1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.02.2017

// 18.02.2017



Keyfiyyətli təhsil və müəllimin vəzifəsi
26.11.2016/№46

 

 

 


Ümumtəhsil məktəblərində tarixin tədrisinin böyük praktik əhəmiyyəti var. Çünki həm milli maraqlar və dövlətçilik baxımından, həm də milli təfəkkürün formalaşması və vətəndaş tərbiyəsində tarixin rolu əvəzsisdir. Müstəqil dövlət quruculuğu yollarında inamla irəlilədiyimiz XXI əsrdə dünənimizi daha yaxşı, daha dəqiq, əhatəli öyrənməliyik. Elmi-texniki inqilab, dünya ölkələri ilə geniş əlaqələr Azərbaycan məktəblərində tədrisin keyfiyyətinin yüksəldilməsini, fəal təlimin, kurikulumun tətbiq edilməsini zərurətə çevirmişdir. İntellektual potensialın inkişaf etdirilməsi və onun qorunub saxlanılması hər bir dövlətin öz qarşısında qoyduğu əsas məqsəddir.
Məktəblərdə Azərbaycan tarixinin əhatəli öyrədilməsi öz soykökünü, adət-ənənələrini, milli mənəvi dəyərlərini, şərəfli tarixi keçmişini əhatə edən biliklərə yiyələnən şəxsiyyət yetişdirməyə, ailəsini, xalqını və millətini sevən, onun varlığı ilə qürur duyan vətəndaş tərbiyə etməyə xidmət edir. Belə vətəndaşların yetişdirilməsi üçün indiyə qədər mövcud olan təlim prosesində olduğu kimi, şagirdlərin mənimsəmiş olduqları biliklər prioritet kimi qəbul edilə bilməz. Onlarda bacarıq və vərdişlərin formalaşmasına da diqqət yetirilməlidir. Azərbaycan tarixinin tədrisi şagirdlərin mənəvi tərbiyəsində, vətəndaşlıq mövqeyinin müəyyənləşdirilməsində olduqca mühüm rola malikdir. Azərbaycan tarixi fənn kurikulumunun tətbiqi bütün bu keyfiyyətləri şagirdlərə aşılamağa imkan verən sənəddir. Bu fənnin tədrisi Azərbaycanın sosial, iqtisadi, mədəni və siyasi inkişaf tarixini ardıcıllıqla izləməyə, inkişafın xüsusiyyətlərini müəyyənləşdirməyə, müqayisə etməyə, hadisə və proseslərdən nəticə çıxarmağa, beləliklə, şagirdlərin cəmiyyətdə inteqrasiya olmaq vərdişlərinə yiyələnməsinə kömək edir. Müəllim və şagirdlər arasında olan münasibətlərin, psixoloji mühitin dəyişdirilməsi yeni təlim metodlarının tədbiq edilməsinin əsas şərtidir. Şagirdlərə hörmətlə yanaşma, etibaretmə hissinin yaradılması, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən kənarlaşma şagirddə müəllimə qarşı hörmət, özünə inam hissi yaratmalıdır. Müasir təlim metodlarında əsas diqqət şagirdin şəxsiyyət kimi formalaşmasına istiqamətlənməlidir. Məktəb bu gün yalnız elmi biliklər verən, müxtəlif ali məktəblərə abituriyentlər hazırlayan müəssisə deyil, cəmiyyətdə düzgün davranmağı bacaran insanlar yetişdirən tərbiyə ocağıdır. İnsan o vaxt ətrafındakılara hörmət edər, xeyirxah münasibətlər bəsləyər ki, o, davranış gözəlliyinə malik olsun.
Gənclərin şəxsiyyət kimi formalaşmasında da tarix elminin rolu böyükdür. Tarixi şəxsiyyətlərin, görkəmli adamların həyatından bəhs edərkən müəllim təkcə onların intellektual bacarığından deyil, həm də insani xüsusiyyətlərindən, əxlaqi-estetik simasından danışmalıdır.
