1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 
“Metallurgiya postneft dövründə ən gəlirli sahəyə çevrilə bilər”
24.11.2017 / No45

 

 

 


Sübhan Namazov: “Bizim ölkədə xammal olmaqla yanaşı, mütəxəssis ordusu da formalaşıb”

Nicat ABDULLAYEV

Bütün dünyada müəyyən elm sahələri üzrə ənənələr yaradılır. Bu ənənələr əsasən xüsusi elmi-tədqiqat mövzularının, aparılan elmi işlərin müzakirəsi vasitəsilə həyata keçirilir və gələcəkdə daha böyük işlərin başlanğıcı olur. Bu mənada Azərbaycan Texniki Universitetində (AzTU) 28-30 noyabr 2017-ci il tarixlərində keçiriləcək “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda II Beynəlxalq elmi-texniki konfransı ölkəmiz üçün böyük uğur hesab etmək olar. Müsahibim AzTU-nun “Metallurgiya və metalşünaslıq” kafedrasının müdiri, texnika elmləri doktoru, professor, Rusiya Mühəndislik Akademiyasının akademiki Sübhan Namazovun fikrincə, metallurgiya postneft dövründə Azərbaycan üçün ən gəlirli sahəyə çevrilə bilər.

- Sübhan müəllim, konfransın yaranma tarixini və ümumiyyətlə, zərurətini öyrənmək əlbəttə ki, maraqlı olardı. Lakin II konfransın reallaşması yaxın olduğu üçün daha maraqlı detal bu işin hansı səviyyədə təşkil edilməsi, problemlərin nə dərəcədə həll olunacağıdır...

- 2011-ci ildə kafedra olaraq qarşımıza belə bir məqsəd qoyduq ki, böyük bir beynəlxalq konfrans keçirək. 2013-cü ilin aprel ayının sonunda ümummilli liderimiz Heydər Əliyevin 90 illiyinə ithaf etməklə “Metallurgiya və materialşünaslığın problemləri” mövzusunda I Beynəlxalq elmi-texniki konfransı təşkil etdik və qərara aldıq ki, bir neçə ildən bir olmaqla bu konfransı ənənə şəklində təşkil edək. İndi biz 2013-cü ildə başladığımız bu ənənəni çox sevinclə və həvəslə davam etdiririk. Bütün məqalələr, məruzələr artıq daxil olub. Birinci konfransdan fərqli olaraq az qala iki dəfə çox məqalələr, məruzələr təqdim olunub.

- Konkret olaraq desək, bu günə kimi neçə məqalə daxil olub?

- Təxmini 200-dən yuxarı məruzə daxil olub ki, burada 350 müəllif təmsil olunur. Qeyd edim ki, konfransımızda 10 ölkənin alimləri, 30 təşkilatdan nümayəndələr, eyni zamanda ali məktəblərin təmsilçiləri iştirak edəcək.

- 10 ölkəni qeyd etdiniz. Bu əhatəliyi məruzələr arasında da görmək mümkün olacaqmı?

- Bəli, məruzələr arasında həmin 10 ölkə təmsil olunacaq. Rusiyadan, Ukraynadan, Türkiyədən, Almaniyadan və s. ölkələrdən artıq məruzələr var və dinləniləcək. Güman edirəm ki, biz bu ənənələri genişləndirməklə bərabər, ali məktəblərin bir-birinə yaxınlaşmasını da həyata keçirə biləcəyik. Materialşünaslıq, metallurgiya praktik əhəmiyyəti olan sahələrdir və qeyri-neft sektorunun inkişafı sürətləndikcə metallurgiya sənayesinin inkişafı artıq start götürüb. Xüsusilə qara metallurgiyanın Azərbaycan sənayesində rolu həddən artıq böyükdür. Son illərdə böyük müəssisələr yaradılmağa başlanılıb. Buna görə biz bir təsisçi olaraq istədik ki, bu konfransı “Baku Steel Company” ilə birgə həyata keçirək. Eyni zamanda qeyd etmək istərdim ki, digər sənaye müəssisələrindən bizə xeyli sayda məqalə daxil olub. Onlar da konfransa bu şəkildə töhfə verməkdədir. Onların konfransa cəlb olunmasında biz çox maraqlıyıq. İstəyirik ki, sənaye müəssisələri bizdə aparılan elmi-tədqiqat işləri ilə tanış olsunlar.

