1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
Hamı üçün peşə seçmək imkanı...
24.11.2017 / No45

 

 


Və yaxud hər şey öz əlinizdədir

Jalə MÜTƏLLİMOVA

“Strateji yol” xəritəsi müəyyən edilib, “Peşə təhsili haqqında” qanun layihəsi hazırlanıb, “İlk peşə-ixtisas təhsilinin dövlət standartları”nın yeni layihəsi ictimai müzakirəyə verilib. Bundan başqa, “ASAN Peşə” layihəsi həyata keçirilib. Yəni, peşə təhsili sisteminin yenidən qurulması və inkişafı üçün ciddi işlər görülür. Bu da son deyil. Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində gördüklərimiz, aparılan təmir-tikinti işləri, yeni layihələrə start verilməsi, məktəbə valideynli-şagirdli hər kəsin maraq göstərməsi belə deməyə əsas verir. Bizsə reportajımıza mərkəzin direktoru Qalib Həsənovla söhbətdən başlayaq.

Ümidlərimiz böyükdür...

- Qalib müəllim, mərkəz özündə neçə məktəbi birləşdirib?

- Üç məktəbin bazasında yaradılıb bizim mərkəz. İki peşə liseyi, bir də 12 saylı peşə təhsili məktəbinin bazasında fəaliyyətimizi davam etdiririk. Bu birləşmə Prezidentin 6 dekabr 2016-cı il tarixdə imzaladığı fərmanın icrasına uyğun olaraq həyata keçirilib. Təhsil Nazirliyi peşə təhsili liseyləri, mərkəzləri yaradıb. Onlardan biri də bizim mərkəzdir.

- Belə mərkəzlərin yaradılmasında məqsəd nədir? Bu, effektiv olacaqmı?

- Mütləq olacaq. Bu gün təhsil sahəsində görülən işlər, aparılan islahatlar, o cümlədən ölkə iqtisadiyyatının tələbləri sırasında ixtisaslaşmış yerli kadrların hazırlanması kimi mühüm məsələ var. Bunu Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib. Uzun sürən araşdırmalar nəticəsində müəyyən edilib ki, bir neçə peşə məktəbini, liseyi bir mərkəzdə birləşdirib tələblər standartına uyğun işlər görmək olar. Yəni birləşmələr deyəndə söhbət həm pedaqoji heyətin, həm də texniki-təlim bazalarının, sinif otaqlarının sayının artırılması, genişləndirilməsi, lazım olanının təmir edilməsi və keyfiyyətli mütəxəssislər yetişdirilməsindən gedir. Biz buna nail olacağıq.

- Sizin mərkəz hansı ixtisaslar üzrə kadrlar hazırlayır?

- Mühasib, bərbər, aqronom, çilingər, qaynaqçı və b. Ümumilikdə 22 ixtisas üzrə peşəkarlar hazırlayırıq. İndi təsəvvür edin, bir mərkəzdə üç məktəbin texniki və pedaqoji heyəti, təlim-avadanlıq bazası birləşib. Bu o deməkdir ki, daha keyfiyyətli mütəxəssislər hazırlanacaq. Hazırda 700-dən çox tələbə mərkəzə daxil olan məktəblərdə peşə öyrənir.

- Mərkəzdə eşitmə və nitq məhdudiyyəti olanlar üçün xususi qrup yaradılıb. Bundan başqa, onlar digər şagirdlərlə birgə dərs keçir. Maraqlı layihədir...

- Fiziki məhdudiyyətləri olmayan uşaqların hər biri təbii ki, savad və bacarıqları çərçivəsində harada desəniz oxuya bilər. Nitq və dil məhdudiyyətləri olanlar barədə bu sözü demək olmur. Ancaq onlar cəmiyyətdən təcrid edilməməlidir. Və deyim ki, aralarında yetərincə qabiliyyətli uşaqlar var. Amma müəyyən mərhələdən sonra onlar təhsildən kənarda qalırlar. Əslində, biz onları cəmiyyət olaraq itirə bilərik. Bizim layihənin məqsədi belə təhlükələrin qarşısını almaq cəhdidir. İlk cəhdimiz uğurlu alınıb. Necə başladıq desəniz... Aidiyyəti qurumlara - Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət etdik. Bildirdik ki, eşitmə və nitq qüsurlu uşaqlardan ibarət qrup yaradıb, onların da müəyyən peşələrə yiyələnməsini təmin etmək istəyirik. Müsbət qarşıladılar.