Azərbaycan tarixinin tədrisində diyarşünaslıq materiallarının öyrədilməsi də təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edir. Məktəb diyarşünaslığının mühüm hissəsi olan tarix-diyarşünaslıq işi iki istiqamətdə həyata keçirilə bilər. 1)Tədris prosesində mövzuların öyrədilməsi. 2)Sinifdənxaric və məktəbdənkənar tədbirlərin icrası zamanı.
Tədris prosesində mövzuların öyrədilməsini tarix-diyarşünaslıq muzeylərində təşkil etmək böyük əhəmiyyət daşıyır. Sinifdənxaric və məktəbdənkənar tədbirlərin icrası zamanı məktəb klublarının, fənn dərnəklərinin, fənn gecələrinin, müharibə qəhrəmanlarının fəaliyyətinə həsr edilmiş görüşlərin təşkili və muzeylərə ekskursiyaların böyük rolu var. Diyarşünaslıq şagirdləri mehriban uşaq kollektivində toplayır, məktəbdə intizamı möhkəmləndirir, mənəvi tərbiyənin aşılanmasına xidmət edir. Diyarşünaslıq şagirdlərdə tədqiqatçılıq vərdişləri, müstəqil fikir söyləmək bacarığı formalaşdırır.
Xalqımızın tarixindən gətirilən nümunələr şagirdlərin əməyə dərin hörmət ruhunda tərbiyə edilməsinə, ictimai həyatda fəal iştirak etməsinə şərait yaradılmasına kömək edir. Azərbaycan tarixi dərslərinin muzeydə tədrisi vətənpərvərlik və milli qürur hissini gücləndirir, şagirdlərin dərsdə aldığı biliklərin şüurlu və daha dərindən mənimsəməsində əsas rol oynayır. Buna görə də məktəblərdə tarix-diyarşünaslıq muzeylərinin yaradılması böyük əhəmiyyət daşıyır.
Təlim yalnız bilik əldə etməyə, bacarıqlar formalaşdırmağa yox, həm də uşaqda emosional sferanın, yaradıcı qabiliyyətlərin inkişafında, fəal və məsuliyyətli vətəndaş üçün vacib olan dəyərlərin və münasibətlərin formalaşmasına imkan yaratmalıdır.
Təlim prosesində təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən amillərdən ən mühümü müəllimin peşəkar-pedaqoji fəaliyyətində tələb olunan dəyişikliklərdir. Bunlara
- təlimdə uşağın müstəqilliyinə istinad;
- təlimdə uşağın fəallığı, yaradıcı və məsuliyyətinin meydana çıxması üçün şəraitin yaradılması;
- uşağın həyat təcrübəsinin genişlənməsi və öyrənmək təcrübəsinin əldə edilməsi üçün şəraitin yaradılması;
- arası kəsilməyən təlim motivasiyasının formalaşdırılması;
- təşəbbüskarlıq, yaradıcılıq;
- təhsil texnologiyalarından istifadə daxildir.
Təlim prosesində, təhsilin keyfiyyətinin yüksəldilməsində şagirdlərin həyəcan və utancaqlıq hisslərinin dəf edilməsi də mühüm amildir. Həyəcanın dəf edilməsi problemi mahiyyət etibarı ilə iki yerə bölünür: 1.Həyəcanlılıq vəziyyətini ələ alıb, mənfi nəticələrini aradan qaldırmaq. 2.Həyəcanlılıq şəxsiyyətin möhkəmlənmiş xüsusiyyətidirsə, onu kənar etmək. Həyəcanlılığın dəf edilməsi üzrə iş bir-biri ilə qarşılıqlı əlaqədə və qarşılıqlı təsirdə olan üç səviyyədə aparıla bilər. 1.Uşağa öz təlaşını və yüksək həyəcanlığını ələ almağın üsul və yollarının öyrədilməsi. 2.Uşaqda möhkəmlilik ehtiyatı yaradılması və fəaliyyətin məhsuldarlığını yüksəldilməyə yönəldilmiş bilik, bacarıq və vərdişlərin formalaşdırılması. 3.Uşaq şəxsiyyətinin xüsusiyyətlərinin, ilk növbədə özünüqiymətləndirmənin və motivasiyanın yenidən qurulması.
