1 2 3 4 5
Rəsmi / Qanunvericilik / Heydər Əliyev Fondunda / Təhsil Nazirliyində / Pedaqoji yazılar / Müsahibələr / İdman / Elanlar / Arxiv
//08.12.2017

//08.12.2017

//08.12.2017

//08.12.2017



 
 

Gələcəyin elmi
01.12.2017 / No46


 

 

 


Ənənəvi sahələr arxa plana keçir

Rüstəm QARAXANLI


Hazırda orta məktəbdə oxuyan uşaqların böyük bir qisminin gələcəkdə işləyəcəkləri peşə, yaxud arxasınca gedəcəkləri elm sahələri çoxlarımıza məlum deyil. Belə görünür ki, elmi geniş, aydın və standart sahələrə - fizika, kimya, biologiya, astronomiya və s. ayırmaq dövrü tarixə qovuşur. İndi elm daha çox ixtisaslaşıb və digər sahələrlə elə çulğalaşıb ki, bu “sintez”dən yeni-yeni sferalar dünyaya vəsiqə qazanıb. Hansı elm sahələrindən söhbət gedir? Bu yazımızda oxucuları XXI əsrdə məhz ən çox “dəb”də olacaq sferalar ilə tanış edəcəyik.

1. Neyroparazitologiya.
Əgər sizin pişiklərin, habelə digər canlılar - siçovulların və hətta insanların orqanizmində “məskunlaşmış” parazitlər - toksoplazmalar barədə məlumatınız varsa, deməli, neyroparazitologiya haqqında artıq xəbərdarsınız. Bu parazitlərlə ayrıca elm sahəsinin məşğul olması onların təbiətdə necə böyük miqyasda yayıldıqlarını göstərir. Mikroparazitlər mövcud olduqları canlıları məcbur edirlər ki, özlərinin reproduktiv strategiyalarına uyğun olaraq davranışlarında dəyişikliklər etsinlər. Prosesdə çox vaxt üçüncü tərəf də iştirak edir. Məsələn, hamımız balıqların sudan havaya tullanmaları səhnəsinin şahidi olmuşuq. Buna onları “Euhaplorchis californiensis” parazitləri məcbur edir. Hədəf odur ki, balıqlar havaya atılsın, bataqlıq quşları isə onları yesin.
Yaxud, çəyirtkələrin içində tüklü soxulcanlar yaşayır. Onların çölə çıxma vaxtları gələndə həşəratın daxilinə kimyəvi maddələrdən ibarət kokteyl buraxırlar. Çəyirtkə məcbur olub özünü öldürmək üçün suya atılıb həyatına qəsd edir. Tüklü soxulcanlar isə ölmüş orqanizmdən çıxırlar.

2. Kvant biologiyası.
Fiziklər artıq yüz ildən çoxdur ki, kvant effektlərindən xəbərdardırlar. Kvantlar bir yerdə itib digərində peyda ola bilirlər, yaxud eyni zamanda müxtəlif yerlərdə mövcuddurlar. Sən demə, kvantların xüsusiyyətlərini tək kvant mexanikasında deyil, həm də kvant biologiyasında öyrənmək vacibdir. Ən gözəl nümunə fotosintezdir: bitkilər və bəzi bakteriyalar günəş işığından istifadə edib özlərinə lazım olan molekulları yaradırlar. Fotosintez çox müəmmalı prosesmiş: kiçik enerji kütlələri “özünütəyin”in müxtəlif yollarını araşdırır və lazım olan ən effektivini seçirlər. Alimlər hesab edir ki, ola bilsin, quşların naviqasiyası, DNK-nın mutasiyası, hətta bizim qoxu bilmək bacarığımız belə bu və ya digər formada kvant effektlərinə əsaslanır. Hesab olunur ki, bu yenilik dərmanların hazırlanması və biomimetrikanın inkişafında ciddi rol oynaya bilər. Yeri gəlmişkən, biomimetrika da elm sahəsidir və yeni material və qurğuların hazırlanmasında istifadə olunan bioloji sistem və strukturları öyrənir.

3. Ekzometeorologiya.
Əgər ekzookenoqraflar və ekzogeoloqlar bizim planetdəki prosesləri öyrənirlərsə, ekzometeoroloqlar digər planetləri tədqiq edirlər. Hazırda mükəmməl teleskoplar vasitəsilə bizim üçün yaxın planetlərdəki daxili prosesləri izləmək mümkün olduğundan, ekzometeoroloqlar da oralardakı atmosfer və təbiət dəyişikliklərini öyrənirlər. Onlar həmçinin Günəş sistemindən kənardakı planetləri də tədqiq edirlər.
Belə ki, əgər o planetlərdən hər hansı birində yaşayış varsa, bunu ilk olaraq ekzometeoroloqlar biləcəklər. Əgər o planetlərdə atmosferdə orqanik izlər, yaxud karbondioksid varsa, deməli, yaşayış da mümkündür. Karbondioksid sənaye proseslərinin mövcudluğunun başlıca göstəricisidir.