- Yəqin ki, bu layihənin ideyası həm də valideyn müraciətlərindən irəli gəlib?

- Təbii ki, müraciətlər edilirdi. Ailələr narahat olurdu ki, bu uşaqlar müəyyən mərhələdən sonra tədrisdən kənarda qalır, gələcəkləri bəlli olmur.

- Həmin uşaqlara təbii ki, xüsusi müəllimlər lazımdır. Bu məsələni necə həll etdiniz?

- Çox uzağa getmədik, öz mütəxəssislərimiz arasında araşdırma apardıq. Müəyyən etdik ki, bizim bu uşaqlarla işləmək üçün də mütəxəssisimiz var imiş. Samirə müəllimi dəvət edib ona bu barədə danışdıq. Məmnuniyyətlə razılaşdı və hətta dedi ki, özü də belə uşaqların cəlb olunması prosesində iştirak edə bilər. Beləcə işləri başladıq. Hələlik uğurla davam edir. Sinifdə müəllimin dediklərini indi Samirə müəllim bizim eşitmə və nitq məhdudiyyətli şagirdlərimizə xüsusi proqram vasitəsi ilə tərcümə edir.

- Hazırda nitq məhdudiyyəti olanlar üçün nəzərdə tutulan qrupda neçə şagirdiniz var?

- Doqquz şagirdimiz var. Soyuducu təmirçisi və bərbər ixtisaslarını öyrənirlər. Bu uşaqlar o biri uşaqlardan xeyli fərqlidir. Daha məsuliyyətli olmağa, daha yaxşı oyrənməyə çalışırlar. Bilib bacardıqları qədər ünsiyyətcil, gülərüz, həssasdırlar. Bu, həyat eşqidir. Belə duyğuları uşaqlarda öldürmək olmaz. Belə hisslərin yoxluğu gələcəkdə onları təkcə fiziki yox, həm də psixoloji məhdudiyyətli insana çevirər. Bu üzdən onları digər uşaqlardan daha çox qoruyur, müdafiə edirik. Yol vermirik hansısa gərginlik yaşasınlar.

Bir məsələni də qeyd edim. Sizə bu uşaqların həssaslığından danışdım. Məhz bu məqamı nəzərə alıb nazir Mikayıl Cabbarova və Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayevə müraciət etdik ki, bu qrupa qəbul olunacaq uşaqlardan müsahibə götürülməsin. Yəni, onlar bizim mərkəzə həm də müsahibədənkənar qəbul ediliblər.

QEYD: Qalib nüəllimlə söhbətimiz bitdi. Sinif otaqları, tədris-təlim bazaları ilə tanışlıq mərhələsi başladı. Diqqəti çəkən məqamlardan biri odur ki, mərkəz artıq bir sıra yerli şirkətlərlə aparılan danışıqlar qarşılığında ixtisaslaşmış sinif otaqlarının qurulmasına nail olub. Məsələn, belə şirkətlərdən biri “KNAUF”dur. Yaponiyanın Azərbaycandakı səfirliyi isə mərkəzdə qaynaqçı peşəsinə yiyələnən gənclərə dünya brendi olan qaynaq avadanlığı hədiyyə edib. Qaynaqçı demiş, bəllidir ki, bu peşəyə adətən kişilər maraq göstərir. Azərbaycanda bu gün sizə təqdim edəcəyimiz on yeddi yaşlı gənc qızın isə belə demək mümkünsə, seçdiyi ixtisasa dair əməlli-başlı biznes planı var...

Qaynaqçı peşəsi və biznes plan...

- Əvvəlcə tanıyaq sizi...

- Hüseynova Kifayət.

- Qaynaqçı qız - Azərbaycan... çoxuna tərs mütənasib gəlir, bəs sizə?

- Mənə yox.

- Necə oldu bu?

- Əmim qaynaqçı idi. Bildiyim qədərilə yaxşı da usta olub. Məhləmizdə, qonşuların həyətində xeyli səliqəli işləri var. Maraqlı gəldi mənə. Doqquzuncu sinfi bitirəndə “ASAN Peşə” layihəsi haqda eşitdim. Evdə ailəm də məsləhət bildi ki, yaxşı peşə öyrənmək çox şeydən yaxşıdır. Mən də dedim ki, əmim kimi olmaq istəyirəm, qaynaqçı. Əvvəlcə hamı qəribə qarşıladı. Anam dedi ki, əmin həm zəhmətkeş adam idi, həm yaxşı, bacarıqlı usta idi. İndi dünyasını dəyişib, amma sən get elə qaynaqçı ol onun kimi. Beləcə sənədlərimi verdim və qəbul oldum.