Məlumdur ki, həyəcanlı insanların məhsuldar fəaliyyətinə mane olan səbəblərdən biri də onların hazırda gördükləri iş barədə yox, kənardan necə görünmələri barədə fikirləşmələridir. Belə insanlara bu və ya digər şəraitdə davranışın məqsədi özünü tam təcrid etməklə müəyyənləşdirməyi öyrətmək lazımdır. Məsələn, cavab verərkən “mən nəyin bahasına olursa-olsun cavab verməliyəm” və ya “mən beş almalıyam” əvəzinə “mən mart soyqırımı haqqında danışmalıyam” fikrini məqsəd kimi qarşıya qoymaq daha faydalıdır. Həmçinin şagirdə qələbənin və ya məğlubiyyətin kifayət qədər nisbi əhəmiyyət kəsb etdiyini başa salmaq, onlarda özlərinə qarşı inam hissi yaratmaq, müvəffəqiyyətsizliyin olmasına dair qorxunu aradan götürmək lazımdır.
Təhsilin keyfiyyətini yüksəltmək üçün şagirdlər arasında intizamsızlıq doğuran amilləri, onların ətraf mühitin mənfi təsirinə mərüz qalmasını, pis adət və vərdişlərin yaranmasını aradan qaldırmaq vacibdir. Bu təsirləri aşağıdakı kimi təsnif etmək olar. 1.Xarici şərait və mühitin təsiri. 2.Uşaq təbiətinin psixoloji-fizioloji xüsusiyyətləri. 3.Ailədə və məktəbdə tərbiyə işinin zəif təşkili. 4.Həm ailədə, həm də məktəbdə uşaq fəaliyyətinə nəzarətin olmaması.
Bu nöqsanları aradan qaldırmaq üçün məktəb-valideyn əlaqəsini gücləndirmək vacibdir. Valideynlərin müəllimlərə dəstək vermək üçün bir sıra tövsiyələrin nəzərə alınması istər məktəb rəhbərliyi, istərsə də müəllimlərin özləri üçün çox əhəmiyyətlidir. Bu tövsiyələr aşağıdakılardan ibarətdir. 1. Müəllim qarşı tərəfi həmişə eşitməyi bacarmalıdır. 2. Müəllim həmişə ədalətli olmalıdır. 3. Müəllim şagird haqqında məlumatlar almağa çalışmalıdır. 4.Müəllim bəzi məsələlərin həllində bacarıqsızlığını etiraf etməlidir.
Nəzərə alsaq ki, valideynlər öz uşaqlarını hamıdan yaxşı tanıyır, onların mənfi və müsbət cəhətlərinə daha yaxşı bələddir, bu zaman müəllimin valideynlərin fikirlərini öyrənməsi, onlara qulaq asması yerinə düşər. Valideyni eşitmək, onun fikri ilə hesablaşmaqla təlimdə qarşıya çıxan bir çox mənfi halları asanlıqla həll etmək olar. Valideynlər də tədris fəaliyyəti üçün məsuliyyət daşıyır və müəllimlə bərabər onun fəal iştirakçıları olurlar. Ailə tamdır, valideynlər yüksək vətəndaşlıq keyfiyyətlərinə malikdir, uşağı tərbiyə etmək borcunu dərindən başa düşür, təlimə məsuliyyətli münasibət bəsləyir, uşağın təhsil alması üçün zəruri şəraitin yaradılmasına qayğı ilə yanaşırlar. Şübhəsiz ki, hər bir valideyn öz uşağı haqqında yaxşı sözlər eşitmək istəyir və bəzən müəllimin bu və ya digər fikrilə razılaşmır. Buna görə də müəllim şagirdin mənfi xüsusiyyətlərini qeyd edərkən, mütləq onun müsbət keyfiyyətləri haqqında da danışmalı, obyektiv olmağa çalışmalıdır. İnsanın yaxşı cəhətlərini həmişə nəzərdə tutmaq, bu cəhətlərin layihəsini