1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

“Hər dəfə bir evi işıqlandır”
01.12.2017 / No46


 

 


İxtirası ilə dünyanı heyrətləndirən Azərbaycan məktəblisi

Samirə KƏRİMOVA


Başa vurmaqda olduğumuz həftənin təhsillə əlaqədar növbəti ən uğurlu hadisəsi - Azərbaycan məktəblisi Reyhan Camalova ilə bağlı oldu desək, səhv etmərik. Belə ki, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (“İstək” liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı məktəblimiz Reyhan Camalova ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda keçirilən “Qlobal Sahibkarlıq Sammiti 2017”-yə ixtirası ilə qatılaraq böyük uğura imza atıb. Öz adından söz etdirməyi bacaran gənc qız ixtirası ilə sammit iştirakçılarını heyrətləndirib...

Reyhan Rauf qızı Camalova Quba şəhərində ziyalı ailəsində anadan olub. Uşaqlıqdan istedadı ilə fərqlənib. Reyhan 5 yaşından kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. 2009-cu ildə Quba şəhərindəki A.Məmmədov adına 2 nömrəli təbiət-təmayüllü məktəb-liseyə qəbul olub.

2015-ci ildə “İstək” liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə (tamamilə ödənişsiz) “İstək” liseyində təhsil almaq hüququ qazanıb.
Hazırda akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (“İstək” liseyi) IX sinif şagirdidir.

2017-ci ili onun üçün uğurlu hesab etmək olar. Belə ki, o, cari ilin fevral-mart aylarında “İstək” liseylərində “Social Innovation Lab”ın rəsmi təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startap akselerator proqramının təqdimatında iştirak edib. Daha sonra Azərbaycanda ilk dəfə keçirilən “ClimateLaunchpad - startap yaşıl biznes” müsabiqəsinə öz “Rainergy” adlı layihəsi ilə qatılıb.

Layihə “ClimateLaunchpad startap” müsabiqəsinin Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb. Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə öz ixtirası ilə qatılan Reyhan Camalova özünün ən böyük uğuruna imza ataraq hamı tərəfindən alqışlarla qarşılanıb.

Yağış suyundan enerji istehsal edən 15 yaşlı ixtiraçı gəncin fikrincə, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün Reyhan öz şagird dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir. Reynercinin prototipi hazırda 22 led lampanı işıqlandırır ki, bu da təqribi 22 watt enerji deməkdir. Gənc ixtiraçı söyləyir ki, bu enerjini çoxaltmağın üzərində işləyirlər: “Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik”.

ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanı ayağa qaldıraraq onun nailiyyətini təqdir edib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var - “Hər dəfə bir evi işıqlandır”. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm”.

Həmin çıxışdan sonra bütün iştirakçılar Reyhanı alqışlayıblar. Bir Azərbaycan məktəblisi üçün bündan sevincli nə ola bilər ki?.. Ölkəmizdən 15 yaşlı bir gəncin belə bir nüfuzlu tədbirə qatılması xüsusilə son illər təhsilimizin inkişafından soraq verir.
Məlumat üçün bildirək ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. “İlk növbədə qadınlar, tərəqqi hamı üçün” şüarı altında keçirilən sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə edilir.

Reyhan Camalova və onunla birlikdə səfər edən Leyla Tağızadənin tədbirdə iştirakı ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənib.

Zahirən öz həmyaşıdlarından fərqlənməyən, ancaq qeyri-adi istedadı ilə hamının diqqətini özünə cəlb etməyi bacaran bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, Nobel mükafatını qazanmağı qarşısına məqsəd qoyub. Azərbaycanlı şagird artıq gələcəklə bağlı planlarını da müəyyənləşdirib. Gənc ixtiraçı dünyada özündən sonra Lütfi Zadə kimi iz qoymaq istəyir. Reyhanın ən böyük arzusu bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. Kiçik ixtiralarının onu həmin işıqlı yola apardığına inandığını deyir: “İnsanlığa xeyri olan biri olmaq istəyirəm”.

yuxarı ⤴