- Bu peşəni seçənlərin çoxu kişilərdir. Qazancı da az olur deyirlər. İş tapacağınıza əminsinizmi gələcəkdə?

- Siz məni görüb diqqət yetirdiniz, maraqlı gəldim, çağırdınız. Demək peşəkar qaynaqçı kimi lazım olan şirkətlərin də diqqətini çəkə biləcəm. Bu, təkcə qaynaqçı xanım olmağıma görə deyil. Yəni, kişi peşəsində qadın olmasına diqqət çəkmək deyil, həm də bu çətin, amma maraqlı peşəni sevən xanımı görmək maraqlı olacaq. Bir də mən düşünürəm ki, o qədər də pis mütəxəssis deyiləm.

- Yaşıdlarınız ali məktəbə hazırlaşır indi. Kimi repetitor yanına gedir, kimi məktəbdə hazırlaşır...

- (Gülür) Ola bilər gələcəkdə kimisi də mənim yanıma gəldi ki, onu işə götürüm...

- Maraqlı iddiadır. Mümkünsə izah edin, bu, necə olacaq?

- Biliyi oldu-olmadı hamı ali təhsil almaq istəyir, mən istəmirəm. Ona görə düşündüm ki, bir peşə seçib, onun peşəkarı olmaq gələcəkdə hətta adama öz ixtisası üzrə biznes qurmağa da imkan verə bilər. O üzdən elə bəlkə də qaynaqçı olmaq yaxşıdır. Yaşıdlarıma da məsləhət bilirəm. Kim olurlarsa-olsunlar, amma tam olsunlar. Məsələn, mən peşəkar qaynaqçı olacağıma da, yaxşı iş tapıb, yaxşı pul qazanacağıma da əminəm.

QEYD: Bura o sinifdir. Dil və eşitmə məhdudiyyətli uşaqların təhsil aldığı sinif. Müəllim soyuducu təmirindən, avadanlığın detallarından danışır. Surdo tərcüməçi Samirə Cabbarova isə Mirəli müəllimin dediklərini onlara tərcümə edir. Arada nədəsə mübahisəli məqam yaranır, müəllimdən üç, bəzən dörd dəfə soruşurlar bir detal haqda. Öz növbəsində müəllim də, tərcüməçi də səbr və təmkinlə eyni məsələ haqqında bir neçə dəfə təkrar danışırlar.Qısa fasilə vermələrini xahiş edirik. İstəyirik onlarla da, müəllimlərlə də danışaq. Bu prosesin perspektivinə dair nə düşündüklərini soruşaq.

- Sizcə nə vəd edir bu qrup?

- Onlarla işləmək son dərəcə maraqlıdır. İnanılmaz üstünlükləri, bacarıqları, həyat eşqləri var.

- Aralarında əvvəlcədən tanıdıqlarınız varmı?

- Məktəbimizə dəfələrlə müraciət edənləri var. Bu üzdən biz də tanıyırdıq onları. Valideyndir, uşağına görə narahat olur. O zamanlar əlimizdən nəsə gəlmirdi. Çünki qaydalar buna icazə vermirdi. İnsan kimi pis təsir edirdi adama. Adamlar gəlirdi və ümidsiz geri dönürdülər. İndi fərqlidir durum və bu, sevindiricidir.

- Fərqlidirlər deyirsiniz. Nədir fərqləri?

- Həvəslidirlər. Belə işləməkdən zövq alıram. Onlar təkcə hansısa peşə öyrənən şagird deyillər, həm də maraqlı, yaxşı dostdurlar. Fiziki durumundan asılı olmayaraq şagirdin oxuyub öyrənmək həvəsi varsa, mütləq o uşaqları təhsilə cəlb etməyin yollarını müəyyən etməliyik. Çünki istənilən kateqoriya vətəndaş arasında yaxşı mütəxəssislərin olmasının ancaq cəmiyyətə, insanlara və ən vacibi onların özlərinə böyük faydası ola bilər. Həm maddi, həm mənəvi.