cızmaq lazım gəlir və pedaqoq bunu etməyə borcludur. Siz öz qarşınızda tərbiyə olunmalı oğlan, ya qız gördükdə, onda gözə görünənlərdən daha artıq qabiliyyətlərin gələcəkdə inkişaf edəcəyini nəzərdə tutmalısınız. Müəllim öz şagirdləri haqqında müxtəlif mənbələrdən informasiya almağa çalışmalıdır. Çox zaman uşaq haqqında ilk mənbəni ailə, valideynlər təşkil edirlər. Valideynlərdən informasiyanın alınma yolları müxtəlifdir. Məsələn, söhbət, məktəblı kitabçası, sinif valideyn iclasları, məktəb valideyn konfransları, valideynlərlə aparılan fərdi iş, valideynlərlə yazılı əlaqə. Bəzən müəllim sinifdə yaranmış neqativ hallara və ya təlimdə geridə qalmağa qarşı mübarizədə çətinlik çəkir və bunu valideynlərdən, məktəb rəhbərliyindən gizlətməyə çalışır. Nəticədə yaranmış vəziyyətdən çıxış yolu tapmayan müəllim adekvat olmayan üsullara əl atır və nüfuzunu itirir. Lakin o, vaxtında öz bacarıqsızlığını etiraf edərsə, həm məktəbin pedaqoji kollektivi, həm də valideynlər şurası problemin müsbət həll edilməsinə yardımçı ola bilər.
Valideynlərlə iş zamanı müəllimlərin qarşısında mühüm vəzifələr durur. 1. Məktəb, maarif haqqında qərar və qanunları, pedaqoji yenilikləri valideynlərə çatdırmaq. 2.Valideynləri məktəbə dəvət etmək, uşağın müvəffəqiyyətləri, geriləməsi barədə məlumat vermək, təlimdə çətinliklərin səbəblərini öyrənmək. 3. Qabaqcıl valideynlərin təcrübəsini yaymaq. 4. Sinif, məktəb tədbirlərində valideynlərin iştirakına çalışmaq. 5. Evdə şagirdlərin tərbiyə işini təşkil etməkdə valideynlərə kömək göstərmək. 6. Valideyn iclasında uşağın ev tapşırıqlarına nəzarət və kömək haqqında söhbət aparmaq. 7. Valideynin təlim işinə laqeydliyinə qarşı mübarizədə ictimaiyyətin köməyini təşkil etmək.
Müasir məktəbdə müəllimin bir subyekt kimi mövqeyi böyük əhəmiyyət kəsb edir. Bu gün açıq təhsil prosesində məktəb valideynlər, elm və mədəniyyət ocaqları ilə əməkdaşlıq etməlidir. Beləliklə, müasir şəraitdə təhsil insan kapitalını formalaşdıran, iqtisadiyyatın, rifahın yüksəlişinə gətirən əsas amil kimi ön plana keçir. Buna görə də təhsilin keyfiyyəti məsələsi xüsusi aktuallıq kəsb edir. Təhsilin keyfiyyəti və müəllimin peşəkar fəaliyyətinə qoyulan tələblər bilavasitə dövlətin, cəmiyyətin, sosial-mədəni mühitin ehtiyac hiss etdiyi məktəb modeli ilə müəyyən olunur. Bütün bunlara şagirdləri sevməklə nail olmaq mümkündür. Çünki, tərbiyəçinin ən qiymətli keyfiyyətlərindən biri insanlıqdır, uşaqlara dərin sevgisidir, atanın, ananın səmimi nəvazişi ilə ciddiliyini və tələbkarlığını özündə birləşdirən məhəbbətidir.
Nəticə etibarı ilə demək olar ki, təlim prosesinin uğuru özünü və öz əməyini şagirdlərinin idrak və emosional fəaliyyətinin və tərəflərin qarşılıqlı münasibətlərinin idarə edilməsinə yönəltmiş müəllimin öyrətdiklərini necə öyrətməyi təşkil etmək bacarığından asılıdır.

Təranə MƏMMƏDOVA,
İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi
 

yuxarı ⤴