- Siz qeyd etdiniz ki, konfrans ilk dəfə təşkil olunanda bu ixtisasa, sahəyə sevgidən yaranıb. Yəni, belə başa düşdüm ki, siz istəmisiniz ki, öz sahənizin ənənəvi keçirilən beynəlxalq bir konfransı olsun. Ümidvaram ki, ixtisasa sevgi ilə yanaşı, böyük hədəflər də var...


- Bizim birinci konfransımız kifayət qədər faydalı oldu. Konfransın qərar hissəsində biz göstərmişdik ki, Azərbaycanda qara və əlvan metallurgiya böyük perspektivə malikdir. Eyni zamanda elmtutumlu texnologiyaların ölkəmizdə tətbiq olunması, mütəxəssis hazırlığında yeni spektrlərin hazırlanması kimi mühüm qərarlar qəbul edilmişdir. Çox sevindirici haldır ki, həmin qərar hissəsində qoyulan bəzi məsələlərin tətbiqinə başlanılıb. Bu gün Azərbaycanda çox böyük, tarixi bir layihə reallaşmaqdadır. Təxminən 1.2 milyard avroluq bu layihə qeyri-neft sektoruna yatırılan ən böyük investisiyalardandır. Bu gün Azərbaycanda metallurgiyanın inkişafı üçün yaxşı potensial mövcuddur. Bizim ölkədə xammal olmaqla yanaşı, mütəxəssis ordusu da formalaşıb. Bu bəlkə də reklam kimi görünəcək, lakin düşünürəm ki, qeyd etməyə ehtiyac var: Azərbaycan Texniki Universitetinin yetirməsi olan böyük bir istehsalatçı metallurq, texnika elmləri üzrə fəlsəfə doktoru Ramin Kərimov var. O, istehsalatla yanaşı, həm də bizim kafedranın müəllimi və doktorantıdır, elmi-tədqiqatla da məşğuldur. İstehsalatda dərslər aparır, tələbələrə praktik biliklər verir. Bunun özü də böyük bir əməkdaşlıqdı və bizim birinci konfransın ən birinci hədəflərindəndir. Biz qarşımıza məqsəd qoymuşduq ki, istehsalatla tədris arasında əlaqə yaradaq. Artıq müəyyən mənada buna nail olmuşuq.

- Müəyyən bir dönəmdə Azərbaycan metal ölkəsi kimi tanınıb. Necə düşünürsünüz, postneft dövründə Azərbaycan böyük metal ölkəsinə çevrilə bilərmi?

- Mən bir şeyi qeyd etmək istəyirəm ki, dünyanın böyük metal ölkələrinin bəzilərinin metal ehtiyatları yoxdur. Təbii ki, bu, Yaponiya kimi böyük və güclü ölkələrdir. Xoşbəxtlikdən bizim metal ehtiyatımız, resurslarımız da var. Məsələn, bizdə qızıl emalı texnologiyası var, qızıl ala bilirik. Alüminium və qara metallarla da zənginik. Eyni zamanda bizim polimetal filiz yataqlarımız var. Bundan əlavə, Naxçıvanda metalla zəngin olan sahələr mövcuddur. Biz gələcəkdə dalavit vasitəsi ilə maqnezium-oksid ala bilərik. Əlbəttə ki, bunların hamısını bir günə istismar etmək mümkün deyil. Lakin hesab edirəm ki, neftdən sonra Azərbaycanın ən çox gəlir gətirə biləcək sahəsi metallurgiyadır. Burada bir məqam var. Mən metallurgiyanı gəlir gətirən sahə kimi qeyd edəndə təkcə metal emalını nəzərdə tutmuram. Burada metal emalı texnologiyalarının tətbiq olunması nəzərdə tutulur. Biz metal məmulatlarının istehsalından çox böyük gəlir əldə edə bilərik. Məsələn, bu gün artıq, “Baku Steel Company”də boru istehsalı üçün mühit formalaşıb. Digər məmulatların alınması istiqamətində də iş aparılır. Bundan əlavə, Sumqayıtda böyük layihələrin həyata keçirilməsi nəzərdə tutulub. İndi Azərbaycanda birbaşa reduksiya yolu ilə dəmirin alınması üzərində iş aparılır. Bir sözlə, yaxın gələcəkdə, 2018-2019-cu illərdə Azərbaycanda metallurgiya sahəsində böyük irəliləyişlər əldə olunacaq.