QEYD: Mərkəzdə eşitmə və dil məhdudiyyətli uşaqlara soyutma avadanlıqlarının texnologiyası üzrə dərs keçən müəllim Mirəli Mirheydərzadədir növbəti həmsöhbətimiz. Mirəli müəllim deyir ki, o, əvvəlcə belə bir qrupda dərs deməyin çətin olacağını düşünüb. İndi isə gördüklərinə az qala inana bilmir:

- Onlara başqalarından fərqli yanaşıram. Bunu məndən xüsusi tələb etmir kimsə. Sadəcə düşünürəm ki, belə yanaşma vacibdir. Bütün meyilləri və istəkləri öyrənməyə yönəlir. Bu, adamda təəccüb doğurur. Çünki belə olacağına inanmır adam əvvəlcədən. Sonra özün şahidi olanda artıq onların nəyisə mənimsəməsi üçün daha diqqətli yanaşırsan. Düzünü deyəcəm, belə uşaqların təhsilə meyilli olmasına əvvəlcə məndə inam yox idi. Sonra sevindim ki, onların nəsə öyrənə bilmələrində mənim də xidmətim var. Bir detal haqda nəyisə anlamayanda ona dair müəllim vasitəsi ilə israrlı suallar verirlər. Bunu mütləq cavablandırıram. Belə həvəsləri öldürmək olmaz. Elə bil ki, onlar dil və eşitməyə sərf etməli olduqları enerjilərini öyrənməyə, dərsə yönəldiblər. Bu onların bir çoxunda yaxşı alınır. İnanıram ki, bizim məktəbi bitirən uşaqlar arasından yaxşı mütəxəssislər çıxacaq. Biz onların müasir texnika ilə təmaslarını asanlaşdırırıq. Yəni, sabah ən azı evlərində bir texniki nasaz alət görəndə onun təmiri üçün başqa usta axtarmaq lazım gəlməyəcək. İndi onlara hələlik nəzəriyyəni öyrədirik. Gələcəkdə, daha dəqiqi, yanvar ayında artıq praktikaya cəlb olunacaqlar. Daha sonra onları istehsalat təcrübəsinə göndərəcəyik. Yəqin ki, artıq o mərhələdən həm də iş yerləri tapılacaq. Bu isə artıq normal iş saatında çalışıb, pul qazanmaq deməkdir.

Əllərlə ifadə olunan arzu...

QEYD: Müəllimlərlə söhbət zamanı adama o qədər diqqətlə baxırdılar ki, elə bilirsən səni dodaq hərəkətlərindən anlayırlar. Samirə müəllimdən onlarla ünsiyyətdə dəstək istədim. Utancaqdırlar. İşarə ilə bir neçəsi dedi ki, danışmaq istəmir. Ancaq siniflərində təkcə dərsə marağı ilə deyil, həm də dostcanlı olmasıyla seçilən, ünsiyyətcil biri nə istəyirsiniz soruşun dedi...Biz də soruşduq. Həmsöhbətim danışdıqca, əlləri ilə arzularını ifadə elədikcə, “hər şey öz əlinizdədir” fikri düşdü yadıma nədənsə. Bu insanlar təkcə hər şeyi öz əlləriylə edə biləsi adamlar deyillər. Onlar arzularını da elə əllərində ifadə edənlərdirlər. Beləcə, Samirə müəllimin tərcüməsində Nizaməli Vəliyevdən arzularını və məktəbə necə gəldiyini öyrənək:

