1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Kiçik ideyalar böyük ad altında dünya bazarında
24.11.2017 / No45

 

 

 


ADNSU innovasiyalar bazarına məhsul çıxarır

Ruhiyyə DAŞSALAHLI

Bu universitetin ən kreativ və innovativ tələbələri ali təhsilini tamamladıqda, onların əlində sadəcə diplomu deyil, kiçik müəssisəsi də olacaq. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2015-ci ildən bu yana icraya yönəldilən 20-yə yaxın layihə, prototipi yaradılan və satışa çıxarılan 5 məhsul və ən əsası, yetişməkdə olan gənc sahibkarlar nəsli belə deməyə əsas verir.

Tələbələrinin universiteti öz ideyaları əsasında qurulmuş hazır müəssisə ilə tərk etmələri üçün burada hər cür şərait yaradılıb. Əsas odur ki, ideya olsun. Bunun üçün 2015-ci ilin payızından startap mərkəzi də fəaliyyət göstərir. "eazi START” Startap və İnnovasiya Mərkəzi adlanan mərkəzin nüfuzu yaşını çoxdan ötüb. Buraya tələbələrə təlim keçməsi üçün Ukrayna və İsraildən mütəxəssis və mentorlar çağırılıb. İdeyası olan, innovativ fikirləriylə pul qazanmaq istəyənlərə 6 otaq ayrılıb. Hələ bu harasıdır? Tezliklə ayrıca ofisləri də olacaq.

ADNSU-nun İctimaiyyətlə əlaqələr və Marketinq Departamentinin rəhbəri Bəhruz Nəzərov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında bildirib ki, universitetin texnoparkında ayrılmış klasterlərdə professor-müəllim heyətinin nəzarəti ilə tələbələrdən ibarət komandalar öz layihələri əsasında hazırlanmış məhsulların istehsalına başlayacaqlar. İstehsal prosesi ilə paralel, bazarın öyrənilməsi, məhsulların marketinq və satışı ilə bağlı işlərdə də ADNSU-nun müvafiq ixtisasına aid tələbələr fəal iştirak edir: “Biz bu işə iki ilə yaxındır ki, başlamışıq. Məqsəd odur ki, innovativ ideyaları olan tələbələri stimullaşdıraq. Nəticədə də tələbələr təhsil aldıqları müddətdə həm də biznes idarə etməyi öyrənsinlər və hətta universiteti bitirərkən kiçik və ya orta sahibkar olsunlar. Artıq məqsədimizə nail oluruq da. Magistrimiz Camalın artıq öz biznesi var. Bu sahədə o qədər təcrübəlidir ki, tələbələrimizə təlimlər də keçir”.

Gənc sahibkarlar

Onlar kiçik mərkəzin yetişdirdiyi gənc sahibkarlardır. Biri - Vüsalə Şıxəliyeva layihə rəhbəridir, digəri - Camal Ağayev koordinator.

Vüsalə ADNSU-nun Almaniyanın Zigen Universiteti ilə ikili təhsil, İngiltərə Universiteti ilə mübadilə proqramlarından yararlanıb. Təhsilini fərqlənmə diplomu ilə tamamlayıb. İqtisadi informatika ixtisası üzrə təhsil alsa da, bundan sonra fəaliyyətini bu ixtisas üzrə davam etdirmək niyyətində deyil.

Startapçı olaraq əldə etdiyi bacarıqları inkişaf etdirəcək. Yəni, bu iki ildə innovasiya mərkəzində formalaşan İT və ya idarəetmə sahəsində təhsilini davam etdirmək niyyətindədir.

Camal isə “eazi START” Startap və İnnovasiya Mərkəzində həm koordinatordur, həm komanda rəhbəri. ADNSU-da mexatronika və robototexnika mühəndisliyi ixtisası üzrə təhsil alsa da, o da Mərkəzdə formalaşan innovasiya menecmenti bacarığı üzrə ixtisasını artırmaq niyyətindədir: “Hollandiyada bu istiqamətdə magistr təhsili var. Orada təhsilimi davam etdirmək istəyirəm. Burada isə özümün şirkətə çevirmək prosesində olduğum bir komandam var. 13 nəfərlik komandanın 11 üzvü ADNSU-nun tələbəsidir”.