- Müsahibədən öncə, metal deyəndə ilk yada düşən nələr varsa araşdırdım. Məsələn, biz tikiş iynəsini, mətbəx bıçağını xaricdən alırıq. Bu onu göstərir ki, metallurgiya sahəsində kiçik və orta sahibkarlıq it-bat olub. Halbuki, Prezident İlham Əliyevin kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı xüsusi fərmanı var. Bununla bağlı Strateji Yol Xəritəsi təsdiq olunub. Necə düşünürsünüz, böyük müəssisələr yarandıqca kiçik sahibkarlıq subyektləri formalaşacaqmı?

- Metallurgiya sahəsinin inkişaf etdirilməsi üçün bir çox halda bəzi mühüm alətlər nəzərdə tutulmalıdır. Məsələn, bu iş elə təşkil olunmalıdır ki, yaxud da bu sahə ilə bağlı siyasət elə qurulmalıdır ki, filizin kəskin ucuzlaşması zamanı da metal emal etmək mümkün olsun. Böyük metallurgiya ölkələrində filizin qiyməti kəskin aşağı düşəndə dövlət müəssisələrə dəstək verir ki, istehsalat dayanmasın. Yəni sizin dediyiniz kimi, iynədən tutmuş mətbəx bıçağına qədər müxtəlif texnologiyaların qısa zamanda yaradılması asan məsələ deyil. Lakin bununla bağlı ciddi iş aparılır.

- Buna konkret olaraq nələr mane olur?

- Metallurgiya elə sahədir ki, inkişafı üçün digər sahələrin də inkişafı mütləqdir. Məsələn, maşınqayırma sahəsi inkişaf etməsə, biz metal məmulatlarının istehsalı sahəsində geri qalacağıq. Ona görə də müəyyən zaman çərçivəsində xammaldan yarımfabrikata keçid edərək şirkətlər maddi vəziyyətini yaxşılaşdırmalıdır. Müəssisələr pul qazanıb ayağa qalxandan sonra digər məsələlər barəsində də düşünəcəklər. Bu mərhələdən sonra onlar yeni emal texnologiyaları yaradaraq yeni məmulatlar istehsal edəcəklər. Böyük ölkələr məhz bu yolla gediblər. Bu sahənin lideri olan ölkələr bu gün xammal istehsalı ilə məşğul olmurlar. Çünki onların emal texnologiyaları var və onlar bu texnologiya ilə daha çox qazanc əldə edirlər. Məsələn, biz qızıl istehsalçısıyıq. Lakin qızılın saflaşdırılması texnologiyamız yoxdur. Bu işi bizim üçün başqa ölkələr həyata keçirir. Bu onların texnologiyasıdır, onu bizə verməzlər. Lakin bizim qızılımız var və biz bu metalı istehsal edirik. Demək ki, gələcəkdə qızılın saflaşdırma texnologiyasını da əldə edəcəyik.

Əlbəttə ki, metal məmulatlarının xaricdən alınması mənfi haldır. Lakin qeyd etdiyim kimi, bunu daxili istehsalla təmin etmək qısa zamanda mümkün deyil. Yeri gəlmişkən demək istəyirəm ki, bununla bağlı bizim konfransımızda çox önəmli bir məruzə var. Həmin məruzə xaricdən idxal olunan yayma vallarının istehsal texnologiyası haqqındadır. Uzun zamandır ki, bu istiqamətdə işlər aparılır. Həmin valların Azərbaycanda istehsalı üçün patent alınıb və müəyyən şərait də var. Yaxın gələcəkdə həmin vallar Azərbaycanda istehsal ediləcək. Bu, həm maddi, həm də texnoloji baxımdan çox böyük uğurdur.

- Sübhan müəllim, konfrans bu uğurların sayını artırmağa kömək edəcəkmi? Bizim alimlərimiz bu konfrans vasitəsi ilə xarici alimlərin işləri, onların araşdırmaları, ümumiyyətlə, bu sahənin trendləri ilə tanış ola biləcəklərmi?

