1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
// 18.03.2017

// 18.03.2017

// 18.03.2017

Ədəbiyyat dərslərini necə görürəm?
26.11.2016/№46

 

 

 


İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayıldığı bir dövrdə yaşayırıq. Cəmiyyət həyatı köklü dəyişikliklərə məruz qalır. Yeni dəyərlər, yeni mühit yaranır. Cəmiyyətdə baş verən bu dəyişikliklər təhsil sistemində özünü daha qabarıq büruzə verir. Artıq müasir təhsildə hazır formada əldə edilən biliklər qəbul edilmir. Müasir müəllim şagirdləri daim yenilənən informasiya ilə işləməyə dəvət edir. Deməli, müasirliklə ayaqlaşan müəllimin də şagirdlə bərabər vəzifəsi, funksiyası dəyişir.
Təhsildə baş verən bu cür innovasiyalardan yararlanmaq hər bir müəllimin borcudur. Mən də bir müəllim kimi ədəbiyyat dərslərimdə daim yeniliklər axtarır və çalışıram ki, şagirdlərə fənnimə qarşı həvəs yarada bilim. Ədəbiyyat həmişə şagirdlər üçün maraqlı bir fənn olmuşdur. Müasir uşaqların formalaşmasında ədəbiyyatın rolu isə daha böyükdür. Mən dərslərimi elə qururam ki, şagird daim fənnimdə gözəlliklər axtarsın, ədəbiyyatın həzinliyini, yaradıcılığını, bədiliyini dərk edə bilsin. Müasir ədəbiyyat dərslərinin mövzuları rəngarəngliyi ilə daha cəlbedici olmalıdır. Cünki şagird ədəbiyyatımızın dəryasından yararlanaraq zəngin dilə, təfəkkürə yiyələnir. Mən öz dərslərimdə müxtəlif metod və üsullardan istifadə edirəm. Çalışıram dərslərimi elə təşkil edim ki, şagirdlər oxuduqları əsərlərdən, şeirlərdən tərbiyəvi əhəmiyyət kəsb edən nəticələr çıxarsınlar. Dərslərimdə keçilən mövzudan asılı olaraq şagirdlər əməkdaşlıq, ünsiyyət yaratmaq məqsədilə qrup işləri görür, əsərləri səhnələşdirirlər. Əsərlərdəki qəhrəmanlar onların idealına çevrilir. Onlar öyrəndikləri əsərlərdəki qəhrəmanların həyatından ibrət alır, hətta bir çoxları onlara oxşamağa cəhd edir. Bu zaman şagirddə bir çox bacarıqlar ortaya çıxmış olur. Həmçinin onlar öz rəy və təkliflərini irəli sürürlər.
Dərs zamanı mütəmadi olaraq dialoqlara yer verirəm. Çünki şagirdlərdə rabitəli nitqi inkişaf etdirmək üçün bu bir vasitədir. Onlar bu zaman jest və mimikalardan istifadə edirlər. Rabitəli nitqi inkişaf etmiş şagird ardıcıl, məntiqi, aydın, səlis ifadələrdən istifadə edir.
Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun olaraq maraq dairələri də müxtəlifdir. Onların bəziləri şeirə, digərləri detektiv, macəra, igidlik, qəhrəmanlıq mövzularına maraq göstərirlər. Onlar oxuduqlarından nəticə çıxarıb məsələlərə müxtəlif tərəflərdən yanaşır, təhlil etməyi bacarırlar. Şagirdlər hər hansı bir şair və ya yazıçı haqqında dərslikdən əlavə internetdən daha geniş məlumat toplamağa can atırlar. Artıq müasir şagird kompüteri bilən, ondan yararlanan, yaradıcı təfəkkürə malik şəxsiyyətdir.
Dərslərimdə tez-tez inşa yazdırıram. Bu zaman şagird həm sərbəst düşünüb öz fikrini ifadə edir, həm də yazı qabiliyyəti inkişaf etmiş olur. Həmçinin dərs zamanı təqdimatlara yönələn tapşırıqlara üstünlük verirəm.
Mütaliəsi zəngin olan şəxslər ünsiyyət qurmağı, məntiqi düşünməyi, fikir irəli sürməyi, başqalarının fikrinə münasibət bildirməyi bacarmaq qabiliyyətinə malik olurlar. Ədəbiyyat bu cür keyfiyyətləri özündə birləşdirən vətəndaşlar yetişdirməyə xidmət edən bir fəndir.
Mütaliə bacarığını artırmaq üçün müəllim əlindən gələni etməlidir. Tətil zamanı hər bir şagirdə bədii kitab oxumağı tövsiyə edirəm. Hər bir əsər şagird üçün bir örnəkdir. Uşaqlar bu əsərləri oxumaqla onlardan nəticə çıxarıb öz səhvlərini başa düşürlər. Tətildən sonra isə onlar oxuduqları bədii kitab haqqında sinifdə məlumat verirlər. Bununla onlar bir-birindən maraqlı və müxtəlif məlumatlar almış olurlar.
Həmçinin ədəbiyyat dərsində inteqrativlik öz əksini çox gözəl tapır. Tədris prosesində fəndaxili və fənlərarası inteqrasiyanın təmin edilməsi bilik və bacarıqların şagirdlər tərəfindən daha asan mənimsənilməsi, dərsin maraqlı, məzmunlu qurulması üçün vacib şərtdir. İlk baxışda bir-birinə uzaq görünən fənlər arasında əlaqəni müəllim elə səviyyəli və yaradıcı qurmalıdır ki, şagird ədəbiyyat dərsində digər fənlərin gözəlliyini kəşf etmiş olsun. Məsələn, dərsin məzmunundan asılı olaraq musiqi, tarix, coğrafiya və digər fənlərlə inteqrasiya yaratmaq mümkündür. İnteqrasiyanın həyata keçirilməsi, ilk növbədə, müəllimin özündən geniş mütaliə, dərin dünyagörüşü və zəngin bilik tələb edir. Digər fənlərlə əlaqə şagirdlərin təfəkkürünü dərinləşdirir, idrak fəallığını artırır, çevik qavrama qabiliyyətlərini gücləndirir. Bütün bunlar dərsin səmərəliliyini artırır. Belə ki, əgər şagird öz fəaliyyətində yeni bilikləri kəşf edirsə, onda o, dərsə yaradıcı və maraqla yanaşır. Bununla da əldə etdiyi yeni bilikləri uzun müddət və möhkəm mənimsəyir.
Dərslər o dərəcədə bədii, yaradıcı, müasir, təbii qurulmalıdır ki, cəmiyyətdə baş verən proseslərə şagird reaksiya verə bilsin. Şagird düşünməyi, özünü tanıtmağı, fikrini sərbəst ifadə etməyi və s. kimi xüsusiyyətləri özündə tapa bilməlidir. Dərsdə şagird çevik olmalıdır, bilik və bacarığını tətbiq etməyi bacarmalıdır. Müasir təhsil tələb edir ki, müstəqil həyatda ona aid olan nə varsa, uşaq onlara yiyələnməyi bacarsın.
Biz müəllimlərin borcu şagirdləri müasir standartlara uyğun olaraq bilik, bacarıq və vərdişlərə yiyələndirmək, vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli dəyərlər zəminində formalaşan, sağlam düşüncəli bir vətəndaş kimi yetişdirməkdir.

Şəhla MƏMMƏDOVA,
Abşeron rayonu Q.Xalıqov adına Qobu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

yuxarı ⤴