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Azərbaycanda
aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.
Dövlətimizin başçısı körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən
lenti kəsdi.
Məlumat verildi ki, 120 yerlik körpələr evi-uşaq bağçasının ümumi sahəsi 896
kvadratmetrdir. İkimərtəbəli binada ulu öndər Heydər Əliyevin, Prezident
İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın uşaqlara
diqqət və qayğılarını əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Altı
qrup otağının olduğu bağçada uşaqların təlim-tərbiyəsi və onların ilkin
biliklərə yiyələnməsi üçün hər cür şərait var. Burada balacalar üçün musiqi
və gimnastika, yataq və yemək otaqları yaradılıb və zəruri avadanlıqla
təchiz olunub.
Körpələr evi-uşaq bağçasının ərazisində balacaların əylənmələri üçün
meydança da qurulub. Bu məktəbəqədər təhsil müəssisəsində 32 nəfərin daimi
işlə təmin edilməsi nəzərdə tutulub.
AZƏRTAC |