4. Kliodinamika.
Bu elə bir elm sahəsidir ki, özündə tarixi makrososiologiyanı, iqtisadi tarixi, uzunmüddətli sosial proseslərin riyazi modelləşməsi, sistemləşmə və tarixi məlumatların analizini birləşdirir. Başqa sözlə, kliodinamika keçmişdəki tarixi sosial prosesləri öyrənərək gələcəyi, daha dəqiq isə gələcəkdəki sosial hadisələri, kütləvi prosesləri proqnozlaşdıran elm sahəsidir.

5. Rekombinant riyaziyyat.
Bu sahə yeni yaranmaqdadır, ancaq tezliklə alimlər onun vasitəsilə insanın noosferasına tam bələd olacaqlar. Noosfera insana məlum olan bütün növ informasiyaların məcmusudur. İnformasiyanın xarakteri və yayılması insan həyatının bütün sferalarına təsir etmək iqtidarındadır. Rekombinant riyaziyyat insandan insana ötürülən informativ proses - memlərin digər növ memlər və memeplekslərlə necə birləşə bilmə ehtimallarını öyrənir. Memepleks qarşılıqlı əlaqədə olan memlər kompleksidir. Alimlərə görə, əgər bu proses tam öyrənilsə, radikal-ekstremist ideologiyaların tədqiqində və onlarla mübarizədə ciddi köməyi ola bilər.

6. Hesablayıcı sosiologiya.
Kliodinamika kimi bu elm sahəsi də sosial hadisələr və tendensiyaları öyrənir. Söhbət kompüter texnologiyaları vasitəsilə insanı əhatə edən bütün növ informasiyanın analizindən gedir. Təbii ki, bu elm sahəsi yalnız kompüter və internet meydana çıxdıqdan sonra peyda olub. Gündəlik həyatımızdakı bütün növ informasiyalar - elektron poçtla aldığımız məktublar, telefon zəngləri, sosial şəbəkələrdəki statuslar, kredit kartları ilə etdiyimiz alış-veriş, internetdə verdiyimiz axtarış və s. bu elmin öyrəndiyi proseslərdir.

7. Koqnitiv iqtisadiyyat.
Adətən iqtisadiyyat ənənəvi elm sahələri ilə əlaqədar olmur, ancaq bu sahələrin əməkdaşlığı nəticəsində vəziyyət dəyişə bilər. Bir çox halda koqnitiv iqtisadiyyatı davranış iqtisadiyyatı ilə dəyişik salırlar. Davranış iqtisadiyyatı iqtisadi qərarlar qəbul edərkən bizim davranışlarımızı öyrənir, koqnitiv iqtisadiyyat isə nə düşündüyümüzü. Bu elm iqtisadi qərar qəbul edərkən insanın şüurunda hansı dəyişikliyin baş verdiyini, onun strukturunu araşdırır. Qərar qəbul edilərkən şüura hansı informasiya gəlir, o necə həzm olunur və nəticə etibarilə davranışlarda hansı formada əks olunur? Bax, bütün bunlar koqnitiv iqtisadiyyatın maraq dairəsini təşkil edir. Koqnitiv iqtisadiyyat koqnitiv elm və hesablayıcı iqtisadiyyatla sıx bağlıdır.

8. Hesablayıcı biologiya.
Əgər sizin həm biologiya, həm də riyaziyyatdan xoşunuz gəlirsə, bu yeni elm sahəsi əsl sizlikdir. Hesablayıcı biologiya bioloji prosesləri riyaziyyatın dili ilə anlamağa çalışır. Ottava Universitetinin alimləri bu elm sahəsinin yaranmasını belə izah edirlər: “Bioloji cihazların və hesablayıcı qurğuların inkişafı ilə əlaqədar olaraq alınan bioloji informasiyanın sayı və sürəti də artır. Bu səbəbdən məlumata hesablayıcı yanaşma tətbiq olunur. Riyaziyyatçı və fiziklərin fikrincə, biologiya elə bir inkişaf səviyyəsinə qədəm qoyub ki, mexanizmlərin nəzəri modelləri eksperimentlər vasitəsilə öyrənilə bilər. Bu isə hesablayıcı biologiyanın meydana gəlməsi və inkişafına səbəb olub”. Bu sahədə çalışan alimlər molekullardan tutmuş iri ekosistemlərə qədər hər şeyi analiz edib ölçmək imkanlarına malikdirlər.