İdeyanı məhsula necə çevirirlər?

ADNSU-dan yenicə məzun olan, “eazi START” Startap və İnnovasiya Mərkəzində layihə rəhbəri Vüsalə Şıxəliyevanın sözlərinə görə, Mərkəzə təqdim edilən ideyalar bir neçə mərhələdə nəzərdən keçirilir: “Əvvəlcə Mərkəzin koordinatorları ideyanı dinləyir və ya yazılı variantını təhlil edir. Daha sonra ideyanın aid olduğu sahənin mütəxəssisləri ilə müzakirələr aparılır, onların rəyləri öyrənilir. Növbəti mərhələdə məsələ universitet rəhbərliyi səviyyəsinə qaldırılır. Sonda isə həmin layihəyə ya müsbət rəy verilir, ya da layihə daha da təkmilləşdirmək üçün startapçıya qaytarılır. Startap layihəsi işlənməmişdən əvvəl həm ideyanın müəllifi, həm də startap mərkəzinin koordinatorları bazar araşdırması aparır”.

Bazar araşdırılır

Bazara gəlincə, bu, sadəcə daxili bazarla məhdudlaşmır. Startap və İnnovasiya Mərkəzinin divarları arasında bu fikri tez-tez eşitmək olar: “Startap yalnız daxili bazar üçün nəzərdə tutulursa, onun gələcəyi yoxdur”. Odur ki, “eazi START”-da istehsal olunan məhsulların dünya bazarında marketinqini aparmaq üçün bir neçə istiqamətdə plan cızılıb:

1. Mərkəzin İsrail və Ukraynadan olan partnyorları vasitəsilə məhsulların həmin ölkələrin bazarına çıxarılması;

2. Xarici tədbirlərdə və festivallarda intensiv iştirak edərək ADNSU-nun startap mərkəzinin gördüyü işlərin nəticələrinin təqdim edilməsi;

3. Məhsulların internet və sosial media vasitəsilə intensiv reklamının təşkil olunması.

Bu məhsullar bazara çıxmağa hazırdır

Bu istiqamətlər tam araşdırıldıqdan sonra konkret addımlar atılacaq. ADNSU-nun gənc startapçılarının əsas hədəfi budur ki, istehsal olunacaq məhsul qlobal və ya ən azından regional miqyasa malik olmalıdır. “eazi START”-ın koordinatoru Camal Ağayev hesab edir ki, çağdaş dövrdə böyük ölkələrin şirkətləri ilə İT, innovasiyalar və startap sahəsində rəqabət aparmaq, dünya bazarında yer tutmaq nə qədər çətin görünsə də, “eazi START” Startap və İnnovasiya Mərkəzinin qlobal səviyyədə maraq doğurmağa qadir olan layihələri mövcuddur. Bundan əlavə, dünya bazarında mövcud bəzi həllərin və məhsulların fərqli versiyası olan layihələr də daxili bazar və region ölkələri üçün daha ucuz qiymətə təklif edilə bilər.

Elektron universitetin mobil əlavəsi GRP

Təklif olunacaq layihələrdən biri artıq ADNSU-da tətbiq edilir. Tələbələrin bu kəşfi elektronlaşdırılmış ofis və müəssisələrdə mobil əlaqəni təmin edir. V.Şıxəliyevanın sözlərinə görə, öz universitetlərindən sonra bu layihə Bakı Neft-Energetika Kollecində də qurulur.

Hər yeri interaktivləşdirən CamTouch

CamTouch istənilən səthi interaktiv səthə (multimedia lövhəsi kimi) çevirməyə imkan verən kompleksdir. Xüsusi stilus vasitəsilə səthi idarə etmək mümkündür. Kompleks kamera, stilus və proqram təminatından ibarətdir. İşi görmək üçün kompüter proqram təminatını qurmaq, kameranı işə salmaq və səthi seçmək lazımdır. Stilusun köməyilə kompüter “siçan”ının imkan verdiyi bütün funksiyaları etmək mümkündür.