- Nitq məhdudiyyətli uşaqlar üçün nəzərdə tutulan 3 nömrəli məktəbi bitirdim. Sonra nə edəcəyimi bilmədim. Anam mənə görə narahat idi. O araşdırdı və belə bir peşə məktəbinin olduğunu öyrəndik. Gəlib sənədlərimi verdik və indi də oxuyuram. Soyuducu qurğularının təmirçisi ixtisasını öyrənirəm. Hamı mənə qarşı yaxşı davranır. İnsanlarla ünsiyyətdə oluram. Dünyada texnologiyalara aid yeniliklər öyrənirəm. Bu, dünyagörüşümü artırır, gələcəyə ümidlərim yaranır. Həm də əmin oluram ki, faydalı ola biləcəyəm. Özümün müstəqil pul qazanmaq imkanlarım olacaq. Bu, çox yaxşıdır. Belə şəraitin bizim kimi olan başqaları üçün də yaradılmasını arzulayıram. Müəllimlər bizi öyrətməyə çalışır, onlardan son dərəcə razıyam. Ümid edirəm bu qrupun birincisi olsaq da, sonuncusu olmayacağıq. Yəni davamı olacaq, hətta artacaq sayımız burada. Həyatda asan heç nə yoxdur, hər şey çətindir. O üzdən bir şeyi öyrənməyə başlayanda çətindir demək düzgün deyil. Onda alınmayacaq. Bilmədiyimiz hər şeyi soruşuruq, müəllim bizə detallarına qədər izah edir. Hətta dəfələrlə sual verib, nəsə soruşmağımızdan yorulmurlar. Buna görə çox sağ olsunlar. İnanıram ki, məndən yaxşı soyuducu ustası alınacaq. Hələ ümidim var ki, dövlətimiz bizə başqa ixtisasları öyrənməyə də dəstək olacaq. Məsələn, mən məmnuniyyətlə İT mütəxəssisi kimi də təhsil almaq istərdim. Bu gün bu sahəyə tələbat var, həm də müasirliyin göstəricisidir.

Peşəkar idmançı və elektrik...

QEYD: Peşə mərkəzində yaxşı idman göstəricisi olan şagirdlər də təhsil alır. Onlardan biri də Mahir Quliyevdir. O, məşğul olduğu idman növündə respublika üzrə müxtəlif yarışların qalibi olub:

- 186 nömrəli orta məktəbin doqquzuncu sinfini bitirdim. Şəhadətnaməmi alıb “ASAN Peşə” layihəsi çərçivəsində sənədlərimi təqdim etdim. Hazırda mərkəzdə elektrik peşəsi üzrə təhsil alıram, həm də idmanla məşğulam. Düşünürəm ki, təhsil ala-ala idman göstəricilərimin də sayını artırmağa nail olacağam. Cüdo və sambo idman növləri ilə məşğulam. Hər iki idman növündə göstəricilərim var. Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş respublika çempionatının üçüncüsü, Bakı birinciliyinin bir dəfə birinci, bir dəfə isə ikincisi olmuşam. Sizə deyim ki, mərkəzin yaxşı idman zalı var. Boş vaxtlarımda burda da məşq etmək üçün mənə yaxşı şərait yaradılıb. Eyni zamanda məktəbdəki idman dərnəyinə də yazılmışam. Düşünürəm ki, bu məktəbi oxumağa paralel gələcəkdə daha yaxşı idman nəticələri də qazanacağam.

Son söz əvəzi: Xırda bir dəmir parçasını qaynaq etməyə çalışdım, alınmadı. İstədim divarın xırdaca yerini malalayım, olmadı. Soyuducunun detalına baxdım, bir şey anlamadım. Bir onu anladım ki, həyatda hərənin öz yeri, öz peşəsi, işi var. Yəni hərə bir sahədə istedadlı, seçilmişdir. Qısacası, peşə liseyi, peşə təhsili məsələsində dövlətin diqqəti və görülən işlər sovetlərdən ta bu günə gələn tabunu sındırdı gözümdə. Əminəm, bu gün xeyli insan mənimlə eyni düşüncədədir. O üzdən, “cibində bir parça diplomun olsun” məntiqini rahatlıqla kənara qoymaq olar. Bu, mütləq “cibində bir parça diplomlu” işsizlərin sayını azaldacaq. Oğlanlar, bir dəftəri kəmərinə keçirib, qızlar əl çantalarına zorla yerləşdirib üç, dörd, bəlkə də daha artıq akademik dərs saatlarında boşuna zaman keçirməyəcək. Hətta yaxşı bir peşəyə yiyələnib anlayacaqlar ki, onlardan peşəsinə görə asılıdır adamlar. Və ayrıca öyrəndiyi peşə onu təkcə iradəli insan kimi yetişdirməyəcək, həm də maddi olaraq ayaqda durmağını təmin edəcək. Sizlərə haqqında danışdığım o gənc çilingər qızın dediyi kimi, bəlkə kiminsə gələcəkdə quracağı böyük bir biznes bu gün öyrəndiyi peşəsindən, peşə liseyi, məktəbi, mərkəzlərindən başlayır. O üzdən hər kəsə uğurlu həyat və peşə diləyək...

yuxarı ⤴