9. Sintetik biologiya.
Gen mühəndisliyinin yeni istiqamətlərindən biridir. Əsas ideya nə vaxtsa həyatda mövcud olan və təkamül mübarizəsinə tab gətirməyib sıradan çıxan, yaxud da heç vaxt olmayan yeni genlərin meydana gətirilməsidir. Bu sahədə inqilabi çevriliş 2010-cu ildə Kreyq Venter İnstitutunda süni yolla canlı toxumanın əmələ gəlməsilə baş verib. Bu toxuma çoxalma xüsusiyyətinə malikdir. Bu metod elm üçün geniş fəaliyyət spektri açır: yeni kənd təsərrüfatı növlərinin yaranmasından tutmuş atmosferdən böyük miqyaslarda karbon qazını udub Yer kürəsini parnik effektindən xilas edəcək molekulların yaranmasınadək.

10. Nanoelm.
“Nano” anlayışı həyatımızın demək olar bütün sahələrinə müdaxilə etməkdədir. Hamımız bilirik ki, söhbət çox xırda atom və molekullara dair elm sahəsindən gedir. Bir nanometr metrdən milyard dəfə kiçikdir. Müqayisə etmək istəyirsinizsə, gözləriniz önünə Yer kürəsi ilə futbol topunu gətirin. Hesab olunur ki, nanotexnologiyalar erası 1959-cu ildə Riçard Feymanın məşhur “Aşağıda xeyli yer var” adlı mühazirəni oxumasından sonra başlayıb. Mühazirədəki “aşağı” ifadəsi “kiçik ölçülü dünya” anlamına gəlir. Alimlər əmindirlər ki, XXI əsrdə elmi inqilabın əsasını nanotexnologiyalar təşkil edəcək.

Bu gün nanopsixologiya deyilən elm sahəsi inkişafdadır. Bu elm nanohissələrin - nanoçiplər, nanoekranlar və s. insan psixologiyasına təsirini öyrənir. Nanoçipi insan beynində yerləşdirmək üçün cərrahi müdaxilə vacib deyil. İnsan onu uda bilər, nanoçip özü beyinə yol tapacaq. Bu yolla ən ciddi psixoloji problemləri, yaddaşın pozulması, hətta Alsgeymer xəstəliyini də müalicə etmək mümkündür. Bəs, beyinlərinə nanoçiplər yerləşdirilmiş insanları kütləvi şəbəkə vasitəsilə idarə etmək perspektivi necə? Bu elm sahəsi olduqca mübahisəli məqamlara səbəb ola bilər.

***

Elm reallıq haqqında obyektiv biliklərin toplanması, işlənilməsi və sistemləşdirilməsini özündə əks etdirən insan fəaliyyətidir. Bu fəaliyyətin əsasını faktların toplanması, daima yenilənməsi və sistemləşdirilməsi, analizi və bunların əsasında yeni biliklər və ümumiləşdirmələrin əldə edilməsi təşkil edir. Tərifdən də göründüyü kimi, elm özü özlüyündə ciddi anlayışdır. Ancaq bu gün elmin elə sahələri ortaya çıxıb ki, sıravi oxucu üçün zarafat, yumor təəssüratı yaradır. Bu sahələrin insan həyatına təsiri azdır, ancaq sırf sadə maraq baxımından olduqca cəlbedicidirlər. Beləliklə:

- Gelotologiya (Gülüş haqqında elm). Ötən əsrin 70-ci illərində ortaya çıxıb. Banisi sayılan Norman Kazins tarixə “ölümü güldürən adam” kimi daxil olub. Kazins çox nadir oynaq xəstəliyindən əziyyət çəkirmiş. Həkimlərin bütün ümidləri itsə də, Norman həyatla vidalaşmaq fikrində deyildi. O, bir otağa qapanır və bütün günü komediya filmlərinə baxır. Nəticə hamını dəhşətə gətirmişdi: Bir həftədən sonra ağrıları yoxa çıxmışdı, bir aydan sonra Norman hərəkət etməyə başladı, iki aydan sonra isə işə çıxdı!

- Qominologiya (“Qar adamı”nı öyrənən elm sahəsi). Belə bir elm sahəsinin olduğuna baxmayaraq, “qar adamı”nın mövcudluğuna dair cəmi bircə film var. Onu 20 oktyabr 1967-ci ildə Kaliforniyanın ucqar və vəhşi meşələrində iki amerikalı - Rocer Peterson və Bob Gimlin çəkiblər. Lentə “qar adamı”nın dişisinin gəzinti səhnəsi alınıb.

- Ampeloqrafiya (Üzüm növlərini öyrənən elm sahəsi). Üzümün saysız-hesabsız xeyirləri var. Alimlər sübut ediblər ki, üzüm dietası vasitəsilə qan təzyiqini tənzimləmək, kapilyarların ötürücülük qabiliyyətini artırmaq, hemoqlobini çoxaltmaq və damarların divarlarını möhkəmlətmək olar.

- Gemellologiya (Əkizlər haqqında elm). Ana bətnindəki prosesləri videoya çəkərkən alimlər əkizlərin dava etdiklərini müşahidə ediblər. Bu da yeni elm sahəsinin ortaya çıxması üçün yetərli olub...
 

(ardı var)

yuxarı ⤴