- Zaman etibarı ilə vaxt bir qədər bizi sıxdı. Buna baxmayaraq, xeyli məqalə təqdim olunub. Əlbəttə ki, çox yaxşı olardı ki, bu coğrafiya geniş, say daha da çox olsun. Lakin nəzərə alaq ki, bu sahə geniş sahədir və bununla ciddi məşğul olan insanların hamısını bir araya yığmaq çox çətin işdir. Hazırda bizim konfransın adı “Metallurgiya və materialşünaslığın problemləri”dir. Bu ad çox geniş bir sahəni əhatə edir. Biz gələcəkdə daha lokal adlarla konfranslar təşkil edəcəyik. Məsələn, indiki konfransımızın hər bölməsi ayrılıqda bir konfrans mümkün ola bilər. Elə olan halda artıq dünyanın dörd bir tərəfindən bu sahənin bilicilərini toplamaq mümkün olacaq.

Bu konfransda Türkiyə, Rusiya, Ukrayna, Yaponiya və hətta İngiltərədən bizim məruzələrimiz olacaq. Həmin alimlər çox böyük alimlərdir. Bəziləri online qoşularaq məruzə edəcəklər.

- Söhbətin əvvəlində bir məsələyə toxundunuz. Dediniz ki, bu konfrans həm də bizim universitetlərin bir-biri və istehsalçılarla əlaqəni də təmin edəcək...

- Ümumiyyətlə, mən xarici ölkələrdə təşkil olunan konfranslarda önəmli bir məsələni müşahidə etmişəm. Görmüşəm ki, konfranslar böyük əməkdaşlıqların əsasını təşkil edir. Yəni konfrans istər elmi-tədqiqat sahəsinin, istər elmlə təhsilin inteqrasiyası, istərsə də mütəxəssis hazırlığı üçün böyük stimuldur. Əslində, hər şey konfransla həll olunmur. Biz bir-birimizi dinləyirik, bir-birimizi maraqlandıran problemləri qarşılıqlı fikir mübadiləsi çərçivəsində eşidib cəmləşdiririk və gələcəkdə unifikasiya edib problemlərin həllini həyata keçiririk. Konfransların əsas məqsədi bundan ibarətdir. Məsələn, sənayedə olan problemləri biz bilmirik, sənayedə olanlar da bizim tədqiqatlardan xəbərsizdir. Bu konfranslar imkan verir ki, iki sahənin insanları bir-birinin işlərindən, problemlərindən xəbərdar olsunlar.

- Necə düşünürsünüz, xəbərsizlik normaldır, yoxsa elmin, tədrisin istehsalatdan ayrı düşməsindən irəli gəlir?

- Bilirsiniz, istehsalatçı istehsalla, elm adamı da tədqiqatla məşğul olmalıdır. Yəni bu, bütün dünyada belədir. Lakin istehsalatçı öz işi ilə məşğul olmaqla yanaşı, ali məktəbə də dəstək verməlidir. Eyni zamanda tədqiqatçı da, yəni ali məktəb, elmi-tədqiqat mərkəzləri də istehsalçının problemlərinin həllinə kömək etməlidir, gedib istehsalla məşğul olmalı deyil. Əgər əksinə olsa, hər iki sahədə durğunluq yaranar, hər iki sahənin insanları qarşıya qoyduqları hədəfə çata bilməzlər. Qaldı ki, inteqrasiya məsələsinə, bu problem bizim ölkədə mövcuddur. İstehsalatçılar elə düşünürlər ki, onların bütün işi biznes üçün olmalıdır. Mən bunu qəbul etmirəm. Məsələn, Almaniyanın “Mercedes-Benz”, “Wolksvagen” “BMV” kimi nəhəng və böyük istehsal texnologiyasına sahib şirkətləri universitetlərə, elmi-tədqiqat mərkəzlərinə yardım edirlər, planlı şəkildə onların elmi-tədqiqat işlərini maliyyələşdirirlər. Azərbaycanda bu gün elmi-tədqiqat işlərinin istehsalata gedib çatmasında, elmi-tədqiqat işlərinin kommersiyalaşmasında problemlər var və düşünürəm ki, yaxın gələcəkdə də olacaq. Güman edirəm ki, bu çox ciddi məsələdir və bununla bağlı Azərbaycanın dövlət başçısı tərəfindən həyata keçirilən sistemli işlər, xüsusi ilə Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində texniki ali təhsilin inkişaf etdirilməsi istiqamətində təsbit olunan mexanizm problemin həllində aparıcı rol oynayacaq.

yuxarı ⤴