Tez sökülüb, sadə yığılıb, asan daşınan Multivizor

“Wider” geniş ekranlı multivizoru 100 və daha artıq diaqonallı televizor və monitorların yüksək qiyməti, kompüter, akustika və digər əlavə inteqrasiya sistemlərinə ehtiyac olması, plazma və LED texnologiyalarına əsaslanan geniş ekranlı qurğuların nəqliyyat və istismarı ilə bağlı yaranan risklər kimi problemlərin həlli olaraq meydana gəlib. Qısa müddətdə sökülüb yığılması, konstruksiyanın rahatlığı daşınmasını asanlaşdırır. Hazırlanan cihaz eyni zamanda müxtəlif mənbələrdən olan məlumatların vahid kontent məkana toplanmasını, bununla da məlumatların sinxron qəbulunu təmin edir.

Vaxt və enerji qazandıran Velorator

Velorator - innovativ ev və ofis əşyasıdır. İşgüzar insanların idmanla məşğul olarkən nəinki vaxta qənaət etməsini, həm də öz hərəkətləri ilə əlavə enerji - elektrik enerjisi qazanmasını təmin edir. İstifadəçi Veloratorda idmanla məşğul olarkən alternativ enerji ilə yüklənən elektrik cihazlarını da elektriklə təmin edə bilir. Bu da son deyil. Veloratorun başqa bir funksiyası da ona qoşulmuş mobil tətbiq sayəsində istifadəçisini zəruri statistik məlumatlarla təmin etməsidir.

Oynayıb qazanan KubiRub

Azərbaycan startapçıları hamımızın “Rubik kubu” kimi tanıdığı əl oyuncağını 3D mobil oyun şəklinə salıb, adını da “KubiRub” qoyublar. İstifadəyə hazır olan bu məhsul öz alıcısını gözləyir. Alıcı bundan nə qazanacaq? Etiraf etməliyik ki, bu qazanc yerində istifadədən asılı olaraq, milyonlarla ölçülə bilər. Startapçılarımızın fikrincə, istifadəçilər həm oyun oynayaraq zövq alacaq, həm istirahət edəcək, həm də kommersiya şirkətlərindən bonus və ya endirimlər əldə edəcəklər. Bu mobil oyun “Rubik kubu”nun prinsipi əsasında qurulsa da, kubun tərəfləri rənglərdən deyil, şirkətlərin loqolarından ibarət olacaq.

“Made in Azerbaijan” brendi altında məhsul bazarda

Beləliklə, “Made in Azerbaijan” brendi altında bu ilin sonunadək bazara bir neçə növ məhsul çıxacaq. “CamTouch”, “Multivizor”, “Velorator”, “KubiRub” layihələri, həmçinin bir neçə mobil tətbiq və veb platforma ilə yanaşı, digər layihələrin də təkmilləşdirilib satışa çıxarılması planlaşdırılır.

Qeyd edək ki, “eazi START” Startap və İnnovasiya Mərkəzində həm “softver”, həm də “hardver” olmaqla 20-yə yaxın layihə üzərində iş gedir.

ADNSU-nun ürəyi burda döyünür

B.Nəzərov qeyd edib ki, görülən işlər, onların nəticələri, hazır məhsullar və prototiplər mütəmadi olaraq ictimaiyyətə çatdırılır. Universitet startapçılarının işlərinin təqdimatı və startap hərəkatına təkan vermək məqsədilə ali məktəbdə iki dəfə Startap və İnnovasiya Festivalı təşkil olunub: “Xüsusilə, təhsil naziri Mikayıl Cabbarovun, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, bir neçə millət vəkilinin, fond rəhbərlərinin, universitet rektorlarının, xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirliklərinin nümayəndələrinin, özəl sektor təmsilçilərinin iştirak etdiyi sonuncu tədbirdə startap mərkəzimizin üzvlərinin təqdim etdiyi layihələr böyük maraqla qarşılanıb”.

Uzun sözün qısası, hazırda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ürəyi tələbələrin təşəbbüslərinin və ideyalarının kommersiyalaşdırılmasına kömək etmək məqsədilə yaradılan “eazi START” Startap və İnnovasiya Mərkəzində döyünür. Axı, məhsulların daxili və xarici bazarda uğur qazanması həm bu məhsulu hazırlayan komandaya, həm də universitetə dividendlər qazandıracaq.

yuxarı ⤴